Məhkəmə qərarları › İş №2-1(112)-89/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-89/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-89/2022 07.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2) “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 01/2368 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 izahatında bildirdi ki, Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11/625 saylı qərarı ilə Azərbaycan Memarlıq İttifaqı ilə birgə “Vətən” Cəmiyyətinin 68 üzvünə Bakı şəhəri keçmiş Əzizbəyov rayonu Bağçılıq Massivinin “Şimal” DRES-də torpaq sahəsi ayrılmışdır. Daha sonra Azərbaycan Memarlar İttifaqı “Memar” Bağçılıq Birliyi üzvlərinin ümumi yığıncaq iclasının xx.xx.1998-ci il tarixli, 1 saylı protokolu ilə Bakı şəhər Sovetinin xx.xx.1988-ci il tarixli 11/625 saylı qərarının Şüvəlan Şimal DRES rayonunda Azərbaycan Memarlar İttifaqına və Vətən Cəmiyyətinə Bağçılıq üçün ayrılmış torpaq sahələrinin bölüşdürülməsinə dair gündəliyindən göründüyü kimi 11 may 1988-ci ildə təsdiq olunmuş bağçılıq üzvlərinin bir çoxunun Bakıdan getdikləri üçün Bağçılıq Birliyinin həmin tarixli üzv siyahısı ləğv edilmiş və bağçılıq birliyi üçün ayrılmış torpaq sahələri tərtib edilmiş, siyahının 1-dən 16-dək olan hissəsi “Vətən” Cəmiyyətinin üzvlərinə ayrılmışdır. “Vətən” bağçılıq yoldaşlıq birliyi nəzdində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES ərazisində 0,06 ha torpaq sahəsi olan baş plan sxeminə əsasən 01 nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. Bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 01/2368 nömrəli bağ sahəsinin iddiaçının icarəsinə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə iddiaçı arasında xx.xx.2001-ci il tarixli, 30282 nömrəli müqavilə bağlanmışdır. xx.xx.1998-ci il tarixdə iddiaçı “Vətən” Cəmiyyəti Asiya və Afrika ölkələri şöbəsində referent vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə iddiaçı öz xahişi ilə işdən azad edilmişdir. Torpaq sahəsi iddiaçıya ayrıldıqdan sonra iddiaçı dərhal oranı hasara almış, mütəmadi ora gedərək abadlıq işləri aparmış, zeytun, müxtəlif meyvə ağacları əkmişdir. Lakin daha sonralar iddiaçı bağ sahəsinə getdikdə oranın başqa şəxs tərəfindən zəbt edildiyini, hasarlandığını görmüş, iddiaçının öz bağına daxil olmağı qeyri-mümkün olmuşdur. Cavabdehin imtina məktublarından da göründüyü kimi, həmin idarənin əməkdaşları belə torpaq sahəsinə daxil ola bilmirlər. Sonradan müəyyən edildi ki, iddiaçıya məxsus torpaq sahəsi üçüncü şəxs tərəfindən zəbt edilmişdir. İddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 01/2368 nömrəli bağ sahəsi üzərində (baş plan sxeminə əsasən 01 nömrəli bağ sahəsi kimi nömrələnmiş) iddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınması ilə bağlı müxtəlif tarixlərdə cavabdeh orqana müraciətlər etmişdir. Cavabdeh orqan tərəfindən ünvanlanmış 30 iyun 2016-cı il tarixli məktubda idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işlərinin aparılması üçün şəraitin yaradılmadığı əsas gətirilərək müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdehin 14 may 2019-cu il tarixli məktubunda ərizəyə əlavə olunmuş sənədlərin surət olması, bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi və digər fiziki şəxslər tərəfindən istifadə edildiyi göstərilmişdir. Bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsinə dair cavabdeh inzibati orqanın mövqeyi ziddiyyətlidir. Belə ki, cavabdehin 30 iyun 2016-cı il tarixli məktubunda imtina əsası kimi idarənin mütəxəssislərinə çöl-ölçmə işlərinin aparılmasına şəraitin yaradılmaması halı göstərilmişdir. 14 may 2019-cu il tarixli məktubda isə bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşdiyi və digər fiziki şəxslər tərəfindən istifadə edildiyi qeyd edilmişdir. Bağ sahəsinin başqa şəxslərin istifadəsində olduğu və çöl-ölçmə işlərini aparmağın mümkün olmadığı təqdirdə torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsinin hansı qaydada müəyyən edilməsi təəccüb doğurur. Göründüyü kimi, xüsusilə ayrıc akta dair hissə əsaslandırılmamış, formal mülahizə ilə kifayətlənilmişdir. Cavabdeh 14 may 2019-cu il tarixli məktubunda sözügedən bağ sahəsinə dair çıxarışın verilməsindən imtinaya dair daha bir əsas kimi həmin bağ sahəsinin digər fiziki şəxslər tərəfindən istifadə edilməsi göstərilmişdir. Halbuki mövcud qanunvericilikdə bu hal belə iddiaçıya məxsus torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün imtinaya əsas ola bilməz. Cavabdeh orqanın imtina məktubunda iddiaçıya məxsus bağ sahəsinin digər fiziki şəxslər tərəfindən məhz hansı hüquqmüəyyənedici sənəd əsasında istifadəsinin qeyd edilməsi deyil, ümumi şəkildə digər fiziki şəxslər tərəfindən istifadə edildiyinin göstərilməsi diqqətçəkici məqamdır. Göründüyü kimi, digər fiziki şəxsin həmin torpaq sahəsindən istifadəsinə dair hüquqmüəyyənedici sənədi olarsa cavabdeh həmin sahənin hansı əsasla üçüncü şəxsin istifadəsində olmasına münasibət bildirmiş olardı. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərufatının ayrıc aktından kənarda yerləşir və digər fiziki şəxslər tərəfindən istifadə edilir. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Sözügedən əraziyə texniki baxış keçirmək mümkün olmamışdır. Belə ki, kənardan göstərilən ərazi digər fiziki şəxslər tərəfindən mişar daşı ilə hasarlanmış, qapısı və ya darvazası olmadığından daxil olub texniki baxış keçirmək mümkün olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddia tələbini qəbul etmir, mübahisələndirilən bağ sahəsi üçüncü şəxsin istifadəsindədir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Memarlar İttifaqı və X3 Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti “Vətən” Cəmiyyəti üzvlərinin siyahısında İddiaçı adına Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES ərazisində 1 nömrəii bağ sahəsi göstərilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, sözügedən bağçılıq-yoldaşlığına dair arxiv qovluğunda İddiaçı verilmiş üzvülük kitabçası və digər sənədlər saxlanılmadıği üçün ərizənizin icrası mümkün olmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilir: Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 01/2368 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2016-cı il tarixli ərizənizə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işlərinin görülməsi üçün şərait yaradılmamışdır. Torpaq sahəsində ölçmə işlərinin aparılmasından sonra ərizənizin icrasına baxılacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar ərazisində yerləşən 01/2368 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizənizə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər sürətdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir və digər fiziki şəxslər tərəfindən istifadə edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məktublarla məhkəməyə təqdim edilmiş X1 və İstismarı Birliyi ilə icarədar İddiaçı arasında imzalanmış xx.xx.2001-ci il tarixli, 30282 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 01/2368 nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məktubla məhkəməyə təqdim edilmiş X3 Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti - “Vətən” Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 42 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həqiqətən «Vətən» Cəmiyyətində mütəxəssis vəzifəsində işləyir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bağçının üzvlük kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı «Vətən» Cəmiyyətində mütəxəssis işləyir, Bağçılıq Cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli 03 nömrəli protokoluna əsasən Bağçılıq Cəmiyyətinə üzv qəbul edilmiş, Şüvəlan qəsəbəsi, “Şimal” DRES ərazisində ona sahəsi 600 kv.m olan bağ sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla məhkəməyə təqdim edilmiş X3 Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti “Vətən” Cəmiyyəti İdarə Heyətinin 19 aprel 1998ci il tarixli iclası, 01 saylı protokolunun təsdiq eilmiş surətindən görünür ki, Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 11/625 saylı, 18 noyabr 1988-ci il tarixli qərarına əsasən “Vətən” Cəmiyyətinin əməkdaşlarına, 16 nəfərə ayrılan Şüvəlan Şimal DRES rayonundakı bağ sahələrinin “Vətən” Cəmiyyətinin aşağıdakı əməkdaşları arasında aşağıdakı qaydada bölüşdürülməsi və onların siyahısının təsdiq edilməsi qərara alınmışdır, siyahıda 8-ci sırada İddiaçı – bağ №1 qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş Azərbaycan Memarlıq İttifaqı və X3 Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti “Vətən” Cəmiyyətinin Şüvəlan “Şimal” DRES rayonundakı “Memar” Bağçılıq Yoldaşlığının “Vətən” Cəmiyyətinə aid 19 aprel 1998-ci il tarixli, 01 saylı protokolla təsdiq edilmiş siyahısının təsdiq edilmiş surətindən görünür ki, həmin siyahıda 8-ci sırada İddiaçı – bağ №1 qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11/625 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, Əzizbəyov rayonu Bağçılıq Massivinin “Şimal” DRES-də Azərbaycan Memarlıq İttifaqı ilə birgə “Vətən” Cəmiyyətinin 68 üzvünə kollektiv bağçılığın yaradılması məqsədi ilə torpaq sahəsinin ayrılması qərara alınmışdır (həmin qərarın təsdiq edilmiş surəti cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli məktubla da məhkəməyə təqdim edilmişdir). İş materiallarında olan Azərbaycan Memarlıq İttifaqı “Memar” Bağçılıq Birliyi üzvlərinin ümumi yığıncaq iclasının 01 saylı, xx.xx.1998-ci il tarixli protokolun surətindən görünür ki, 11 may 1988-ci ildə təsdiq olunmuş bağçılıq üzvlərinin bir çoxunun Bakıdan getdikləri üçün Bağçılıq Birliyinin həmin tarixli üzv siyahısının ləğv edilməsi, bağçılıq birliyi üçün ayrılmış torpaq sahələrinin tərtib olunması və nömrələnmiş baş plan sxemi əsasında aşağıdakı qaydada bölüşdürülməsi qərara alınmışdır: 1-16 “Vətən” Cəmiyyətinə. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/113 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatla və o cümlədən mülki iş materiallarında olan məlumatlara, mütəxəssis rəylərinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 01/2368 nömrəli bağ-torpaq sahəsinin koordinatları naturaya uyğundur: X- 435151.02; 435168.83; 435183.93; 435166.12; Y- 4482414.88; 4482424.02; 4482398.93; 4482388.96. İddiaçıya ayrılmış, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 01/2368 nömrəli bağ-torpaq sahəsi hər hansı başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üstüstə düşmür. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11/625 saylı qərarına əsasən Əzizbəyov rayonu Bağçılıq Massivinin “Şimal” DRES-də Azərbaycan Memarlıq İttifaqı ilə birgə “Vətən” Cəmiyyətinin 68 üzvünə kollektiv bağçılığın yaradılması məqsədi ilə torpaq sahəsi ayrılmışdır. X3 Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti “Vətən” Cəmiyyəti İdarə Heyətinin 19 aprel 1998-ci il tarixli iclası, 01 saylı protokoluna əsasən Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 11/625 saylı, 18 noyabr 1988-ci il tarixli qərarına əsasən “Vətən” Cəmiyyətinin əməkdaşlarına, 16 nəfərə ayrılan Şüvəlan Şimal DRES rayonundakı bağ sahələrinin “Vətən” Cəmiyyətinin aşağıdakı əməkdaşları arasında aşağıdakı qaydada bölüşdürülməsi və onların siyahısının təsdiq edilməsi qərara alınmışdır, siyahıda 8-ci sırada İddiaçı – bağ №1 qeyd olunmuşdur. Azərbaycan Memarlıq İttifaqı və X3 Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti “Vətən” Cəmiyyətinin Şüvəlan “Şimal” DRES rayonundakı “Memar” Bağçılıq Yoldaşlığının “Vətən” Cəmiyyətinə aid 19 aprel 1998-ci il tarixli, 01 saylı protokolla təsdiq edilmiş siyahısına əsasən həmin siyahıda 8-ci sırada İddiaçı – bağ №1 qeyd olunmuşdur. Bağçının üzvlük kitabçasına əsasən İddiaçı Bağçılıq Cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli 03 nömrəli protokoluna əsasən Bağçılıq Cəmiyyətinə üzv qəbul edilmiş, Şüvəlan qəsəbəsi, “Şimal” DRES ərazisində ona sahəsi 600 kv.m olan bağ sahəsi verilmişdir. X1 və İstismarı Birliyi ilə icarədar İddiaçı arasında imzalanmış xx.xx.2001-ci il tarixli, 30282 nömrəli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən isə Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 01/2368 nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. Cavabdeh imtinasını həmin bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi və digər fiziki şəxslər tərəfindən istifadə edilməsi ilə əsaslandırmışdır. Lakin iş üzrə məhkəmə ekspertizası keçirilmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/113 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 01/2368 nömrəli bağ-torpaq sahəsinin koordinatları naturaya uyğundur və iddiaçıya ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 01/2368 nömrəli bağ-torpaq sahəsi hər hansı başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdeh inzibati orqan tərəfindən həmin bağ sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh həmin torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən istifadə edildiyini qeyd etsə də, hansı əsasla və hüquqmüəyyənedici sənədlərlə digər şəxslərin istifadəsində olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən qeyd olunan qərar, protokol, üzvlük kitabçası, müqavilə və digər sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin sənədlər isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,06 ha olan 01/2368 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar