Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8908/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dayandırılmış pensiyanın bərpa edilməsi və bu müddətdəki ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 01.01.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. 11.01.2016-cı il tarixindən, 52 yaşdan pensiyası ödənilməyə başlanmışdır. Pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun təhsil aldığı dövr də daxil olmaqla ümumi əmək stajı 20 ildən çox (29 il 8 ay 8 gün), güzəştli stajım 10 ildən çox (20 il) olmuşdur. 2020-ci ilin iyul ayından ona məlum olmayan səbəblərdən pensiyası dayandırılmışdır. İddiaçı Yasamal Telefon X4 sexində 06.05.1996-cı il tarixindən 01.10.1998-ci il tarixədək telefonçu, Bakı Telefon Rabitəsi X2 Məlumat Sexində (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 03.05.2017-ci il tarixli, 105 saylı sərəncamına və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 03.11.2017-ci il tarixli çıxarışına əsasən Bakı Telefon Rabitəsi İstehsalat Birliyi yenidən təşkil edilməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir) 01.10.1998-ci il tarixdən 16.11.1999-cu il tarixədək telefonçu, 16.11.1999-cu il tarixdən 19.05.2014-cü il tarixədək briqadir, 19.05.2014-cü il tarixdən 04.06.2014-cii il tarixədək telefonçu-briqadir, 04.06.2014-cü il tarixdən 10.08.2018-ci il tarixədək növbə ustası (böyük telefonçu) vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17.07.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Rabitə sahəsinə aid olan fəhlə peşələrinin və işlərinin X8 Sorğu Kitabçası”ndan göründüyü kimi “telefonçu” əmək funksiyaları BTRİBin strukturundan briqadir, telefonçu-briqadir, növbə ustasının (böyük telefonçunun) əmək funksiyaları ilə tam eyni olmuşdur. Pensiyası dayandırıldıqdan sonra dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına pensiyasının nəyə görə dayandırılması və bərpası barədə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Nəhayət 12.01.2021-ci il tarixdə müraciəti 1 saylı Bakı “DOST” Mərkəzi tərəfindən qeydə alınmış, 10.03.2021-ci il tarixli, **********1 saylı məktubla ərizəsinə cavab olaraq bildirmişlər ki, araşdırma zamanı 12 avqust 1983-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan məlumatlara əsasən 06.05.1996-11.01.2016-cı il tarixləri arasındakı dövr ərzində Bakı Telefon Rabitəsi X2 Məlumat Sexində işlədiyi telefonçu vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı aşkar edilmişdir. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” təsdiq olunana qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısı üzrə 10 il güzəştli iş stajı tamam olduğundan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda telefonçu vəzifəsinin olmamasını əsas gətirərək inzibati orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan məlumatlara əsasən 06.05.1996-11.01.2016-cı il tarixləri arasındakı dövr ərzində Bakı Telefon Rabitəsi X2 Məlumat Sexində işlədiyi telefonçu vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı aşkar edilmişdir. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 11.01.2016-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona 11.01.2016-31.07.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 10378,81 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. 10 mart 2021-ci il tarixli **********1 nömrəli məktubla həmin artıq ödənilmiş 10378,81 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 29 noyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, pensiyanın dayandırılması haqqında 22.07.2020-ci il tarixli qərarın ləğv edilməsi, pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi və hesablanaraq ödənilməsi vəzifəsinin caabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 mart 2021-ci il tarixli “pensiya ödənişinin dayandırılması haqqında” məktubunda göstərilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan məlumatlara əsasən 06.05.1996-11.01.2016-cı il tarixləri arasındakı dövr ərzində Bakı Telefon Rabitəsi X2 Məlumat Sexində işlədiyi telefonçu vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı aşkar edilmişdir. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 11.01.2016-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona 11.01.2016-31.07.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 10378,81 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarması xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” 22.07.2020-ci il tarixli, **********6 nömrəli qərarının surətindən görünür ki, İddiaçı 11.01.2016-cı il tarixdə təyin edilmiş güzşətli şərtlərlə yaşa görə pensiya dayandırılmışdır; Sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr: 01.01.2020-30.07.2020, məbləğ 260,95 manat; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X5 Məsuliyyətli Cəmiyyətinin 18.10.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 06.05.1996-11.01.2016-cı illərdə işlədiyi dövrün 1996-2007-ci illəri əhatə edən hissəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlər (peşələr) kateqoriyasına aid olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.07.1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 320 saylı Qərarının 2-nömrəli siyahısında 23100000-19096 kod nömrəsi ilə (şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçuları) telefonçu vəzifəsi güzəştli şərtlərlə pensiya hüquq verən işlərin siyahısında olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.12.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə” 12 saylı Qərarında isə telefonçu vəzifəsi güzəştli şərtlərlə pensiya hüquq verən işlərin siyahısına daxil edilməmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X5 Məsuliyyətli Cəmiyyətinin 09.12.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17.07.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Rabitə sahəsinə aid olan fəhlə peşələrinin və işlərinin X8 Sorğu Kitabçası”ndan göründüyü kimi “telefonçu” əmək funksiyaları BTRİB-in strukturunda briqadir, telefonçu-briqadir, növbə ustasının (böyük telefonçunun) əmək funksiyaları ilə tam eyni olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.07.1993-cü il tarixli “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 320 saylı Qərarının 2-nömrəli siyahısında 23100000-19096 kod nömrəsi ilə (şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçuları) telefonçu vəzifəsi həmin dövrdə BTRİB-in strukturunda olan briqadir vəzifəsi ilə eynilik təşkil edib. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 06.05.1996-11.01.2016-cı illərdə işlədiyi dövrün 1996-2007-ci illəri əhatə edən hissəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlər (peşələr) kateqoriyasına aid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.12.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə” 12 saylı Qərarında isə telefonçu vəzifəsi güzəştli şərtlərlə pensiya hüquq verən işlərin siyahısına daxil edilməmişdir. Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İş materiallarında olan sənədlərdən və iddiaçının pensiya işinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçıya 11.01.2016-cı ildən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiyası cavabdeh tərəfindən qəbul edilmiş 22.07.2020-ci il tarixli qərarla dayandırılmışdır, pensiyasının bərpa edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir, imtina onunla əsasandırılmışdır ki, iddiaçının 06.05.1996-11.01.2016-cı il tarixləri arasındakı dövr ərzində Bakı Telefon Rabitəsi X2 Məlumat Sexində işlədiyi telefonçu vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiya); 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir; 37.8-ci maddəsinə əsasən, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 52 yaşı tamam olanadək 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 52 yaşı tamam olanadək azı 10 il güzəştli iş stajının mövcud olması. İş materiallarından görünür ki, iddiaçının 52 yaşının tamam olduğu tarixə (11.01.2016-cı il) ümumi stajının 20 ildən çox olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının 06.05.1996-11.01.2016-cı il tarixləri arasındakı dövr ərzində Bakı Telefon Rabitəsi X2 Məlumat Sexində işlədiyi telefonçu vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması ilə bağlıdır. Məhkəmə qeyd olunan dəlillərlə bildirir ki, iddiaçının 06.05.1996-11.01.2016-cı il tarixləri arasındakı dövr ərzində çalışdığı vəzifənin cavabdehin istinad etdiyi siyahıda nəzərdə tutulmaması ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin qarşısını almır. Belə ki, iddiaçı həmin siyahı qüvvəyə minənə qədər 10 il 8 ay 18 gün göstərilən vəzifədə çalışmaqla (06.05.1996-22.01.2007) artıq güzəştli iş stajı ilə bağlı şərti ödəmiş olur. İddiaçının işlədiyi vəzifələrin (telefonçu, briqadir) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə “23100000-19096” kod ilə nəzərdə tutulan “şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçuları” peşəsi ilə uyğunluq təşkil etməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X5 Məsuliyyətli Cəmiyyətinin 18.10.2021-ci il tarixli və 09.12.2021-ci il tarixli məktubları ilə öz təsdiqini tapmışdır. Həmin məktubda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, “Rabitə sahəsinə aid olan fəhlə peşələrinin və işlərinin X8 Sorğu Kitabçası” istinadən iddiaçının çalışdığı vəzifələrin yuxarıda qeyd olunan kod ilə nəzərdə tutulmuş vəzifəyə uyğunluğu vurğulanmışdır. İddiaçıya 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi məsələsinə baxılarkən, onun 06 may 1996-cı il tarixdən 23 yanvar 2007-ci il tarixədək işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda zərərli vəzifə kimi göstərilməsinin nəzərə alınmaması və təyin edilmiş əmək pensiyasının bu əsasla dayandırılması barədə qərarın qəbul edilməsi iddiaçının hüquqularının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməldir. Həmçinin nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minsə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 23 yanvar 2007-ci il tarixdən qüvvəyə minmişdir. Əgər cavabdehin mövqeyi (müvafiq vəzifənin (peşənin) 23 yanvar 2007-ci il tarixdə təsdiq edilmiş siyahı üzrə nəzərdə tutulmalı olması) ilə yanaşsaq, sözügedən Qanunun qüvvədə olduğu, lakin müvafiq siyahının qüvvəyə minmədiyi dövrdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin hansı siyahıya uyğun müəyyən edilməsi anlaşılmazlıq yaradar. Məhkəmənin qənaətinə, görə “Yeni Qanun”a əsasən güzəştli şərtlərlə əmək pensiya təyin edilərkən, 23 yanvar 2007-ci il tarixədək olan dövr üzrə vəzifələrin (peşələrin) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifə (peşə) olub-olmaması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1-ci və 2-ci siyahılar üzrə yoxlanılmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, cavabdeh inzibati orqanın istinad etdiyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 23 yanvar 2007-ci il tarixli Qərarının 1-ci və 2-ci bəndlərinə əsasən, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmiş, ... "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993cü il 21 iyun tarixli 320 nömrəli ... qərarları qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olduğu 23 yanvar 2007-ci il tarixədək olan dövrdə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılar qüvvəsini saxlamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə olan halda cavabdehin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən pensiyanın dayandırılması ilə bağlı qərarı qanunsuz olmaqla ləğv edilməldir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının dayandırılması haqqında” 22.07.2020-ci il tarixli, **********6 nömrəli qərarı ləğv edilməli, İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının dayandırılması haqqında” 22.07.2020-ci il tarixli, **********6 nömrəli qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8908/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8908/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver