Məhkəmə qərarları › İş №2-1(112)-8917/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8917/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8917/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (əri) X5, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı 52 yaşından (13 may 2014-cü il tarixindən etibarən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, 28 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 5 aya yaxın müddətin keçməsinə baxmayaraq Cavabdeh onun ərizəsinə baxmamış, cavab verməmişdir. Cavabdehin bu hərəkətsizliyi yolverilməzdir. Həmin hərəkətsizliyin nəticəsində iddiaçının hüquqları pozulur. O, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının almaq hüququna malikdir (incəsənətin xüsusi sahələri (balet artisti); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 33 bəndi, 2653 vəzifə kodu). Qanunun 9.8-ci maddəsinə əsasən Qanun qüvvəyə mindiyi günədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli 260-İİİQD Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il sentyabr tarixli 305 nömrəli Qanununun 62-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə teatr, kino və digər teatr-tamaşa müəssisələri və kollektivləri artistlərinin ayrı-ayrı kateqoriyaları müvafiq olaraq 20, 25, və 30 il yaradıcılıq fəaliyyəti stajı topladıqda xidmət illərinə görə pensiya almaq hüququ qazanırlar. “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 676 nömrəli Qəran ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 62-cı maddəsinə müvafiq olaraq, uzun müddət xidmətə görə pensiyaya hüququ olan teatr, kino və digər teatrtamaşa müəssisələrində və kollektivlərində yaradıcılıq fəaliyyəti ilə məşğul olan artistlərin Siyahısı (əlavə № 4) təsdiq edilmişdir (bu Qərarın 4-cü bəndi). Həmin Siyahının 1-ci bəndində balet artistləri (tutulan vəzifələrdə 20 ildən az olmayaraq yaradıcı iş stajı olduqda) qeyd olunmuşdur. İddiaçı 20 ildən çox müddət ərzində balet artisti vəzifələrində çalışmışdır, ümumi iş (sığorta) stajı da qanunvericiliklə tələb olunan müddətdən az deyil (müvafiq təsdiqedici və arxiv sənədləri Cavabdehə təqdim edilmişdir). İstər Qanunun, istər də 1 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

4. Cavabdeh orqan güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 il 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair arayışında xx.xx.1996- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə balet solisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, sözügedən müəssisədə işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma apanlaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Həmçinin, iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq, sözügedən müəssisənin iş qovluqlarının (ödənişlərinin) Arxivə təhvil verilmədiyi bildirilib. Bundan başqa, iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, həmin dövr ərzində ona əmək haqqı ödənilməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı sənəd aşkar olunmadığı müəyyən edilib. Bu fakt "xxxx" MMC tərəfindən 22 dekabr 2023cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də həmin dövrü iş staja daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də onun ümumi iş stajı 25 ildən az (13 il 9 gün (xx.xx.1979-xx.xx.1983-cü İİ, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (3 iİ 9 ay 17 gün (xx.xx.1979-xx.xx.1983-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13123,04 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir

5. Cavabdeh qurumun məhkəməyə təqdim etdiyi yazılı etirazda bildirmişdir ki, iş materiallarına əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Z-147298/2024 nömrəli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər ümumi və güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 il 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortolunanların üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində iddiaçının işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə yə koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin İddiaçı dair arayışında xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə balet solisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, sözügedən müəssisədə işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Həmçinin, iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq, sözügedən müəssisənin iş qovluqlarının (ödənişlərinin) arxivə təhvil verilmədiyi bildirilib. Bundan başqa, iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, həmin dövr ərzində iddiaçıya əməkhaqqı ödənilməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı sənəd aşkar olunmadığı müəyyən edilib. Bu fakt "xxxx" MMC tərəfindən 22 dekabr 2023-cü il tarixli birgə akt ilə təsdiq edilmişdir. Buna görə də həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən də iddiaçının ümumi iş stajı 25 ildən az (13 il 9 gün (xx.xx.1979xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1987-ci il, xx.xx.1987-31.01,1988-ci il, 01,03.1988-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (3 il 9 ay 17 gün (xx.xx.1979-xx.xx.1983-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13123,04 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2-1(112)-8917/2024 nömrəli inzibati iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Bakı Xoreoqrafiya Məktəbinin 037235 nömrəli diploma əsasən xx.xx.1975-xx.xx.1979-cu il tarixinədək xalq rəqsləri ansamblının artisti kimi təhsil almışdır.

7. Azərbaycan Dövlət Musiqili Teatrının Şəxsin güəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər: işə qəbul edilməsi – xx.xx.1979-cu il, xx.xx.19789-cu il tarixli 102№-li əmr; İşdən azad olunması tarixi – xx.xx.1983-cü il tarixli 75№-li əmr tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 3 il, 9 ay, 17 gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri incəsənətin xüsusi sahələri (balet artistləri) ibarət olmaqla, Azərbbaycan espublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı təsdiq edilmiş Siyahının 33 bəndinə/ (yarımbəndinə) və (və ya) 2653 vəzifə koduna uyğundur.

8. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan X3 və İncəsənət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən Azərbaycan SSR Mədəniyyət Nazirliyinin “Azərkonsert” Dövlət Qastrol-Konsert Birliyinin 1984 və 1989-cu illər üçün şəxsi heyət üzrə əmrlərində X1 Birliyə işə qəbulu (əmr №57a, 01 fevral 1984-cü il tarixli) və işdən azad edilməsi (əmr №158 3, 14 aprel 1989-cu il) qeyd olunmuşdur.

9. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən İddiaçı Azərbaycan Respublikasının Ticarət Nazirliyi “Gülüstan" şadlıq sarayının (indiki Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” sarayının) 19 aprel 1989-cu il tarixli 38-k saylı əmrinə əsasən Varyiteyə 1-ci dərəcəli balet artisti qəbul edilmişdir və 23 mart 1994-cü il tarixli 16-k saylı əmrinə əsasən işdən azad edilmişdir,

10. "xxxx" Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) "xxxx" Firması” Məhdud Məsuliyyətli Cəmiyyətində balet solisti (vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər: 1) İşə qəbul edilməsi tarixi -01 may 1996-cı il, 29 aprel 1996-cı il tarixli 5 №li əmr; işdən azad olunması tarixi - 30 may 1999-cu il, 26 may 1999-cu il tarixli 25 №li əmr. 2) İşə qəbul edilməsi tarixi - 25 iyun 1999-cu il, 25 iyun 1999-cu il tarixli 31 №- li əmr; işdən azad olunması tarixi - 31 avqust 2005-ci il, 29 avqust 2005-ci il tarixli 67 №-li əmr) tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 9 (doqquz) il 3 (üç) ay 3 (üç) gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri incəsənətin xüsusi sahələri (balet artistləri) ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 33 bəndinə/ (yanmbəndinə) və (və ya) 2653 vəzifə koduna uyğundur.

11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli Müraciətin cavablandırılması barədə məktubunda qeyd edilmişdir ki, "xxxx" Firması xx.xx.1997-ci il tarixdə 33879 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Firmasının nizamnaməsi və dövlət reyestrindən çıxarışının təsdiq edilmiş surətləri təqdim edilir. Əlavə olaraq bildirilmişdir ki, hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir.

12. İş materiallarına "xxxx" Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmək müqavilələri əlavə edilmişdir.

13. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (əri) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

14. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

18. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

21. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

22. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2.1-ci maddəsinə əsasən, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-ci maddəsi əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

23. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.16cı maddəsinə əsasən, 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir.

24. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir.

25. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

26. Şəxsin (qadının) 52 yaşı qanunvericiliyə xx.xx.2017-ci il tarixinə qədər edilmiş dəyişikliyə qədər tamam olduqda onun ümumi və güzəştli stajının tamam olduğu vaxt xx.xx.2006-cı il tarixə qədər deyil, ondan sonrakı dövr də nəzərə alınmalıdır (52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixədək).

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

28. "Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı:

33. İncəsənətin xüsusi sahələri balet artistləri

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

29. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

30. Cavabdeh orqan pensiya təyinatından imtina haqqında məktubda, həm də etirazda qeyd etmişdir ki, “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Həmçinin, iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq, sözügedən müəssisənin iş qovluqlarının (ödənişlərinin) Arxivə təhvil verilmədiyi bildirilib. Bundan başqa, iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, həmin dövr ərzində ona əmək haqqı ödənilməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı sənəd aşkar olunmadığı müəyyən edilib. Bu fakt "xxxx" MMC tərəfindən 22 dekabr 2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də həmin dövrü iş staja daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də onun ümumi iş stajı 25 ildən az (13 il 9 gün (xx.xx.1979-xx.xx.1983-cü iİ, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (3 iİ 9 ay 17 gün (xx.xx.1979-xx.xx.1983-cü il tarixləri arasındakı dövr)) təşkil edir.

31. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli Müraciətin cavablandırılması barədə məktubunda qeyd edilmişdir ki, "xxxx" Firması xx.xx.1997-ci il tarixdə 33879 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Firmasının nizamnaməsi və dövlət reyestrindən çıxarışının təsdiq edilmiş surətləri təqdim edilmiş və bildirilmişdir ki, hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir.

32. Məhkəmə qeyd edir ki, iş üzrə əsas mübahisə, iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrlə bağlıdır. Cavabdeh hesab edir ki, qeyd edilən MMC iddiaçının ərinə məxsus olduğundan iddiaçının oradakı fəaliyyəti və verilmiş güzəştli arayış şübhə doğurur. Cavabdeh qurumun qeyd etdikləri yalnız fərziyələrə əsaslanır. Belə ki, iddiaçının diplom üzrə müvafiq ixtisası mövcuddur, eləcə də əvvəllər də qeyd edilən peşə üzrə (balet artisti) əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə digər artistlər arasında bağlanılmış əmək müqavilələri həmin qurumun incəsənət fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir və qurumun fəaliyyət göstərməməsi ilə bağlı hər hansı şübhə yeri qalmır. Odur ki, iddiaçının peşəsinin balet artisti olduğunu nəzərə alaraq, İddiaçı "xxxx" MMC-də işlədiyi xx.xx.1996 – xx.xx.1999-cu illər və xx.xx.1999 – xx.xx.2005-ci illər güzəştli şərtlərlə əmək pensiyasının təyini zamanı ümümi, eləcə də zərərli əmək stajına daxil edilməlidir.

33. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki: İddiaçının 52 yaşının tamam olduğu dövrə qədər ümumi stajı 27 il 5 gündür. (xx.xx.1975 – xx.xx.1979-cu il, xx.xx.1979 – xx.xx.1983-cü il, xx.xx.1984 – xx.xx.1989-cu il, xx.xx.1989 – xx.xx.1994-cü il, xx.xx.1996 – xx.xx.1999-cu il, xx.xx.1999 – xx.xx.2005-ci tarixləri arasındakı dövrlər)) güzəştli iş stajı isə 23 il 2 ay 15 gündür (xx.xx.1979 – xx.xx.1983-cü il, xx.xx.1984 – xx.xx.1989-cu il, xx.xx.1989 – xx.xx.1994-cü il, xx.xx.1996 – xx.xx.1999-cu il, xx.xx.1999 – xx.xx.2005-ci tarixləri arasındakı dövrlər).

34. Əmək şəraiti ağır və zərərli işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

35. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (20 il iş stajı, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (52 yaş).

36. İmtinada qeyd edilən digər dəlillərə ümumi qiymət verərək məhkəmə bildirir ki, imtinada qeyd edilən hər bir dəlilə münasibətdə artıq formalaşmış məhkəmə təcrübəsi olmasına baxmayaraq, cavabdeh qurumun eyni əsaslarla imtinası aydın deyil. Həmin inzibati praktikanın formalaşmış vahid məhkəmə təcrübəsinə uyğunlaşdırılması labüddür.

37. İddiaçı xx.xx.1962-ci ildə anadan olub və 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2023-ci il tarixdə müraciət etmişdir.

38. Belə ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir.

39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

41. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.

42. İddiaçının pensiya təyini ilə bağlı müraciəti xx.xx.2023-cü il tarixdədir. İddiaçı həmin tarixdən əvvəl inzibati orqana müraciət etməməsinin hər hansı əsaslı səbəblərini məhkəməyə bildirməmişdir.

43. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2014-cü il tarixdən yaranmış, xx.xx.2023-cü il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmiş, üç ildən əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirmişdir.

44. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki dövr üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2020cu il tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

45. Odur ki, iddia tələbi təmin edilməli, 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən iddiaçıya güzəştli pensiya təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

46. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

47. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

49. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddian tələbi təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar