Məhkəmə qərarları › İş №2-1(112)-8919/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8919/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8919/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «iddiaçının mərhum atasının ölüm haqqında akt qeydində düzəliş edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı «iddiaçının mərhum atasının ölüm haqqında akt qeydində düzəliş edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 3 iyul 1959-cu il tarixdə Ermənistan SSR Mehri rayonunda doğulmuşdur. Onun anası X2, atası isə X5r. X3 15 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Atasına şəxsiyyət vəsiqəsi alınan zaman, onun soyadı “Həsənov” kimi göstərilmişdir. Ölüm haqqında şəhadətnamədə də mərhum soyadı “Həsənov” qeyd edilmişdir. Əslindı isə mərhumun soyadı “Hüseynov” olmuşdur. Lakin iddiaçının ailəsi məlum hadisələrlə əlaqədar Azərbaycana gəldikdən sonra mərhumun doğum haqqında şəhadətnaməsini əldə edə bilməmişlər və onun Ermənistanda verilmiş pasportu əsasında sənədlərdə soyadı “Həsənov” kimi əks olunmuşdur. Bu ziddiyyətli sənədləşmə Ermənistanda pasport verilərkən qəsdən bu formada aparılmışdır. İddiaçının bacılarının doğum haqqında şəhadətnamələrində atanın soyadı “Hüseynov” qeyd edilmişdir. Müvafiq sənədləşmə işlərinin aparılması ilə əlaqədar iddiaçı mərhum atasının soyadının dəyişdirilməsi üçün ərizə ilə Cavabdehnə müraciət etmişdir. Həmin qurumdan alınmış imtina əsasında iddiaçı qohumluq faktının müəyyən edilməsi tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədən ona bildirilmişdir ki, məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Cavabdeh həmin düzəlişi aparmaqdan əsassız olaraq imtina etmişdir. İddiaçı hesab edir ki, iddiası əsaslıdır və cavabdehin imtinası qanunsuz sayılmaqla, Cavabdeh tərəfindən tərtib edilmiş 1 fevral 2022-ci il tarixli 103 saylı ölüm haqqında akt qeydində düzəliş edilərək mərhum X1 “Hüseynov” kimi göstərilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 2-ci maddələrinə, İPM-in 1.2, 2.2.3, 8.1.2, 34.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2015-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarlarına əsaslanaraq, Cavabdeh tərəfindən verilmiş qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 1 fevral 2022-ci il tarixli 103 saylı ölüm haqqında akt qeydində göstərilmiş X1 qrafasında mərhumum soyadının “Hüseynov”a dəyişdirilərək düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdilədiyini və iddianı müdafiə etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: (305.1.1) hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: (307.2.3) doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın - 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir; - 2-ci bəndinə görə aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 10-cu bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. - 13-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; - 14-cü bəndinə görə itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik normaları müraciət edən şəxsin doğum akt qeydində dəyişikliklərin aparılmasını doğum akt qeydinin mövcud olması ilə şərtləndirir. Hazırkı işin hallarına görə iddiaçı mərhum atası X7 Ermənistan Respublikasında doğulduğunu iddia edir və mərhumun doğum akt qeydinin həmin ölkədə tərtib olunduğu həm böyük ehtimallıdır, həm də bunu özü də təkzib etmir. Hər bir halda, mərhum X7 doğumu haqqında akt qeydinin Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində olmadığı müəyyən edilir. Məhkəmənin qənaətinə görə iddiaçı mərhum atası X7 doğum akt qeydi bərpa olunmadan, onun doğum akt qeydində dəyişikliklər edilməsi mümkünsüzdür. Doğum akt qeydinin bərpa olunmasına gəldikdə isə, iddiaçı iddia etdiyi xüsusatlarla əvvəlcə həmin məsələnin həlli ilə bağlı qeydiyyat şöbəsinə müraciət etməli, akt qeydinin bərpası inzibati icraat qaydasında və ya məhkəmə qaydasında doğumun qeyd edilmə faktı müəyyən edilməklə aparıldıqdan sonra akt qeydindəki düzəlişlər məsələsini qaldıra bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia üzrə işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 80, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar