Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8928/2022 02.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Vəliyyət oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fonduna qarşı “pensiyanın təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən 07 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini və ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:
1. İşlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulması. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulması səbəbi ilə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa mübahisələndirilən vəzifələrin Siyahıda nəzərdə tutulub-tutulmadığına qiymət verilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarına əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaş həddi 65 yaşdır. Məhkəmə qeyd edir ki, hazırda kişilərin pensiya yaşı 65 yaş olduğundan, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 3 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Məhkəmə qeyd edir ki, iddiaçının 60 yaşınadək ümumi iş stajının nə qədər olması əmək kitabçasında olan qeydlər əsasında müəyyən edilir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, əksinə əmək kitabçası olmadıqda işəgötürənin arayışı əsasında müəyyən edilməsini şərtləndirmişdir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək çəkməci; (09 ay 22 gün) -xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək operator ; (01 il 08 ay 09 gün) -xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək fəhlə, çəkməci; (06 il 06 ay 19 gün) -xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək çəkməci; (02 il 05 ay 07 gün) -xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək gözətçi; (02 il 01 ay 20 gün) -xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək fəhlə; (01 il 04 ay 02 gün) -xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək fəhlə; (01 il 02 ay 02 gün) -xx.xx.2000-ci il tarixdən yol monyoru, xx.xx.2008-ci il tarixdən yol fəhləsi, xx.xx.2014-cü il tarixdən hal-hazıradək yol montyoru işləmişdir. (xx.xx.2022-ci il tarixədək – 21 il 08 ay 10 gün) Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlə yanaşı iddiaçının hərbi xidmət müddəti də pensiya təyinində nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur ki, həmin müddət ümumilikdə 02 il 01 ay 05 gün təşkil edir. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu, həmçinin əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun 60 yaşı tamam olduğu vaxtadək ümumi iş stajı 25 ildən (xx.xx.1979-xx.xx.1980; xx.xx.1980xx.xx.1982; xx.xx.1982-xx.xx.1984; xx.xx.1984-xx.xx.1990; xx.xx.1990-xx.xx.1993; xx.xx.1994- xx.xx.1996; xx.xx.1997-xx.xx.1999; xx.xx.2000-xx.xx.2022 = 39 il 11 ay 07 gün) çox təşkil edir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonraki dövrlər üzrə məcburi sosial sığorta haqlarının ödənilibödənilməməsi mübahisə predmetini təşkil etmir. Bu səbəbdən də həmin dövrlər ümumi sığorta stajına daxil edilməlidir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun işlədiyi yol fəhləsi və yol montyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nöməli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın Nəqliyyat bölməsinin Metropolitenlər bəndinin yalnız gecə vaxtlarda tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndinə aid olmadığını əsas gətirmişdir. Halbuki, iddiaçının işlədiyi vəzifənin Siyahıda nəzərdə tutulmuş vəzifəyə uyğunluğu "xxxx" QSC tərəfindən təqdim olunmuş güzəştli arayışda öz təsdiqi tapmışdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş son güzəştli arayışda qeyd olunmuşdur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2000-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol fəhləsi (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraitində) peşəsində çalışmışdır. xx.xx.2014-cü il tarixindən halhazıradək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yol xidmətində yol montyoru (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli iş şəraiti) peşəsində işləyir. İddiaçı xüsusi zərərli əmək şəraitində əmək stajı 21 il 11 ay 17 gün (iyirmi bir il on bir ay on yeddi gün) (xx.xx.2022-ci il tarixinə) təşkil edir. Bundan başqa sorğuya cavab məktubunda (güzəştli arayışda) yol montyoru - yol fəhləsi hesab edildiyi, gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 2 330-dan 0530-dək) yol montyorunun əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə Ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verildiyi göstərilmişdir. Həmçinin qeyd olunmuşdur ki, metropolitendə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə qiymətləndirilən peşələrin ən yüksək zərərlilik faizi 24 % təşkil edir. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində yol montyoru peşəsinin əmək prosesinin ağırlıq və gərginlik göstəriciləri, istehsalat mühitinin təhlükəli və zərərli amilləri qiymətləndirilmiş və yol montyoru peşəsinə 24% zərər müəyyən edilmişdir Göründüyü kimi, "xxxx" QSC iddiaçının güzəştli iş stajının xx.xx.2022-ci il tarixə 21 il 11 ay 17 gün təşkil etdiyi bildirərkən, İddiaçı "xxxx" QSC-də işlədiyi dövrün gecə növbəsini əhatə etdiyini qəbul etmiş, işlədiyi vəzifənin isə 24% zərəli əmək şəraiti təşkil etdiyini göstərmişdir. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21 Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində güzəştli pensiya hüququ verən vəzifələr aşağıdakilardı: Yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: -metropoliten müəssisələrinin briqadirləri -drezinaların sürücüləri -Drenajçılar -hidroqaldırıcıların maşinistləri -zumif aqreqatlarının maşinistləri -daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri -geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər -dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər) -bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri) -qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri. Göründüyü kimi, metropoliten sahəsində yalnız gecə növbəsində işləyən və Siyahıda nəzərdə tutulmuş vəzifəni icra edən əməkdaşların güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranır. Qeyd olunmalıdır ki, iddiaçının iş növbəsinin 50%-dan çox hissəsinin gecə növbəsi olması təkzib olunmazdır. Lakin, nəzərə alınmalıdır ki, iddiaçının həmin dövrlərdə icra etdiyi əmək funksiyaları yol montyoru və yol fəhləsi vəzifəsinə aid olunmuşdur ki, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Baxmayaraq ki, həmin vəzifələr Siyahıda nəzərdə tutulmasa da, həmin vəzifənin ən yüksək zərərlilik faizə, yəni 24 % faizə uyğun olması müəyyən olunmuşdur. "xxxx" QSC-nin sorğuya cavab məktubunda xüsusi olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1-ci bölməsinin 1.1.2-ci və 1.2-ci bəndlərində, 21-ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenlə bağlı qeyd olunan peşə və vəzifələrin zərərlilik faizi 16, 20, 24 %, çetropolitendə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə qiymətləndirilən peşələrin ən yüksək zərərlilik faizinin 24 % təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi vəzifələr Siyahıda nəzərdə tutulmasa da, həmin vəzifənin zərərlik faizi az olan 24 %-dən aşağı olan vəzifələrin Siyahıda nəzərdə tutulması və bunun əsasında digər vətəndaşların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etməsi “bərabərlik prinsipi” baxımından iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Başqa sözlə desək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21 Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində güzəştli pensiya hüququ verən zərərlilik faizi 24 %-dən aşağı olan hər hansı bir vəzifə və ya peşə üzrə işləyən vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranarsa, bu zaman Siyahıda nəzərdə tutulmayan, lakin zərərlik faizi ən yüksək olan, yəni 24 % olan vəzifədə işləyən iddiaçıya münasibətdə də ədalətlilik prinsipi ilə yanaşılmalı və onun ağır şəraitdə işləməsi nəzərə alınmalıdır. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.2022-ci il tarixədək güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. (xx.xx.2000-xx.xx.2022=21 il 08 ay 10 gün) Məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı şərt olmamışdır. Məhkəmə qeyd edir ki, hətta bu şərtin ödənilməsi qanunvericilikdə nəzərdə tutulsai idi belə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş güzəştli arayışda aşkar olaraq göstərilmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 07 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2022ci il tarixdə (imtina məktubunda göstərilən ilkin tarix) cavabdehə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov