Məhkəmə qərarları › İş №2-1(112)-8922/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8922/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8922/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun fərdi şəxsi hesabında 44739,45 manat kapitalın (72 aya bölünməklə) pensiyasının üzərinə əlavə edilməklə pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixində Azərbaycan Pircahan kəndində anadan olmuşdur. 20 ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi (mayor rütbəsində) hərbi xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabit, Prezident təqaüdçüsü, 2-ci dərəcə müharibə əlillidir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubleyi medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubleyi medalı ilə, 2011ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Mayor rütbəsində zabit kimi Xüsusi Təyinatlı, kəşfiyyat bölmələrində və xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X2, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərimizin yanında olmuşdur. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsi Xətai rayon 265 nömrəli tam orta məktəbdə hal-hazıradək hərbi rəhbər vəzifəsində işlədiyi üçün xx.xx.2024-cü il tarixə Fərdi şəxsi hesabında 44739,45 manat kapital yığılmışdır. Bu səbəbdən cavabdehə Fərdi şəxsi hesabında 44739,45 manat kapital yığımını nəzərə alaraq pensiyanın yenidən hesablanmaqla iddiaçının hər bir məbləğ ayrılıqda açıqlanmaqla və cəmi yazılmaqla (yəni vəzifə və rütbə maaşı, məharət dərəcəsinə görə əlavələr, ərzaq puluna görə əlavələr və xidmət illərinə görə əlavələr və sair) nə qədər pensiya almağı haqqında yazılı şəkildə iddiaçıya məlumat verilməsi barədə müraciət etmişdir, lakin cavabdeh Fərdi şəxsi hesabında 44739,45 manat kapital yığımını nəzərə alaraq pensiyanın yenidən hesablanması barədə müraciətinə imtina edilmişdir. Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.2-ci maddəsinə uyğun olaraq Mərkəzi Filial tərəfindən 12 fevral 2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilib. Əlilliyin etibarlılıq müddətinin 12 oktyabr 2021 -ci il tarixdə bitməsi ilə əlaqədar pensiya ödənişi 1 noyabr 2021-ci il tarixdən dayandırılıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" İİ dərəcə əlillik təyin olunub. Bununla əlaqədar olaraq, 2022-ci ilin iyul ayında təminat xərcliyinin (vəzifə maaşının 635,00 manat, rütbə maaşının 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 20 faizi miqdarında əlavənin 157,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin 95,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi 1101,25 manat) 80 faizi-881,00 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və müvafiq indeksləşdirmələr də nəzərə alınmaqla 1336,19 manat) məbləğində (1 noyabr 2021-ci il tarixindən hesablanmaqla) əlilliyə görə əmək pensiyası müəyyən edilərək ona ödənilir. İddiaçı fərdi şəxsi hesabında olan 43819,63 AZN pensiya kapitalını nəzərə almaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir, lakin hazırda əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən ona pensiya təyin edildikdən sonra işlədiyi dövr üzrə topladığı pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİD rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2014-cü il tarixli, 14/1614 nömrəli qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.16.2-ci maddələrinə müvafiq olaraq 2-ci qrup əlilliyə görə xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə kimi 431,37 manat pensiya təyin edilmişdir. İşdə olan Tibbi sosial ekspert komissiyasının qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2015-ci ildə Bakı şəhəri üzrə Təhsil İdarəsində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmişdir və hazırda həmin müəssisədə işləyir. İddiaçı hazırda ona əlilliyə görə pensiya təyin edildikdən sonra işləməsi nəticəsində yığılmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Əmək pensiyaları haqqında” Qanuna əsasən: -12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. -12.2. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir -13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. -13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır -13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. -37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; -37.3.2. əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına əsasən: -6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda (...). Sadalanan normalardan görünür ki, yaşa görə əmək pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işlədiyi dövrdə əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası yendiən hesablanaraq fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılmaqla yenidən hesablanır. Əlilliyə görə pensiya təyin edilmiş şəxslər isə yaşa görə əmək pensiyaçılarından fərqli olaraq, işləməkdə davam etdikdə pensiya təyin olunduqdan sonra onların fərdi hesabında toplanmış pensiya kapitalı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra yenidən hesablanaraq şəxsin əmək pensiyasına əlavə edilir. Hazırkı iş üzrə iddiaçı əlilliyə görə əmək pensiyası alan, eyni zamanda işləyən əmək pensiyaçısı olduğundan onun fərdi hesabının sığorta hissəsində toplanmış və istifadə olunmamış pensiya kapitalı əsasında pensiyasının yenidən hesablanması üçün hüquqi əsaslar yaranmamışdır. Belə olan halda cavabdehin iddiaçının pensiyasının hesablanmasından imtinası qanuni olmaqla iddiaçının qanunla nəzərdə tutulmuş hüquq və mənafeyinin pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar