Məhkəmə qərarları › İş №2-1(112)-8892/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8892/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8892/2022 21.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası –mədəni maarif, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsə qarşı zərərin ödənilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsə qarşı iddia qaldıraraq cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərərin və psixoloji çətinliklərin əvəzi olaraq 10000 manat məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında koronovirus xəstəliyi başlandıqda Operativ Qərargah Bakı Nəqliyyat Agentliyinə marşrut avtobuslarının sayının artırılması haqqında göstəriş vermişdir. Bu qərar hər bir avtobusda aparılan vətəndaşların sıxlığını azaldıb, ara məsafəsinin saxlanılması üçün verilmişdi. Lakin marşrut avtobuslarına sərnişin sıxlığının çox olması səbəbindən minmək qeyrimümkün olmuşdur. Koronavirus xəstəliyinin artması səbəbindən əvvəlcə 2 saat qapanma barədə, sonra isə tam qapanma barədə qərar qəbul olunmuşdur. Həmin dövrdə şadlıq sarayları işləmədi, mərasim və yığıncaqlar yox idi, lakin koronavirus xəstələrinin sayı günü-gündən sürətlə artırdı. Bunun isə səbəbkarı Bakı Nəqliyyat Agentliyi idi, çinki vətəndaşlar avtobusda yoluxma nəticəsində bu xəstəliyə tutulurdular. Bunu nəinki vətəndaşlar, hətta TV kanallar da təsdiq edirdi. İddiaçı xəstə və yaşlı adam olaraq evdən çıxmağa imkanı olmamış, nişan, toy, yas məclislərinə, məscidə gedə bilməmişdir.İddiaçının təzyiqi qalxdıqda və ürəyi ağradıqda çağırılan təcili yardım da gəlmirdi. Avtobusda üzündəki maska bir qədər aşağı düşdükdə iddiaçı cərimə olunurdu. Bakıda hansı avtobusun gəlməyini və hara getdiyini vətəndaşların görməsi üçün hər bir dayanacaqda monitor qoyulması üçün dövlət tərəfindən vəsait ayrılmışdır. Lakin bu monitorlar da artıq çürüməyə başlamışlar.Monitorlar işləsəydilər o zaman iddiaçı hansı avtobusun nə zaman gələcəyini bilərdi, lakin monitorların işləməməsi səbəbindən də o bu imkandan məhrum olmuşdur. Qeyd edilənlər nəticəsində İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinin təqsirindən mənəvi və psixoloji çətinliklər ilə rastlaşmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə tərəfindən verilmiş sərəncama əsasən cavabdeh Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs iddia tələbinə dair etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, pandemiyanın yayılmasına qarşı mübarizə tədbirləri və xüsusi karantin qaydalarına əməl edilməsi, o cümlədən ictimai nəqliyyatda digər qabaqlayıcı və təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı Agentlik tərəfindən daşıycılara müvafiq xəbərdarlıq məktubları göndərilmişdir.Həmçinin, keçirilən görüşlərdə və videokonfranslarda TƏBİB tərəfindən ictimai nəqliyyatda koronovirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərlə bağlı müzakirələr aparılaraq bir sıra tapşırıqlar və tövsiyyələr verilmişdir. Görülən mübarizə tədbirləri çərçivəsində sürücülərin və sərnişinlərin tibbi qoruyucu maskalardan istifadə etmələri təmin edilmiş, həmçinin avtobuslarda sürücünün sərnişinlərlə təmasının məhdudlaşdırılması üçün şəffaf arakəsmələrin və dezinfeksiyedici məhlulun yerləşdirilməsi həyata keçirilmişdir. Koronovirus infeksiyasının yayılmasına qarşı qabaqlayıcı tədbirlər görülməsi üçün daşıyıcıların istismarında olan marşrutlar üzrə hərəkət edən bütün avtobusların hər gün avtopark şəraitində yuyulub təmizlənməsi və mütəmadi olaraq dezinfeksiya işləri görülməsi, eyni zamanda dispetçer və sürücü heyətinin qabaqlayıcı profilaktik tədbirlərlə bağlı maarifləndirilməsi təmin edilmişdir. Koronovirusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi, həmçinin, TƏBİB-in metodik göstərişlərini nəzərə alaraq Bakı şəhərində müntəzəm marşrut avtobuslarının daxilində maarifləndirici materialların (posterlərin) quraşdırılması təmin edilmişdir. Bundan başqa pandemiya ilə əlaqədar əməkdaşlar tərəfindən mütəmadi olaraq sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcı şirkətlərin istehsalat bazalarında (qarajlarda) Kovid virusuna qarşı qabaqlayıcı tədbirlərin, eyni zamanda avtobuslarda dezinfeksiya işlərinin görülməsinə nəzarət həyata keçirilmişdir. Metro stansiyaları dayandıqları üçün Agentlik 12 sayda ekspres maşrut təşkil etmişdir. Həmçinin günün pik saatlarında sərnişin tələbatı nəzərə alınaraq müntəzəm və ekspres marşrutlara ehtiyat avtobuslar cəlb olunmuşdur. Cavabdeh Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs göstərilənlərə əsasən iddiaçının iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, inzibati iş materiallarından göründüyü kimi İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs tərəfindən COVİD-19 koronavirus infeksiyasının yayıldığı dövrdə marşrut avtobuslarının sayının iddiaçının kifayət hesab etdiyi sayda olmaması, eyni zamanda avtobus dayanacaqlarında quraşdırılmış monitorların işlək vəziyyətdə olmasının təmin edilməməsi səbəbindən psixoloji sarsıntıya məruz qalmasını, buna görə də mənəvi sarsıntı keçirməsini bildirərək məruz qaldığı mənəvi sarsıntını 10000 manat məbləğində qiymətləndirərək həmin məbləğin cavabdeh Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə İddiaçı iddiası ilə bağlı aşağda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli, 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Bakı Nəqliyyat Agentliyi (bundan sonra — Agentlik) Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma (bundan sonra - sərnişindaşıma) sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.1-ci bəndinə əsasən Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir. Həmin Nizamnamənin 2.2-ci bəndinə əsasən Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.2.1. sərnişindaşıma sahəsində nəzarəti və tənzimləməni həyata keçirmək; 2.2.2. yol hərəkətinin təşkilində iştirak etmək; 2.2.3. nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasında iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək; 2.2.4. nəqliyyatı intellektual idarəetmə sistemini tətbiq etmək; 2.2.5. sərnişindaşıma sahəsinin inkişafını təmin etmək. Həmin Nizamnamənin 3.1-ci bəndinə əsasən Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.1. müntəzəm sərnişindaşıma işini təşkil edir, habelə tabeliyindəki qurum vasitəsilə sərnişindaşıma fəaliyyətini həyata keçirir, bu sahədə xidmətlər göstərir, sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görür; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. İnzibati iş materialları ilə isə cavabdeh Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz həkətləri (hərəkətsizliyi) təsdiq edilməmişdir. Bundan başqa cavabdehin hər hansı bir hərəkətləri və ya hərəkətsizliyi nəticəsində iddiaçıya bilavasitə zərər vurması, iddiaçıda mənfi psixoloji reaksiyaya səbəb olması da inzibatı məhkəmə icraatının gedişində təsdiqlənmədiyi üçün iddiaçının tələb etdiyi mənəvi zərərin əvəzinin ödənilməsi tələbini məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İddiaçı tərəfindən məhkəməyə iddia göstərilənləri təsdiq edə biləcək hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsə qarşı cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərərin və psixoloji çətinliklərin əvəzi olaraq 10000 manat məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 68-ci, 69cu,85-ci, 110-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsə qarşı cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərərin və psixoloji çətinliklərin əvəzi olaraq 10000 manat məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar