Məhkəmə qərarları › İş №2-1(112)-8906/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8906/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8906/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçı X1 iştirakı ilə iddiaçı X1 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı «yaşayış yeri üzrə qeydiyyata alınma» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı RPİ-yə qarşı «iddiaçının ailə üzvlərinin yaşayış yeri üzrə qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 2018-ci ildə Lerik rayonundakı evini satdığına görə ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Lakin 2022-ci ilin yanvar ayında onun ailə üzvlərinin əksəriyyəti həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. İddiaçı bununla bağlı cavabdeh Bakı şəhəri Suraxanı RPİyə müraciət etmiş və onda bildirilmişdir ki, yaşaylş yerindən arayış təqdim edildiyi halda, onun ailə üzvlərinin şəxsiyyət vəsiqələri aktivləşdiriləcəkdir. İddiaçı Zığ qəsəbə ərazi nümayəndəliyindən arayış almış və həmin sənədi cavabdeh Bakı şəhəri Suraxanı RPİ-yə təqdim etmişdir. Ona rəsmi qaydada imtina cavabı verilmişdir. Hazırda onun ailə üzvlərinin şəxsiyyət vəqisələri aktiv deyil. İddiaçı ona Suraxanı rayonu, Zığ qəsəbəsi, Bahar bağçılıq ərazisində “Qum Adası” NQÇİ tərəfindən 1997-ci ildə ona ayrılmış torpaq sahəsində ev tikmişdir. O, 1998-ci ildən ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. “Qum Adası” NQÇİ tərəfindən protokol çıxarış və torpağın cizgisi verilmişdir. Evin sahəsi 60 kv.m-dir. Göstərilənlərə əsaslanaraq, iddiaçının ailə üzvlərinin həmin evə qeydiyyata alınması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə İddiaçı X2 ilə əvəz edilmiş, iddia dəyişdirilərək «iddiaçının ünvan 3 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddianın təmin olunmasını və cavabdehin imtinası qanunsuz sayılaraq onun ünvan 3 ünvanına qeydiyyata alınması öhdəiyinin cavabdehin üzərinı qoyulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (139-1.1.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İş materiallarında olan Lerik rayonu VVADQ şöbəsi tərəfindən 18 oktyabr 1979-cu il tarixdə verilmiş İİ ЖГ seriyalı 256829 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür, İddiaçı ilə X3 arasında 18 aoktyabr 1979-cu il tarixdə nikah bağlanmışdır, nikah bağlandıqdan sonra arvada “Mirzəyeva” soyadı verilmişdir. İş materiallarında olan “Qum Adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 02 nömrəli 15 sentyabr 1997-ci il tarixli protokoldan çıxarışının surətindən görünür ki, İddiaçı “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatından bloq “B” 71-72 saylı sahə ünvanında 1.200 kvm bağ sahəsi ayrılmışdır, ona üzvlük bileti verilmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Göründüyü kimi, iddiaçı X1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağ massivi, bloq “B” bağ sahəsi 71-72 ünvanına dair reyestrdən çıxarış, order, müqavilə və qanunvericliklə müəyyən edilmiş digər sənəd mövcud olmasa da, qanunvericiiyə görə həmin bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas kimi müəyyən edilmiş bağçılıq yoldaşlığının protokolundan çıxarış və üzvlük bileti vardır. Belə olan halda, məhkəmə işin faktiki hallarına yuxarıda sadalanan qanunvericilik aktlarını tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X1 yaşadığı ünvana qeydiyyata alınması zəruri olduğundan (bu barədə cavabdeh inzibati orqanın heç bir arqumenti mövcud deyil) və Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağ massivi, bloq “B” bağ sahəsi 71-72 ünvanından başqa yaşayış yeri olmadığından, habelə həmin ünvandakı bağ sahəsi ailə üzvü kimi əri İddiaçı məxsus olduğundan və sonuncu onun həmin bağ sahəsinə qeydiyyata alınmasına razı olduğundan cavabdeh inzibati orqanın imtina olunması qanuni sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh Bakı şəhəri Suraxanı RPİ-nin imtinası «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11, 12.2, 17-ci maddəsinin tələbləri ilə uzlaşmır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı X1 Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağ massivi, bloq “B” bağ sahəsi 71- 72 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı X1 Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağ massivi, bloq “B” bağ sahəsi 71-72 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar