Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8918/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və s.” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin tutduğu vəzifədən azad olunaraq 3 ay müddətinə xidmətin sərəncamına götürülməyi barədə 22 yanvar 2021-ci il tarixli **********025100 nömrəli, sərəncamda saxlanılma müddətinin uzadılmasına dair xx.xx.2021-ci il tarixli **********326400 nömrəli, xx.xx.2021-ci il tarixli **********671500 nömrəli və əmək müqaviləmə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrləri nin mənə aid olan bəndləri ləğv edilməsi barədə qərar qəbul edilməsini; Tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılmağı barədə xx.xx.2020-ci il tarixli **********468300 nömrəli əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini; Müvəqqəti olaraq işdən kənarlaşdırıldığı və sərəncamda olduğu müddət ərzində məcburi iş buraxma ilə əlaqədar işdə olmadığı müddət ərzində əmək haqqı və digər ödənişlərin, əmək haqqına edilən əlavələrin ödənilməsi təmin edilməsi barədə qərar qəbul edəsiniz
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixə qədər və xx.xx.2014-cü ildən xx.xx.2021-ci ilə qədər Bakı şəhəri Baş Vergilər Departamentində, Dövlət Vergi Xidməti yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində işləyib. İşlədiyi müddətdə vəzifə funksiyalarına son dərəcədə məsuliyyətlə yanaşaraq xidmətini uğurla aparıb, heç bir intizam tənbehi almayıb, vergi işçisi adını bu peşəyə olan sonsuz hörməti ilə hər zaman və hər yerdə uca tutub. 2002-ci ilə qədər üç dəfə attestasiyadan müvəffəqiyyətlə keçib, 2014-cü ildən bəri ümumiyyətlə attestasiyaya cəlb edilməyib, hər rüb üzrə aparılan xidməti fəaliyyətin qiymətləndirilməsində əla və yaxşı qiymətlər alıb, ixtisasartırma ilə bağlı verdiyi imtahanda 85 bal nəticə əldə edib, həvəsləndirmə tədbiri olaraq əmək haqqına əlavələr əldə edib və s., birinci dərəcəli dövlət vergi müfəttişidir. Lakin təəssüflə bildirir ki, xx.xx.2020-ci il tarixdən başlayaraq bu günə kimi hüquqları ciddi şəkildə pozulmuşdur. Keçmiş Vergilər Nazirliyinin 29 yanvar 2020-ci il tarixli **********098100 nömrəli əmri ilə (bundan sonra “1-ci Sərəncam əmri”) o və bir neçə əməkdaş təşikati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdülər. Daha sonra 01 may 2020-ci il tarixdə **********468300 nömrəli əmrlə sərəncam əmrinin ona dair 21-ci bəndi ləğv edilmiş və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin (bundan sonra Əsasnamə) 41ci maddəsinə istinad edilərək sərəncama götürüldüyü xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmış hesab edilib. Xüsusi məqsəd üçün qeydiyyata alınmış həmin əmrdə qeyd edilirdi ki, guya o xidməti vəzifələrii yerinə yetirərkən kobud nöqsanlara yol vermişdi, müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri daşıyan məlumatları “X2 Tax and Consulting” MMC-nin (VÖEN **********) direktoru Rahim Əlizadəyə ötürmüşdü, bununla bağlı barəsində xidməti araşdırma başlamışdır və bununla da araşdırma yekunlaşana qədər tutduğu vəzifədən müvəqqəti kənar edilmiş hesab edilməyi qənaətinə gəlinmişdir. Həmin əmrin verilməsinə əsas kimi keçmiş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin (VCİA) barəmdə olan 28 aprel 2020-ci il tarixli **********173500 nömrəli Xidməti Məruzəsi olmuşdur. Xidməti məruzədə ona qarşı irəli sürülən “müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri daşıyan məlumatları smartfon və digər üsullarla R.Əlizadəyə göndərməyi” barədə əsassız dəlillər irəli sürülərək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilməsi tələb edilmişdir. Uzun müddət vergi orqanlarında qüsursuz fəaliyyət göstərən əməkdaş barəsində birdən-birə ən ağır əsasla müqaviləyə xitam verilməsi tələbinin mövcud olması üçün ən azından onun özü qədər ağır, ciddi faktiki əsaslar, yəni onun tərəfindən həqiqətən də həmin əməlləri törətmə faktı və bununla bağlı sübutlar sənədlər, rəylər, arayışlar, izahatlar, aktlar və s. olmalı idi. Lakin 4 vərəqlik Xidməti Məruzənin təsviri hissəsi kimi, yəni onun əməllərinin nədət ibarət olması və hansı qaydada sübut edildiyi barəsində cəmi 3 cümlə yazılmışdır ki, onların da arasında “onun qeyrisəmimiliyə yol verməyi”, “verilən suallardan yayınaraq araşdırmanı yanlış istiqamətə yönləndirməyə çalışmağı” kimi absurd ifadələr yer almışdır. Bildirir ki, əmr verildiyi 01 may 2020-ci il tarixdən başlayaraq cavabdehin rəhbər vəzifəli şəxslərinə çoxsaylı həm yazılı, həm elektron qaydada müraciətlər edib, teleqramlar vurub, 195 çağrı mərkəzinə zənglər edib ki, düzgün araşdırma aparılsın, barəsində olan yanlışlıq aradan qaldırılsın, əmr təkzib edilsin və ədalətli qərar qəbul edilsin. Lakin müraciətlərinə biğanə yanaşılaraq icralarından çıxarılmaları xatirinə “Sizə əlavə məlumat veriləcək” kimi cavablar verilmişdir. Bütün bunlarla yanaşı cavabdeh onun barəsində 21 yanvar 2021-ci il tarixdə yeni sərəncama götürülmə əmri qəbul etmişdir (2-ci Sərəncam Əmri) və onu həmin tarixdən yenidən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə bağlı tutduğu vəzifədən azad edərək 3 ay müddətinə sərəncama götürmüşdür. Daha sonralar müvafiq əmrlərlə sərəncamda saxlanılma müddətlərini xx.xx.2021-ci ilə qədər uzadmış, xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləmə xitam verərək sərəncamdan çıxarmış, lakin bu barədə onu məlumatlandırmamışdır. Göründüyü kimi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər barəsində araşdırma aparıldığına görə tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmış hesab edilib və bununla yanaşı olaraq xx.xx.2021-ci il tarixdən isə xx.xx.2021-ci il tarixinə kimi işəgötürən ona ikinci fərqli status vermişdir, yəni bir tərəfdən guya kobud nöqsanlara yol verdiyimi müəyyən edərək Əsasnamənin 41-ci maddəsinə əsasən barəsində araşdırılma aparıldığına görə tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılmış hesab edilib, digər tərəfdən isə Əsasnamənin 38-ci maddəsinə əsasən təşkilati-ştat tədbirləri ilə əlaqədar tutduğu vəzifədən azad edilərək Xidmətin sərəncamına götürülmüş hesab edilib, sonda Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsi ilə əmək müqaviləsinə xitam vermişdir. Bu isə o deməkdir ki, işəgötürən tərəfindən barəmdə hər hansı bir nöqsana yol verdiyi müəyyən edilməmişdir, barəsində aparılan araşdırma əsassız olmuşdur, tutduğu vəzifədən əsassız kənarlaşdırılıb, həmin dövr üçün vəzifədə hesab edilməli və həmin müddət ərzində tətbiq edilmiş əmək haqqı artımları da nəzərə alınmaqla, cavabdeh ona çatası aylıq əmək haqqı məbləğlərinin və əmək haqqıma əlavə olaraq ödənilən vəsaitlərin ümumi cəmini ödəməlidir. Belə ki, Əsasnamənin 41-ci maddəsinə əsasən xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldırılan, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə xitam verilə bilər. Sərəncama götürüldüyü xx.xx.2021-ci il tarixində aparılan təşkilati ştat tədbirində Lokal Gəlirlər Baş İdarəsinin bəzi idarələrinin və ya şöbələrinin adlarında cuzi dəyişiklik edilmişdi, mahiyyət etibarilə heç nə dəyişməmişdi, 423 nəfərdən ibarət işçi sayında ümumiyyətlə azalma və ya ştat vahidində ixtisar aparılmamışdı, həmin ştat vahidi bu gün də həmin sayda yəni 423 nəfərdən ibarətdir. Habelə xx.xx.2021-ci il tarixdə və ondan sonra belə Dövlət Vergi Xidmətinin işə qəbul ilə əlaqədar müsabiqələr keçirmişdi. Deməli, hətta onun tutduğu ştat vahidi ixtisar edilsə idi də belə, ona təklif edilə biləcək vakant ştat vahidləri mövcud idi. Bu halda uzun illər vergi orqanında işləyən təcrübəli əməkdaşın digər vəzifəyə keçirilməsinin mümkünsüzlüyü nədən ibarət olmuşdur sualına yəqin ki cavabdeh cavab verə bilməyəcəkdir. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşəgötürən bu qaydaya da əməl etməmişdir. İşəgötürənin adıçəkilən əməlləri nəticəsində sağlamlığına, mənəviyyatına və işgüzar nüfuzuna ciddi ziyan dəymişdir. Sözügedən müddətdə dəfələrlə qan təzyiqi pik nöqtələrə çatmış, təcili yardım çağırışları ilə həyatını xilas etmək mümkün olub, keçirdiyi əsəb gərginlikləri, stres nəticəsində şəkər xəstəliyinə tutulub. Qeyd edilənlərə əsasən hesab edir ki, sərəncamda saxlanılmağı və əmək müqaviləmə xitam verilməsi barədə əmr ləğv edilərək onun işə qaytarılmağı təmin edilməli və sərəncamda olduğu və işdən kənarlaşdırıldığı müddət ərzində məcburi iş buraxma günlərim üçün əmək haqqı ödənilməlidir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və daha sonra xx.xx.2020-ci il tarixli **********468300 nörməli əmrlə xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin İddiaçı dair 21-ci bəndi ləğv edilmiş və vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmışdır. Sonradan şəxs xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlə işdən azad edilmiş və sərəncama götürülmüşdür. xx.xx.2021-ci il tarixli **********326400 nörməli xx.xx.2021-ci il tarixli **********671500 nömrəli əmrlərlə sərəncamda saxlanılma müddəti uzadılmış, xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrlə isə İddiaçı xidmətinə xitam verilmiş və sərəncamdan çıxarılmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçı: -xx.xx.2020-ci il tarixli **********68300 nömrəli əmrlə tutduğu vəzifədən müvəqqəti kənarlaşdırma barədə; -xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlə işdən azad edilmə və sərəncama götürülmə barədə; -xx.xx.2021-ci il tarixli **********26400 nömrəli və xx.xx.2021-ci il tarixli **********671500 nömrəli əmrlərlə sərəncamda saxlanılma müddətinin uzadılması barədə; -xx.xx.2021-ci il tarixli **********91400 nömrəli əmrlə isə sərəncamdan çıxarılma və xidmətinə xitam verilməi barədə əmri mübahisələndirərək işə bərpa edilməsini xahiş etmişdir. Halbuki qeyd olunan 6 dekabr 2021-ci il tarixli **********091400 nömrəli əmr istisna olmaqla digər əmrlər ilə iddiaçı Dövlət Vergi Xidmətinin sərəncamına götürüldüyündən və ya sərəncamda olma müddəti uzadıldığından, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırıldığından həmin əmrlərin ləğvi iddiaçının işə bərpa edilməsi ilə nəticələnə bilməz. Çünki iddiaçı ilə Dövlət Vergi Xidməti arasında əmək müqaviləsinə həmin əmrlərlə deyil, yuxarıda da qeyd olunandlardan göründüyü kimi xx.xx.2021-ci il tarixli əmrlə xitam verilmişdir. Başqa sözlə desək, həmin əmrlərin ləğv edilməsi iddiaçının tələbində qeyd olunan arzuladığı hüquqi nəticəyə gətirib çıxarmayacaqdır. Həmçinin iddiaçı tərəfindən edilən xx.xx.2021-ci il tarixli **********110301 nömrəli, xx.xx.2021-ci il tarixli **********11302 nömrəli xx.xx.2021-ci il tarixli **********359100 nömrəli müraciətlərdə işə bərpa edilməsini xahiş etmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı digər əmrlərdən müraciət edilən tarixlərdə xəbərdar olmuş və qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bundan əlavə olaraq iddiaçı əmək müqaviləsinə xitam verilməsini yalnız əmək kitabçasının ona təhvil verildiyi tarixdən bildiyini qeyd etsə də, iddiaçıya sərəncamdan çıxarılması barədə məlumat ona göndərilmiş xx.xx.2021-ci il tarixli **********532400 nömrəli məktubla verilmişdir. Bu məktubla həmçinin iddiaçının əmək kitabçasını şəxsən götürməsi və ya ona poçtla göndərilməsinə razılıq verməsi xahiş edilmişdir. Qeyd olunan məktub iddiaçıya müvafiq poçt göndərişi ilə göndərilmiş və həmin sənədin əməliyyat tarixçəsini AVİS proqram təminatı vasitəsilə izlədikdə poçtdan geri qayıtmadığı görünür. Göründüyü kimi iddiaçı hələ 2021-ci ilin dekabr ayında sərəncamdan çıxarıldığından xəbərdar olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bundan başqa xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixli **********351401 nömrəli xx.xx.2022-ci il tarixli **********351400 nömrəli xx.xx.2022-ci il tarixli **********559100 nömrəli (ərizə və şikayət) müraciətlərlə işə bərpa edilməsini xahiş etmişdir. Bu müraciətlərin məzmununa nəzər saldıqda açıq aydın görünür ki, iddiaçı işdən azad edilməsi barədə əmrin qəbulundan məlumatlı olmuşdur. Nəticədə, iddiaçı 2022-ci ilin may ayında məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrin mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Beləliklə, İddiaçı iddiası mümkün sayılmamalıdır.
4. Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrin 2-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********025100 saylı 22 yanvar 2021-ci il tarixli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 oktyabr 2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir.
5. Qeyd edilən məlumat təqdim etməklə əmək kitabçasının götürülməsi haqqında iddiaçıya xx.xx.2021-ci il tarixli məktub göndərilmişdir. İddiaçı həmin məktubu almadığını bildirir.
6. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən hüquqi yardım göstərilərək tələbin iddiaçının hüquqi marağına uyğun dəqiqləşdirilməsi təklif olunmuşdur.
7. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında 06 dekabr 2021-ci il tarixli **********091400 nömrəli əmrin iddiaçıaya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi, iddiaçıya 29 yanvar 2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” kimi dəyişdirilmişdir.
8. Dəyişdirilmiş tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Vergilər Nazirliyinin 29 yanvar 2020-ci il tarixli **********098100 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və o 3 aylıq müddətinə sərəncama götürülmüş, daha sonra 1 may 2020-ci il tarixli **********468300 nömrəli əmrlə əvvəlki əmrin 21-ci bəndi ləğv edilmiş və iddiaçı vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmışdır. Bundan sonra, iddiaçı DVX-nin 22 yanvar 2021-ci il tarixli **********025100 nömrəli əmri ilə yenidən iddiaçı tutduğu vəzifədən azad olunaraq 3 ay müddətinə xidmətin sərəncamına götürülmüş, 14 aprel 2021-ci il tarixli **********326400 nömrəli və 17 iyul 2021-ci il tarixli **********671500 nömrəli əmrlər ilə sərəncamda qalma müddəti uzadılmış, sərəncamda olduğu müddət ərzində dövlət vergi orqanlarında uyğun vəzifəyə təyin edilməyin mümkünsüz olduğu üçün 6 dekabr 2021-ci il tarixli **********091400 nömrəli əmri ilə sərəncamdan çıxarılmış hesab edilmişdir. Göründüyü kimi, 29 yanvar 2020-ci il tarixdən 1 may 2020-ci il tarixinədək iddiaçı sərəncamda olmuş və 1 may 2020-ci il tarixli əmri ilə əvvəlki əmrin iddiaçıya aid bəndi ləğv edildiyi üçün həmin əmr iddiaçıya aid hissədə qüvvədən düşmüş hesab edilmişdir. İddiaçının yenidən işdən azad edilərək sərəncamına götürülməsinə əsas olan 22 yanvar 2021-ci il tarixli **********025100 nömrəli əmri, sərəncamda qalma müddətlərin uzadılması ilə bağlı 14 aprel 2021-ci il tarixli **********326400 nömrəli və 17 iyul 2021-ci il tarixli **********671500 nömrəli əmrlər, sonda isə sərəncamdan çıxarılmasına əsas olan 6 dekabr 2021-ci il tarixli **********091400 nömrəli əmr hazırda iddia tələbinin mahiyyəti təşkil etməlidir. Qeyd olunmalıdır ki, iddiaçı yenidən tutduğu vəzifədən 22 yanvar 2021-ci il tarixdən azad edilməsinə baxmayaraq sonuncu həmin əmrin məzmunu ilə tanış edilməmiş və sözügedən əmrin surəti və əmək kitabçası ona rəsmi qaydada təqdim edilməmişdir. Ümumiyyətlə iddiaçı 1 may 2020-ci il tarixli əmr ilə tutduğu vəzifədən kənarlaşdırıldığından sonra qəbul edilən əmrlərdən məlumatlı olmamışdır. Yalnız 2022-ci illin aprel ayında DVX-nin müvafiq inzibati binasına yaxınlaşaraq əmək kitabçasını götürərək buna dair imza atdıqdan sonra hazırda mübahisələndirilən və işdən azad edilməsi, sərancamda saxlanılması və sərəncamdan çıxarılması barədə əmrlərin mövcudluğundan məlumatı olmuş və qanunla nəzərdə tutulmuş müddət ərzində vaxtında məhkəməyə müraciət etmişdir. İddiaçının işdən azad edilərək sərəncamına götürülməsinə əsas olan 22 yanvar 2021-ci il tarixli **********025100 nömrəli əmri, sərəncamda qalma müddətlərin uzadılması ilə bağlı 14 aprel 2021-ci il tarixli **********326400 nömrəli və 17 iyul 2021-ci il tarixli **********671500 nömrəli əmrlər, sonda isə sərəncamdan çıxarılmasına əsas olan 6 dekabr 2021-ci il tarixli **********091400 nömrəli əmrlə bağlı mübahisəli, yəni iddiaçıya əmrlərin təqdim və ya elan edilməsi məsələsinə qiymət verərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin və inzibati prosessual qanunverciliyin tələblərinin əlaqəli təhlil edilməsi zəruri hesab edilir. İlk olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də məsələ hər hansi bir qaydada tənzimlənməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsində aşağıdakı qayda müəyyən olunmuşdur: 2-ci bəndinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddələrin tələbləri onu ehtiva edir ki, dövlət qulluqçularına münasibətdə əmək qanunvericiliyin tələbləri o halda tətbiq edilir ki, əgər onların hüquqi statusunu tənzimələyən normativ hüquqi aktlarda, o cümlədən əmək hüquqlarına dair münasibətlər tam əhatə edilməmişir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətlərinə dair qaydalar aşağdakı kimi müəyyən edilmişdir: 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə - bilə qəsdən pozulduğu gündür. Maddələrin tələblərindən göründüyü kimi, işçinin əmrinin, əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) aldığı gün onun hüququnun pozulduğu gün hesab olunur və həmin gündən etibarən 30 təqvim günü ərzində həmin şəxs məhkəməyə müraciət edə bilər. Beləliklə, iddia müddətinin axımının başlanması günü - işçiyə əmrin, yaxud əmək kitabşasının, yaxud haqq-hesab sənədlərinin təqdim etdildiyi gün hesab olunmalıdır. Bununla yanaşı, yuxarıda əks olunmuş Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirlmişdir. Göründüyü kimi, məsələ sahəvi qanunvericiliyə münasibətdə inzibati qanunvericlikdə daha məhdud dairə çərçivəsində həll edilmişdir. Lakin məsələnin tənzimlənməsində sahəvi qanunvericliyin müddəaların tətbiq edilməsi üstünlüyü aşağıdakılardan irəli gəldiyi qeyd edilməlidir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -1.1-ci maddəsinə əsasən, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; -3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur; -3.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər; Maddənin tələbləri onu ehtiva edir ki, inzibati orqanlar onların fəaliyyətinə dair ilk olaraq xüsusi qanunları rəhbər tutmalı, inzibati icraata dair ümumi normaları isə xüsusi qanunları tamamlayan və ya onlara zidd olmayan halda tətbiq edə bilərlər. Yəni vergi orqanlarında xidmət keçməyə dair qanunverilikdə nəzərdə tutulmuş qaydalar xüsusi qanunveriliyə aid olduğundan imperativ xarakter daşıyır, ümumi normaların tətbiqi isə inzibati orqanın seçim hüququna aiddir. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq hesab edirik ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı müvafiq əmrin təqdim, elan edilmə günü ilə yanaşı, əmək kitabçasının, yaxud haqq- hesab sənədlərinin təqdim edildiyi gün də hesab olunmalıdır. Beləliklə, işdən azad edilməsi, sərəncamda saxlanılması və sərəncamdan çıxarılması barədə əmrlər iddiaçıya rəsmi qaydada təqdim edilməsə də, sonuncu əmək kitabçasını 2022-ci ilin aprel ayında rəsmi qaydada buna dair kitabda imza ataraq götürmüşdür ki, bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş 30 günlük müddət ötürülməmişdir. Cavabdehin etirazında güya iddiaçının sərəncamdan çıxarılma barədə məlumatın 15 dekabr 2021-ci il tarixli **********532400 nömrəli məktubla verildiyinə dair bildiririk ki, həmin məzmunda məktub iddiaçıya ümumiyyətlə çatdırılmamış və iddiaçı həmin məktubu almamışdır. Cavabdeh yalnız poçt göndərişinin göndərildiyinə və həmin məktubun geri qaytarılmadığna istinad etsə də, məktubun məhz iddiaçıya çatmasını təsdiq edən müvafiq sənəd və ya poçt xəbərnaməsini məhkəməyə təqdim etməmişdir. Daha sonra, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsaslansa da, həmin Qanunun 62.3-cü maddəsini nəzərə almamışdır. Belə ki, sözügedən Qanunun 62.2-ci maddəsində təsbit edilmişdir ki, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni Qanunun 62.3-ci göstərilmişdir ki, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını idd ia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, iddiaçı hazırda mübahisələndirdiyi əmrlərin almadığını iddia etdiyi üçün cavabdeh inzibati orqan həmin əmrlərin ona təqdim edilməsini sübut etməlidir. Bundan başqa, cavabdeh etirazında qeyd etmişdir ki, 6 dekabr 2021-ci il tarixdən, yəni iddiaçının sərəncamdan çıxarıldığı gündən sonra iddiaçı 10 və 15 mart 2022-ci il tarixlərdə ərizə və şikayətlər təqdim edərək işə bərpa olunmasını xahiş etmişdir ki, bununla da iddiaçının hazırda mübahisələndirdiyi işdən azad edilmə, sərəncamda saxlama və sərəncamdan çıxarılma əmrlərlər məlumatlı olması qənaətinə gəlmişdir. Halbuki, iddiaçının həmin ərizə və şikayətlərin məzmunlarına baxdıqda görünür ki, iddiaçının əsas şikayəti 1 may 2020-ci il tarixli müvəqqəti kənarlaşdırıması barədə əmrdəndir və həmin şikayət və ərizələrdə iddiaçının hazırda mübahisələndirdiyi işdən azad edilmə, sərəncamda saxlama və sərəncamdan çıxarılma əmrlərlərdən heç bir söz qeyd edilməmişdir. Göstərilənlərə əsasən hesab edirik ki, cavabdeh inzibati orqan iddiaçının hazırda mübahisələndirdiyi işdən azad edilmə, sərəncamda saxlama və sərəncamdan çıxarılma əmrlərin iddiaçıya qanunla nəzərdə tutulmuş qaydada təqdim etməmiş, həmin əmrlərin məzmunu ilə iddiaçını tanış etməmiş və bunu təksib edən heç bir tutarlı dəlil və sübut məhkəməyə təqdim edə bilməmişdir. Məsələnin mahiyyəti ilə bağlı bildiririk ki, “işdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” 22 yanvar 2021-ci il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək o, tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci bəndinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Qeyd edilir ki, iddiaçının digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması barədə məhkəməyə cavabdeh tərəfindən heç bir tutarlı sübut və dəlil təqdim olunmamış və iddiaçıya vergi orqanlarında digər vəzifəyə keçirilmə təklif edilməmişdir. Bu halın mövcudluğu mübahisəli 22 yanvar 2021-ci il tarixli əmrin iddiaçıya mübasibətdə ləğv edilməsi üçün kifayətdir. 22 yanvar 2021-ci il tarixli əmr iddiaçıya münasibətdə qanunsuz olduğu üçün ondan sonra iddiaçıya münasibətdə qəbul edilmiş sərəncamda qalma müddətlərin uzadılması ilə bağlı 14 aprel 2021-ci il tarixli və 17 iyul 2021-ci il tarixli əmrlər, sonda isə sərəncamdan çıxarılması ilə bağlı 6 dekabr 2021-ci il tarixli əmr də qanunsuzdur və nəticə etibarı ilə ləğv edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlirik ki, cavabdeh iddiaçının işdən azad olunmasına əsas olan əmr Əmək Məcəlləsinin və Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin tələbləri pozulmaqla qəbul edildiyindən, həmin əmr (inzibati akt) qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bundan başqa, bildirilir ki, iddiaçı yalnız ilk dəfə 29 yanvar 2020-ci il tarixdə işdən azad edilərkən ona son haqq-hesab ödənilmişdir. Həmin tarixdən 6 dekabr 2021-ci il tarixinədək ona əmək haqqı və ona əlavələr ümumiyyətlə ödənilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı 29 yanvar 2020-ci il tarixindən 1 may 2020-ci il tarixinədək iddiaçı sərəncamda, 1 may 2020-ci il tarixindən 22 yanvar 2021-ci il tarixinədək müvəqqəti kənarlaşdırmada, daha sonra 22 yanvar 2021-ci il tarixindən 6 dekabr 2021-ci il tarixinədək yenidən sərəncamda olmuş, lakin bu müddət ərzində heç bir əmək haqqı və yaxud digər ödənişlər almamışdır. Halbuki Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə göstərilmişdir ki, təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. Göründüyü kimi, qanunvericilik vergi orqanı vəzifəli şəxsinin sərəncamda qalmasını əmək haqqının saxlanılması ilə şərtləndirmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan normanın tələbləri kobud pozularaq iddiaçıya 29 yanvar 2020-ci il tarixindən 6 dekabr 2021-ci il tarixinədək olan müddət ərzində heç bir əmək haqqı ödənilməmişdir. Eyni zamanda “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41 -ci maddəsinə qeyd edilmişdir ki, xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırılıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir. İşin faktiki hallarından görünür ki, iddiaçı 1 may 2020-ci il tarixli əmri ilə işdən müvəqqəti kənarlaşdırılsa da, kənarlaşdırmanın nəticəsi olaraq onun barəsində hər hansı intizam tənbeh tədbiri görülməmiş və o yenidən işdən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar azad edilmişdir ki, bu hal da iddiaçının öz vəzifəsinə qayıtması kimi qiymətləndililməsinə əsas verir. Başqa sözlə desək, iddiaçı öz vəzifəsindən kənarlaşdırıldığı halda yenidən öz vəzifəsinə qaytarılır və sonra başqa əsasla, yəni təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar yenidən tutduğu vəzifədən azad edilir. Göründüyü kimi, belə olan halda ddiaçıya vəzifədən kənarlaşdırıldığı müddətə görə də ona əmək haqqı ödənilməlidir.
9. İddiaçı növbəti dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, ərizədə M.Ə.Əsədullayeva barəsində qəbul edilmiş xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında 06 dekabr 2021-ci il tarixli **********091400 nömrəli əmrin iddiaçıaya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi, iddiaçıya 29 yanvar 2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqının (əmək haqqında əlavələr, mükafatlar və digər ödənişlər daxil olmaqla) ödənilməsi kimi göstərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsindən imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən ərizə iddia tələbinin dəyişdirilməsinə səbəb olmur, əmək haqqı ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Belə ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin maddənin 2-ci hissəsinə əsasən Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
10. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı və onun vəkili dəyişdirilmiş iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçıya hər hansı digər vəzifə təklif edilməmişdir. Əksinə qeyd edilən dövrdə onun işə bərpa ilə bağlı Dövlət Vergi Xidmətinə və yuxarı inzibati orqan İqtisadiyyat Nazirliyinə çoxsaylı müraciətləri olmuşdur. Əlavə olaraq mövqeyini əsaslandıran Ali Məhkəmənin analoji iş üzrə qərarını məhkəməyə təqdim edir.
11. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsi və iddiaçıya digər vəzifə ilə bağlı təklif edilməsi məqsədəuyğun hesab edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
12. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.
14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
16. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
17. Cavabdeh qurum mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmr barədə məlumatın ona xx.xx.2021-ci il tarixdə göndərildiyini bildirsə də, etibarlı olaraq həmin əmrin iddiaçıya təqdim olunması müəyyən olunmur. Cavabdehin müvafiq məlumatın verilməsinə dair dəlili poçt bildirişinə deyil, ehtimala əsaslanır. İddiaçı əmək kitabçasını 2022-ci ilin aprel ayında imza edərək götürmüş, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərmiş, iddia ərizəsi məhkəmənin dəftərxanasında xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.
18. Çoxsaylı müraciətlərinin məzmununa əsasən iddiaçının əmrdən xəbərdar olması dəlilinə münasibətdə məhkəmə bildirir ki, iddiaçının xx.xx.2020-ci il tarixdən vəzifədən kənarlaşdırılmış olması işin mübahisəsiz halıdır. Qeyd edilən dövrdə iddiaçı rəhbər şəxslərə çoxsaylı müraciətlər ünvanlayaraq işə bərpa olunmasını xahiş etmişdir. Odur ki, qeyd edilən hal iddiaçının yekun xx.xx.2021-ci il tarixli əmrin ona təqdim olunmuş hesab edilməsi qənaətinə gəlməyə əsas vermir. Məsələn, ona ünvanlanan cavabların birində də (xx.xx.2020-ci il tarixli) qeyd edilmişdir ki, işə bərpa edilməyi barədə xx.xx.2020-ci il tarixli müraciəti ilə əlaqədar bildirilir ki, o, Vergilər Nazirinin xx.xx.2020-ci il tarixli **********468300 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci bəndinə əsasən müvəqqəti olaraq tutduğu vəzifədən kənar edilmişdir. Dövlət Vergi Xidmətinin rəhbərliyi tərəfindən barəsində müvafiq qərar qəbul edildikdə ona əlavə məlumat veriləcəkdir.
19. Odur ki, iddiaçı tərəfindən qanunla müəyyənləşdirilmiş müddət ötürülməmişdir.
20. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
21. xx.xx.2020-ci il tarixdən iddiaçı vəzifəsindən kənarlaşdırılmış, qeyd edilən müddətdə iddiaçıya münasibətdə (hüquqi nəticə yaratmayan) bir neçə əmr verilmiş, yekun olaraq mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrlə iddiaçının xidmətinə xitam verilmişdir.
22. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədən:
34. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək;
41. Xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir.
75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə;
23. Məhkəmə qeyd edir ki, iddiaçının ilkin olaraq qanunamüvafiq tədbirlərin görülməsi barədə Vergi Cinayətlərinin İbtidai Aradırıması Baş İdarəsinin rəisinin **********173500 nömrəli xidməti məruzəsi əsasında xx.xx.2020-ci il tarixli və daha sonra xx.xx.2020-ci il tarixli əmrlə vəzifədən kənarlaşdırılsa da (həmin xidməti məruzədə iddiaçının müxtəlif vergi ödəyicilərinə dair kommersiya təşkil edən məlumatları smartfon və digər üsullarla kənar şəxsə ötürüldüyü qeyd olunur), yekunda xidmətinə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verilməsi əsası ilə deyil, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmişdir.
24. Belə ki, Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrin 2-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********025100 saylı 22 yanvar 2021-ci il tarixli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 oktyabr 2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir.
25. Odur ki, məhkəmə əmrin qanuniliyinə məhz qeyd edilən əsasdan irəli gələrək qiymət verəcəkdir.
26. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi üçün əsaslar aşağıdakılardan ibarədir: -əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olmalı; - və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etməlidir.
27. Cavabdeh təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olmasını hər hansı şəkildə əsaslandırmamışdır, əksinə, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsinin və iddiaçıya digər vəzifə ilə bağlı təklif edilməsinin məqsədəuyğun olmadığını bildirmişdir.
28. Məhkəmə tərəfindən qeyd edilən dövr üzrə iddiaçıya münasibətdə qəbul edilən bütün əmrlər tələb olunmuş, təqdim edilmiş sənədlərə əsasən iddiaçıya vergi orqanlarında digər vəzifə təklif edildiyi, iddiaçının imtinası müəyyən edilmir.
29. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçıya vergi orqanlarında digər vəzifəyə keçirilmə təklif edilməmişdir.
30. Əlavə olaraq məhkəməyə təqdim edilən sənədlərə əsasən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində struktur dəyişiklikləri nazirin xx.xx.2021-ci il tarixli əmri əsasında aparılmış, digər məsələrlə yanaşı iddiaçının işlədiyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin strukturu təsdiq edilmişdir (Əmrin 5-ci bəndi). İddiaçının xidmətinə xitam verilənədək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Müvafiq struktur dəyişiklikliyi nəticəsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində digər idarələrlə yanaşı 56 ştat vahidindən ibarət bəyannamələr idarəsi yaradılmışdır. Struktur dəyişikliyinə qədər əvvəlki Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsindəki ştat vahidi haqqında məlumatın məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq həmin məlumat cavabdeh tərəfindən təqdim etməmişdir. İddiaçı bildirir ki, struktur dəyişikliyi nəticəsində ştat vahidlərinin sayında artım belə olmuşdur. Cavabdeh qeyd edilən dəlili təkzib etmir.
31. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
32. Cavabdeh mübahisələndirilən aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmiş, odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qanunsuz əlverişsiz inzibati akt olmaqla ləğv edilməlidir.
33. “İnzibati icraat haqqında” Qanundan: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
34. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci bəndinə əsasən, Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir.
35. Vəzifədən faktiki olaraq kənarlaşdırıldığı xx.xx.2020-ci il tarixdən iddiaçıya əmək haqqının ödənilməməsi işin mübahisəsiz halıdır.
36. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
37. İddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilərkən nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” 06 dekabr 2021-ci il tarixli **********091400 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilməklə xx.xx.2020-ci il tarixindən hesablanan məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva