Məhkəmə qərarları › İş №2-1(112)-8919/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8919/2024

27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8919/2024 27.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X8 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “cavabdehin 3-17-1/3-7-9486/2023, 3-17-1/3-3-15239/2023 və 3-17-1/3-3-62095/2023 saylı qərarlarının ləğv edilməsi, pensiya məbləğinin bərpa edilməsi, fond tərəfindən hesablanan geri qaytarılmalı məbləğin ləğv edilməsi, iddiaçının dövlət qulluğunda iş stajının 27 il 5 ay olmasını nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və kəsilmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İşin halları

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia qaldıraraq, əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehin 3-17-1/3-7-9486/2023, 3-17-1/3-3-15239/2023 və 3-17-1/3- 3-62095/2023 saylı qərarlarının ləğv edilməsi, pensiya məbləğinin bərpa edilməsi, fond tərəfindən hesablanan geri qaytarılmalı məbləğin ləğv edilməsi, iddiaçının dövlət qulluğunda iş stajının 27 il 5 ay olmasını nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və kəsilmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddianın əsaslandırılması

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində və X13 Komitəsində fasiləsiz olaraq müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əməyin təşkili, normallaşdırılması və əmək haqqı idarəsində aparıcı iqtisadçı, baş iqtisadçı vəzifəsində, xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixə kimi həmin idarədə rəis vəzifəsində, xx.xx.1986- cı il tarixdən xx.xx.1999-cu il tarixə kimi Azərbaycan Respublikası X13 Komitəsində Əməyin təşkili, əmək haqqı və sosializm yarışı şöbəsində rəis müavini vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixə kimi həmin idarədə Baş iqtisadçı, dövlət qulluğunun kiçik müşaviri vəzifəsində işləmişdir. 2005-ci ildə pensiya yaşının tamam olması ilə əlaqədar pensiyaya çıxmış, Dövlət qulluğunda iş stajı Azərbaycan Respublikası X10nin xx.xx.2024-cü il tarixli 9-3/2-K-245-xx-xx/2024 №li məktubu ilə verdikləri rəyə əsasən 27 il 5 aydır. 2023-cü ilin aprel ayına kimi pensiyanı normal alırdı, həmin müddətdə onun pensiyası dövlət qulluqçusu kimi 2554,13 manat olmuşdur. May 2023- cü il tarixdə iddiaçıya heç bir məlumat verilmədən pensiyası 600 manat azaldılaraq 1959,67 manat olmuşdur. Bu vəziyyət bu gündə eyni qaydada davam edir. Pensiyanın bu dərəcədə azaldılmasının səbəbini müəyyən etmək üçün Əmək və Əhalinin Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın direktor müavinləri Elnur Qurbanov və Fuad Zalıyevin qəbulunda olmuş, hər iki müavin bildirmişdir ki, guya 2005-ci ildə mən pensiyaya çıxarkən əmək haqqını və dövlət qulluğunda iş stajını çox hesablayıblar. Bu səbəbdən də pensiyası azaldılmışdır. Mərkəzi filialın mütəxəssisləri tərəfindən iddiaçının pensiyası yenidən hesablanarkən şöbə müdirinin müavini kimi nəzərə alınıb və vəzifə maaşı 1270 manat müəyyən ediblər. İddiaçı onlara sübut edə bilməmişdir ki, bu qaydada hesablama aparmaq tamamilə səhvdir. İddiaçı 2005-ci ildə pensiyaya çıxarkən pensiyasının hansı qaydada hesablanıbsa həmin sənədləri onlara təqdim etsə də heç bir əhəmiyyət vermədilər. İddiaçının artıq 81 yaşı var, iki dəfə açıq ürək əməliyyatı keçirmiş, hazırda həkim nəzarətində yaşayır. 5-6 adda dərman vasitələri qəbul edir. İddiaçı göstərilənlər əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı)

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 391-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi 25 iyun 2023-cü il tarixində daxil olmuş müraciətindən 3 il geri dövr üzrə məhdudlaşdırılmaqla yenidən hesablanıb və nəticədə məlum olmuşdur ki, 25 iyun 2020-cı il tarixində iddiaçının vaxtılə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1270.00 manat, qulluq stajına görə əlavə 302,64 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 190,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 84,67 manat olmaqla orta aylıq əmək haqqı 1947,81 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20 11 2-ci maddəsinə əsasən 25 ıl 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1947,81 manat) 80 faizi-1558,25 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2024,36 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr ərzində iddiaçıya 14076,52 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26 4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 1714,08 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1966,04 manata artırılıb. Qeyd olunanlara əsasən, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ümumilikdə 19660,40 manat əmək pensiyası ödənilməli olduğu halda, 22130,89 manat ödənilib. Buna görə də iddiaçıya həmin dövr üzrə 2470,49 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, iddiaçının pensiyası üzrə ona son üç il üçün ümumilikdə 16547,01 (14076,52+2470,49) manat artıq pul vəsaiti ödənmişdir. Maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 559,33 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 559,33 manat pul vəsaitinin 515,83 manatı cari ilin avqust, sentyabr və oktyabr aylarında hissə-hissə iddiaçının əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilib. Maddi yardım üzrə artıq ödənilmiş qalıq vəsait 43,50 manat təşkil edir. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. İnzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə cavabdehin əleyhinə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra cavabdeh tərəfindən həmin şəxslər barəsində inzibatı icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni cavabdeh əleyhinə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibatı orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Sözügedən işlərdə məhkəmə müdaxilənin qanuniliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izaharları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazda göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər.

9. Hazırda iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar:

Azərbaycan Respublikası X10nin iddiaçıya ünvanladığı 6 fevral 2024-cü il tarixli, 9-3/2-K- 245-xx-xx/2024 saylı məktubunda bildirilmişdir ki: Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması SiyahısTnın 1-ci və 2- ci bəndlərinə əsasən aparılmışdır. İddiaçının 1986-1989-cu illərdə Azərbaycan SSR X13 Komitəsində iş müddətinizlə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Təqdim edilən Azərbaycan SSR X13 Komitəsinin 31 yanvar 1986- cı il tarixli 130 nömrəli Əmrinə əsasən Siz X1, sosial və iqtisadi inkişaf Baş idarəsinin Əməyin təşkili, əmək haqqı və sosializm yarışı şöbəsində rəis müavini vəzifəsində çalışmışdır. İddiaçının 1989-1991-ci illərdə Azərbaycan SSR X13 Komitəsinin Baş plan-iqtisadiyyat idarəsində rəis müavini vəzifəsində iş müddəti ilə bağlı, Azərbaycan SSR Nazirlər Sovetinin 6 yanvar 1989-cu il tarixli 11 nömrəli Qərarı ilə X7 strukturu təsdiq edilmişdir. Həmin strukturda Baş plan- iqtisadiyyat idarəsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən onun 1986-1989-cu illərdə Azərbaycan SSR X13 Komitəsinin X1, sosial və iqtisadi inkişaf Baş idarəsinin Əməyin təşkili, əmək haqqı və sosializm yarışı şöbəsində və 1989-1991-ci illərdə Baş plan-iqtisadiyyat idarəsində rəis müavini vəzifəsində iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 1995-ci il 28 fevral tarixli 137k nömrəli Əmrinə uyğun olaraq Nazirliyin mərkəzi aparatının yeni strukturu və ştat cədvəlinin təsdiq edilməsi ilə əlaqədar olaraq. O, 28 fevral 1995-ci il tarixdən Baş iqtisadiyyat idarəsinin Əmək haqqı və sosial məsələlər və istehlak fondunun müəyyənləşdirilməsi idarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Yuxarıda qeyd edilən Siyahının 2.9-cu bəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən iddiaçının 1995-1999-cu illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Baş iqtisadiyyat idarəsi Əmək haqqı və sosial məsələlər və istehlak fondunun müəyyənləşdirilməsi idarəsinin rəis müavini vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesabalanarkən nəzərə alınır. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasında əmək əmək fəaliyyətinə dair aparılmış qeydlərə əsasən iddiaçının dövlət qulluğunda qulluq stajınız 27 il 5 ay təşkil edir. Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin iddiaçıya ünvanladığı 10 avqust 2023-cü il tarixli, 3-22/2-K-3068/2-3222/2023 saylı “Vətəndaş müraciətinə baxılması haqqında” cavab məktubuna əsasən Kənd Təsərrüfatrı Nazirliyinin arxivində mühafizə olunan sənədlərə əsasən 1983-1989-cu illər üzrə əməkhaqqına dair arayış təqdim edilmişdir. İddiaçı 1983-1989-cu illər üzrə əmək haqqında dair arayışa əsasən, iddiaçı barəsində əmək haqqı cədvəli aşağıdakı kimi qeyd edilmişdir: 1983-cü il üzrə 1674.00; 1984-cü il üzrə 2328.64; 1985-ci il üzrə 2338.64; 1986-cı il üzrə 2926.93; 1987-ci il üzrə əməkhaqqı 2936.81, məzuniyyət 254.54; 1988-ci il üzrə əməkhaqqı 2968.74, məzuniyyət 261.75; 1989-cu il üzrə 540.00. Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin iddiaçıya ünvanladığı 21 noyabr 2023-cü il tarixli, 3-22/2-K-3068/2-4344/2023 saylı “Vətəndaş müraciətinə baxılması haqqında” cavab məktubuna əsasən Nazirliyin arxivində mühafizə olunun sənədlərə əsasən 1994-1999-cu illər üzrə əməkhaqqına dair arayış, Azərbaycan SSR X13 Komitəsinin 1986-cı il 31 yanvar tarixli 130 nömrəli və Kənd Təsərrüfatı Nazirliyinin 1999cu il 27 yanvar tarixli 26k nömrəli əmrlərindən çıxarışlar təqdim edilmişdir. İddiaçı 1994-1999-cu illər üzrə əməkhaqqına dair arayışa əsasən, iddiaçının 1994-1999cu illərə dair aylıq əməkhaqqı cədvəli aşağıdakı qaydada qeyd olunmuşdur: 1994-cü il üzrə əməkhaqqı 334150.00; 1995-ci il üzrə əməkhaqqı 767748.00, məzuniyyət 198510,00; 1996-cı il üzrə əməkhaqqı 804136.00, məzuniyyət 208826.00, digər əlavə 216000.00; 1997-ci il üzrə əməkhaqqı 1246003.00, məzuniyyət 8087.00, maddi yardım 199950,00; 1998-ci il üzrə əməkhaqqı 2175000.00, maddi yardım 362500.00; 1999-cu il üzrə əməkhaqqı 2588000.00, maddi yardım 107500,00. Azərbaycan SSR X13 Komitəsinin 31 yanvar 1986-cı il tarixli 130 nömrəli əmrindən çıxarışa əsasən, Ləğv edilmiş nazirliklər və idarələrdən köçürmə yolu ilə aşağıdakı vəzifələrə təyin edilsinlər: 1) X3, Sosial-İqtisadi İnkişaf Baş idarəsinin plan iqtisadiyyat idarəsi; 2) X2, Sosial - İqtisadi inkişafı Baş idarəsinin əməyin təşkili, əmək haqqı və sosializm yarışı şöbəsi; İddiaçı - Əməyin təşkili, əmək haqqı və sosializm yarışı şöbəsinə rəis müavini. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 1999-cu il 27 yanvar tarixli 26 k nömrəli əmrindən çıxarışa əsasən, İddiaçı Məhəmməd oğlu - Baş iqtisadiyyat idarəsi Əmək haqqı, Sosial məsələlər və İstehlak fondunun müəyyənləşdirilməsi idarəsinin rəis müavini, 27 yanvar 1999-cu il tarixdən tutduğu vəzifədən azad edilməklə köçürmə yolu ilə İqtisadiyyat və Proqnozlaşdırma Baş idarəsi İstehsalın və Sosial inkişafın iqtisadiyyatı, proqnozlaşdırılması və Aqrar siyasətin tənzimlənməsi idarəsinin baş iqtisadçısı vəzifəsinə təyin edilsin. Əmək haqqı ştat cədvəlinə əsasən ödənilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 22 fevral 2024-cü il tarixli, 3-17-1/2-K-41240/2/2024 saylı “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubuna əsasən bildirilmişdir ki, aparılan araşdırma nəticəsində pensiya məbləği 2023-cü ilin noyabr ayından qanunvericiliyə uyğunlaşdırılaraq 1966,04 manat məbləğində müəyyən edilib, həmçinin iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla son üç il üzrə ümumillikdə 16547,01 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Eyni zamanda, 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyası cari ayda 2186,24 manata artırılıb, həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 220,20 manat fərq məbləği hesablanıb, həmin 220,20 manat fərq məbləği iddiaçıya məhdudlaşdırılaraq artıq ödənilmiş 16547,01 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 16326,81 manat artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş edilmişdir. Bundan başqa, iddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 559,33 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyanızdan hissə-hissə çıxılmaqla büdcəyə bərpa edilib. Əlavə olaraq, əmək pensiyanızın yenidən hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında sizə 14 noyabr 2023-cü il tarixli 3-17-1/2-K-264086/2023 nömrəli və 26 dekabr 2023-cü il tarixli 3- 17-1/2-K-306410/2023 nömrəli məktublarla məlumat verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 14 noyabr 2023-cü il tarixli, 3-17-1/2-K-264086/2023 saylı “Artiq ödənilmiş pul vəsaiti haqqında” məktubuna əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişin 25 iyun 2023-cü il tarixində daxil olmuş müraciətindən 3 il geri dövr üzrə məhdudlaşdırılmaqla yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 25 iyun 2020-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1270,00 manat, qulluq stajına görə əlavə 302,64 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 190,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 84,67 manat olmaqla orta aylıq əmək haqqı 1947,81 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiya “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1947,81 manat) 80 faizi-1558,25 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2024,36 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr ərzində iddiaçıya 14076,52 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 1714,08 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1966,04 manata artırılıb. Qeyd olunanlara əsasən, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ümumilikdə 19660,40 manat əmək pensiyası +ödənilməli olduğu halda, 22130,89 manat ödənilib. Buna görə də ona həmin dövr üzrə 2470,49 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, pensiya üzrə iddiaçıya son üç il üçün ümumilikdə 16547,01 (14076,52+2470,49) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılğı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyini xahiş olunur. Əlavə olaraq, maddi yardım üzrə 2022-ci il üçün sizə 559,33 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 559,33 manat pul vəsaitinin 515,83 manatı cari ilin avqust, sentyabr və oktyabr aylarında hissə-hissə əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilib. Maddi yardım üzrə artıq ödənilmiş qalıq vəsait 43,50 manat təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 28 noyabr 2023-cü il tarixli, 3-17-1/2-K-278394/2023 saylı məktubuna əsasən, iddiaçının əmək pensiyası üzrə ötən dövr üzrə ona ödənilmiş pul vəsaitləri haqqında müvafiq cədvəl təqdim edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 26 dekabr 2023-cü il tarixli, 3-17-1/2-K-306410/2023 saylı “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubuna əsasən bildirilmişdir ki, aparılan araşdırma nəticəsində pensiya məbləğinin cari ilin noyabr ayından qanunvericiliyə uyğunlaşdırılaraq 1966,04 manat məbləğində müəyyən edilib, həmçinin ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla son üç il üzrə ümumilikdə 16547,01 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında sizə 14 noyabr 2023-cü il tarixli 3-17-1/2-K-264086/2023 nömrəli məktubla ətraflı məlumat verilib. Bununla əlaqədar artıq ödənilmiş 16547,01 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuş, eyni zamanda, iddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 559,33 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyanızdan hissə-hissə çıxılmaqla büdcəyə bərpa edilib. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 9486/2023 saylı qərarına əsasən, İddiaçı hazırki pensiya məbləği 2.554 manat, 13 qəpik, yenidən hesablanmış pensiya məbləği 1.959 manat, 67 qəpik göstərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 15239/2023 saylı qərarına əsasən, İddiaçı hazırki pensiya məbləği 1.959 manat, 67 qəpik yenidən hesablanmış pensiya məbləği 2.011 manat, 78 qəpik göstərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 62095/2023 saylı qərarına əsasən, İddiaçı hazırki pensiya məbləği 2.011 manat, 78 qəpik, yenidən hesablanmış pensiya məbləği 1.966 manat, 04 qəpik göstərilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında inzibati icraat materialları və pensiya işinin əsli məhkəməyə təqdim olunmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2006-cı ildə xüsusi şərtlərlə yaşa görə əmək pensiya təyin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1588/15 saylı, xx.xx.2015-ci il tarixli Qərarı ilə, iddiaçıya hakimiyyət səlahiyyətlərinin icrasına görə verilən 15 faiz əlavə haqqın nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranan fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMF Yasamal rayon şöbəsinə həvalə edilmişdir. 2023-cü ilin may ayında cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya məbləğinin yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-15239/2023 saylı qərar qəbul edilmiş və pensiya məbləği azaldılmışdır. Daha sonra iddiaçı müvafiq ərizələr ilə dövlət orqanına müraciət etmiş və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-15239/2023 saylı qərarı ilə pensiya məbləği artılırmışdır. Oktyabr 2023cü il isə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-62095/2023 saylı qərarı qəbul edilmiş və pensiya məbləği 1.966 manat, 04 qəpikə azaldılmışdır. İddiaçı cavabdeh inzibati orqan tərəfindən barəsində qəbul edilmiş qərarların qanunsuz olduğunu hesab edərək, ləğv edilməsini, pensiya məbləğinin bərpa edilməsi və dövlət qulluğu üzrə stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

11. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 20.1. qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 21.1.qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 30.1. əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 39.1. əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

12. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi hər kəsə şamil edilən sosial təminat hüququ insanın əsas sosial-iqtisadi hüquqlarından biridir və sosial təminatın səviyyəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddəalara əsasən hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirməklə getdikcə daha da yüksəlməsi nəzərdə tutulur.

13. İşin faktiki hallarına əsasən isə iddiaçı əmək pensiyaları haqqında qanunvericiliyi ilə müəyyən edilmiş yaşa çatdığı üçün ona cavabdeh tərəfindən əmək pensiyasının məbləği müəyyən edilməklə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-9486/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 15239/2023 saylı və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-62095/2023 saylı qərarları ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış və 1.966 manat, 04 qəpikə məbləğində əmək pensiyası təyin edilmişdir. Qanunun tələblərinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalı olduğu halda, cavabdeh tərəfindən qəbul edilmiş qərarlarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmiş və əsaslandırılmamış inzibati aktlar qəbul edilmişdir.

14. Məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də “İnzibati icraat haqqında“ Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd hesab edir.

15. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının qanunvericiliyində cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın məbləğinin cavabdeh inzibati orqanın özü tərəfindən azaldılması, pensiya təyin edilən zaman sığorta stajı kimi qəbul edilmiş və sənədlərlə təsdiq edilmiş iş stajlarının sonradan nəzərə alınmaması və ya müddətinin az nəzərə alınması kimi norma nəzərdə tutulmamışdır.

17. Faktiki olaraq cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının azalması və DSMFa borc məbləğinin müəyyən edilməsi ilə nəticələnən “Əmək pensiyasının yenidən hesablanması haqqında ” aktların qəbul edilməsində ifadə olunan hərəkətləri həm “İnzibati icraat haqqında” və həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə zidd olmuşdur.

18. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində qanunverici imperativ qaydada müəyyən etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

19. İnzibati iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı pensiya məbləği cavabdeh tərəfindən yenidən hesablanmış, əmək pensiyasının məbləği 30 % -dək azaldılmış, bununla bağlı iddiaçının DSMF- yə 16547,01 manat məbləğində borcun yaranması barədə məlumat verilmişdir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçının inzibati icraatında iştirakı təmin edilməmiş, qəbul edilmiş inzibati akt ona təqdim edilməmişdir.

20. Bundan başqa qeyd edilməlidir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1588/15 saylı inzibati işi üzrə qəbul edilmiş xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıya hakimiyyət səlahiyyətlərinin icrasına görə verilən 15 faiz əlavə haqqın nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranan fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qeyd edilən məhkəmə qərarı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş (müvafiq məhkəmə instasiyalara şikayət verilməmiş), könüllü icra edilmişdir.

21. Məhkəmə cavabdehin yuxarıda sadalanan iddiaçıya münasibətdəki hərəkətləri ilə bağlı onu da qeyd edir ki, ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

22. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.

23. İnzibati hüquqda isə ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.

24. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Cavabdeh iddiaçının 2006-ci ildə təyin edilmiş əmək pensiyasını 17 il sonra yoxlamış, yenidən hesablayaraq, pensiya məbləğinin azaltmaq qərara qəlmiş, müvafiq inzibati aktı qəbul etmişdir. Halbuki əmək pensiyasının düzgün təyin edilməməsində, pensiya məbləğinin səhv hesablanmasında iddiaçının hər hansı bir təqsiri yoxdur.

25. Eyni zamanda məhkəmə iddiaçının dövlət qulluğunda iş stajının 27 il 5 ay olmasını nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasına görə iddiaçının dövlət qulluqu stajı (Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası X13 Komitəsində işlədiyi vəzifələrdə işləməsi) 27 il 5 ay təşkil edir. Əmək kitabçasında qeyd edilmiş vəzifələrin dövlət qulluğu stajı kimi nəzərə alınmasını X10 iddiaçıya ünvanladığı 6 fevral 2024-cü il tarixli, 9-3/2-K-245-xx-xx/2024 saylı məktubunda təsdiq etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu bəndinə əsasən, Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Belə ki, iddiaçı 1991-ci ilin oktyabr 18-dək (1977-1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində, 1986-1991-ci illərdə Azərbaycan Respublikası X13 Komitəsində) işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na uyğun olaraq dövlət qulluğu stajı kimi nəzərə alınmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, müvafiq səlahiyyətli inzibati orqan tərəfindən müvafiq pensiya işi ilə bağlı inzibati icraat çərçivəsində araşdırılma aparılarkən sosial ədalət prinsipi nəzərə alınmalıdır ki, bu prinsip hazırki mübahisə ilə bağlı dövlət qulluğunda uzun müddət çalışan şəxslərin pensiya hüquqlarının qorunması və müvafiq şəkildə dəyərləndirilməsinin vacibliyini əks etdirir. Sosial ədalət, həmçinin, cəmiyyətin inkişafını, iqtisadi və sosial bərabərliyi təşviq edir. Həmçinin, vətəndaşların pensiya təminatı ilə bağlı inzibati icraatın qanuni aparılması, pensiya sisteminin şəffaflığını, düzgünlüyünü və ədalətliyini təmin etmək üçün vacibdir. Bu, vətəndaşların pensiya hüquqlarını qorumaq, müraciətlərin düzgün icrasını, müvafiq sənədlərin qiymətləndirilməsini və qərarların qanuna uyğunluğunu təmin edir. Əlavə olaraq inzibati icraat, pensiya müavinətlərinin vaxtında və düzgün ödənilməsi, sosial müdafiə sisteminin effektlivliyini artıraraq vətəndaşların inzibati orqana olan etimadını artırır. 26.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Maddə 61.İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə görə cavabdeh inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

26. Hazırki mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş materialları ilə təsdiq olunmur.

27. Göründüyü kimi, cavabdeh tərəfindən “Əmək pensiyasının yenidən hesablanması barədə” qərarları (inzibati aktları) iddiaçıya münasibətdə sosial ədalət prinsipi nəzərə alınmadan qəbul edilmişdir.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətləri, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Belə olan halda iddiaçının iddiası əsaslı və qanunauyğun olduğu üçün təmin edilməlidir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 30.Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 31.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, cavabdehin 3-17-1/3-7-9486/2023, 3-17-1/3-3- 15239/2023 və 3-17-1/3-3-62095/2023 saylı qərarları ləğv edilməli, pensiya məbləği bərpa edilməli, borc kimi hesablanan geri qaytarılmalı məbləğ ləğv edilməli, iddiaçının dövlət qulluğunda iş stajının 27 il 5 ay olmasını nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və kəsilmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. 32.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

NƏTİCƏVİ HİSSƏ

33.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32, 34,68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-9486/2023, 3-17-1/3-3- 15239/2023 və 3-17-1/3-3-62095/2023 saylı qərarları ləğv edilsin. İddiaçı pensiya məbləğinin bərpa edilməsi, borc kimi hesablanan geri qaytarılmalı məbləğin ləğv edilməsi, İddiaçı dövlət qulluğunda iş stajının 27 il 5 ay olmasını nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və kəsilmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar