Məhkəmə qərarları › İş №2-1(112)-8893/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8893/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8893/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Nəsimi Rayon İcra Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Nəsimi Rayon İcra Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 11 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında qərar əsasında təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Həmin qərar məhkəmə qaydasında mübahisələndirilmiş, şikayət isə təmin edilməmişdir. Bundan sonra cavabdeh icraata başlamaq haqqında qərar qəbul etmiş 10 gün müddətində 700 manat məbləğin könüllü qaydada ödənilməsini tələb etmişdir. Halbuki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, inzibati cərimə 1 ildən çox müddətdə tutulmamış, inzibati tənbehvermə müddəti başa çatmışdır. Lakin inzibati xəta icraatına xitam verilmək əvəzinə inzibati tənbeh haqqında qərar qəbul edilmiş, AR İXM-nin 38-ci maddəsinin tələbi nəzərə alınmamışdır. İddiaçı qeyd edir ki, oxşar işlər üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının qeyd etdiyi mövqeyə uyğun təcrübəsi mövcuddur ki, bu da nəzərə alınmamışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən 18 aprel 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi və qərar üzrə icra icraatına xitam verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə hazırkı mübahisənin inzibati məhkəmə mübahisə olmasına münasibətdə də iddianı mümkün hesab edir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsində inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan məhkəmə və inzibati orqanlar barəsində tənzimləmə həyata keçirilmiş, 43cü maddədə isə hansı inzibati xətalara məhkəmənin və ya inzibati orqanın baxmağa səlahiyyətli olduğu göstərilmişdir. Həmin müddəaların tələbindən də göründüyü kimi hazırkı mübahisənin kökündə dayanan inzibati xəta AR İXM-nin 192.4-cü maddəsi ilə müəyyən edilən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. Həmin inzibati xəta üzrə qərar qəbul edilməsi səlahiyyəti X1 Xidmətinə aiddir. Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qərarları isə həmin qərardan məhkəmə qaydasında verilmiş şikayətlə bağlı olmuşdur. Göründüyü kimi hazırkı iş üzrə yoxlanılan icra hərəkətləri məhkəmə qərarları əsasında yox, məsuliyyət müəyyən edən inzibati orqanın inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı olmuşdur ki, həmin hal hazırkı mübahisəyə baxılmasında rayon məhkəmələrini yox, inzibati məhkəməni səlahiyyətli edir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, iddia rədd edilməlidir. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə icra vərəqinin icra orqanı tərəfindən icra edilib-edilməməsi ilə əlaqədardır. Belə ki, iddiaçı ona münasibətdə AR İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olduğunu, icra orqanının həmin halı nəzərə almalı olması ilə bağlı mövqe nümayiş etdirir. Başqa sözlə iddiaçı hesab edir ki, inzibati tənbehvermə haqqında qərar qəbul olunsa da, həmin qərarın mübahisələndirməsi nəticəsində yenə də inzibati tənbeh barədə qərar qüvvəsində saxlanılsa da icra şöbəsi icraata başlamaq haqqında qərar qəbul edərkən qeyd olunan halların olmasına baxmayaraq özü inzibati tənbeh haqqında qərarın qanuniliyinə qiymət verməlidir. Qeyd olunur ki, “İcra haqqında” Qanunun: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları; 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 7.1. icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. 7.2. Məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. 7.3. Digər icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir. 7.4. Məhkəmə əmrinin və alimentlərin ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş sazişin məzmunu müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Prosessual və Ailə məcəllələri ilə müəyyən edilir. Notariusun icra qeydlərinin məzmunu "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. 9.1. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Qanunvericiliyin tələbi ilə də müəyyən edilir ki, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları icra sənədidir və icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Qeyd olunan maddənin tələbinə uyğun olmadığı təqdirdə isə icra məmurunun icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarmaq səlahiyyəti mövcuddur. Lakin, işin hazırkı hallarında 7-ci maddənin tələblərinin pozuntusundan söhbət gedə bilməz. İddia ərizəsindən də görünür ki, iddiaçı icra sənədinin mahiyyətinin səhv olmasını, inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən AR İXM-nin 38.1-ci maddəsinin tələbinin pozulması və inzibati tənbehvermə barədə müddətin keçməsinə baxmayaraq onun cərimələnməsini qanunsuz hesab edir. Halbuki, iddiaçı nəzərə almır ki, həmin halın mübahisələndirildiyi təqdirdə inzibati tənbehvermə haqqında qərarın mahiyyəti üzrə qanuniliyinə qiymət verilməsi icra məmurunun səlahiyyətlərinə aid deyildir. Başqa ifadə ilə icraçı icra hərəkətlərinin aparılmasından imtina barədə qərarda inzibati orqan və məhkəmə tərəfindən müvafiq hüquqi mövqeyin əksinə olaraq hazırkı inzibati xəta işi üzrə AR İXM-nin 38.1-ci maddəsinin tətbiq edilməli olmasına dair istinad edə bilməz və bu əsasən icra sənədini geri qaytara bilməz. İcra məmuru öz səlahiyyəti çərçivəsində icra hərəkətlərinin edilməsindən imtina etmək və ya başlanmış icra işi üzrə icra sənədini geri qaytarma və ya icra işinə xitam vermək səlahiyyətinə malikdir ki, yuxarıda adıçəkilən Qanunda iddiaçının qeyd etdiyi hallara istinad edilərək geri qaytarma və xitam vermə səlahiyyəti icra məmuruna verilməmişdir. “İcra məmurları haqqında” Qanunun: 1.İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər.

7. İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür Beləliklə, əmək müqaviləsinə əmək qanunvericiliyin tələbləri pozulmaqla xitam verilməsinə görə iddiaçıya inzibati tənbeh verilmə barədə icra sənədinin mahiyyəti üzrə, həmçinin AR İXM-nin 38.1-ci maddəsinin tələbləri baxımından qiymət verilməsi icra məmurunun səlahiyyətinə aid olmadığından, cavabdeh əsaslı olaraq ona daxil olmuş icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim:Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar