Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8896/2025 08.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı yaşayış sahəsinə ehtiyacı olan qismində yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı “Anadangəlmə mürəkkəb hipermetropik astiqmatizm, torlu qişanınistaqmı” diaqnozu ilə uşaqlıqdan müddətsiz İ qrup gözdən əlildir. O, ünvan 2 ünvanında qeydiyyatda olmaqla 34 kv.m sahəsi olan mənzildə ailəsi ilə birlikdə kirayədə yaşayır. Mənzil şəraiti acınacaqlı vəziyyətdədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərai İdarəsi tərəfindən 2022-ci ildə verilmiş **********, ********** və ********** nömrəli arayışlara əsasən onun, anası və qəyyumu olan X1, atası X2 adlarına Azərbaycan Respublikasının ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. Bundan əlavə, onun adına Bələdiyyə ərazisindən torpaq sahəsi ayrılmamışdır. O, hazırki tələbi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməməsinə istinad edilməklə imtina edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respubliksı Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasını Mənzil Məcəlləsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin, həmin Qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərdən görünür ki, Nazirlər Kabineti qeyd olunan qaydaları müəyyən etmədiyindən əlilliyi olan şəxslərin yaşayış sahəsinə hetiyacı olan qismində uçota alınması qanunla tənzimlənmir. Bu baxımdan onların mənzil növbəsinə götürülməsi əsassızdır.
4. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
5. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixliƏ, 5-18/2-M-69-068/2025 nömrəli məktubla imtina edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı TSEK tərəfindən verilmiş AR seriyalı, 671889 nömrəli arayışa əsasən 1982-ci il təvəllüdlü İddiaçı Mirhadi oğluna İ dərəcə “uşaqlıqdan görməyə görə” ömürlük əlillik dərəcəsi təyin edilmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışlara əsasən “Daşınmaz əmlakın dövlət reyestrindən” arayışa əsasən X2, İddiaçı Mirhadi oğlunun və X1 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair daşınmaz əmlak aşkar edilməmişdir.
8. Cavabdeh başçısının Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 400 nömrəli, xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi, 34 B saylı evdə yaşayır. Ev 2 otaqdan ibartədir. Evin yaşayış sahəsi 34.2 kv.m-dir. Ev sahibi X5r. Evdə İddiaçı başqa 15 nəfər yaşayış yeri üzrə qeydiyyatdadırlar.
9. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 02 nömrəli, 30 yanvar 2025-ci il tarixli arayışa əsasən Bakı şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsi tərəfindən Maştağa qəsəbəsi, E.Mustafayev küçəsi, ev 34 B ünvanda yaşayan X2, X1, İddiaçı adına Maştağa Bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması aşkar edilməmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən sosial müavinət və təqaüd haqqında arayışa əsasən X3 İ qrup əlilliyi olan şəxsə qulluq edən şəxs kimi Azərbaycan Respublikasının Prezidentinin təqaüdünü alır.
11. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 144 nömrəli, 24 aprel 2025-ci il tarixli cavab məktubuna əsasən ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı, X4 və X1 adlarına Maştağa bələdiyyəsində torpaq sahəsinin ayrılması barədə məlumatlar mövcud deyil.
12. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27 may 2025-ci il tarixli, 3-21-3-30/2-21698/2025 nömrəli məktubla bildirilmişdir ki, sorğuda adları qeyd olunan şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
13. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Cavabdeh tərəfindən 29 aprel 2025-ci il tarixli, 5-18/2-1410/2025 nömrəli məktubla İddiaçı müraicəti üzrə toplanmış materialların surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı birinci dərəcə gözdən əlil olmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotun aparılması qaydalarının müəyyən edilməməsi əsas gətirilməklə imtina edilmişdir.
21. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
22. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.
23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq şikayət edə bilər.
24. Göründüyü kimi, mənzil növbəsinə götürülmədən imtinanın konkret əsasları müəyyən edilmişdir ki, həmin əsaslar iddiaçıya şamil edilmir. Belə ki, iş materiallarında olan sənədlərdən də, göründüyü kimi iddiaçı mənzil növbəsinə ehtiyacı olan şəxsdir.
25. Məhkəmə cavabdehin imtina məktubunun əsası ilə bağlı isə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2009-cu il tarixli Fərmanına əsasən 2009cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinin uyğunlaşdırılması və icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq hüquqi aktın forması hal-hazırda təsdiqlənməmişdir. Buna görə də, yeni Mənzil Məcəlləsinin uyğunlaşdırılması və icrası ilə bağlı hüquqi aktların formasının müvafiq icra hakimiyyəti orqanı tərəfindn təsdiqlənməməsi vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə olan hal da, iddiaçının qüvvədə olan qanunvericiliyə əsasən mənzil siyahısına alınma hüququ yarandığından, cavabdehin mənzil siyahısna alınmasından imtinası qanunsuz və əsasız olmuşdur.
26. Məhkəmə eləcə də qeyd edir ki, işdə olan cavabdehin imtina məktubu həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.5-ci maddəsinin tələbinə zidd olaraq qərar formasında tərtib olunmamışdır. Halbuki, qanunvericinin uçota alınma və ya uçota almaqdan imtina haqqında məsələ ilə bağlı göstərişi qətidir.
27. Cavabdehin imtinası inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə də zidd olmuşdur.
28. Belə ki, həmin Qanunun: 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır; 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir
29. Göründüyü kimi, cavabdehin imtinası həm Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur.
30. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina məktubu qanunsuzdur. Cavabdeh iddiaçının sosial vəziyyətini nəzərə alaraq onun statusuna uyğun əlil kimi mənzil növbəsinə götürməmişdir. Bu səbəbdən də, cavabdehin iddiaçının arzuladığı inzibati aktı qəbul etməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsin əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
32. Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri baxımından məhkəmə icraatının gedişatında iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu göstərilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı İ dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva