Məhkəmə qərarları › İş №2-1(112)-893/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-893/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-893/2022 25.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalına qarşı “tutulan pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalına qarşı “tutulan pensiya məbləğinin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2020-ci il iyun ayından hal-hazırki dövrədək iddiaçının əmək pensiyasından qanunsuz və əsassız olaraq tutulan məbləğin yenidən hesablanaraq bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə İddiaçı pensiyasından tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Nəsimi rayon icra hakimiyyətində böyük məsləhətçi vəzifəsində işləmişdir və 3-cü dərəcəli dövlət qulluqçusudur, ümumi sosial sığorta stajı 35 il 8 ay, dövlət qulluğu üzrə stajı isə 16 il 8 ay təşkil edir. Əmək pensiyasına çıxdığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən, əmək haqqı 15 il staja görə 80 faizi hesablanmışdir. Həmin dövrdən sonra müxtəlif illərdə dövlət qulluqçularının əmək haqqında artımlar olmuşdur və bu artımlar ona da şamil olunmuşdur. Lakin, 2020-ci ilin iyun ayından etibarən pensiya hüquqları kobud şəkildə pozularaq pensiyasından hər ay üçün 207 manat məbləğ tutulmağa başlanılmışdır. Bu məbləğin hansı səbəbə görə tutulduğu ona izah edilməmiş və bununla yanaşı ona xəbərdarlıq belə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- xx.xx.1947-ci il təvəllüdlü İddiaçı AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli imtina məktubu. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubu ilə göndərilmiş iddiaçının pensiya işinin surəti. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli məktubları.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən görünür ki, iddiaçı xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə iddiaçı onun pensiyasından tutulmuş məbləğin iddiaçıya geri qaytarılmasını tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən 21 iyun 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2013-xx.xx.2020ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4815,48 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay 133,76 manat olmaqla, ümumilikdə 2541,44 manat məbləğində tutulma həyata keçirilmişdir. Məhkəmənin sorğularına cavab olaraq təqdim edilmiş pensiya işinin surətindən, həmçinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatından görünür ki, İddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay 133,76 manat olmaqla, ümumilikdə 2541,44 manat məbləğində tutulma həyata keçirilsə də, həmin məbləğin tutulması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı qərar (əmək pensiyaçısının razılığı ilə) qəbul edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə əmək pensiyaçısının razılığı ilə qərarın (inzibati aktın) qəbul edilməsi ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması və müvafiq qərar qəbul edilməsi müəyyən edilmir. Cavabdeh bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mövcud qanunvericiliyə əsasən İddiaçı yaşa görə əmək pensiyasından tutulmalar nə inzibati orqanın müvafiq qərarı nə də ki, müvafiq məhkəmə qərarı olmadan həyata keçirildiyindən iddiaçının pensiyasından tutulmuş vəsait ona geri qaytarılmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə İddiaçı pensiyasından tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə İddiaçı pensiyasından tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar