Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-889/2022 29.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “xarici valyuta borcu üzrə kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək 2 sentyabr 2015-ci il PB/018/15/104618 nömrəli, 29 oktyabr 2015-ci il PB/018/15/113118 nömrəli, 16 noyabr 2015-ci il PB/018/15/115475 kredit müqavilələri üzrə müvafiq kredit təşkilatı tərəfindən təqdim edilmiş və Mərkəzi Bank tərəfindən Mərkəzi kredit reyestrinə daxil edilmiş məlumatlarda olan fərqliliklərin aradan qaldırılması və müvafiq kreditlərin mənim adıma olmasının müəyyən edilməsi üçün sözü gedən kreditlər üzrə müqavilələrin həqiqliyi və eyniləşdirilməsi ilə bağlı məhkəmə ekspertizası təyin edərək X1 Kredit reyestrinə sözügedən kreditlərin uçotunun düzgün aparılması və qanunla mənə çatacaq konpensasiya məbləğinin hesablanaraq mənə verilməsi vəzifəsinin Mərkəzi Banka həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) ilə arasında 2 sentyabr 2015-ci ildə PB/018/15/104618 nömrəli kredit müqavilə üzrə 1595 ABŞ dolları, 29 oktyabr 2015-ci ildə PB/018/15/113118 nömrəli kredit müqavilə üzrə 1937 ABŞ dolları, 16 noyabr 2015-ci ildə PB/018/15/115475 nömrəli kredit müqavilə üzrə 4678 ABŞ dolları kredit götürüb. 21 dekabr 2015 ci ildə 3 kredit müqaviləsi üzrə cəmi banka ABŞ dollarında qalıq borcu 8229.42 ABŞ dolları olmuşdur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı verildikdən ümid edirdi ki, həmin fərmana uyğun olaraq ona kompensasiya veriləcəkdir. Lakin bir müddət sonra məlum oldu ki, o, həmin fərmanın təsiri dairəsinə düşməyib. Bank tərəfindən ona əvvəlcə Fərmanın təsirinə düşməyi bildirilsə də, sonradan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilən siyahıda adı çıxmadı. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən qalıq borcu 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi həmin fərmanın 1.1, 1.2 və 1.3 bəndlərinə uyğun hesablanaraq ödənilməli idi. Bununla bağlı olaraq Banka müraciət edərək kredit müqaviləsi üzrə kompensasiya hesablanmasına köməklik edilməsini xahiş edib. Lakin Bank tərəfindən ona elektron qaydada şikayət etməli olduğu bildirildi. O, 30 aprel 2019-cu ildə Maliyyə Bazarlarına Nəzarət Palatasına elektorn qaydada müraciət edib və 12 oktyabr 2019--cu ildə #28472 Qərar nömrəsi ilə həmin qurumdan bildiriblər ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağh əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli fərmanı çərçivəsində kompensasiya məbləğləri və restrukrizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciəti üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi kredit reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlərin onun adına olmasının müəyyən edilməsi mümkün olmamışdır. Bununla əlaqədar sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyini və eyniləşdirilməsinin məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurə yaranmışdır. Odur ki, məsələnin baxılması səbəbi ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli fərmanının 1-5-ci bəndlərinə əsasən ona da 2 sentyabr 2015-ci ildə PB/018/15/104618 nömrəli, 29 oktyabr 2015-ci ildə PB/018/15/113118 nömrəli, 16 noyabr 2015-ci ildə PB/018/15/115475 nömrəli kredit müqavilə üzrə əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə manatla ödənilməli idi. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq kredit təşkilatı tərəfindən dəqiq məlumat verilməməsi səbəbindən o bu hüququndan məhrum olub.
3. Məhkəmə tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə 02.09.2015-ci və 16.11.2015- ci il tarixli kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeydlər daxil edilmədiyindən, habelə 29.10.2015-ci il tarixli kredit müqaviləsi ilə bağlı borcalanın şəxsiyyətini təsdiq edən məlumatlar, eləcə də bank İD və hesab nömrəsi məlumat bazasına ötürülmədiyindən iddia tələbində qeyd edilən müqavilələr Fərman üzrə nəzərdən keçirilməmişdir.
4. İddiaçı tərəfindən təqdim olunan sənədlərə və məhkəmənin sorğusuna cavab olaraq "xxxx" BOKT ASC tərəfindən məhkəyə təqdim edilmiş ssuda hesabından çıxarışa əsasən, İddiaçı 21.12.2015-ci il tarixə 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 1592,60 ABŞ dollar, 29.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 1936,03 ABŞ dolları, 16 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 4673,79 ABŞ dolları təşkil edir.
5. İddiaçının ərizəsi əsasında məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq "xxxx" ASC” ilə bağlanmış 2 sentyabr 2015-ci il, 29 oktyabr 2015-ci il və 16 noyabr 2015-ci il tarixli kredit müqavilələri üzrə kompensasiya məbləği hesablanmaqla kompensasiya ödənilməli olan şəxslərin siyahısına daxil edilməsi kimi dəyişdirilmişdir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
7. İddia tələbi siyahıya salınma vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
8. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
11. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
12. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən (bundan sonra - Fərman):
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.
4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.
15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
17. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının hər üç kredit müqaviləsi üzrə borc öhdəliyi 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə yaranmışdır. 21.12.2015-ci il tarixinə "xxxx" ASC-də (hazırda "xxxx" BOKT ASC) 02.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borcu 1592,60 ABŞ dollar, 29.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borcu 1936,03 ABŞ dolları, 16.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borcu 4673,79 ABŞ dollarıdır. 21.12.2015-ci il tarixinə həmin bankda əsas borc üzrə cəmi 8.202,42 ABŞ dolları kredit borcu var. Odur ki, qeyd edilən Fərmanın 1.2-ci bəndinə uyğun olaraq uyğun olaraq iddiaçının 4921,45 manat (8202,42 ABŞ dolları x 0,60 manat = 4921,45 manat) kompensasiya hesablanması hüququ var.
18. Odur ki, məhkəmə iddiaçının “mövcud mülkiyyəti” və “qanuni gözləntisi” olduğu qənaətinə gəlir.
19. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
20. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı adının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən 21.12.2015-ci il tarixinə "xxxx" ASC-də (hazırda "xxxx" BOKT ASC) 02.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1592,60 ABŞ dolları əsas borc, 29.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1936,03 ABŞ dolları əsas borc, 16.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 4673,79 ABŞ dolları əsas borc üzrə kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva