Məhkəmə qərarları › İş №2-1(112)-891/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-891/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-891/2024 31.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu. A.M.Şərifzadə küçəsi, 167 saylı məktəbin yanında yerləşən qeyri-yaşayış binasına (qaraj) dair texniki pasportun verilməsi vəzifəsinin cavabdeh idarəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 167 saylı məktəbin yanında yerləşən qeyri-yaşayış binasını (qaraj) 22 dekabr 2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında (AN-İ 1108950) X4 17000 (on yeddi min) manata almış, alqı-satqı müqaviləsi Bakı şəhəri 32 saylı notariat ofisində bağlanmışdır. X1 qaraja Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 19 may 2005-ci il tarixdə qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid texniki pasport almış və həmin qaraj onun istifadəsində olmuşdur. Qarajın alqı-satqı müqaviləsi əsasında cavabdeh idarəyə adına yeni texniki pasport almaq üçün müraciət edilmişdir. (qeydiyyat nömrəsi **********). Cavabdeh idarədən xx.xx.2023-cü il tarixli, **********32 nömrəli imtina məktubu yazılaraq qarajın faktiki yerləşmə vəziyyətinin arxiv texniki pasportu ilə uyğunsuzluq təkil etdiyi bildirilmişdir. Cavabdeh idarənin imtinası qanunsuzdur və iddiaçının qeyri-yaşayış binası (qaraj) üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə maneçilik törədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən qaraja yoxlama-ölçü işləri aparılan zaman məlum olmuşdur ki, qeyri-yaşayış binasının (qaraj) faktiki yerləşmə vəziyyəti arxiv texniki pasportu ilə uyğunsuzluq təşkil edir. İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçmə işləri aparılan zaman məlum olmuşdur ki, qarajın sənəd üzrə sahəsi 18 kv.m, faktiki sahəsi 34.6 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2023-cü il tarixli, **********32 saylı cavab məktubu ünvanlanmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Yasamal rayonu. A.M.Şərifzadə küçəsi, 167 saylı məktəbin yanında yerləşən 18 kv.m olan qaraja dair texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş satıcı X7 ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli ******* nömrəli alqı satqı müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini alıcının mülkiyyətinə verir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-17108/2023 nömrəli məktubu ilə göndərilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki: -Oktyabr rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 16/10 nömrəli qərarına əsasən Şərifzadə küçəsində yaşayan vətəndaşlara 167 saylı məktəb ilə uşaq baxçası arasında 8 qarajın yerləşdirilməsinə icazə verilmişdir. -Rayon memarı tərəfindən tərtib edilmiş və Yasamal rayon İcra Hakimiyyətinin mğhürü ilə təsdiq etdiyi 167 saylı məktəb ilə uşaq baxçası arasında yerləşən qarajların 11 nəfərlik siyahısında 11-ci sırada X5 adı qeyd edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixli 30/154 nömrəli texniki pasportuna əsasən, Yasamal rayonu, 167 saylı məktəbin yanında yerləşən Bakı şəhəri XDİK-in 71362 saylı xx.xx.1990cı il tarixli və Oktyabr XDİK-in 16/10 saylı xx.xx.1991-ci il tarixli qərarları ilə ünvan 2 ünvanında yerləşən X6 məxsus qarajın texniki pasportuna əsasən qarajın sənədlə tutduğu sahə 18 kv.m, faktiki tutduğu sahə isə 33,6 kv.m-dir. 1991-ci ilin tikilisidir. Bünövrəsi betondan, divarları və dam örtüyü isə dəmirdəndir. Qaraj 167 saylı məktəbə və uşaq bağçasına paralel 15-ci sırada yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/2-17969/2023 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Texniki Vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən əmlakın sahəsi hüquqmüəyyənedici sənəd üzrə 18 kv.m, faktiki isə 36.4 kv.m-dir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/2-20517/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binası(qaraj) metal qarajlar sırasında yerləşir və metaldandır. İddiaçının göstərdiyi qaraj texniki pasportda göstərilən qarajlar sırasında 15-ci deyil, 20-ci qarajdır (soldan sağa). Həmin qaraj isə şərti istinad planında göstərilməmişdir. Göstərilən qaraj hal-hazırda maşın təmiri kimi istifadə olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasi Bakı Şəhər Yasamal Rayonu İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 32 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 046 nömrəli məktubuna əlavə edilmiş qarajların siyahısından görünür ki, 32 saylı MKİS-nin inzibati ərazisində Zərdabi küçəsində 167 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən qarajların 20 sayda siyahısı təqdim edilmiş, siyahıda 15 nömrəli qaraja dair məlumat qeyd olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- 40468/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılmışdır. Müayinə zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının (qaraj) faktiki yerləşmə vəziyyəti arxiv texniki pasportu ilə uyğunsuzluq təşkil edir. Sözügedən qaraj texniki pasportda 15-ci qaraj olsa da (soldan-sağa, qərbdən-şərqə), faktiki olaraq isə 15-ci qaraj deyil. Həmin ərazidə çox sayda qarajlar inşa edildiyindən və quraşdırıldığından ətrafda yeni tikililərin tikilməsi səbəbindən mövcud qarajın yerləşmə mövqeyini təyin etmək mümkün olmadı. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-1759/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 167 saylı məktəbin yanında yerləşən qarajlar, həmçinin iddiaçının iddia etdiyi qarajın soldan sağa və sağdan sola neçənci sırada yerləşməsi, sözügedən qarajın sağ və sol tərəfində olan qarajlara dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi barədə sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında həmin ərazidə çox sayda qarajlar inşa edildiyindən və quraşdırıldığından, habelə ətrafda yeni tikililərin inşa edilməsi səbəbindən mövcud qarajın yerləşmə mövqeyini təyin etməyin mümkün olmadığı qeyd olunmuşdur. Həmçinin sözügedən qarajın soldan sağa 19-cu qaraj, sağdan sola isə 3-cü qaraj olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-3132/2023 nömrəli məktubda bildrilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 167 saylı məktəbin yanında yerləşən qeyri-yaşayış binasına (qaraj) texniki pasportun verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılmışdır. Müayinə zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının (qaraj) faktiki yerləşmə vəziyyəti arxiv texniki pasportu ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən ərizənizin icrası tərəfindən mümkün olmadığını qeyd etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 167 saylı məktəbin yaxınlığında yerləşən qaraja dair texniki pasportun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan qarajın faktiki yerləşmə vəziyyəti ilə arxiv texniki pasportunun uyğunsuzluq təşkil etdiyinə istinad edərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə cavabdehin qeyd edilən dəlilinin hazırkı iddianın təminini istisna edən şərt kimi qiymətləndirmir. Belə ki, işin hallarından görünür ki, Oktyabr rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 16/10 nömrəli qərarına əsasən Şərifzadə küçəsində yaşayan vətəndaşlara 167 saylı məktəb ilə uşaq baxçası arasında qarajların yerləşdirilməsinə icazə verilmiş, qərara əlavə edilmiş qaraj sahibi şəxslərin adlı siyahısında X7 12-ci sırada qeyd edilmiş, X5 adına Bakı Şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixli 30/154 nömrəli texniki pasport verilmiş, texniki pasporta əsasən qarajın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 18 kv.m, faktiki sahə 33,6 kv.m olmuş, sonuncu xx.xx.2022-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 18 kv.m olan qarajı hazırkı İddiaçı satmışdır. Hazırkı iddia üzrə iddiaçı sənəd üzrə 18 kv.m ölçüdə olan ünvan 1 ünvanında yerləşən qaraja dair texniki pasportun verilməsini mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İddiaçı texniki pasportun verilməsini tələb etdiyi qaraja dair əvvəlki sahibin adına olan texniki pasport və alqı-satqı müqaviləsi kimi hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Cavabdehin iddia olunan qarajın texniki pasportuna əsasən sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında fərqin olmasına dair dəlilini onunla əsaslandırmışdır ki, iddiaçının göstərdiyi qaraj texniki pasportda göstərilən qarajlar sırasında 15-ci olsa da faktiki olaraq 20-ci sırada yerləşir. Məhkəmə bununla əlaqədar qeyd edir ki, iddia olunan qaraja dair X5 adına verilmiş texniki pasport xx.xx.2005-ci il tarixdə tərtib olunmaqla həmin texniki pasportda sonuncuya məxsus qarajın 167 sayı orta məktəblə uşaq baxçası arasında onlara paralel, soldan sağa olan qarajların sırasında 15-ci sırada yerləşdiyi qeyd olunmuşdur. Qeyd edilməlidir ki, cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli yerli müayinə aktında iddiaçının göstərdiyi qarajın texniki pasportda göstərilən qarajlar sırasında 15-ci deyil, 20-ci qaraj (soldan sağa) qeyd olunsa da, sonuncu dəfə xx.xx.2023-cü il tarixli yerli müayinədə sözügedən qarajın soldan sağa 19-cu qaraj, sağdan sola isə 3-cü qaraj olması qeyd edilmişdir. Göründüyü kimi cavabdeh hər dəfə keçirdiyi yerli müayinədə iddia olunan qarajın faktiki olaraq hansı sırada yerləşdiyi barədə dəqiq məlumata sahib deyil. Məhkəmə sorğusuna cavab olaraq ərazi üzrə Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 32 saylı Mənzil-Kommunal İstismar Sahəsinin təqdim etdiyi məlumatda Zərdabi küçəsində 167 nömərli tam orta məktəbin yaxınlığında ümumilikdə 20 sayda qarajın yerləşdiyi müəyyən olunmuşdur. Bundan əlavə, məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən həmin ərazidə yerləşən bir neçə qaraja dair xx.xx.2024-cü il tarixli məktubla göndərilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, iddiaçı ilə eyni sırada yerləşən qarajların texniki pasportları və qarajların yerləşmə sexmlərində mövcud qarajların sayı ən azı 18 ədəd olduğu görünür. Beləliklə, iddiaçı iddia etdiyi qaraja dair hüquqmüəyyənedici sənədləri təqdim etdiyi, ona aid texniki pasportda qarajın sırası 15-cı sırada olduğu qeyd edilsə də həmin ərazidə sonradan əlavə qarajların tikildiyi və hazırkı halda həmin ünvanda 20 sayda qarajın olduğu öz təsdiqini tapmışdır. Cavabdehin özünün də qeyd etdiyi kimi həmin ərazidə çox sayda qarajlar inşa edilmiş, quraşdırılmış, bu halda qarajların sayında müvafiq dəyişikliklərlə bərabər əvvəlki qarajların yerləşmə sırasında ardıcıllığın pozulması, o cümlədən 2005-ci il tarixdə tərtib edilmiş texniki pasportda qarajın 15-ci sırada olduğu halda, keçən müddət ərzində yeni inşa edilmiş qarajlara əsasən hazırkı halda həmin qarajın 15-ci sırada deyil, 20-ci qaraj olması mümkün və ağlabatandır. Cavabdeh istinad etdiyi hal-qarajın yerləşməsinin 15-ci sıraya deyil, 20-cı sıraya uyğun gəlməsi qaraja hüquqların qeydiyyata alınması üçün əsas olmamaqla yanaşı, iddiaçının təqsiri də hesab oluna bilməz. Cavabdeh təqdim edilən hüquqmüəyyənedici sənədlərin iddiaçı tərəfindən naturada göstərilən qaraja aid olmadığı ilə bağlı müvafiq təsdiqedici sübutu məhkəməyə təqdim etməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 167 saylı məktəbin yanında yerləşən 18 kv.m olan qaraja dair texniki pasportun verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 167 saylı məktəbin yanında yerləşən 18 kv.m ölçüdə qaraja dair texniki pasportun verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar