Məhkəmə qərarları › İş №2-1(112)-8923/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8923/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8923/2022 12.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “a” məhəlləsinin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasında A4 korpusunun 2-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78.32 kv.metr olan mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********90 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin müraciətə əlavə edilmiş sənədlərdə mənzil barədə tam məlumat (mənzil nömrəsi) qeyd edilməmişdir. Bundan sonra iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 3078 A ünvanında inşa edilmiş yaşayış binasının A4 korpusunun 2-ci mərtəbəsində yerləşən 3 otaqlı, 4 saylı mənzilin onun adına dövlət reyestrində qeydiyyata alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, məhəllə 3078 A ünvanında yerləşən yaşayış binasının A4 korpusunun 2-ci mərtəbəsində yerləşən, faktiki sahəsi 127,3 kv.m. olan 3 otaqlı, 4 saylı mənzilinin onun adına dövlət reyestrində qeydiyyata alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanan 20 dekabr 2003-cü il müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş yaşayış binasının A4 korpusunun 2-ci mərtəbəsində yerləşən yaşayış sahəsi ona satılmış və həmin yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, məhəllə 3078 A ünvanında inşa edilmiş yaşayış binası dövlət qeydiyyatına alınmış və həmin binaya müvafiq ünvan verilmişdir. Həmin binanın tikintisi üçün torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ayrılmış, binanın tikintisi başa çatmış və bina istismara qəbul edilmişdir. Cavabdehin imtinasının əsası ondan ibarətdir ki, göstərilən yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Cavabdehin imtinası tam qanunsuz və əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə ilə "xxxx" MMC inşa etdiyi binadakı yaşayış sahəsini dəyəri ödənilməklə ona satmışdır. Ona görə də, həmin yaşayış sahəsi ilə bağlı "xxxx" MMC hər hansı hüququn sahibi deyil, dəyəri tam ödənildiyi üçün həmin sahəyə dair mülkiyyət hüququ ona keçmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli etirazda imtina məktubunda göstərilən dəlillərə istinad edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmiş, əlavə olaraq qeyd olunmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan başqa İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzilin sənəd üzrə sahəsi 138.97 kv.metr, faktiki sahəsi isə 127.3 kv.m-dir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanları müdafiə edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia yaşayış sahəsinə hüququn qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki: - İşdə olan xx.xx.2003-cü il tarixli, 178 nömrəli müqavilədən görünür ki, icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” məhəlləsinin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasında A4 korpusunun 2-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78.32 kv.metr olan mənzili alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin hər kv.metrinin dəyəri 200 ABŞ dolları həcmində qiymətləndirilməklə 27794 ABŞ dolları təşkil edir. - İşdə olan xx.xx.2003-cü il, xx.xx.2004-cü il, xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzlərinə əsasən İddiaçı müvafiq mənzilin dəyərini (135.352.400 manat) "xxxx" MMC-yə ödəmişdir. - Binəqədi-21 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı “Xudafərin MMC” tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən yeni yaşayış binasında A4 korpusu 2-ci mərtəbə, 3 otaqdan ibarət sahəsi 138.97 kv.metr olan, 4 saylı mənzilin ümumi dəyərini müqavilə üzrə tam ödəmişdir və borcu yoxdur. - Binəqədi-21 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəlləsində inşa edilmiş yaşayış binasında A4 korpusu 18 mərtəbədir. Hər mərtəbədə 3 otaqdan ibarət olmaqla 2 mənzil var. Müqaviləyə əsasən 3 saylı mənzil 145.11 kv.m, 4 saylı mənzil 138,97 kv.m-dən ibarətdir. 4 saylı mənzil İddiaçı məxsusdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********35 nömrəli məktubdan görünür ki, Binəqədi rayonu, X5 prospekti, 3078A ünvanında yerləşən binanın A4 korpusunun 2-ci mərtəbəsində olan 4 saylı mənzilin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən yaşayış binasının dövlət reyestrində yüklülüyü ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. - xx.xx.2020-ci il tarixli, 350 nömrəli istismara icazə sənədindən görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş 8 girişli çoxmərtəbəli yaşayış binasının istismarına icazə verilmiş, sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) kimi "xxxx" MMC göstərilmişdir. - İşdə olan xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsində yerləşən yeni yaşayış binasında A4 korpusunda yerləşən 4 saylı mənzilin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78.32 kv.m, faktiki sahəsi isə 127.3 kv.m, yaşayış sahəsi isə 72.1 kv.metrdir. İddiaçı hazırda həmin mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, xx.xx.2003-cü il tarixli 178 nömrəli müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Belə ki, əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük veriməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). İşin yuxarıda sadalanan hallarına əsasən aydın olur ki, mübahisəli mənzilin tikintisinin sifarişi üzrə xx.xx.2003-cü il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında müqavilə bağlanmışdır. Binanın tikintisi sonradan tam şəkildə başa çatdırılmışdır. Bu da iddiaçının kooperativ üzvü kimi hərəkət etdiyini, yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyini göstərir. Belə olan halda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1 və 8-ci maddələri ilə tələb olunan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının təqdim olunmamasının məsuliyyəti iddiaçıya aid edilə bilməz. İş materialları ilə iddiaçının mübahisəli mənzilin dəyərini tam şəkildə podratçı təşkilata ödəməsi də öz təsdiqini tapır. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(005)-3179/2012 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və qeyrilərinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin məcburi icra olunması və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilən çoxmərtəbəli yaşayış binasında iddiaçılara məxsus mənzillərin tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq təhvil verilməsinincavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qətnamədə məhkəmə qeyd etmişdir ki, “...İddiaçıların təqdim etdikləri müqavilələrdən və ödəniş qəbzlərindən məlum olur ki, onlar müqavilədə nəzərdə tutulmuş məbləğləri tam olaraq ödəmişlər.” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-3179/2012 saylı məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(005)-3179/2012 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2013cü il tarixli 2(103)-1117/2013 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və 13 iyun 2013-cü il tarixdə qanuni qüvvəsini almışdır. Eyni zamanda işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(101)-340/15 saylı hökmündən görünür ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin inşa etdiyi yaşayış binasının A-4 korpusunun 2-ci mərtəbəsindən 3 otaqdan ibarət ümumi sahəsi 138,97 kv.metr təşkil edən mənzilin alınmasına görə 1 kv.metri 200 ABŞ dolları olmaqla xx.xx.2003-cü il tarixdə Anar Məmmədova ümumilikdə 27794 ABŞ dolları pul verərək 178 nömrəli müqavilə imzalamışdır. Hazırda mənzilində təmir işləri görür, heç bir tələbi yoxdur. Beləliklə, göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının mübahisəli mənzili aldığı və dəyərini podratçı təşkilata ödədiyi müəyyən edilmişdir. Buna görə də göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı iş üzrə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilə iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Cavabdehin istinad etdiyi yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mənzilə mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilə ilə "xxxx" MMC inşa etdiyi binadakı mənzili dəyərini almaqla satmışdır. Ona görə də həmin mənzilə dair "xxxx" MMC hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün mənzilə mülkiyyət hüququ müqaviləyə əsasən iddiaçıya keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, məhəllə 3078A ünvanında yerləşən yaşayış binasının A4 korpusunun 2-ci mərtəbəsindəki faktiki sahəsi 127,3 kv.metr olan 3 otaqlı, 4 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar