Məhkəmə qərarları › İş №2-1(112)-8927/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8927/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8927/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X28 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X10 işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakışəhəri, N.Vəzirovküçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X10 işə cəlb edilməklə xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanından X10 və yetkinlik yaşına çatmayan X7, X2 və X16 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov (keçmiş Məmmədəli Şərifli) küçəsi, ev 48, mənzil 424-ün mülkiyyətçisidir. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən X10 və yetkinlik yaşına çatmayan X17, X9 və X23 Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadırlar. Onlar mənzildə yaşamırlar və orada heç bir əşyaları yoxdur. Lakin, buna baxmayaraq, üçüncü şəxs X10 və yetkinlik yaşına çatmayan X17, X3 və X23 Bakı şəhəri, ünvan 1-də formal olaraq qeydiyyatda qalmışlar. Bakı şəhəri, ünvan 1 onun mülkiyyətindədir. Üçüncü şəxsin və yetkinlik yaşına çatmayanlar onun mülkiyyətində olduğu mənzildə qeydiyyatda olmalarına baxmayaraq, mənzili tərk etmişlər və göstərilən mənzildə yaşamırlar. Bütün bu müddət ərzində o, onlara qeydiyyatdan çıxması barədə müraciət etdikdə, onlar müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmaqdan boyun qaçırmışlar. Beləliklə, onlar formal olaraq qeydyyatda qalmışlar. Mülkiyyət barədə çıxaraışa əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov (keçmiş Məmmədəli Şərifli) küçəsi, ev 148, mənil 424-ün mülkiyyətçisi odur. Belə ki, onların mülkiyyətində olan mənzildə formal da, olsa, qeydiyyatda qalması mülkiyyətçi kimi hüquqlarını kobud surətdə pozur və onun həmin əmlak üzərində sərəncam hüquqlarının həyata keçirilməsinə maneə olur. O, onların qeydiyyatdan çıxarılması barədə Bakı şəhəri Nizami rayon Polis İdaərsinə ərizə ünvanlamış, lakin, ərizəsinə müsbət cavab verilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəməyə gəlməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı, məhkəməyə yazılı ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə 27.08.2021-ci il tarixli, 087-23577-1221 nömrəli məktub ünvanlayaraq iş üzrə məhkəmə qərarı çıxarılaraq icraya yönəldiləcəyi təqdirdə tərəflərindən icra olunacağı bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının, cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18.05.2021-ci il qeydiyyat tarixli, **********99-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 30.70 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan 5 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, 15.07.2021-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında 03.07.1976-cı il təvəllüdlü X10, 07.09.2006-cı il təvəllüdlü X14, 27.08.2007-ci il təvəllüdlü X3, 03.02.2018-ci il təvəllüdlü X23 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 13.07.2021-ci il tarixli, 087-17779C-3221 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, şəxs yaşayış yeri üzrə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin müvafiq müddəalarında nəzərdə tutulmuş hallarda çıxarılır. X6 və qeyrilərinin ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur. İşdə olan Bakı şəhəri 52 saylı notariat ofisində rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli, 07.05.2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı X11 tam mülkiyyət üzrə ona məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 26 kv.m olan 2 otaqlı mənzili alıcı İddiaçı satmışdır. Müqavilənin 13cü bəndinə əsasən X12 07.07.2021-ci il tarixinədək sözügedən mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri 52 saylı Notariat ofisi tərəfindən təqdim edilmiş satıcı X11 ilə İddiaçı arasında bağlanmış 07.05.2021-ci il tarixli alğısatqı müqaviləsi ilə bağlı notariat işinin təsdiq olunmuş surətindən müəyyən edilir ki, tərəflər arasında sözügedən alğı-satqı müqaviləsi bağlanılarkən, notariat işində 12 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş may 2021-ci il tarixli, 470 saylı Forma 2 arayışında X4 başqa, mübahisəli ünvanda heçkimin qeydiyyatda olmaması göstərilsə də, “Elektron notariat” X1 Yaşayış yeri üzrə qeydiyyatda olan şəxsslərə dair məlumatlardan çıxarışdan müəyyən edilmişdir ki, həmin ünvanda 03.07.1976-cı il təvəllüdlü X10, 07.09.2006cı il təvəllüdlü X14, 27.08.2007-ci il təvəllüdlü X3, 03.02.2018-ci il təvəllüdlü X23 və 08.01.1980-ci il təvəllüdlü X15 qeydiyyatda olmuşlar. Onlardan yetkinlik yaşına çatmış 03.07.1976-cı il təvəllüdlü X10 və 08.01.1980-ci il təvəllüdlü X15 notarial qaydada razılıq ərizələri təqdim edərək, mübahisəli mənzilin satılmasına etiraz etməmişlər. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə mənzilin əvvəlki mülkiyyətçisi X11 ilə hazırki mülkiyyətçisi İddiaçı aralarında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 07.05.2021-ci il tarixli “Daşınmaz əmlakın Alqı-satqı Müqaviləsi”-nə əsasən Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etdiklərindən, yəni, satıcı öz əmlakını alıcıya satdığından, alıcı isə həmin əmlakın dəyərini ona ödədiyindən və satıcı da, qəbul etdiyindən, bununla da, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verildiyindən, hazırda həmin mənzildə əvvəllər qeydiyyatda olmuş, mənzildə yaşamayan, yaşayış sahəsinə istifadə və əmlak hüquqları olmayan, 03.07.1976-cı il təvəllüdlü X10, 07.09.2006-cı il təvəllüdlü X14, 27.08.2007-ci il təvəllüdlü X3 və 03.02.2018-ci il təvəllüdlü X16 qeydiyyatına, yeni mülkiyyətçi İddiaçı inzibati orqana müraciəti əsasında xitam verilməli idi. Məhkəmə eləcə də, qeyd edir ki, sözügedən alğı-satqı müqaviləsi rəsmiləşdirilən zaman da, Müqavilənin 13-cü maddəsinə əsasən X11 07.07.2021-ci il tarixədək qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh inzibati orqan isə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçı həmin şəxslərin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X5 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X18 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 03.07.1976-cı il təvəllüdlü X10, 07.09.2006-cı il təvəllüdlü X14, 27.08.2007-ci il təvəllüdlü X3 və 03.02.2018-ci il təvəllüdlü X16 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar