Məhkəmə qərarları › İş №2-1(112)-8903/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8903/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8903/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Əmanətlərin Sığortalanması Fondun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “məlumatın bazaya yerləşdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ləğvetmə prosesində olan "xxxx" QSC ilə arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə müvafiq qeydlərin Mərkəzi Reyestr Xidmətinin bazasına yerləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğvetmə prosesində olan "xxxx" QSC-dən xx.xx.2007-ci il tarixdə 12 ay müddətinə 1250 AZN məbləğində kredit götürmüşdür. Qeyd edilən kredit borcu iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Lakin cari ilin əvvəlində bankların birinə kredit üçün müraciət edildikdə iddiaçıya bildirilmişdir ki, hal-hazırda aktiv borcu olduğu üçün ona kredit verilməsi mümkün deyil. İddiaçı daha sonra AKB-dən öz adına olan kreditlərin çıxarışını almış və məlum olmuşdur ki, onun adına 15 il bundan əvvəl bağladığı kredit aktiv olaraq görünür. İddiaçı bu məsələ ilə bağlı Ləğvetmə prosesində olan "xxxx" QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna yazılı olaraq müraciət etmişdir. Lakin həmin qurum tərəfindən verilmiş cavab qanuna uygün deyildir. Belə ki Əmanətlərin Sığortalanması Fondu iddiaçının hal-hazırda borcunun olması bildirilmişdir. Əmanətlərin Sığortalanması Fondunun verdiyi məlumata görə iddiaçının bugünki tarixə 372 AZN əsas və 1237.60 AZN faiz borcu mövcuddur. İddiaçı qeyd edir ki, 2008-ci ildən bu vaxta kimi bu halla ilk dəfə qarşılaşır, 15 il ərzində müxtəlif banklardan və kredit təşkilatlarından bir neçə dəfə kredit götürmüş və öhdəliyini vaxtı-vaxtında yerinə yetirmişdir. İddiaçı bildirir ki, bele bir gecikmə iddiaçının kredit tarixçəsində 15 il olsaydı, kredit üçün müraciət etdiyi qurumlar iddiaçıya kredit ayırmazdılar.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli "xxxx" məktubunda qeyd edilmişdir ki, QSC “Bank Standard" KB ilə arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən iddiaçıya 12 (on iki) ay müddətinə qaytarılmaq şərti ilə illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 1250.00 (bir min iki yüz əlli) manat məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri iddiaçı tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. 13 Fevral 2024-cü il tarixinə LPO Banka 372.00 (üç yüz yetmiş iki) manat məbləğində əsas borc, 1067.62 (bir min altmış yeddi manat 62 qəpik) manat məbləğində faiz borcu, 169.98 (bir yüz altmış doqquz manat 98 qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 1609.60 (bir min altı yüz doqquz manat 60 qəpik) manat məbləğində borcu qalmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə, Bankın qalıq borc məbləğini, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış cərimənin ödənilməsini tələb etməyə hüququ vardır. Borcun qaytarılmasından imtina edildiyi təqdirdə: Bank əməliyyat sistemində gecikmiş ödənişə görə faiz və cərimə borcları müqavilənin şərtlərinə uyğun olaraq və borc tam ödənilənə qədər hesablanmağa davam edəcəkdir. Müasir dövrdə hər kəs üçün sağlam kredit tarixçəsinin olması arzuolunandır. Belə ki, kredit təşkilatları tərəfindən şəxsin kredit ödəmə qabiliyyətini qiymətləndirərkən bir qayda olaraq kredit tarixçəsinə baxılır və gecikmə günləri mövcud olduğu halda kredit verməkdən bir qayda olaraq imtina edilir. Odur ki, kredit ödənişlərini vaxtında aparmadığınız təqdirdə kredit tarixçəniz pisləşəcək və bu gələcəkdə kredit almağınıza mane ola bilər. Eyni zamanda məhkəmə mübahisəsi və icra tədbirlərinin tərəfi olmaq riskini daşıyırsınız. Kredit üzrə zamin və ipoteka predmeti olduğu təqdirdə isə, borcun ipoteka predmetin yönəldilməsi və zamindən tutulması labüddür. Həmçinin bu halda, qanunvericiliyin tələbləri və kredit müqaviləsinin şərtlərinə əsasən kreditorun bütün hüquqi xərclərini də (məhkəmə və digər səlahiyyətli orqanlara müraciət olunduğu halda nümayəndə, o cümlədən vəkil xidmətlərini, dövlət rüsumlarını, icra və digər zəruri xərcləri) ödəmə öhdəliyi üzərinizə qoyula bilər. Məcburi icra tədbirləri olaraq əmlakınıza, banklarda olan sizə məxsus pul vəsaitlərinə və başqa qiymətlilərə həbs qoyula, sonra məhkəmə icraçıları tərəfindən satıla və ya banka təklif oluna bilər. Eyni zamanda tələb əmək haqqı, pensiya, təqaüd və sair gəlirlərinizə yönəldilə, ölkədən getmək hüququnuz məhdudlaşdırıla bilər. Kreditor borclarını ödəməkdən qəsdən yayınmağınız, dövlətin adından çıxarılan və icrası məcburi olan məhkəmə qərarını icra etməməyiniz son nəticədə sizin cinayət məsuliyyətinə cəlb edilməklə nəticələnə bilər.

4. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, Maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2016cı il tarixli qərarı ilə QSC “Bank Standard” KB-yə bank əməliyyatlarının aparılması üçün verilmiş xx.xx.1995-ci il tarixli, 236 nömrəli bank lisenziyası ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarı ilə QSC “Bank Standard” KB-nin müflis elan edilməsi və banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra-Fond) təyin olunması qərara alınmışdır.

5. Azərbaycan Kredit Bürosu MMC tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, qeyd edilən məsələnin araşdırılması üçün məlumat təchizatçısına (bank, bank olmayan kredit təşkilatı və s.) müraciət edilmişdir. Məlumat təchizatçısı tərəfindən Büroya göndərilən rəsmi məktubda müraciətinizdə qeyd edilən öhdəlik üzrə borc öhdəliyinin mövcud olduğu bildirilmişdir. Əlavə olaraq bildirilir ki, Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onların üzərində dəyişikliklərin aparılması Büronun səlahiyyətləri xaricindədir. Kredit hesabatının məlumatlarında hələ də yanlışlıq olduğunu iddia edildiyi halda, təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət edilə bilər.

6. Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş İddiaçıa məxsus kredit tarixçəsindən çıxarış iş materiallarına əlavə edilmişdir.

7. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. II. İddianın mümkünlüyü

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunundan: 60.2. Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir. Həmin Qanunun 68-ci maddəsinə əsasən Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır. 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür... 76.1. bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.

10. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.

11. Beləliklə, mübahisənin inzibati məhkəmə aidiyyəti qanunvericiliklə, Konstitusiya Məhkəməsinin qərarında verilən şərhlə müəyyən edilmişdir.

12. İPM-in 132.1-ci maddəsinə əsasən, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.

13. Odur ki, ləğvetmə prosesində olan banka qarşı bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür və həmin prosedur birinci instansiya məhkəməsi qismində apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirildiyindən iddiaçı kreditor qismində müvafiq ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etməlidir.

14. Predmet aidiyyəti üzrə hazırkı mübahisəyə baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aid deyildir. Lakin İddiaçı hüquqi marağına uyğun olaraq apellyasiya instansiyası məhkəməsinə iddia ərizəsi ilə deyil, iflas proseduru çərçivəsində ərizə ilə müraciət etməli olduğundan məhkəmə İPM-in 8.2-ci maddəsinə uyğun olaraq işin aidiyyəti üzrə apellyasiya instansiya məhkəməsinə göndərilməsini mümkün hesab etmir.

15. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar