Məhkəmə qərarları › İş №2-1(112)-8900/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8900/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8900/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X6 iştirakları ilə, İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş hüquqlann dövlət qeydiyyatından imtina haqqında qərarın (25.06.2021-ci il tarixli, **********77) ləğv edilməsi və Firmaya aid Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" X3 (bundan sonra - Firma) aid Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün Firma tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********77 saylı 25.06.2021-ci il tarixli bildirişlə hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə qərar qəbul edildiyi Firmaya bildirilmişdir. Qeyd edilən imtina aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtinanın konkret əsasları göstərilmişdir. Qeyd edilən bildirişdə yuxarıda qeyd edilən əsaslardan hansına əsasən qeydiyyatdan imtina edilməsi qeyd edilməmiş, ümumi olaraq maddəyə istinad edilməklə kifayətlənilmiş, təqdim edilən sənədlərə tam və ətraflı baxış keçirilmədiyindən torpaq sahəsinin icarəyə verilməsi barədə müvafiq orqanların qərarının, həmçinin tikintiyə icazə verilməsi barədə qərarın təqdim edilmədiyi bildirilmişdir. Belə ki, bildirişdə yuxarıda qeyd edilən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin Firma ilə Bakı Şəhəri İcra Hakimiyyəti arasında bağlanılmış 17 may 2016-cı il tarixli, 1162 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən 49 (qırx doqquz) il müddətinə Firmanın icarəsində olması halı nəzərə alınmamışdır. Əgər qeyd edilən torpaq sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən icarəyə verilməli deyildisə bu barədə icra hakimiyyəti tərəfindən Firmaya məlumat verilməli idi. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanlann inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur( 13.1). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur( 13.3). İnzibati orqanlann bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Habelə həmin qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır (20.1). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur (20.2). Bundan əlavə Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03- 8/119 saylı, 06.04.2016-cı il tarixli məktubu ilə Firmaya aid qeyd edilən qeyri-yaşayış obyektinin memarlıq-planlaşdırılma layihəsinin razılaşdırılmasına dair məktubu əsasında Bakı şəhəri Nəsimi Rayon İcra hakimiyyəti başçısının 08.04.2016-cı il tarixli, 69 saylı tikinti və yenidənqurma işlərinin aparılmasına icazə verilməsi barədə sərəncamı nəzərə alınmamışdır. Firmaya təqdim edilən bildirişdə “Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli 302 saylı qərarına uyğun olaraq istismara icazə aktının təqdim edilməli olduğu qeyd edilmiş, lakin Firma tərəfindən Nazirlər Kabinetinin qeyd edilən qərarına uyğun təqdim edilmiş 19 dekabr 2017ci il tarixli, 167 nömrəli tikinti obyektinin istismarına icazə aktının mövcudluğu nəzərə alınmamışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib edilmiş və 19 dekabr 2017-ci il tarixli 167 nömrəli icazə aktının verilməsi üçün əsas olan Ö/004510 saylı İstismara hazırlıq aktına diqqət yetirilməmişdir. Belə ki, “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.9 və 2.10-cu yarımbəndlərinə əsasən istismara hazırlıq aktı verilən zaman dövlət nəzarətini həyata keçirən orqan - yəni istismara hazırlıq aktını verən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tikinti aparılması barədə şəhərsalma və tikinti normalarına uyğun icazə alınmaması, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlarda tikinti faktını aşkar etdikdə tikilmiş tikintinin sökülməsi və ya tikinti quraşdırma işlərinin dərhal dayandırılması barədə qərar qəbul etməlidir. Buradan da göründüyü kimi Fövqəladə Hallar Nazirliyinin qeyd edilən qurumu bu halları aşkar etməmiş və istismara hazırlıq aktını qeyd edilən Qaydalara uyğun müraciət etmiş Firmaya təqdim etmişdir.

3. Cavabdeh qurum tərəfindən iddiaçıya verilən 25.06.2021-ci il tarixli yazılı imtinada bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qərarı və Əmlak Məsələləri Dövlət Xidməti yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin rəyi və ayrıc aktı, tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmişdir. Həmçinin, təqdim edilən qeyri-yaşayış binasına dair təqdim edilən tikinti obyektinin istismarına icazə sənədləri Bakı Şəhər icra Hakimiyyəti tərəfindən verilməmişdir. Bundan əlavə, Bakı şəhəri İcra Hakimiyyətinin 172 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməyib. Bununla yanaşı göstərilən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir.

4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qərarı və Əmlak Məsələləri Dövlət Xidməti yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin rəyi və ayrıc aktı, tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmişdir. Həmçinin, təqdim edilən qeyri-yaşayış binasına dair təqdim edilən tikinti obyektinin istismarına icazə sənədləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Bundan əlavə, Bakı şəhəri İcra Hakimiyyətinin 172 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməyib. Bununla yanaşı göstərilən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********77 saylı 25.06.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə- park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai- iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi haqqında əsasnaməsinin 3.0.3.-cü bəndinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarını icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb təqdim etmək, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək agentliyin vəzifəsidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilən sənədlərə əlavə olunmalıdır.

5. 30.11.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

9. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

14. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.

18. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar

19. Bakı Şəhər İcra Hakimiyyətinin 172 nömrəli 26.02.1997-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Zorge adına bağın ərazisində komyuter oyun aparatları qoyulması üçün pavilyon quraşdırılmasına icazə verilmişdir.

20. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-379 nömrəli 06.06.1997-ci il tarixli məktubundan görünür ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi Nəsimi rayonu, Zorge adına bağın ərazisində komyuter oyun aparatları qoyulması üçün pavilyonun layihə sənədləri ilə tanış olaraq onu razılaşdırmışdır.

21. Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Dövlət Reyestrindən Çıxarışına əsasən İddiaçı X4 ********** VÖEN-lə qeydiyyatdan keçmişdir.

22. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********7 nömrəli arayışa əsasən İddiaçı X4 1022 ünvan 3 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə 27.07.2008ci il tarixdə uçota alınmışdır.

23. Notarial qaydada təsdiq edilmiş Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 69 nömrəli, 08 aprel 2016-cı il tarixli Sərəncamına əsasən İddiaçı X3 “Zorge” adına parkın ərazisində yerləşən “Millennium” adlı mövcud iaşə xidməti obyektinin sahəsinin genişləndirilməsi və yenidən qurulmasına icazə verilmişdir.

24. Notarial qaydada təsdiq edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsində İddiaçı X3 məxsus “Millennium” kafesinin yenidənqurma eskiz layihəsi razılaşdırılmışdır.

25. Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı X4 arasında bağlanılmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 17.05.2016-cı il tarixli 1162 nömrəli Müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri “Zorge” parkının ərazisində ayrılmış 214,5 kv.m olan torpaq sahəsini 49 il müddətinə İddiaçı X2 istifadəsinə vermişdir.

26. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 3 ünvanında 1 mərtəbəli “Millennium” ictimai iaşə obyektinin Ö/ 004510 nömrəli İstismara hazırlıq Aktı verilmişdir.

27. Notarial qaydada təsdiq edilmiş 167 nömrəli 19.12.2017-ci il tarixli Tikinti obyektinin istismarına İcazə sənədinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 3 ünvanda yerləşən obyektin istismarına 19.12.2017-ci il tarixdən İddiaçı X3 icazə verilmişdir.

IV. Tətbiq edilən hüquq

28. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

29. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

30. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

31. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.

32. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir.

33. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir.

34. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir.

35. “İnzibati icraat haqqında” Qanun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

36. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

37. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

38. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.

39. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

40. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən həmin məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.

41. 30. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 01.02.2018-ci il tarixədək qüvvədə olmuş 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

42. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli 695 nömrəli Fərmanının 01.08.2018-ci il tarixədək qüvvədə olmuş 4.7-1.2-ci bəndinə əsasən digər tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları 101.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirirlər.

43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

44. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

45. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.

46. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

47. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

48. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

49. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

50. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

V. Məhkəmənin mövqeyi

52. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

53. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənədin (torpaq sahəsinin icarəyə verilməsi barədə müvafiq Müqavilənin) və istismara icazə sənədinin (Tikinti obyektinin istismarına İcazənin) mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.

54. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (surəti İddiaçı kommersiya-istehsalat firmasına) ünvanlanan 7-3930/17 nömrəli 20.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 26.02 1997ci il tarixli, 172 nömrəli Sərəncamı ilə "ünvan 6 ünvanda ictimai iaşə obyektinin tikintisinə icazə verilmişdir. Bu Sərəncama əsasən qeyd olunan ünvanda nəzərdə tutulan obyektin tikinti layihəsi Memarlıq Şəhərsalma Baş İdarəsinin 06.06.1997-ci il tarixli, 18/04-379 nömrəli məktubu ilə razılaşdırılmış və orada həmin ictimai iaşə obyekti inşa edilmişdir. Daha sonra Nəsimi Rayon İcra Hakimiyyətinin 08.04.2016-cı il tarixli, 69 nömrəli Sərəncamına əsasən, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 06.04.2016-cıl il tarixli, 18/03-8/1119 nömrəli məktubu ilə razılaşdırılmış layihəyə əsasən mövcud “Millenium” ictimai iaşə obyekti genişləndirilərək, yenidən qurulmuşdur. Bununla yanaşı sözügedən obyektin yerləşdiyi torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti ilə 17.05.2016-cı il tarixli, 1162 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır.

55. Məhkəmə cavabdeh inzibati orqanın “Əmlak Məsələləri Dövlət Xidməti yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin rəyinin və ayrıc aktının, Bakı Şəhəri İcra Hakimiyyətinin 172 saylı sərəncamında torpaq sahəsinin ölçüsünün qeyd edilməməsi, bununla yanaşı göstərilən torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsi” dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, yerli icra hakimiyyəti tərəfindən müvafiq tikinti obyektlərinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir.

56. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

57. Beləliklə, tikilinin xüsusiyyətinə, mövcud texniki normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən rəyinin və ayrıc aktının təqdim edilməsi inzibati orqan tərəfindən aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

58. Lakin belə rəyinin və ayrıc aktının maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

59. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə rəyin və ayrıc aktının verilməməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.

60. Odur ki, qeyd edilən prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

61. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

62. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

63. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

64. Müvafiq inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19.11.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).”

66. Həmçinin, məhkəmə cavabdeh inzibati orqanın “qeyri-yaşayış binasına dair təqdim edilən tikinti obyektinin istismarına icazə sənədləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməməsi” dəlili ilə bağlı qeyd edir ki, tikinti obyektinin istismarına icazə verilməsinə dair səlahiyyətlər 01.08.2018-ci il tarixinədək yerli icra hakimiyyəti orqanlarına verilmişdir.

67. Hazırkı iş üzrə tikinti obyektinin istismarına icazə 19.12.2017-ci il tarixdə müvafiq yerli icra hakimiyyəti orqanı (Nəsimi Rayon İcra Hakimiyyəti) tərəfindən verilmişir.

68. Göründüyü kimi, mübahisə predmeti olan tikinti obyektinin istismarına icazə 01.08.2018ci il tarixədək müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən, yəni həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən səlahiyyətli orqan tərəfindən verilmişdir.

69. Həmçinin, məhkəmə qeyd edir ki, tikinti obyektinin istismarına icazə verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olduğu halda belə, mübahisə predmeti olan tikinti obyektinin istismarına icazənin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən deyil Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən verilməsi iddiaçının təqsiri deyil və qeyd edilən hal daşınmaz əmlaka dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz.

70. Məhkəmə cavabdeh inzibati orqanın “tikintiyə icazə verilməsi barədə qərarın təqdim edilməməsi” dəlili ilə bağlı aşağıdakıları qeyd edir:

71. Nəsimi Rayon İcra Hakimiyyəti məhkəmənin sorğusuna cavab olaraq 29.08.2021-ci il tarixli məktubla Nəsimi rayon İcra Hakimiyyəti başçısının 69 nömrəli, 08 aprel 2016-ci il tarixli Sərəncamın vərilməsinə əsas olmuş sənədlərin, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 26.02 1997-ci il tarixli, 172 nömrəli Sərəncamının və Memarlıq Şəhərsalma Baş İdarəsinin 06.06.1997-ci il tarixli, 18/04-379 nömrəli məktubunun təsdiq olunmuş surətini məhkəməyə göndərmişdir.

72. Təqdim edilən sənədlərdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 172 nömrəli 26.02.1997-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Zorge adına bağın ərazisində komyuter oyun aparatları qoyulması üçün pavilyon quraşdırılmasına icazə veilmişdir.

73. Daha sonra isə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 69 nömrəli, 08 aprel 2016-cı il tarixli Sərəncamına əsasən İddiaçı X3 “Zorge” adına parkın ərazisində yerləşən “Millennium” adlı mövcud iaşə xidməti obyektinin sahəsinin genişləndirilməsi və yenidən qurulmasına icazə verilmişdir.

74. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlillər əsassızdır və iddiaçının hüquqlarını pozur.

75. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin inşa edilməsinə müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması, həmin tikilinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması, tikinti obyektinin istismarına icazə verilməsi, həmçinin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.

76. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən İddiaçı X2 Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanda yerləşən torpaq sahəsinin üzərində qeyri-yaşayış obyektinə mülkiyyət hüquqları əldə etmişdir və onun müvafiq qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı və bu barədə reyestrdən çıxarış və texniki pasport verilməlidir. Belə olan halda, məhkəmə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir.

77. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

78. Yuxarıda göstərilənlərə əsasən məhkəmə

QƏRARA ALDİ

İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar