Məhkəmə qərarları › İş №2-1(112)-889/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-889/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-889/2020 02.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X5 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin xx.xx.2019-cu il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında cavabın qanunsuz hesab edilməsi, güzəştli şərtlərlə ona əmək pensiyasının hesablanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbu edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Masallı rayonunun Qarğalıq kəndində anadan olmuş, 1979-1081-ci illərdə keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək “Mərkəzidomnatəmir” X1 X2 daimi isti və tozlu şəraitdə təmir ilə məşğul olan quraşdırıcı, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı ilədək “xxxx” ASC-də Boru yayma-2 sexində elektrik avadanlıqlarının təmiri üzra elektrik montyoru, xx.xx.2012-ci il tarixdən xx.xx.2019cu il tarixədək “X7” MMC-də elektrik qaynaqçısı işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün Sumqayıt “ASAN xidmət” mərkəzinə müraciət etmiş, xx.xx.2019-cu il tarixdə Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsindən daxil olmuş cavabla ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, 2006cı ildək 20 ildən artıq iş stajına və 10 ildən çox xüsusi zərərli iş stajına malik olduğundan sosial təminat sahəsinə aid qanunvericilik normalarının tələblərinə əsasən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. İddiaçıya cavabdeh tərəfindən qanunsuz olaraq imtina olunduğundan o, hüquqlarının müdafiəsinin həyata keçirilməsinin təmini məqsədilə Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Apellyasiya Şurasına xx.xx.2019-cu il tarixdə müraciət etmiş, həmin tarixdən 35 gün keçməsinə baxmayaraq müraciətinə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, **********7 saylı yazılı etirazda bildirilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhər “Asan xidmət” mərkəzi vasitəsilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçıya pensiya təyin edilərkən İdarəyə təqdim etdiyi xx xxxxxx 1981-ci il tarixdə açılmış İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı müddəti “Mərkəzidomnatəmir” X1 X2 və xx.xx.1994-xx.xx.2006-cı il tarixləri arasındakı “xxxx” ASC-də qeyd olunan əmək stajının dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə sorğu göndərilmişdir. Lakin adıçəkilən müəssisələrin arxiv sənədlərinin saxlanıldığı hüquqi ünvanının müəyyən edilməməsi və arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət X3 verilməməsi səbəbindən iddiaçının əmək stajını dəqiqləşdirmək mümkün olmamışdır. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı güzəştli şərtlərlə 57 yaşdan pensiyanın təyin olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Sumqayıt ŞPİ QŞVŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Masallı rayonunun Qarğalıq kəndində doğulmuşdur. - HЗ seriyalı, ******* saylı hərbi biletin Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan SSR Sumqayıt şəhər hərbi komissarlığı yanında Çağırış Komissiyası tərəfindən sıravi xidmətə yararlı hesab edilmiş və həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1979-cu ildə hərbi hissəyə göndərilmiş, xx xxxxxxx 1981-ci ildə SSRİ MN-nin xx.xx.1981-ci il tarixli, 244 saylı əmri ilə ehtiyata buraxılmışdır. - İddiaçıya məxsus olmaqla xx.xx.1981-ci ildə açılmış İT-İ seriyalı, ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixinə qədər 17 saylı Texniki Peşə məktəbində təhsil almış (attestat №1229), xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixində qədər Sovet Ordu sıralarında xidmət etmiş, 163k saylı, xx.xx.1981-ci il tarixli əmrə əsasən həmin tarixdən MÇM SSRİ Sumqayıt xüsusi X2 elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 250 saylı, xx.xx.1987-ci il tarixli əmrə əsasən xx.xx.1987-ci il tarixdən 4-cü dərəcə üzrə metallurgiya zavodunun metal konstruksiya quraşdırıcısı peşəsi verilmiş, 18k saylı, xx.xx.1994-cü il tarixli əmrə əsasən həmin tarixdən tutduğu vəzifədən azad edilmiş, 89 saylı, xx.xx.1994-cü il tarixli əmrə əsasən xx.xx.1994-cü il tarixdən xxxx İB-yə elektrik quraşdırıcısı vəzifəsinə qəbul edilmiş, 135 saylı, xx.xx.1998-ci il tarixli əmrlə xxxx İB xxxx ASC kimi yenidən qurulmuş, xx.xx.2007-ci il tarixdə elektrik qaz qaynaqçısı vəzifəsinə keçirilmişdir. İş materiallarından məlum olur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə cavabdeh pensiya təyinatı orqana müraciət etmiş, sonuncu tərəfindən isə iddiaçıya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, **********8 saylı məktubda bildirilmişdir ki, xx xxxxxx 1981-ci il tarixdə açılmış İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr müddətini “Mərkəzidomnatəmir” X1 X2 və xx.xx.1994-xx.xx.2006-cı il tarixləri arasındakı “xxxx” ASC-də qeyd olunan əmək stajının dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə sorğu göndərilmişdir. Lakin adıçəkilən müəssisələrin arxiv sənədlərinin saxlanıldığı hüquqi ünvanının müəyyən edilməməsi və arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət X3 verilməməsi səbəbindən iddiaçının əmək stajını dəqiqləşdirmək mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq güzəştli şərtlərlə pensiya təyinatının aparılması mümkün hesab edilməmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyul ayının 1-dən qüvvəyə minən 9.1-ci maddəsinə əsasən kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən güzəştli və ümumi iş stajını toplaması ilə yanaşı 60 yaşına çatması tələb edildiyindən və bu normanın tətbiqi baxımından iddiaçının 60 yaşı iş materiallarında olan şəxsiyyət vəsiqəsinə əsasən pensiya təyinatı orqanına müraciət etdiyi tarixədək tamam olmadığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Məhkəmə, əvvəla, qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göstərilən normaların tələbləri baxımından iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixinə qədər 17 saylı Texniki Peşə məktəbində peşə təhsili müddəti və xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixində qədər Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət müddəti də iş stajı kimi nəzərə alınmalıdır. Məhkəmənin sorğusuna cavab olaraq “xxxx ASC tərəfindən xx.xx.2020-ci il tarixli, AZB 01/100 saylı məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Boruyayma-2 sexində elektrik montyoru və qaz qaynaqçısı vəzifələrində işləmiş, göstərilənlər vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 3-cü bölməsinin 4a yarımbölməsinin 2040400a-19861, 2040400a-19908 şifrləri ilə güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Qeyd: xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. Məhkəmə, həmçinin, qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə göstərməyi zəruri hesab edir ki, hazırda qüvvədə olmayan “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində ödənişsiz məzuniyyətlərin verilməsinin 2 qaydası nəzərdə tutulmuşdur: 1) işçilərin arzusu ilə bu qanunda nəzərdə tutulmuş hallarda və müddətdə verilən ödənişsiz məzuniyyətlər və 2) işverənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin, kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən, əmək müqaviləsi (bağlaşması) ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyətlər. Həmin Qanunun 29-cu maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədən düşdükdən sonra ödənişsiz məzuniyyətlərlə bağlı əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənmişdir. Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinin 1-ci hissəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin, kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən, əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Qeyd olunan normaların məzmunundan aydın olur ki, ödənişsiz məzuniyyət işçilərin xahişinə və ya tərəflərin qarşılıqlı razılığına əsasən verilə bilər. Hazırda qüvvədə olmayan “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində və Əmək Məcəlləsinin 128-ci maddəsində göstərilən hallardan hər hansı biri olduqda işçinin ödənişsiz əmək məzuniyyətindən istifadə etmək hüququ vardır və bu hallar işçiyə öz xahişi ilə ödənişsiz məzuniyyət verilməsinə əsasdır. Tərəflərin qarşılıqlı razılığına əsasən verilən ödənişsiz məzuniyyət isə yuxarıdakı halların mövcudluğundan asılı deyildir və işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə şərtlənir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən qanunda və Əmək Məcəlləsində ödənişsiz məzuniyyətin leqal anlayışı verilmiş olmasa da, həmin məzuniyyət növünün əsas səciyyəvi cəhəti əmək haqqının ödənilməməsidir. Başqa sözlə, ödənişsiz məzuniyyət işçinin iş yeri (peşəsi) saxlanılmaqla, lakin əmək haqqı ödənilmədən əmək vəzifələrinin yerinə yetirilməsindən azad olunduğu vaxtdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun məzmunu yuxarıda göstərilmiş 1.0.2-ci maddəsinin tələbinə görə iş və digər fəaliyyət dövrlərinin sosial sığorta stajı dövrü kimi sayılmasının mütləq şərti isə şəxsin əmək haqqı alması və müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmiş olmasıdır. Hazırda qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun “iş stajına daxil edilən əmək fəaliyyətinin növləri” adlanan 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq iş stajına daxil olur. Həmin Qanunun “əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin – Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun “pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinə görə isə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Respublika Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Bunun üçün isə işçinin faktiki əmək fəaliyyəti ilə məşğul olması və əmək haqqı alması zəruridir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının “xxxx” ASC-nin (xxxx İB) işçisi kimi xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı ilədək ödənişsiz məzuniyyətdə olduğu müddət, hansı ki, həmin müddətdə o, faktiki əmək fəaliyyəti ilə məşğul olmamış, əmək haqqı almamış, sosial sığorta ayırmaları həyata keçirilməmişdir, onun sığorta stajı kimi nəzərə alına bilməz. Yuxarıda şərh edilənlərə nəticəsi olaraq iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir ki, bu halda da, ona qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə pensiya təyinatının aparılması qeyri-mümkündür. Beləliklə, cavabdehin imtinası da nəticə etibarilə qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmənin qeyd edir ki, iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 244 saylı, xx.xx.2008-ci il tarixli və Sumqayıt Təmir-Tikinti tərəfindən verilmiş 02/18 saylı, xx.xx.2009-cu il tarixli arayışlara əsasən iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na müvafiq olaraq, ümumilikdə, güzəştli iş stajı 12 il 6 aydan artıq təşkil etsə də, bu, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət deyildir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan “X7” MMC tərəfindən verilmiş N-062 saylı, xx.xx.2019-cu il tarixli arayış iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə əmək fəaliyyətinə aid olduğundan hazırkı iş üzrə sübutetmə vasitəsi kimi qəbul edilməmişdir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın xx xxxxx 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın xx xxxxxx 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X5 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbi işdə olan sübutlara görə əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X5 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar