Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-89/2023 04.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun adına verilmiş B19 № 165623 saylı bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə O.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyasının “müəssisənin iqtisadiyyatı” ixtisasını bakalavr dərəcəsi üzrə bitirmiş, ona B19 № 165623 saylı bakalavr diplomu verilmişdir. 11 fevral 2020-ci il tarixdə diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün cavabdehə müraciət etmiş, sonuncu isə iddiaçının təhsil aldığı rus dilində bilik səviyyəsi yoxlanılarkən ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edildiyini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmədiyi barədə iddiaçıya 02 may 2020-ci il tarixdə imtina məktubu ünvanlamışdır. İddiaçı hesab edir ki, cavabdehin rus dili biliyinin aşağı olması bəhanəsi tam əsassızdır.
3. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyi ilə əvəz edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2021saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Ukraynanın O.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyası tərəfindən verilmiş B19 seriyalı 165623 saylı bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı İddiaçı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə öhdəlik qoyulmuşdur.
5. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-471/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2021saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
7. Qərar onunla əsaslandırılmışdır ki, işdə olan sübutları araşdırmaqla, lazım gəldikdə əlavə sübutlar toplamaqla cavabdehin diskression səlahityyətlərinin qanuniliyinə məhkəmə özü də hüquqi qiymət vermək onun İPM-in 58.7-cü maddəsindən irəli gələn vəzifəsi olmuşdur.
8. Qərarda müəyyən edilir ki, cavabdehin işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli imtina qərarından (qeydindən) isə görünür ki, müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş hesab olunmamış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən onun diplom üzrə ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının dil bilmə səviyyəsini əks etdirən audi-video yazı (disk) da məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi, cavabdeh orqan iddiaçının müraciətinə əsasən inzibati icraat başlamış, iddiaçı ilə müsahibə aparmış, müsahibənin nəticələrinə dair qərar qəbul etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim etmişdir.
9. Məhkəmənin 16 may 2022-ci il tarixli qərardadı ilə Bakı Dövlət Universitetinin Filologiya fakültəsindən İddiaçı tədris (rus) dilini bilmə səviyyəsinin Ukrayna Respublikası O.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyasının “müəssisənin iqtisadiyyatı” ixtisasını mənimsəməsi üçün yeterli olub-olmaması barədə cavabdeh orqanın nümayəndəsinin iştirakı ilə mütəxəssis rəyinin alınması barədə qərardad qəbul etmişdir.
10. Bakı Dövlət Universiteti tərəfindən verilmiş rəy məhkəməyə daxil olmamış, analoji iş üzrə mütəxəssis rəyinin alınması barədə qərardada cavab olaraq bildirilmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsinə görə təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nə əsasən Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarım həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodikı və tətbiqi elmitədqiqatlar aparan publik hüquqi şəxsdir. Universitet öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” qanunlarını və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 64-cü maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Qeyd olunan normaların tələbindən göründüyü kimi BDU yalnız “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirir.”Elm haqqında” Azərbaycan Respublikasının Qanununa fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və :ətbiqi elmi-tədqiqatlar aparır. BDU-nun başqa faəliyyət növləri, o cümlədən mütəxəssis rəyinin verilməsi ilə bağlı hüquq, vəzifə və səlahiyyəti nəzərdə tutulmamışdır. Həmçinin BDU-nun Filologiya fakültəsi rus və ya başqa dillərin tədrisi üzrə deyil, Azərbaycan dili və ədəbiyyatının tədrisi üzrə ixtisaslaşmışdır. Həm müəllim, həm də tələbə kontingentinin sayı baxımından da fakültədə Azərbaycan bölməsi üstünlük təşkil edir. Digər tərəfdən həmin fakültədə Qərardadda qeyd edilən “Menecment” ixtisası olmayıb, bu sahə üzrə mütəxəssis də yoxdur. Ona görə BDU hər hansı dil biliklərinin müəyyən edilməsi sahəsində ixtisaslaşmış müəssisə olmadığı üçün şəxsin müvafiq dil biliklərinin "Menecment” ixtisasının mənimsənilməsi üçün kifayət olub-olmamasını müəyyən edərək mütəxəssis rəyi verilməsi imkan xaricindədir. Hesab edir ki, belə müraciətlərin müvafiq dil biliklərinin araşdırılması üzrə ixtisaslaşmış müəssisələrə ünvanlanması daha məqsədəmüvafiq olardı. Eləcə də mütəxəssis rəyinin verilməsi ilə bağlı prosedur kifayət qədər mürəkkəb olub, müsahibənin keçirilmə vaxtı və yeri barədə məhkəməyə və iş üzrə tərəflərə məlumat verilməsi, məhkəmə prosesi iştirakçılarının və onların nümayəndələrinin müsahibədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, müsahibənin videoyazısının aparılması, rəy vermiş mütəxəssisin sualları cavablandırmaq üçün məhkəmədə iştirak etmək məcburiyyəti və s. fakültənin iş rejimini pozur. Bu da nəticədə BDU-nun qanunvericiliklə nəzərdə tutulmuş fəaliyyətinə mane olur və tədris prosesinin pozulmasına səbəb olur. Digər tərəfdən “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin 4.16-cı bəndinə əsasən Universitetin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat və digər heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikası Əmək Məcəlləsi, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında" qanunları, bu Nizamnamə və Universitetin daxili intizam qaydaları ilə, eləcə də Universitetlə əmək münasibətləri olan şəxslərə münasibətdə əmək müqavilələri ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə əsasən işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək vəzifəsi olduğu kimi, onun əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək hüququ da vardır. İşəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X2 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. İşəgötürən işçilərdən yalnız əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüququ vardır. Hər hansı qayda və üsulla işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. (Əmək Məcəlləsinin 9, 10, 11, 17, 57-ci maddələri) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 64-cü maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Qeyd olunan normaların tələbindən göründüyü kimi işəgötürən və işçinin hüquq və vəzifələri əmək qanunvericiliyi və onlar arasında bağlanılmış fərdi əmək müqaviləsinə əsasən müəyyən edilir. Əmək qanunvericliyinə və BDU ilə işçilər arasında bağlanılmış əmək müqaviləsinə əsasən işçilərin əmək funksiyaları yalnız tədris prosesinin aparılması ilə bağlı olub, işçinin hər hansı başqa bir fəaliyyətdə, o cümlədən mütəxəssis rəylərinin verilməsi ilə bağlı fəaliyyətdə iştirak etmək vəzifəsi nəzərdə tutulmamışdır. İşçilər bu fəaliyyətdə könüllü iştirakdan isə qəti şəkildə imtina edirlər. İşəgötürənin də işçiləri nəzərdə tutulmayan fəaliyyətdə iştirak etməyə və ya suallara cavab vermək, şifahi və ya yazılı məsləhətlər vermək üçün hər hansı quruma getməyə məcbur etmək səlahiyyəti yoxdur. Odur ki, hazırda müraciətdə qeyd edilən məsələ ilə bağlı mütəxəssis rəyinin verilməsi imkanı xaricindədir.
11. xx.xx.2019-cu il tarixli B19 seriyalı 165623 saylı diplomun Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 2019-cu ildə O.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyasının “müəssisənin iqtisadiyyatı” ixtisası üzrə tam kursu bitirmiş, həmin ixtisas üzrə bakalavr proqramını mənimsəmiş və yekun dövlət attestasiyasını uğurla başa vurmuşdur. Ona bakalavr dərəcəsi verilmişdir. X6 və Təhsil Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə A-58822-19 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.
12. B19 seriyalı 165623 nömrəli diploma əlavədən görünür ki, İddiaçı O.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyasında təhsil aldığı müddətdə “müəssisənin iqtisadiyyatı” ixtisası üzrə 51 fənndən yaxşı, məqbul və kafi qiymətlər alımış, tədris və istehsalat təcrübəsi keçmiş, buraxılış – ixtisas işini (bakalavr işi) müdafiə etmiş və kafi qiymət almışdır.
13. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı onlayn imtinadan görünür ki, iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci maddəsinə əsasən A78DF3E085517338 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün sayılmamışdır. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı O.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyası tərəfindən verilmiş B19 seriyalı 165623 saylı bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə cavabdehə müraciət etmiş, lakin ona imtina edilmiş, imtinaya əsas kimi təhsil aldığı ixtisasın mənsimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı göstərilmişdir.
14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iştirak etmir.
15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
16. İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
17. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
18. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.
19. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir.
22. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsilin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağdaki qanunvericilik normaları ilə tənzimlənir.
23. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
24. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
25. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.
26. Eyni zamanda, imtina verilən zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır.
27. İmtina verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
28. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur.
29. İddiaçı bildirir ki, diplomun tanınmasının məqsədi əmək fəaliyyəti ilə məşğul olmaqldır.
30. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.1-ci bəndinə əsasən peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənin tələbi ilə tətbiq edilir. Qaydaların 6.2-ci bəndinə əsasən Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir.
31. Məhkəmə qeyd edir ki, “müəssisənin iqtisadiyyatı” peşəsi həmin Qaydaların əlavəsində nəzərdə tutulan peşə deyil. Odur ki, iddiaçının “müəssisənin iqtisadiyyatı” peşəsinə aid ixtisasların peşə tanınması zamanı onun müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilməsi zərurəti yoxdur. Bununla əlaqədar, məhkəmə cavabdeh tərəfindən inzibati araşdırma aparması üçün aralıq qərardad qəbul edilməsi zərurəti görmür.
32. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. O.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyası tərəfindən İddiaçı adına verilmiş xx.xx.2019-cu tarixli B19№165623 bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva