Məhkəmə qərarları › İş №2-1(112)-8920/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8920/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8920/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, iddiaçının vəkili X4 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxslər X11, X5 və X3) qarşı «yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxslər X11, X5 və X3) qarşı «yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» barədə iddia tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanda olan evin 1/4 hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən mülkiyyət hüquqi ilə iddiaçıya məxsusdur. Həmin evin mülkiyyətçisi onun mərhum mərhum atası X14 olmuşdur. Qulu Rzayev 20 iyul 2010-cu il tarixdə vəfat etdikdən sonra iddiaçı qardaşları Yafəs, Əliyusif və Elşən ilə birlikdə miras əmlakı qəbul edib həmin evdə yaşamışlar və hal-hazırda da yaşayırlar. 2014-cü ildə iddiaçı və qardaşı Əliyusif məhkəmə qaydasında paylarını müəyyənləşdirib hər biri evin 1/4 hissəsinə mülkiyyət hüquqi əldə etmişlər. Hal-hazırda Yafəs və Elşənin vərəsəlik hüququnun tanınması ilə bağlı dövlət notariusuna müraciət edilmişdir. Bu vaxt məlum olmuşdur ki, onları məlumatı və razılığı olmadan evə X11, X5 və X3 qanunsuz olaraq qeydiyyata alınmışlar. Onların qeydiyyatı formal xarakter daşıyır. Onlar bir gün də olsun həmin evdə yaşamamışlar. Bu fakt iddiaçının hüquqlarını həyata keçirməyə maneçilik törədir. Ona görə də adıçəkilən şəxslərin iddiaya məxsus evdən qeydiyyatdan çıxarılması zəruridir. İddiaçı həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Sabunçu RPİ-yə müraciət etmiş, lakin cavabdeh məsələnin həlindən imtina etmişdir. Cavabdeh məsələnin həllinin onun səlahiyyətinə aid olmadığını bildirmiş və bununla bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Göstərilənlərə və Azərbaycan respublikası Konstirusiyasının 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.4-cü maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə, İPM-in 2.2, 33, 35, 38.2-ci maddələrinə əsaslanaraq, X7, X2 və X1 ünvan 1 ünvanda yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı və onun vəkili gəlmişlər, cavabdeh tərəf və üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X10 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını xahiş etdi Məhkəmə iddiaçını və onun vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, 2 saylı ev daşınmaz əmlakın dövlət reyestrində 3/4 hissə X12, 1/4 hissə İddiaçı aid olmaqla paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 422762 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 11 iyul 2010-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu RİH başçısının Zabrat qəsəbəsi üzrə Nümayəndəliyinin 11 iyun 2021-ci il tarixli arayışından görünür ki, X11, X5 və X3 ünvan 1 ünvanda yerləşən evdə qeydiyyatdadırlar. İş materiallarında olan ünvan 2 ünvanında yaşayan X8, ev 4 ünvanında yaşayan X15 və ev 2 ünvanında yaşayan X6 tərəfindən imza ilə təsdiq edilmiş aktda aşağıdakılar qeyd edilmişdir: - Bu aktı tərtib və təsdiq edilir ondan ötəri ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 2-də yaşayan İddiaçı ilə uzun müddətdir ki, qonşudurlar. Onlara məlumdur ki, X11, X5 və X3 adlı şəxslər İddiaçı evində yaşamamışlar. İş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin İddiaçı ünvanlanmış 26 iyun 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Sabunçu RPİ-yə daxil olmuş ərizəyə baxılmışdır. Ərizədə qeyd edilən vətəndaşlar X7, X2 və X1 ünvan 1 ünvanda yerləşən evdən qeydiyyatdan çıxarılması Sabunçu RPİ QMB-nin səlahiyyəti daxilində deyildir. Qeyd olunan faktla əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət olunnası məqsədəmüvafiq hesab edllir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaramır. Lakin hazırkı işin hallarından məlum olur ki, üçüncü şəxslər X7, X2 və X1 İddiaçı paylı mülkiyyət hüququ ilə mənsub (digər mülkiyyətçi Qulu Rzayev vəfat etmişdir) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Cəfərov küşəsi, 2 saylı evdə hər hansı hüququ mövcud deyil və bunu təkzib edən xüsusatlar məhkəmə icraatında müəyyən edilmir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri Sabunçu RPİ tərəfindən aparılan inzibati icraatda qaldırılan məsələnin onun səlahiyyətinə aid olmaması səbəbini gətirməsi formal xarakret daşıyır və «İnzibati icraat haqqında» AR Qanununun 15, 17-ci maddələri ilə ziddiyyət təşkil edir. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən evdə üçüncü şəxslər X11, X5 və X3 yaşamadığından (bu hal cavabdeh tərəfindən isə təkzib olunmur) mənzilin mülkiyyətçisi kimi iddiaçının müraciəti əsasında həmin üçüncü şəxslərin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina olunması qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək ünvan 1 ünvanda yerləşən evdən üçüncü şəxslər X7, X2 və X1 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən evdən üçüncü şəxslər X7, X2 və X1 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar