Məhkəmə qərarları › İş №2-1(112)-8894/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8894/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8894/2021 20.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 qızının katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X2rşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X7 tərəfindən qəbul edilmiş 23 dekabr 2020-ci il tarixli və 27 may 2021-ci il tarixli 53 saylı qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi kimi göstərilən X9 məhkəməyə teleqramla müraciət edərək, iddiaçının səhhəti ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin iş materiallarında həmin şəxsin iddiaçının nümayəndəsi olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hazırkı inzibati mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 etirazın dəlillərinə uyğun olaraq izahat vermiş, hazırkı işin Bakı İnzibati Məhkəməsində baxılmasına etiraz etmiş, əlavə olaraq bildirmişdir ki, hazırkı mübahisənin daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisə olması, həmçinin daşınmaz əmlakın Quba rayonu ərazisində yerləşməsi, yerində baxış keçirilməsi ilə bağlı zərurətin olması ehtimalı nəzərə alınaraq İPM-in 8.1.1-ci maddəsinin tələblərinə əsasən ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə Sumqayıt İnzibati Məhkəməsidir. Belə ki, həmin maddədə hər hansı iddia növü istisna edilməmiş, həmin maddə bütün iddia növlərinə şamil edilir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı mübahisə yerin təkindən istifadə hüququ verən icazənin dayandırılması və ləğv edilməsi ilə əlaqədar olmaqla, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə bağlıdır. İPM-in 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Həmin normada iddianın hər hansı növləri istisna edilməyərək, bütün iddia növlərinə, o cümlədən mübahisələndirmə növündə iddialara da aid xüsusi aidiyyət qaydası müəyyən edilmişdir. Bu qayda ərazi ilə bağlı olan mübahisə predmetinin və məhkəmənin ərazi baxımından zəruri olan yaxınlığını təmin edir. Eyni zamanda ərazi aidiyyətinin məhz daşınmaz əmlakın olduğu yer üzrə müəyyən edilməsi məhkəmənin daşınmaz əşyanın yerində müayinəsi də daxil olmaqla, həmin əmlakla bağlı müvafiq sübutların operativ və daha əliverişli qaydada əldə edilməsinin təmininə xidmət edir. Sadalanan hərəkətləri ən qısa müddətdə, ən çevik şəkildə və ən etibarlı formada daşınmaz əşyanın olduğu yerin məhkəməsi həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh orqan tərəfindən verilmiş icazə əsasında iddiaçı Quba rayon ərazisində “Talıbqışlaq” qum-çınqıl yatağında qum-çınqıl hasilatı ilə məşğul olmuş, daha sonra cavabdeh tərəfindən yerin təkindən istifadə hüququ dayandırılmış və sonra ləğv edilmişdir. Mübahisə də məhz, yerin təkindən istifadə hüququnun dayandırılmasaı və ləğv edilməsi ilə əlaqədardır. Buna görə də, hazırkı iddia tələbinə baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsində göstərilən aidiyyətin təsir dairəsinə düşür. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Sumqayıt İnzibati Məhkəməsidir. Belə ki, “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Quba rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (17.5-ci bənd). Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə həmçinin vurğulayır ki, ərazi aidiyyətinə dair oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının iddiaçının cavabdeh Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının qismən ləğv edilməsi” tələbinə dair 2-1(102)-1730/2020 №-li iş üzrə 23.09.2020-ci il tarixli Qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X2rşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar