Məhkəmə qərarları › İş №2-1(112)-893/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-893/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-893/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın bir hissədə ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın bir hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun özbaşın tikili sayılan ərazisi heç bir əsaslı səbəb olmadan üçüncü şəxsin adına verilmiş çıxarışa əlavə edilmişdir. Bu səbəbdən də 18 kv.m istisna edilməklə qalan hissədə çıxarışın verilməsi qanunsuz və əsassızdır və həmin hissədə qeydiyyat ləğv edilməlidir. Məhkəmənin qərardadı ilə X12 və X10 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, mənzil X11 tərəfindən X8 bağışlanarkən yaşayış sahəsinin ölçüsü 18 kv.m olsa da, ümumi sahə 32,34 kv.m olmuşdur. Alqı-satqı müqaviləsi də mülkiyyət hüquqlarının dövlət qeydiyyatı əsasıdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, mübahisələndirilən çıxarışın verilməsinin əsasında mülki müqavilə olsa da, iddiaçının hüquqi marağına uyğun olaraq verilən iddia inzibati qaydada baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının:

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Ali Məhkəmənin mövqeyindən də göründüyü kimi mülkiyyət hüququna dair qeyd mülki-hüquqi əqdə əsaslansa da iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırkı məsələdə də vəziyyət belədir. Belə ki, iddiaçı qeyd edir ki, üçüncü şəxsə 18 kv.m ölçüdə əmlak satılsa da, qeydiyyat hərəkətləri zamanı saxtalaşdırma edilərək əmlakın ölçüsü 32,34 kv.m göstərilmiş, nəticədə ona məxsus özbaşına tikili də çıxarışda və texniki sənədlərdə göstərilmişdir ki, odur ki, 18 kv.m istisna olmaqla digər hissədə qeydiyyat hərəkətləri qanunsuzdur və ləğv edilməlidir. Göründüyü kimi iddiaçı məhz qeydiyyat hərəkətləri edilərkən ehtimal etdiyi səlahiyyətdən kənar faktiki xarakterli hərəkətlərlə verilən çıxarışda ölçünün 32,34 kv.m yazılmasından narazıdır. Bu səbəbdən də müqavilənin ləğvinə dair hüquqi maraq mövcud deyil. Fa ktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X5 adına olan çıxarışdan görünür ki, 18 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 13 nömrəli mənzil həmin şəxsin mülkiyyətində olmuşdur. Alqı-satqı müqaviləsindən görünür ki, Kərimov Rəfail 18 kv.m ölçüdə yaşayış sahəsi olan mənzili alıcı X2 almışdır. X3 adına olan 14 aprel 2005-ci il tarixli texniki pasportdan görünür ki, 1939-cu il tarixdə tikilmiş mənzilin yaşayış sahəsinin ölçüsü 18 kv.m olsa da, köməkçi sahə 14,34 kv.m, yəni ümumilikdə ölçü 32,34 kv.m olmuşdur. X4 məxsus qeydiyyat vəsiqəsindən görünür ki, mənzil yaşayış sahəsinin ölçüsü 18 kv.m olmuşdur. X7 adına olan çıxarışdan görünür ki, X7 mülkiyyətində olan mənzil 32,34 kv.m ölçüdədir. X11 və X13 arasında olan bağışlanma müqaviləsindən görünür ki, həmin mənzil X1. İddiaçının cavabdehə müraciətindən görünür ki, iddiaçı qeyd etmişdir ki, 18 kv.m ölçüdən ibarət olan yaşayış sahəsinə saxtalaşdırma edilərək 32,34 kv.m ölçüdə göstərilməklə çıxarış verilmişdir. Halbuki, 18 kv.m-dən əlavə olan hissə onun istifadəsində olmuşdur. İş materiallarında başqa iş üzrə verilmiş ekspert rəyindən görünür ki, 13 saylı mənzil 18 kv.m yaşayış otağı və 14,34 kv.m olan köməkçi sahədən ibarət olmaqla, ümumilikdə 32,34 kv.m-dir. Qeyd edilmişdir ki, İddiaçı istifadəsində olan yaşayış sahəsi ilə X6 mülkiyyətində olan 13 saylı mənzil eynilik təşkil etmir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən göründüyü kimi daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. İddiaçının iddia ərizəsindən və cavabdehə ünvanladığı ərizədən isə görünür ki, o, ünvan 1 ünvanında yerləşən əmlaka dair 18 kv.m sahənin mülkiyyətinə keçməsinə dair hər hansı etiraz etməsə də, həmin çıxarış və texniki sənədlər verilərkən onun istifadəsində olmuş özbaşına tikilinin də mülkiyyət sənədi və texniki sənəddə göstərilməsinə etiraz edir. İş materialları ilə də müəyyən edilir ki, üçüncü şəxs X7 mülkiyyətində olan əmlakın ümumi ölçüsü 32,34 kv.m təşkil edir. Lakin, iddiaçı nəzərə almamışdır ki, mənzilin yaşayış sahəsi və ümumi sahə fərqli anlayışlardır və onların üst-üstə düşməsi tələb edilmir. Belə ki, ümumi sahənin yaşayış sahəsindən artıq olması mümkündür ki, hazırkı iş üzrə də vəziyyət belədir. Belə ki, iş materiallarında olan X6 adına olan yeni növ çıxarışdan fərqli olaraq əvvəlki mülkiyyətçi R.Kərimovun adına olan çıxarış və ondan əvvəlki B.Qurbanovanın adına olan qeydiyyat vəsiqəsindən görünür ki, həmin sənədlərdə ümumi sahə yox yaşayış sahəsi 18 kv.m göstərilməklə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdəndir ki, iddiaçı qeyd edir ki, sonuncu çıxarışda ümumi sahə kimi göstərilən əlavə 14 kv.m hissə onun özbaşına tikilisidir. Lakin iş materiallarında olan ilkin mülkiyyətçi B.Qurbanovanın adına olmuş 2005-ci il tarixli texniki pasport həmin halı təkzib etməkdədir. Belə ki, adıçəkilən texniki pasportdan göründüyü kimi 1939-cu il tarixli 1-ci mərtəbədə yerləşən 1 otaqlı tikilinin yaşayış sahəsi 18,0 kv.m olsa da, bundan əlavə 14,34 kv.m ölçüdə köməkçi sahə də onun istifadəsində olmuş, mənzilin ümumi sahəsi 32,34 kv.m göstərilmişdir ki, sonuncu mülkiyyətçi də məhz həmin sahə də daxil olmaqla göstərilən mənzilə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Göründüyü kimi iddiaçının göstərdiyi kimi 14,34 kv.m sahə heç də özbaşına tikili olmamış, ilkin mülkiyyətçinin texniki sənədlərində göstərilən köməkçi sahə olmuşdur ki, onun iradə ifadəsi ilə alqı-satqı əsasında satılan reallıqda 32,34 kv.m olan sahə elə həmin formada da digər şəxs tərəfindən üçüncü şəxs M.Kərimova bağışlanılmışdır ki, bu səbəbdən də cavabdeh tərəfindən ümumi sahə 32,34 kv.m göstərilməklə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 nömrəli Fərmanı ilə tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nundan da göründüyü kimi daşınmaz əmlakın məhz ümumi sahəsinin (kvadratmetrlə) göstərilməsi şərti müəyyən edilir ki, ümumi sahə dedikdə təkcə yaşayış sahəsi yox, həmçinin köməkçi tikili və s göstərilməlidir. Cavabdeh də bu səbəbdən əvvəlki çıxarış və qeydiyyat vəsiqəsindən fərqli olaraq 32,34 kv.m ölçüdə ümumi sahə göstərilməklə əvvəldən üçüncü şəxs və digər mülkiyyətçilərin istifadəsində olan əmlaka dair çıxarış vermişdir. Odur ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar