Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8902/2025 09.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinə qarşı “mənəvi zərərə görə kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinə qarşı “mənəvi zərərə görə kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı vurulmuş mənəvi zərərə görə müvafiq kompensasiya məbləğinin müəyyən olunaraq İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçirilməsi üçün ordu sıralarına çağırılmışdır. Ordu sıralarına çağırılmamışdan öncə hərbi həkim komissiyasından lazımi müayinələrdən keçmək qanunla tələb olunduğundan həmin prosedurları keçmişdir. Eyni zamanda, komissiya üzvlərinə bildirmişdir ki, səhhətində ciddi problem var və o, “tez-tez” baş verən tutmalarla müşayiət olunan gicgah epilepsiyasından, eyni zamanda hər iki gözün mürəkkəb astiqmatizmindən” əziyyət çəkir. Lakin, səhhətində olan bu problem həkim komissiyası tərəfindən araşdırılmamışdır. Hətta buna səlahiyyətli olan həkimlər onu ümumiyyətlə tam müayinə etməmişdir. Nəticə etibarı ilə səhhətində qeyd edilən problem olmasına baxmayaraq ordu sıralarına hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətdə olduğu zaman səhhətində olan problem daha da ciddiləşmiş və ağırlaşmışdır. Belə ki, hərbi təlimlər, hərbi ləvazimatlar və s. səhhətində onsuz da, ağır olan problemi daha da ağırlaşdırmışdır. Epileptik tutmalar əvvəlkinə nisbətən daha da teztez təkrarlanmağa başlamışdır. Səhhətində olan problemin ağırlığı səbəbindən tibb məntəqəsinə yerləşdirilmişdir. Tibbi məntəqəsində yerləşdirildikdən sonra bəlli olmuşdur ki, daha keyfiyyətli tibbi yardımın alınması məqsədilə Bakı şəhərinə göndərilməlidir. Bakı şəhərində yerləşən hospitalda həkim komissiyası tərəfindən tam müayinə olunduqdan sonra № 1937 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, ona “G40.0 Gicgah epilepsiyası, tez-tez baş verən tutulmalarla. Hər iki gözün mürəkkəb astiqmatizli, refraksiya oxlarla hər iki gözdə M2, 5 D və M 1.5 D nəticəsində görmə itililiyinin 0.2-yə qədər azalması, korreksiya ilə 1.0 olmaqla” diaqnozu qoyulmuşdur. Qeyd edilən xəstəlik hərbi xidmətin davam etdirilməsi üçün maneə olduğundan ordu sıralarından təxris olunmuşdur. Bildirilmişdir ki, səhhətində olan problem daha da ciddiləşmişdir. Baxmayaraq ki, səhhətində olan problem səbəbindən o, ümumiyyətlə həqiqi hərbi xidmətə çağırılmalı deyildi. Lakin, çağırışçının səhhətində olan ciddi problem nəzərə alınmadığından qanunsuz olaraq ordu sıralarına çağırılmışdır. O, bu gün də, səhhətindəki ağırlaşma səbəbindən fiziki işlərdə işləyə bilmir. Baxmayaraq ki, hərbi xidmətə çağırılmamışdan öncə müalicəyə başlamışdır. Cavabdeh orqanın əməkdaşlarının qanunsuz hərəkətləri və səhlənkarlığı səbəbindən o, mütəmadi müalicə ala bilməmiş və ilkin mərhələdə müalicənin effekt verməyəcəyi halda ordu sıralarına çağırılması səbəbindən səhhətindəki problem daha ağırlaşmış və ciddiləşmişdir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırmışdır ki, mənəvi zərərə görə müvafiq kompensasiya məbləğinin müəyyən olunaraq ona, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı ödənilməsi tələbi ilə cavabdehə müraciət etmişdir. Lakin, müraciəti müsbət cavablandırılmamış, kompensasiya ödənilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır və o, öz tələbində haqlıdır. Belə ki, onun səhhətində ciddi problem olmasına baxmayaraq düzgün müayinə aparılmamış və o, məcburi şəkildə hərbi xidmətə çağrıılmışdır ki, bu da, onun səhhətində olan problemi daha da, ağırlaşmışdır.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu İdarəsi ilə əvəz edilməsini, ona, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat miqdarında müvafiq kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraat qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Əvvəlki cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının müddətli həqiqi hərbi xidmətə çağrışı ilə əlaqədar Xidmətin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən heç bir qanunsuzluğa yol verilməmişdir. İddiaçı 2024-cü ilin iyul çağırışına cəlb olunduğu dövrdə Sabunçu rayon çağırış komissiyasında tibbi müayinə zamanı əlavə tibbi müayinəyə ehtiyacı yarandığı üçün nevroloji müayinə ilə bağlı X8, gözlərinin müayinəsi ilə bağlı X9 müayinəyə göndərilmişdir. İxtisaslaşmış dövlət tibb müəssisələrindən daxil olmuş rəylərə əsasən Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasında 22-ci maddəsinin “ç” və 34-cü maddəsinin “ç” bəndlərinə əsasən “Hərbi xidmətə A-4 yararlı” hesab edilmişdir. Bununla da, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12-15-ci madələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci iltarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş ““Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin müddəalarını rəhbər tutaraq Sabunçu rayon çağırış komissiyası iddiaçının hərbi xidmətə yararlı olması barədə qərar qəbul etmişdir. İddiaçı çağırış kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş və müəyyən müddət xidmət keçdikdən sonra hərbi vəzifəli kim ehtiyata buraxılmışdır. Bununla da, Xidmətin Bakı şəhəri Sabunçu rayon İdarəsi çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş və bu səbəbdən mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. əlavə olaraq bildirilmişdir ki, Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsidq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi baxışların, müayinəərin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət tibb müəssisələrinə həvalə olunmuşdur.
6. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz təqdim edilməmişdir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli, 3-43-70/2-232/2025 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, 2024-cü ilin iyul çağırışına cəlb olunduğu dövrdə rayon çağırış komissiyasında tibbi müayinə zamanı əlavə tibbi müayinəyə ehtiaycı olduğu üçün nevroloji müayinəyə görə X8, gözünün müayinəsinə görə X9 müayinəyə göndərilmişdir. İxtisaslaşmış dövlət tibbi müəssisələrindən daxil olmuş rəylərə əsasən Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasının 22-ci maddəsinin “ç” və 34-cü maddəsinin “ç” bəndlərinə əsasən 4-cü məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı hesab edilmişdir. Hərbi xidmətə çağırıldığı dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi tərəfindən qanunvericiliyin tələbi heç bir halda pozulmamışdır.
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 88/466 nömrəli xx.xx.2025-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən Müdafiə Nazirliyinin Baş Klinik Hospotalının rəisinin xx.xx.2024cü il tarixli sərəncamı ilə İddiaçı MN BKH terapiya profilli hospital tərəfindən şəhadətləndirilmişdir. - Şəhadətnamənin 12-ci bəndində qeyd edilmişdir ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: G.40,0. Gicgah epilepsiyası, tez-tez baş verən tutmalarla. Hər iki gözün mürəkkəb astiqmatizmi, refraksiya oxlarla hər iki gözdə M 2,5 D və M 1,5 D nəticəsində görmə itililiyinin 0,2-yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla – Ümumi xəstəlikdir. - Şəhadətnamənin 13-cü bəndində qeyd edilmişdir ki, HHK-nın hərbi xidmətə, hərbiuçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəlinin” 21 a maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 256 nömrəli dəyişikliklə, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli 3-43- 7012-941/2025 nömrəli məktubla İdarədə hərbi qeydiyyatda olan ehtiyatda olan xx.xx.2006-cı il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidməti dövründə ordu sıralarından vaxtından əvvəl xəstəliyə görə ehtiyata buraxılması barədə müayinə sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 571 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş X6 barədə xx.xx.2023-cü il tarixli 130 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən başqa hər hansı digər sənədlər saxlanılmır. Odur ki, həmin “Xəstəlik haqqında şəhadətnamə”-nin surəti göndərilir. Məlumat üçün bildirilmişdir. TMəmmədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən şəhadətləndirildiyi üçün xx.xx.2023-cü il tarixli 130 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin verilməsinə əssas olmuş sənədlərin tələb olunması üçün həmin tibb müəssisəsinin rəhbərliyinə müraciət olunmalıdır.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3640 nömrəli cavab məktubu ilə X3 adına tərtib olunmuş xx.xx.2023-xx.xx.2023-cü il tarixli 283 nömrəli xəstəlik tarixinin təsdiq olunmuş surəti təqdim olunmuşdur. Təqdim edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, çağırışçının uçot kartoçkasında ilkin hərbi qeydiyyata alma komissiyasının qeydlərində iddiaçıda müayinəyə əsasən epilepsiya xəstəliyinin olması öz əksini tapmış, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarının oftalmoloqun qeydlərində hərbi xidmətə yararlı olması ilə bağlı qeydlər aparılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara iddia məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Kompensasiyanın ödənilməsi tələbinə dair iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
22. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir.
23. Hazırkı iddiasında iddiaçının zərərlə bağlı tələbi 10000 manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir.
24. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur.
25. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
26. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir.
27. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
28. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi hüquq pozuntusundan irəli gəlmişdir.
29. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
30. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
31. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir
32. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur.
33. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.
34. Məhkəmə qeyd edir ki, inzibati orqanların ən mühüm vəzifələri qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi zamanı vətəndaşların maraqlarının qorunmasıdır. Bu məqsədlə İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, maddədə qeyd edilmiş “ziyan” anlayışı həm maddi və həm də mənəvi ziyanı nəzərdə tutur.
35. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə görə hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. -2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. -12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. -12.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; (...). -12.3-cü maddəsinə görə vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1- dən 30-dək çağırılırlar. -12.4-cü maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. -13.1-ci maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda müvafiq tərkibdə çağırış komissiyaları yaradılır. -14.1-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. -15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. -15.2-ci maddəsinə görə tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. -18.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; (....). -18.2-ci maddəsinə əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. -20.1-ci maddəsinə əsasən tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. -20.2-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. -20.3-cü maddəsinə görə dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin aşağıdakı bəndlərinə əsasən: -1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: c) ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına, hərbi qeydiyyatda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət. -1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. (....) Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. -2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. -2.5. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. -2.8. İlkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət tibb müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. -2.10. Dövlət tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. -2.11. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur.
37. Hazırkı işdən görünür ki, iddiaçı 2024-cü ilin iyul çağırışında hərbi xidmətə çağırılan zaman SHXÇDX-nin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən səthi müayinə edilmiş, nəticə etibarı ilə iddiaçının sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, iddiaçıda ümumi xəstəlik səbəbi ilə G.40,0. Gicgah epilepsiyası, tez-tez baş verən tutmalarla. Hər iki gözün mürəkkəb astiqmatizmi, refraksiya oxlarla hər iki gözdə M 2,5 D və M 1,5 D nəticəsində görmə itililiyinin 0,2-yə qədər azalması, korreksiya ilə 1,0 olsa da və çağırışçının uçot kartoçkasında iddiaçının müayinə məlumatlarında epilepsiya xəstəsinin olması barədə qeyd olsa da, düzgün müayinə olunmaması nəticəsində rayon çağırış komissiyası tərəfindən barəsində “hərbi xidmətə yararlıdır” qərarı verilərək həqiqi hərbi xidmətə göndərilmiş və iddiaçı xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə həqiqi hərbi xidmət keçmiş, xidmət dövrü uzun çəkməmiş, xidmət dövründə səhhətində mövcud problemlər daha da kəskinləşmiş Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına stasionar müalicəyə göndərilmiş, sağlamlığında düzəliş baş verməmiş, ümumi xəstəliyinin ağırlaşması nəticəsində ona “G.40,0. Gicgah epilepsiyası, tez-tez baş verən tutmalarla. Hər iki gözün mürəkkəb astiqmatizmi, refraksiya oxlarla hər iki gözdə M 2,5 D və M 1,5 D nəticəsində görmə itililiyinin 0,2-yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla – Ümumi xəstəlikdir.” və ““Xəstəliklər cədvəlinin” 21 a maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 256 nömrəli dəyişikliklə, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.” qərarı verilərək xidmətdən azad edilmişdir.
38. Göründüyü kimi yuxarıda sadalanan qanunvericiliyin tələblərinə cavabdeh idarə tərəfindən lazımınca əhəmiyyət verilməməsi, iddiaçının sağlamlıq vəziyyəti barədə ətraflı araşdırma, nəzarətin həyata keçirilməməsinin nəticəsdir ki, onda mövcud olan anadangəlmə, ümumi xəstəlik hərbi xidməti zamanı daha da ağırlaşmış, hərbi xidməti davam etdirməsi mümkün olmamış və vaxtından əvvəl xidmətdən tərxis olunmuşdur
39. Başqa sözlə, hazırkı iş üzrə kompensasiya tələbinə əsas verən hüquq pozuntusunun elementləri mövcuddur: -1.cavabdeh orqan tərəfindən törədilmiş əməl- hərbi xidmətə yararlı hesab edilərək göndərilmə barədə qərar; -2.bu əməlin hüquqazidd olması- sağlamlıq vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlərin görülməməsi ilə hərbi xidmətə çağırılma ilə bağlı qanunvericiliyin tələblərinin pozulması.
40. Hüquq pozuntusu nəticəsində iddiaçıya vurulmuş mənəvi zərər və həmin zərərlə hərəkət arasında səbəbli əlaqə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.
41. Mənəvi zərər tələbi ilə bağlı:
42. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarında göstərilmişdir ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
44. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.”
45. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
46. Qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehin əsassız şəhadətləndirilməsi nəticəsində hərbi xidmətə göndərilməsi ilə ona mənəvi ziyan vurulması ilə razılaşır. Belə ki, iddiaçının mənəvi ziyana məruz qalması onda ifadə olunur ki, o hərbi xidmətə göndərildikdən sonra xəstəliyi üzündən kəskin ağırlara məruz qalmış, ilk öncə tibb məntəqəsinə, daha sonra hərbi hospitala yerləşdirilərək, orada stasionar müalicədə olmuş, müalicənin müsbət nəticəsi olmamış və müddətli hərbi xidmətdən vaxtından əvvəl xəsəliyi ilə əlaqədar tərxis edilmişdir. Bütün bunları məhkəmə mənəvi ziyan faktı kimi qiymətləndirərək hesab edir ki, vurulmuş ziyana görə kompensasiya təyin edilməlidir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarının: - 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. -10-cu bəndinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı qanunveriiclikdə birbaşa meyarlar olmasa da Plennum Qərarlarındakı mövqedən də aydın olur ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hər bir halda mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Konstitusiya ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmalıdır. Mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd iddiaçının maddi anlamda hüququnun bərpası demək deyil, burada əsas məqsəd cavabdehin hərəkətlərinin həm də məhkəmələr tərəfindən qanunsuz hesab edilməsi, bununla iddiaçının mənəvi sarsıntı keçirməsinin məhkəmə qərarı ilə təsdiq edilərək mənəvi yükünün azaldılması və eyni zamanda cavabdehin bu cür hərəkətlərə yol verməməsinə “neqativ” anlamda məcburetmədir. Odur ki, maddi zərərdən fərqli olaraq mənəvi zərər maddi itki ilə bağlı olmadığından ona hər hansı maddi dəyər anlamında yanaşılması və qarşılığının da tələb edilən həcmdə maddi təminatla ödənilməsi mütləq deyil. Mənəvi zərərin pulla qarşılanarkən təyin edilən məbləğ törədilmiş hüquq pozuntusu, çəkilən iztiraba uyğun ağlabatan olmaqla bərabər elə bir həddə seçilməlidir ki, bu məbləğ zərərçəkənin maddi anlamda “varlanması” məqsədinə xidmət etməməli və ya bu cür nəticəyə gətirib çıxarmamalıdır.
48. Qeyd edilənləri nəzərə alaraq hazırkı iş üzrə məhkəmə vurulmuş mənəvi ziyanın həcminin 2000 (iki min) manat məbləğində qiymətləndirir və bu məbləği işin hallarına, o cümlədən iddiaçının tibb məntəqəsi, hərbi hospitalda müalicə dövrü də nəzərə alınmaqla 5 aya yaxın müddət ərzində hərbi xidmətdə olduğu müddətə uyğun ağlabatan məbləğ kimi qəbul edir.
49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
51. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
52. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi olaraq 2000 (iki min) manat vəsaitin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva