Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8912/2024 11.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 26/1 saylı binada, 1-ci girişdə, 5-ci mərtəbədə, ümumi sahəsi 84 kv.m olan 3 otaqlı 8 saylı mənzilin onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə rəsmi cavab verilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 26/1 saylı binada, 1-ci girişdə, 5-ci mərtəbədə, ümumi sahəsi 84 kv.m olan 3 otaqlı 8 saylı mənzilə İddiaçı mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin mənzilə dair mövcud vəziyyətdə texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, 22 iyun 2002-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan binada 1-ci giriş, 5-ci mərtəbədə ümumi sahəsi 84 kv.m olan 3 otaqlı 8 nömrəli mənzili 32.500 ABŞ dollar məbləğində iddiaçıya satmışdır. Həmçinin "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən həmin mənzil sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və arayışda heç bir borcun olmadığı qeyd edilmişdir. Bundan sonra həmin mənzilə dair order verilmişdir. İddiaçı 22 ildən çoxdur ki mənzilə sahiblik edir. İddiaçı mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciəti üzrə rəsmi cavab verməmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu hərəkətsizliyi onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz əsasən iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli, ********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli ərizələr ilə müraciət etmiş və **********30 saylı, xx.xx.2019-cu il tarixli, **********39 saylı, xx.xx.2024-cü il tarixli məktublarla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, mənzilin ümumi sahəsinin faktiki ölçüsü 124.9 kv.m-dır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Vİİ-ЖГ № 255569 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X8 arasında 18 avqust 1995-ci il tarixdə nikah bağlanmışdır. - Kooperativ binada mənzil tikintisi haqqında 22 iyun 2002-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK, Bakı şəhəri, Yasamal rayonu, C.Xəndan küçəsi 3202-ci məhəllədə yerləşmiş MTK "xxxx" in tikilməkdə olan binasında 8 №-li mənzili payçı X7 verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqında vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - Bulaq-2 üzvlərinin xx.xx.2002-ci il tarixli ümumi iclasının 04 nömrəli protokolundan çıxarışdan görünür ki, X1-2 MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın C.Xəndan 26/1saylı kooperativ yaşayış binasında 5 mərtəbəli yaşayış sahəsi 84 kv.m, ümumi sahəsi 129.4 kv.metr olan 3 otaqlı 8 saylı mənzili verilmiş və orderə həyat yoldaşı X4 və qızı X5 adı daxil edilmişdir. - 04 fevral 2003-cü il tarixli "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, X8 C.Xəndan küçəsi 3202 məhəllə tikilən "xxxx" MTK-nın payçısıdır. O, 1-ci giriş, 5-ci mərtəbə 8 saylı mənzilin dəyərini tam ödəyib, borc qalığı yoxdur. - Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2003-cü il tarixli, 2B №-li protokolundan görünür ki, 1.Orderin verilməsi barədə barədə: 1.133.” Bulaq-2” MTK üzvü X7 order verilməsi barədə. Komissiya qərara aldı: Razılıq verilsin. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 56 №-lı sərəncamından çıxarışdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2003-cü il tarixli, 2B №-li protokolu təsdiq edilmişdir. - 21 fevral 2003-cü il tarixli, 001932 №-li orderdən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X7 verilmişdir. Oderdə iddiaçı ilə yanaşı həmçinin ailə tərkibi kimi A.A.Əhədovun və G.A.Əhədovanın adları göstərilmişdir. - X6 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, ünvan 2 ünvanında yerləşən mənzilin iddiaçının adına özəlləşdirilməsinə etirazının olmadığını bildirmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən mənzilin faktiki yaşayış sahəsi 81.8 kv.m (3 otaq), ümumi sahəsi 124.9 kv.m olmaqla çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşir - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2024-cü tarixli, 3-35-1/2-2780/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasına dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-ci il tarixli 286 nömrəli istismara icazə sənədi verilmişdir. İddiaçı hazırda həmin sənədlərə istinad edərək, 8 saylı mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. İşin yuxarıda sadalanan hallarına əsasən aydın olur ki, mübahisəli mənzilin tikintisinin sifarişi üzrə iddiaçı 2002-ci ildə "xxxx" MTK-ya üzv qəbul edilmiş, həmin protokol Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş, MTK tərəfindən iddiaçının pay haqqını tam ödəməsi barədə arayış verilmişdir. Binanın tikintisi tam şəkildə başa çatdırılmışdır. Bu da iddiaçının kooperativ üzvü kimi hərəkət etdiyini, yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyini göstərir. Buna görə də hazırkı iş üzrə "xxxx" MTK –xx.xx.2003-cü il tarixli protokolu və order iddiaçının 8 saylı mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsi hazırkı iddiaya tətbiq edilməlidir. Cavabdeh etirazda istismara icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyinə istinad etsə də, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təqdim edilmiş istismara icazə sənədindən görünür ki, ünvan 3 ünvanında yerləşən 5 girişli, zirzəmili, 10 mərtəbəli və 1 girişli "xxxx" MTK-ya məxsus yaşayış binasına dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-ci il tarixli 286 nömrəli istismara icazə sənədi verilmişdir. Cavabdehin mənzilin ölçüləri ilə bağlı bildirdiyi əsasa münasibətdə isə məhkəmə qeyd edir ki, mənzilinə dair rekonstruksiya işlərinin aparılması müəyyən olunmur. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının özüdə müqavilə və maliyyə arayışına əsaslanaraq yalnız onun hüquqlarının yarandığı ölçüdə münasibətdə mənzilə mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək istəyir ki, bununla da məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsaslı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26/1, 3202-ci məhəllə, 1-ci giriş, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 124.9 kv.metr olan 3 otaqlı 8 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin yaşayış sahəsinə dair çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8912/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8912/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver