Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8907/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “tutulma müddəti bitmiş əsas vergı və maliyyə sanksiyaları üzrə borcların ümidsiz borc kimi silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “tutulma müddəti bitmiş əsas vergı və maliyyə sanksiyaları üzrə borcların ümidsiz borc kimi silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın üzərinə ona hesablanmış vergi borcunun silinməsi və şəxsin ölkədən getmək hüququna qoyulan məhdudiyyətin aradan qaldırılması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin üzərinə İddiaçı (VÖEN: **********) hesablanmış 97627.55 manat vergi borcunun silinməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2846/2019 saylı qətnaməsi ilə Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2016392,16 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan qətnamənin qəbul edilməsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan İddiaçı (VÖEN: **********) 2016392,16 manat məbləğində (o cümlədən, vergilər üzrə 1132733,37 manat, faizlər üzrə 364740,2 manat, maliyyə sanksiyası üzrə 518918,59 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə VM-in 65-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixli **********908200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Onun 2018-ci ildən bəri hər hansı sahibkarlıq fəaliyyəti olmamış və qeyd olunan vergi borcu da 2018-ci ilə qədər yaranmışdır. Bu barədə cavabdeh vergi orqanına xx.xx.2024-cü il tarixində müraciət olunsa da, hələ də cavab verilməmiş, vergi borcu silinməmişdir. Ona hesablanmış vergi borcunun qanunla müəyyən edilmiş tutulma müdddəti başa çatdığı üçün silinməli və ölkədən getmək hüququna qoyulan məhdudiyyət aradan qaldırılmalıdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-21-2-3/2-158017/20204 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-21- 2-3/2-158017/20204 saylı iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı şəxsi hesab vərəqəsinə əsasən 97527.55 manat (o cümlədən vergilər üzrə 44231,02 manat, faizlər üzrə 16144,32 manat və maliyyə sanksiyası üzrə 37152.21 manat) ödənilməmiş borcu vardır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Eyni zamanda Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: - bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; - bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; - digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada şilinə bilər. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari verqi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi odəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Belə ki, Mülki Məcəllənin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı tərəfindən mübahisələndirilən məsələ Vergi Məcəlləsi ilə tam əhatə olunduğundan və iddia tələbində qeyd olunan hallar əsassız olduğundan təmin edilməməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, № 2(007)- 2846/2019 saylı Qətnaməsindən müəyyən olunur ki; - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2016392,16 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı (Doğulduğu tarix - xx xxxxxxx 1961-ci il, Doğulduğu yer - Azərbaycan, Naxçıvan, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan İddiaçı (VÖEN: **********) 2016392,16 manat məbləğində (o cümlədən, vergilər üzrə 1132733,37 manat, faizlər üzrə 364740,2 manat, maliyyə sanksiyası üzrə 518918,59 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə VM-in 65-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixli **********908200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. VM-nin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Reyestr məlumatlarına əsasən İddiaçı ünvan 1 ünvanında yaşayır. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Koordinasiya şöbəsi tərəfindən verilən fiziki şəxs haqqında ümumi məlumatdan görünür ki, İddiaçı ixtisaslaşdırılmış mağazalarda çörək- bulka məmulatlarının pərakəndə satışı ilə məşğuldur. - xx.xx.2018-ci il tarixli, **********908200 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişdən, həmçinin xx.xx.2019-cu il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı dövlət büdcəsinə 2016392,16 manat məbləğində vergi borcu vardır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin müvafiq qərarı ilə vergi ödəyəcisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2016392,16 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, № **********277100 saylı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə” Qərarın surətindən müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış 09 avqust 2019-cu il tarixli 2(007)- 2846/2019 nömrəli qətnamə (qərardad) əsasında ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi qərara alınmışdır. İddiaçı aid xx.xx.2024-cü il tarixdə çap olunmuş şəxsi hesab vərəqinin surətindən müəyyən olunur ki, sonuncunun hesablanmış məbləği 5668561,50 manat, ödənilmiş məbləğ 264464,22 manat, azaldılmış məbləğ 5323429,38 manat, çap tarixinə faiz borcu 16144,32 manat, əhatə etdiyi dövrün son tarixinə saldo 97517,55 manat, çap tarixinə saldo 97517,55 manat, cəmi ödənilməli borc məbləği 97517,55 manat qeyd olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergilər Məcəlləsi: ... Maddə 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Maddə 85.2. Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. Maddə 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. ... Maddə 85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. ... Maddə 89.1 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. ... Maddə 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.2. Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. ... Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı. Məhkəmənin mövqeyi. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi İddiaçı hesablanmış 97627.55 manat vergi borcunun tutulma müddəti bitmiş əsas vergı və maliyyə sanksiyaları üzrə borcların ümidsiz borc kimi silinməsi öhdəliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə uyğun olaraq vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin məcəllənin 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VMin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Belə olan halda cavabdeh vergi ödəyicisinin öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına verilən hüquqdan istifadə etməmiş, iddiaçının ödənilməmiş vergilərinin qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Beləliklə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına kompleks şəkildə tətbiq edərək məhkəmə aşağıdakıları qeyd edir. Vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə, ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir. Belə ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Məhkəmə ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; - müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; - ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği. - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması; İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının silinməsini tələb etdiyi borc xx.xx.2018-ci il tarixə kimi yaranmaqla vergilər üzrə 1132733,37 manat, faizlər üzrə 364740,2 manat və maliyyə sanksiyası üzrə 518918,59 manat olmaqla ümumilikdə vergi borcu 2016392,16 manat təşkil etmişdir. Göründüyü kimi, şəxsi hesab vərəqəsində olan borcun yaranma tarixi xx.xx.2018-ci il tarixdən əvvəlki dövlərə təsadüf edir ki, həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçmişdir. Bu konteksdə isə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, ilkin olaraq iddiaçının 1132733,37 manat, faizlər üzrə 364740,2 manat və maliyyə sanksiyası üzrə 518918,59 manat olmaqla ümumilikdə 2016392,16 manat təşkil etməsinə baxmayaraq, iddiaçının cavabdeh inzibati orqana müraciətindən sonra sonuncunun dövlət büdcəsinə olan vergi borcu 97627,55 manat məbləğinə qədər azaldılmışdır ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında verdiyi izahatında isə müəyyən olunmuşdur ki, azaldılmış borc məbləği ümidsiz borc kimi silinmişdir. Belə ki, hazırda İddiaçı aid xx.xx.2024-cü il tarixdə çap olunmuş şəxsi hesab vərəqinin surətindən müəyyən olunur ki, sonuncunun hesablanmış məbləği 5668561,50 manat, ödənilmiş məbləğ 264464,22 manat, azaldılmış məbləğ 5323429,38 manat, çap tarixinə faiz borcu 16144,32 manat, əhatə etdiyi dövrün son tarixinə saldo 97517,55 manat, çap tarixinə saldo 97517,55 manat, cəmi ödənilməli borc məbləği 97517,55 manat qeyd olunmuşdur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytından əldə olunmuş məlumatlarına əsasən iddiaçının hazır ki günə cəmi ödənilməli borc məbləği 97.627,55 manat olduğu göstərilmişdir. Məhkəmə ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı qiymətləndirmə mexanizminin tələblərinə əsasən qeyd edir ki, silinməsi tələb olunan faktiki borcun faktiki məbləği 97627.55 manat təşkil edir və tərkibi isə vergilər üzrə 44231,02 manat, faizlər üzrə 16144,32 manat və maliyyə sanksiyası üzrə 37152.21 manat məbləğindədir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, hazırki iş üzrə cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı xx.xx.2018-ci il tarixdə № **********98200 saylı bildiriş göndərək yaranmış vergi borcunun dövlət büdcəsinə ödənilməsini tələb etmişdir. Hazırda iddiaçı tərəfindən ümidsiz borc kimi silinməsini tələb etdiyi 97517,55 manat da vergi borcunun yaranması xx.xx.2018-ci il tarixə təsadüf edir ki, mübahisələndirilən 97627.55 manat vergi borcu üzrə 5 illik yəni, hətta borcun tələb edilməsi müddəti xx.xx.2018-ci il tarixdən hesablandıqda belə xx.xx.2023-cü il tarixdə tələb etmə müddəti ötmüşdür. Yekun olaraq iddiaçının nümayəndəsi və vəkili tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunmasına baxmayaraq, cavabdehin xx.xx.2024-cü il tarixli, № **********390400 saylı məktubu ilə müraciəti təmin edilməkdən imtina edilmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinin tələblərinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin edilməsi məqsədilə vergi orqanlarının bir çox hüquqları təsbit edilmişdir ki, həmin hüquqlar əsasında isə vergi orqanı vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün ödəniş xidməti təchizatçılarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq və.s. tədbirlər həyata keçirə bilərdi. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə qanunla təsbit olunmuş hüquqlardan istifadə etməmiş və nəticə də isə 97517,55 manat da vergi borcunun ümidsiz borc kimi silinməsi zərurəti yaranmışdır. Əlavə olaraq, Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Göründüyü kimi, iddiaçı tərəfindən 2018-ci ildən sonra ödənilmiş vergi məbləğləri cari deyil, Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq yaranma tarixi ardıcıllığına əsasən hesablanmış borcların ödənilməsinə sərf edilmişdir. Belə olan halda isə 97627.55 manat məbləğində vergi borcunun Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçdiyindən ümidsiz borc kimi silinməlidir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı aid (VÖEN: **********) “şəxsi hesab vərəqəsi”ndə mövcud olan 97627.55 (doxsan yeddi min altı yüz iyirmi yedd manat 55 qəpik) manat məbləğində vergi borcunun tələbetmə müddəti keçmiş ümidsiz borc qismində silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8907/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8907/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver