Məhkəmə qərarları › İş №2-1(112)-889/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-889/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-889/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə cavabdeh əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir, İddia tələbinə dəqiqləşmə verilmiş məhkəmənin qərardadı ilə iddia cavabdeh tərəfindən qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli qərarın ləğv edilməsi formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qərar əsasında onu 8000 manat məbləğində cərimə etmiş, səbəb kimi guya 5 nəfər fizki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə cəlb edilməsi olmuşdur. Aşkar edildiyi iddia olunan 5 nəfərdən biri V.Hüseynovanın əmək müqaviləsi olduğu bildirilmişdir. İzahatlar qorxudularaq alınmış, hətta müqaviləsi olan şəxs belə əmək müqaviləsi olmadan işləməsi barədə izahat vermişdir. Hər hansı video çəkilişdən istifadə edilməmişdir. Göstərilən 4 nəfər şəxslər hər hansı əmək münasibəti olmadığı üçün onlarla əmək müqaviləsi bağlanılması normativ hüquqi aktlara ziddir. Əmək münasibəti olsa idi, dərhal sistemə vurardı. Həmin şəxslərdən biri iddiaçının bacısı oğlu olmuş, asudə vaxtını keçirmək üçün onun yanında olmuş, digər 3 nəfərlə isə hər hansı əlaqəsi olmamışdır. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, vergi nəzarət tədbiri zamanı 4 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bunun əsasında maliyyə sanksiyası tətbiq edilmişdir. İşçilər izahatlarında onunla heç bir əmək müqaviləsi bağlanılmadan işlədiyini bildirmişdir. İddiaçı 05 sentyabr 2023-cü il tarixli məktubda onun işçiləri olmadığını bildirdiyi 4 nəfər fiziki şəxsin onun əmək müqaviləsi üzrə işçilər kimi elektron informasiya sistemində olmasına baxmayaraq həmin işçilərin müqaviləsi qeyd edildiyini bildirmiş, bununla da pozuntu faktını etiraf etmişdir. Sonradan şəxslərlə əmək müqaviləsi bağlanılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eləcə də, iddia müddətinin bərpası barədə ərizə də təmin edilmiş, müddətlə bağlı da iddia üzrə hər hansı mümkünlüyü istisna edən halın olmadığı müəyyən edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Müraciətə baxılması haqqında məktubda qeyd edilmişdir 5 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair akt tərtib edilmiş, V.Hüseynovanın aktiv əmək müqaviləsi olduğu müəyyən edilmiş və buna uyğun olaraq 08 sentyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. İnzibati şikayətin təmin edilməməsi haqqında 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, vergi məsuliyyətinə cəlb edilmə barədə 08 sentyabr 2023-cü il tarixli qərardan verilmiş şikayət təmin edilməmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, əhali iddiaçının obyektində operativ vergi nəzarətinin həyata keçirilməsi reyestrdə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərara əsasən iddiaçının obyektində operativ vergi nəzarətinin keçirilməsi və yoxlamada iştirak edəcək şəxslərin dairəsi müəyyən edilmişdir. Zəruri sənədlərin tələb edilməsi haqqında tələbnamədən görünür ki zəruri sənədlərin, o cümlədən əmək müqviləsi bildirişlərinin təqdim edilməsi tələb edilmişdir. Operativ vergi nəzarətinin nəticəsi barədə aktda qeyd edilmişdir ki, 5 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi müəyyən edilmişdir. İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Nəzarət tədbirinin video müşahidə altında keçirilməsi təklif edilmiş, lüzum olmadığı bildirilərək imtina edilmişdir. 4 nəfər fiziki şəxs tərəfindən verilmiş izahatlardan görünür ki, əmək şəxslər əmək fəaliyyətinə müqavilə olmadan iddiaçı tərəfindən cəlb edildiyini təsdiq etmiş, əmək haqqı, ödənilmə qaydası, iş saatları və s barədə məlumatları öz izahatlarında qeyd etmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, iddiaçı 4 nəfər fizik şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi əsası ilə məsuliyyətə cəlb edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı vəziyyətdə iddianın təmin edilibedilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində fiziki şəxsin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılı olacaqdır. Başqa sözlə, əgər iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə müqavilə mövcud olmadan fiziki şəxs işçi qismində fəaliyyət göstərmişdirsə, deməli vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, işçi qismində fəaliyyəti müəyyən edilməyəcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır. Hazırkı işin aşağıdakı faktiki halları ilə isə fiziki şəxslərin iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə əmək müqaviləsi olmadan işə cəlb edildiyini, nəticədə iddiaçının vergi pozuntusunda təqsirini təsdiq edir. Belə ki, iş materiallarında yuxarıda da sadalanmış sənəd və izahatlardan görünür ki, 4 nəfər şəxsin izahatı ilə də öz təsdiqini tapmışdır. Həmin izahatlardan da göründüyü kimi əmək müqaviləsi bağlanılmayan işçilər əmək şəraiti, ödəniş, iş saatları və s barədə konkret məlumatlar vermişdir ki, həmin izahatların, həmin məlumatların səhv olması, hər hansı təsir altında yazılması inandırıcı hesab edilmir. İddiaçı təsirə məruz qalma barədə məlumatlar qeyd etsə də, həmin təsiri sübut edə biləcək hər hansı əsaslı dəlil göstərməmiş, təsirin nədən ibarət olması barədə sübut təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inandırıcı olmama meyarı eyni zamanda təsirə məruz qalan şəxsin izahat verilməməsi, tərtib edilmiş aktın bir nüsxəsinin qəbul edilməməsi, aktı imzalamaması ilə əlaqəlidir ki, həmin hərəkətlərin edilməsindən imtina edən birinin, obyektində yoxlama keçirilərkən işçilərinin təsir altında hər hansı izahat verilməsinə məcbur edilməsi dəlili inandırıcı hesab edilmir. Qeyd olunmalıdır ki, inzibati şikayət üzrə araşdırma zamanı da, pozuntu halını müəyyən edən dəlillər ətraflı araşdırılmış, operativ vergi nəzarətini həyata keçirən şəxslərin iştirakı ilə, inzibati icraat aparılmışdır ki, faktın mövcudluğunu istisna edən hər hansı hal müəyyən edilmir. İnzibati şikayətin təmin edilməməsi barədə qərarda 1000 kv.m obyektdə 3 aşbaz və 1 nəfər qabyuyanla müqavilənin olması, 4 nəfər ofisiant və 1 nəfər hüquqşunasla sonradan müqavilənin bağlanılması, göstərilən ölçüdə obyektdə vergi nəzarət tədbiri zamanı ofisiant olmadan restoranın necə fəaliyyət göstərməsi barədə verilmiş suallar üzrə araşdırma da məhkəmə hesab edir ki, pozuntu faktının mövcudluğu üçün əsas yaradır. Bundan əlavə, operativ vergi tədbirini həyata keçirən şəxslərin də inzibati şikayət üzrə izahatı alınmış, izahat zamanı video çəkilişə lüzum olmadığının iddiaçı tərəfindən bildirildiyi, izahatların alınmasına iddiaçının özünün şərait yaratdığını, eyni zamanda 05 sentyabr 2023-cü il tarixli Baş İdarəyəyə ünvanlanan məktubda 4 nəfər fiziki şəxsin əmək müqaivləsi üzər işçiləri kimi elektron informasiya sistemində olmasına baxmayaraq müqaviləsi qeyd edildiyini bildirərək, faktı dolayı özü tərəfindən təsdiq edildiyi bildirilmişdir. Bundan əlavə, işçilərdən birinin əmək müqaviləsi olmağına baxmayaraq aktda və izahatda əmək müqaviləsinin olmaması barədə izahat verməsi də, məhkəmə hesab edir ki, digər 4 nəfərə münasibətdə pozuntu faktının mövcudluğu halını istisna etmir. Belə ki, mövcud məhkəmə təcrübəsi ilə izah edilməyə çalışılan əsas məsələrdən biri də ondan ibarət o olmuşdur ki, aktın ayrıca mübahisələndirilməsi zərurəti mövcud deyildir, belə ki, məsuliyyət müəyyən edən qərardır və qərar aktda qeyd edilən bütün dəlillərdən asılı deyildir. Hazırda da, aktda 5 nəfər şəxsin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsinə istinad edilsə də, qərarın qəbulu zamanı düzgün olaraq müəyyən edilmişdir ki, həmin şəxslərin sayı 4-dür və ona uyğun maliyyə sanksiyası tətbiq edilməlidir. Eyni zamanda məhkəmə onun da qeyd edilməzini zəruri hesab edir ki, işin faktiki halları iddianın təmininin istisna edilməsi ilə bağlı məhkəmədə daxili inamın formalaşmasına səbəb olur. Belə ki, təkcə iddiaçının irəli sürdüyü dəlillər işin digər hallarının nəzərə alınmaması əsası qismində çıxış edə bilməz. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hazırkı iş üzrə daxili inam və məhkəmə araşdırmanın nəticələri isə iddianın rəddinə uyğun əsaslandırmanın qərarda aparılmasına zərurət yaradır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar