Məhkəmə qərarları › İş №2-1(112)-8889/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8889/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8889/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) “mənzilə dair bölgü sxeminin tərtib olunması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 2, 27 saylı mənzilə bölgü sxeminin tərtib edilməsi və onun adına ayrıca dövlət reyesterindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2, 27 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Lakin o, öz mənzilinə sərbəst sərəncam verə bilmir. Buna onun adına olan çıxarışda X1 da həmin çıxarışda adının qeyd olunması mahe olur. Belə ki, o, X5 ilə razılıq yolu ilə problemin həll edilməsinə çalışsa da bu, mümkün olmamışdır. Çünki onun adına olan və çıxarışda qeyd edilən 2 otaqdan ibarət yaşayış sahəsi 28,9 kv.m olan mənzildə onun tanımadığı şəxslər yaşayırlar. Mülkiyyətçinin harada olması barədə dəfələrlə onlara müraciət etsə də onlardan heç bir müsbət cavab ala bilməmişdir. Bundan sonra o, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ona dair mənzilə bölgünün aparılması və onun adına ayrıca cavabdeh tərəfindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdehin 24.06.2021-ci il tarixli **********81 nömrəli imtina məktubu ilə onun ərizəsinin onlar tərəfindən icrasının mümkün olmaması bildirilmişdir. Hesab edir ki, cavabdehin imtina məktubu qanunsuz və əsassızdır. Cavabdehin vəzifəli şəxslərinin hərəkətsizliyi onun mənzil üzərində hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, İddiaçı iddia tələbi (mənzilə dair bölgü sxeminin tərtib olunması və ayrıca çıxarışın verilməsi) ilə İdarəyə daxil olan müraciət arasında uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçının 22.05.2021-ci il tarixli ********** nömrəli müraciəti sadəcə müvafiq mənzilə dair bölgü sxeminin tərtib edilməsi ilə bağlı olmuşdur. İddiaçının müvafiq müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, mənzilin ümumi dəhliz sahəsi arakəsmə ilə hissələrə bölünmüşdür. İddiaçıya məxsus olan 8 və 9 saylı sahələrə giriş üçün əlavə qapı açılmışdır. Eyni zamanda sözügedən mənzilin kommunal şəraiti vahid olduğundan bölünməsi mümkün olmamışdır. Həmçinin, mənzildə aparılan rekonstruksiya işləri ilə bağlı iddiaçı tərəfindən əlavə sənəd təqdim olunmamışdır. Bu səbəblərdən bölgü-sxeminin tərtib olunması ilə bağlı ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********81 saylı, 24.06.2021-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8889/2021 saylı 23.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) “mənzilə dair bölgü sxeminin tərtib olunması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi “çıxarışın verilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 24.06.2021-ci il tarixli məktubda qeyd edilir: ünvan 2 ünvanında yerləşən 27 nömrəli mənzilə dair bölgü sxeminin tərtib edilməsi ilə bağlı ********** nömrəli 22.05.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, mənzilin ümumi dəhliz sahəsi arakəsmə ilə hissələrə bölünmüşdür. Sizə məxsus olan 8 və 9 saylı sahələrə giriş üçün əlavə qapı açılmışdır. Eyni zamanda sözügedən mənzilin kommunal şəraiti vahid olduğundan bölünməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 7 saylı evin 27 saylı mənzilinə xüsusi mülkiyyət hüququ İddiaçı adına (2 otaq, y/s-25.11 kv.m - 15.03.2019-cu il tarixdə qeydiyyata alınmışdır) və X2 adına (2 otaq, y/s-28.9 kv.m - 16.03.2012-ci il tarixdə qeydiyyata alınmışdır) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 18.03.2019-cu il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 7 saylı evin 27 saylı mənzilinə İddiaçı və başqasının adına texniki pasport tərtib edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək ünvan 2, mənzil 27 ünvanına bölgü sxeminin tərtib edilməsini xahiş etmişdir. İş materiallarında olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, 02.06.2021-ci il tarixdə İddiaçı müraciəti əsasında ünvan 2, mənzil 27 ünvanına (İddiaçı məxsus sahə 2 otaq, y/s-25.11 kv.m, X4 məxsus sahə 2 otaq, y/s-28.9 kv.m) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, mənzilin ümumi dəhliz sahəsi arakəsmə ilə hissələrə bölünmüşdür, ərizəçiyə məxsus 8 və 9 saylı sahələrə giriş üçün əlavə qapı açılmışdır, daxildə rekonstruksiya işləri aparılmışdır, texniki pasporta əsasən mənzilin ortaq girişi və ümumi istifadədə olan köməkçi sahələri olduğundan mənzilin bölgü sxemi tərtib olunmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 13.12-ci maddəsinə əsasən daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranan yeni obyektlər barədə məlumat dövlət reyestrinin yeni bölmələrində yazılır. Belə obyektlər üçün yeni reyestr nömrələri verilir və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər saxlanılan yeni qovluqlar tərtib olunur. Dövlət reyestrinin yeni bölmələrində və qovluqlarında əvvəllər mövcud olmuş daşınmaz əmlaka aid olan bölmələrə və qovluqlara istinad olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 7 saylı evin 27 saylı mənzilinə xüsusi mülkiyyət hüququ İddiaçı adına (2 otaq, y/s-25.11 kv.m - 15.03.2019-cu il tarixdə qeydiyyata alınmışdır) və X2 adına (2 otaq, y/s-28.9 kv.m - 16.03.2012-ci il tarixdə qeydiyyata alınmışdır) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək ünvan 2, mənzil 27 ünvanına bölgü sxeminin tərtib edilməsini xahiş etmişdir. Lakin qeyd olunan ünvanın paylı mülkiyyətçilərinin hər birinin payı naturada ayrılmamışdır. Həmçinin həmin ünvana Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, mənzilin ümumi dəhliz sahəsi arakəsmə ilə hissələrə bölünmüşdür, ərizəçiyə məxsus 8 və 9 saylı sahələrə giriş üçün əlavə qapı açılmışdır, daxildə rekonstruksiya işləri aparılmışdır, texniki pasporta əsasən mənzilin ortaq girişi və ümumi istifadədə olan köməkçi sahələri vardır. Ona görə də cavabdeh mənzilin bölgü sxeminin tərtib edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar