Məhkəmə qərarları › İş №2-1(112)-8931/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8931/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8931/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplom üzrə ixtisasın tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Türkiyə Respublikası Atatürk Universiteti tərəfindən adına verilmiş xx.xx.2023-cü il tarixli 75160 saylı bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibində olan TKTA-nın üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ildə Türkiyə Respublikası Atatürk Universiteti bitirmiş. Bu barədə 75160 saylı müvafiq diplomu almışdır. Diplomunu aldıqdan sonra almış olduğu ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirlyinin tərikibində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli № NA00037744 saylı məktubunda bildirilmişdir ki, araşdırma nəticəsində Türkiyə Respublikası Atatürk Universitetinin tədris normativi üzrə kvalifikasiyaya münasibətdə tədris müddətində ənənəvi təlim metodlarına əsaslanan formal qaydada təhsil əldə etmədiyi müəyyən edilmişdi. Həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Cavab məktubunda Nazirlər Kabinetinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli fərmanı ilə təsdiq ediimış “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınması” Qaydalarının 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli,75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərədə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici Dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili bakalavriat (əsas baza ali tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalarına münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formalı təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının 3.10.1-ci bəndinə əsasən imtina qərarı verilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibində olan Təhsildə Keyfiyət Təminatı Agentliyi imtinası əsassızdır və heç bir hüquqi əsası yoxdur. 4 il distant (açıköğrətim) təhsil almışdır. 2019-2023 cü ilində keçirilən dərslər və imtahanlarda iştirak etmişdir. İmtahanlar zamanı Türkiyə Respublikasında olmuşdur. 2019- 2022 ci illərdə Türkiyə Respublikasında olmuşdur. Universitet tərəfindən ona bildirilmişdir ki, pandemiya ilə əlaqədar dərslər onlayn qaydada keçirilir və bütün dərslərdə də özü qoşulmuşdur. Bütün imtahanlardan da özü keçmişdir. Lakin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibində olan Təhsildə Keyfiyət Təminatı Agentliyi isə ali təhsil haqqında sənədinin ölkə ərazisində tanınmasının qeyri mümkünlüyü dair imtina məktubu verir. İddiaçı hesab edir ki, verilən qərar tam əsassızdır.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Türkiyə Respublikasında fəaliyyət göstərən Atatürk Universiteti tərəfindən verilmiş ‘ictimai əlaqələr və reklam)” ixtisası (bakalavr/açıköğretim) üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2025-ci il tarixində elektron sistem vasitəsilə müraciət etmiş, onun ərizəsi əsasında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarfna uyğun olmaqla icraat aparılmış, "açık öğretim" təhsilalma forması üzrə tədrisin təşkilinin Azərbaycan Respublikası təhsil qanunvericiliyinə əsasən təhsil prosesinin təşkili üçün nəzərdə tutulan tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunaraq ona tanınma haqqında şəhadətnamənin verilməsindən xx.xx.2025-ci il tarixdə imtina edilmişdir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: - Əyani; - Qiyabi; - Distant (məsafədən); - Eksternat (sərbəst). Göründüyü kimi ərizəçinin təhsil aldığı “açık öğretim” təhsilalma forması Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş təhsilalma formaları arasında təsbit olunmamışdır. İddiaçının təhsilalma forması üzrə təhsilalma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramf’nm tələbləri ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərizəçinin təhsil aldığı açıq təhsil forması tətbiq olunan standartlara görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qiyabi və distant təhsilalma formalarının elementlərini özündə cəmləşdirən bir təhsilalma formasıdır. Azərbaycan Respublikasında ərizəçinin əldə etdiyi təhsil istiqaməti (ixtisas) üzrə belə təhsilalma formasına (qiyabi-distant) yol verilmir. Türkiyə Respublikasının “AÇİK YÜKSEKÖĞRETİM YÖNETMELİĞİ” haqqında qanunun 8-ci maddəsinə əsasən imkanlar daxilində a) ali təhsildə çap edilmiş tədris alətləri, kasetlər, videolar, lentlər və filmlər b) Radio və televiziya c) oxşar avadanlıq və sistemlərdən istifadə olunur. Qeyd olununan maddəyə əsasən məlum olur ki, tələbə tədris zamanı hər hansı dərs ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Açık öğretim” təhsil forması beynəlxalq təcrübədə modul tipli təhsil formasına uyğundur. Sözügedən təhsil Azərbaycan Respublikası qanunvericiliyində və təhsil sistemində mövcud deyil. Həmçinin Türkiyə Respublikasının 05 dekabr 2017-ci il tarixli "Xarici ali təhsil diplomlarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydasının 3-cü maddəsinin (a) bəndində "Açıköğretim” formasının tərifi verilərkən qeyd olunur: "Açıköğretim - ali təhsil qurumlarında üz-üzə və distant təhsil istisna olmaqla tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır”. Bunlarla yanaşı iddiaçı tərəfindən Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar işlər üzrə xx.xx.2024-cü il 2-1(102)-2312/2024 saylı Qərarında kassasıya istansiyası məhkəməsinin mövqeyi aşağıdakı kimi ifadə olunur:

30. Açıq öyrətim ali təhsil qurumlarında üz-üzrə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)" təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti/əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçinldiyi təlim-tədris formasıdır. Açıq öyrətim distant təhsilalma formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətini ehtiva etmir. Elə bu səbəbdən həm də açıq öyrətim distant təhsilin xüsusi forması kimi də qəbul edilə bilməz.

37. Yuxarıda göstərilən halları ümumiləşdirən məhkəmə kollegiyası bildirir ki, distant təhsil və açıq öyrətim təhsil fərqli təhsilalma formaları olduğundan və Azərbaycan Respublikasının təhsil qanunvericiliyində açıq öyrətim təhsilalma forması nəzərdə tutulmadığından iddiaçının açıq öyrətim təhsil formasında aldığı diplomun tanınması və ekvivalentliyi haqqında iddiası təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci və 73.3.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. İddiaçı X1 Respublikasında fəaliyyət göstərən Atatürk Universiteti tərəfindən verilmiş “İctimai əlaqələr və reklam)" ixtisası (bakalavr/açıköğretim) üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə iddia tələbi rədd edilməsi xahiş edilmişdir.

4. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2025-ci il tarixli, NA00037744 nömrəli “Xarici Dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərarına əsasən ərizəçinin müraciətinə baxılaraq onun bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətində ənənəvi təlim metodlarına əsaslanan formal qaydada təhsil əldə etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 1.4-cü bəndinə əsasən Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Buna qarşılıq, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanunu, 13.1-ci bəndində əks olunmuş təhsilalma formaları arasında "açıköğretim" forması yer almır və Azərbaycan Respublikasında bu formada tədrisin təşkili ümumiyyətlə nəzərdə tutulmamışdır. İnzibati icraat zamanı araşdırma əsasında məlum olmuşdur ki, Türkiyə Respublikasının "Xarici dövlətlərin ali təhsil diplomlarının tanınması və ekvivalentliyinin müəyyən olunması Qaydası"nın 3-cü maddəsinin "a” bəndinə əsasən "açık öğretim" təhsilalma forması təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətinə və qarşılıqlı fəaliyyətinə əsaslanmayan təhsilalma növüdür. Buna qarşılıq, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən təhsilverənlər və təhsilalanlar təhsil prosesinin mütləq iştirakçıları kimi nəzərdə tutulmuşdur. Beləliklə, "açık öğretim" təhsilalma forması üzrə tədrisin təşkilinin Azərbaycan Respublikası təhsil qanunvericiliyinə əsasən təhsil prosesinin təşkili üçün nəzərdə tutulan tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. Nəticə etibarilə, bu forma Azərbaycan Respublikasında təhsilin təşkili və tədris prosesini tənzimləyən normalara əsasən müəyyən olunmuş zəruri elementləri özündə ehtiva etmir və ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal qaydada təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aid edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, bu forma üzrə tədrisin təşkilinin Azərbaycan Respublikası təhsil qanunvericiliyinə əsasən təhsilin təşkili prosesinin zəruri tələblərinə uyğun olmadığı üçün ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.5-ci yarımbəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərar alınmışdır.

5. xx.xx.2023-cü il tarixli, 75160 nömrəli Bakalavr Diplomuna əsasən İddiaçı Atatürk Universitetinin Qiyabi və distant təhsil fakültəsini İctimaiyyətlə əlaqələr və tanıtım ixtisasının İctimaiyyətlə əlaqələr və tanıtım ixtisaslaşma üzrə müvafiq tapşırıqlarını tamamlayaraq bakalavr dərəcəsini və bakalavr diplomunu almağa layiq görülmüşdür. Proqram: İctimaiyyətlə əlaqələr və tanıtım TR şəxsi №: **********9 Qeydiyyatlara uyğundur.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, Türkiyə Respublikası Atatürk Universitetində “açıköğretim” formasında, yəni qiyabi formada təhsil almışdır. Təhsil müddətində imtahanlar tam şəffaf formada həyata keçirilmişdir. Həmçinin “açıköğretim” formasında, yəni qiyabi formada təhsil alan tələbələr sırasında məhkəmə qərarı ilə diplomunu tanıda bilən şəxslər vardır.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı mülahizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi bildirdi ki, Azərbaycan Respublikasında “açıköğretim” təhsilalma forması mövcud deyil. “Qiyabi” və “açıköğretim” eyni mənanı ehtiva edən təhsilalma formaları deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin əvvəlki qərarlarında “açıköğretim” təhsilalma forması distant təhsilalma formasının bir növü kimi nəzərə alınmışdır. İddiaçının qeyd etdiyi kimi məhkəmə qaydasında diplomlarını tanıdan şəxslər vardır. Buna baxmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsi son qərarlarında yeni mövqe formalaşdırmış və hazırda “açıköğretim” təhsilalma formasında təhsil alan tələbələrin ali təhsilə dair sənədləri ölkə ərazisində tanınmır.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi zahirən məcburetmə növündə iddiaya bənzəsə də, iddia tələbi faktiki olaraq diplomun tanınması ilə bağlıdır. Diplomun tanınması zamanı inzibati orqan inzibati akt qəbul edir. Lakin bu, müvafiq iddianın məcburetmə növündə iddia kimi qiymətləndirilməsi üçün yetərli deyildir. Belə ki, həmin qərarla iddiaçı üçün status müəyyən edilmir. Müvafiq qərarla şəxsin diplomu tanınır və ya tanınmaqdan imtina edilir.

9. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Odur ki, iddia müəyyən etmə növündə iddiadır.

11. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8.bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir...

14. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

15. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur.

17. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Türkiyə Respublikası Atatürk Universiteti tərəfindən adına verilmiş xx.xx.2023-cü il tarixli 75160 saylı bakalavr diplomunun ölkə ərazisində tanınmasını xahiş etmişdir.

18. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının analoji iddia tələbi ilə bağlı 2-1(102)-293/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarına uyğundur: eyni universitet (Türkiyə Respublikası Atatürk Universiteti), eyni ixtisas (menecment), eyni təhsilalma forması (“açıköğretim”).

19. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-293/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir: “25. İddiaçı Türkiyə Respublikası Atatürk Universiteti Biznes İdarəçiliyi fakültəsinin Menecment bölməsi üzrə təhsil almış, təhsilini xx.xx.2019-cu il tarixində bitirmişdir. İddiaçı təhsili “açıq öyrətim” formasında almışdır.

26. Açıq öyrətim ali təhsil qurumlarında üz-üzrə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti/əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. Açıq öyrətim distant təhsilalma formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətini ehtiva etmir. Elə bu səbəbdən həm də açıq öyrətim distant təhsilin xüsusi forması kimi də qəbul edilə bilməz.

27. Göründüyü kimi, “açık öyrətim” təhsil “distant (məsafədən)” təhsil ilə eyni olmamaqla fərqli təhsilalma formalarıdır.

28. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə “açıq öyrətim” formasında xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır.

29. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma forması müəyyən edilmişdir, yəni təhsil qanunvericiliyində “açıq öyrətim” təhsilalma forması nəzərdə tutmamışdır.

30. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanunun diplomların tanınması və ekvivalentliyi adlanan 12-ci maddəsində qeyd edilir ki, azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq,...həyata keçirilir.

31. İddiaçı təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydalarının 2.2-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

32. Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda isə iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıq öyrətim” təhsil forması nəzərdə tutulmamışdır.

33. Yuxarıda göstərilən halları ümumiləşdirən məhkəmə kollegiyası bildirir ki, distant təhsil və açıq öyrətim təhsil fərqli təhsilalma formaları olduğundan və Azərbaycan Respublikasının təhsil qanunvericiliyində açıq öyrətim təhsilalma forması nəzərdə tutulmadığından iddiaçının açıq öyrətim təhsil formasında aldığı diplomun tanınması və ekvivalentliyi haqqında iddiası təmin edilə bilməz”.

20. Məhkəmə nəzərə alır ki, İddiaçı Türkiyə Respublikası Atatürk Universitetində “İctimaiyyətlə əlaqələr və tanıtım” proqramı üzrə “açıköğretim” təhsilalma formasında təhsil aldığı işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında əks olunan mövqeyə əsasən distant təhsil və açıq öyrətim təhsil fərqli təhsilalma formalarıdır və Azərbaycan Respublikasının təhsil qanunvericiliyində iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıköğretim” təhsilalma forması nəzərdə tutulmamışdır. Belə olan təqdirdə iddiaçının “açıköğretim” təhsil formasında aldığı diplomun tanınması barədə iddia tələbi təmin edilə bilməz.

21. Beləliklə, məhkəmə müəyyən edilmiş halları ixtisasın tanınması üçün təhsilin keyfiyyət göstəriciləri ilə bağlı tələblər baxımından dəyərləndirərək hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi mübahisəyə dair işin hallarına, milli və beynəlxalq qanunvericiliyə uyğun olduğundan, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasından imtina olunması onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

22. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının diplomunun tanınmasından imtina etməkdə cavabdeh haqlı olmuşdur.

23. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

24. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar