Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8933/2022 04.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Ərizəçi İddiaçı MMC-nin Cavabdehnə qarşı “icra məmurunun hərəkətlərindən şikayət” üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı MMC şikayət ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli icra ödənişinin alınması barədə qərarını və həmin qərarla qoyulmuş inkasso sərəncamlarını ləğv edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-199/2021 saylı xx.xx.2021- ci il tarixli Qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh əvvəlki adı "xxxx" MMC hazırkı adı İddiaçı MMC-yə qarşı iddiası qismən təmin edilmiş, İddiaçı MMCdən AP-İ-17/3 saylı 05 sentyabr 2017-ci il tarixli “Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında” müqaviləyə görə ödənilməli olan 479092.98 (ƏDV daxil olmaqla) manat məbləğində əsas borc, 10.000 manat məbləğində cərimə məbləği, dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 489122,98 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qeyd edir ki, məhkəmə qətnaməsi onlara təqdim edilmədən icra olunamsı üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, icra işi icra məmuru Ramin Muradovun icraatına verilmişdir. Məhkəmə qətnaməsinin mövcudluğu barədə məlumatı icra məmurunun xx.xx.2021-ci il tarixli tələbin könüllü təmin ediləməsi barədə onlara təqdim etdiyi bildirişi aldıqdan sonra olmuşdur. Məhkəmə qətnaməsinin mövcudluğu barədə məlumatlı olduqdan dərhal sonra Bakı Kommersiya Məhkəməsinə Qətnamənin alınması ilə bağlı ərizə ilə müraciət edilmişdir. Məhkəmə qətnaməsi rəsmi qaydada xx.xx.2021-ci il tarixdə aldıqdan sonra Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-199/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsindən apellyasiya şikayəti verilmiş, apellayasiya şikayəti icraata qəbul edildikdən sonra Binəqədi rayon icra şöbəsinə icraatın dayandırılması barədə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edilərək icra işinin dayandırılması xahiş edilmişdir. Bundan sonra icra şöbəsinə apellyasiya şikayətinin icraata qəbul edilməsi ilə bağlı sənəd də təqdim edilmişdir. Bakı Apellyasiya məhkəməsinin Kommersiya Kollegiyasının 2-2 (103)-673 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə Cavabdeh İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2 (113)-199/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra tərəflər arasında danışıqlar aparılmış sonunda birgə razılığa gəlmişlər. Qeyd edək ki, eyni zamanda "xxxx" MMC-nin də İddiaçı MMC-yə borcu olmuşdur. Bu səbəbdən tərəflər arasında razılığa gəlinərək 17 yanvar 2022-ci il tarixli Birgə Saziş imzalanmışdır. Birgə sazişin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir: • İddiaçı MMC-nin "xxxx" MMC-yə ümumi borcu 116300.46 (bir yüz on altı min üç yüz manat 46 qəpik) manat müəyyən edilir. • "xxxx" MMC-nin İddiaçı MMC-yə olan 54877.49 (əlli dörd min səkkiz yüz yetmiş yeddi manat 49 qəpik) manat borcu İddiaçı MMC-nin "xxxx" MMC-yə olan borcundan çıxılaraq "xxxx" MMC-nin İddiaçı MMC-yə borcu olmadığı müəyyən edilir. • Beləliklə İddiaçı MMC-nin "xxxx" MMC-yə ümumi borcu ƏDV xaric 61422.97 (altmış bir min dörd yüz iyirmi iki manat 97 qəpik) manat təşkil edir. • Tərəflərin birgə razılığına əsasən İddiaçı MMC öhdəsinə götürür ki, "xxxx" MMC-yə olan yuxarıda qeyd edilən borcunu 2022-ci ilin fevral ayından başlayaraq 3 ay müddətində hissə-hissə ödəyəcək. • İddiaçı MMC ƏDV xaric 61422.97 (altmış bir min dörd yüz iyirmi iki manat 97 qəpik) manat borcunu 3 ay müddətinə tam ödəyəcəyi halda "xxxx" MMC Binəqədi rayon İcra Şöbəsinin icraatında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-199/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən imtina olunacaqdır. Qeyd edilən barışıq sazişinin imzalanmasından sonra iş üzrə tələbkar "xxxx" MMC tərəfindən Binəqədi İcra şöbəsinə ərizə ilə müraciət edərək tərəflər arasında barışıq əldə edilməsi bildirilmiş və icranın davam etdirilməməsi xahiş edilmişdir. Qeyd edək ki, tələbkar tərəfindən ərizə İcra şöbəsinin poçt qutusuna qoyulmuşdur. İcra tərəfindən ərizə rəsmi qəbul edilərək iş materiallarına əlavə edilmişdir. Eyni zamanda icra məmuru Ramin Muradov tələbkara həmin ərizənin qəbul edilməsi barədə zəng edərək məlumat vermişdir. Tərəflər arasında imzalanmış Birgə Sazişidən sonra İddiaçı MMC tərəfindən "xxxx" MMCyə ödənişlər edilməyə başlanılmışdır. Tərəflər arasında heç bir narazılıq olmamışdır və hal-hazırda da narazılıq yoxdur. Binəqədi rayon icra məmuru R.Muradov tərəfindən tələbkarın da ərizəsinə məhəl qoymayaraq, tərəflərin barışmasını nəzərə almayaraq qərəzli şəkildə xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə qət edilmiş 489122,98 manat məbləğdə borclunun bütün bank hesablarına inkasso sərəncamları qoymuş və eyni zmanda əsassız olaraq həmin məbləğin 7%-ni təşlkil edən 34234 manat məblğində icra ödənişinin alınması ilə bağlı qərar da qəbul etmişdir. Halbuki, tərəflər arasında əldə edilmiş razılığa əsasən ümumi borc 61422.97 manat müəyyən edilmişdir. Qeyd edilir ki, Bakı kommersiya məhkəməsinin Qətnaməsindən sonra İcra məmuru borcluya heç bir bildiriş göndərilməmiş, rəsmi sənəd təqdim etməmişdir. Binəqədi rayon İcra məmurunun qərəzli və qanunsuz hərəkətləri nəticəsində bank əməliyyatlarımız dayanmış, vergi və digər dövlət orqanlarına eyni zamanda işçilərin əmək haqqılarının verilməsini bütünlükdə dayandırmışdır. Qeyd edir ki, şirkət Qarabağda yol tikintisi işlərində subpodratçı qismində işlər həyata keçirir. Layihələrin icrasında fəal iştirak edir. İcra məmurunun bu qanunsuz hərəkətləri Şirkətimizin bank hesablarını dondurması buna süni maneələr törətməkdədir. Bunun nəticəsində Şirkətin fəaliyyətinin ən qısa zamanda dayanması təhlükəsi gözlənilir. Belə ki, Şirkət layihələrin icrasında heç bir təminat həyata keçirə bilmir, əməliyyatlar apara bilmir. Bundan əlavə tələbkar tərəfindən xx.xx.2022-ci il tarixdə həm borclunun bank hesablarına qoyulmuş inkasso sərəncamlarının götürülməsi barədə eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsaslanaraq Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-199/2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 23.1.1-ci maddəsinin tələblərinə əsaən tələbkarın ərizəsi əsasında tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 78.1-ci maddəsini tələblərinə əsaən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi borclu tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməsindən söhbət gedə bilməz, qeyd edildiyi kimi borclu icra məmurunun bildirişini aldıqdan sonra dərhal hüquq prosedurlarına əməl edərək ilk öncə qətanmənin alınması ilə bağlı məhkəməyə müraciət etmiş eyni zamanda bu barədə icraçıya məlumat vermişdir, daha sonra qətnaməni əldə etdikdən sonra apellyasiya şikayəti verərmiş, icraat dayanmış, daha sonra isə təlabkarla barışaraq birgərazılıq szişi imzalamışdır. Bu barədə yenidən İcraya rəsmi qaydada müraciət edilmişdir. Bütün prosedurlar könüllü icra müddətində həyata keçirilmişdir. Bundan əlavə bildirir istəyirik ki, tələbkar tərəf də ərizə ilə müraciət edərək aramızda artıq razılığla gəlindiyini bildirmiş və icra sənədini icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Tərəflər arasında 17 yanvar 2022-ci il tarixli Birgə Sazişə 17 aprel 2022-ci il tarixli 1 saylı Əlavə imzalayaraq ödəniş müddətini öz aralarında uzadılması barədə razılığa gəlmişlər. Bildirilir ki, Binəqədi rayon Məhkəməsinə İcra qərarının ləğv edilməsi və inkasso sərəncamının ləğv edilməsi barədə müraciət edilmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 8 (001) -259/2022 saylı Qərardadı ilə borclu İddiaçı Cavabdeh icra məmuru Ramin Muradovun xx.xx.2022-ci il tarixli icra ödənişinin alınması barədə qərarından və inkasso sərəncamlarından şikayətinin qəbul edilməsindən imtina edilmişdir. Həmin Qərardadla borcluya izah edilmişdir ki, icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayətlə müraciət edə bilər. Bu baxımdan hazırkı şikayət ərizəsini Bakı İnzibati məhkəməsinə ünvanlanır. Qeyd edilənlər bir da haha sübut edir ki, icra məmurunun ərizəçidən icra ödənişinin alınması əsassızdır, o üzdən qərar ləğv edilməli, bank hesablarına qoyulmuş inkasso sərəncamları ləğv edilməli, icra sənədi isə məhkəməyə geri qaytarılmalıdır.
3. Ərizəçi məhkəmə iclasında iştirak etmir.
4. Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 qüvvədə olan məhkəmə qətnaməsinə uyğun icra tədbirləri görüldüyünü bildirdi.
II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından
5. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.
6. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
7. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...
III. İddianın mümkünlüyü
8. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.
9. X4 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X4 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).
10. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)
11. Ərizəçi faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-199/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icra məmurunun hərəkətlərini mübahisələndirir. Həmin icra sənədi icra olunması üçün aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən şikayətə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
13. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
14. Ərizəçiyə müvafiq şikayətlə səlahiyyətli məhkəməyə (Bakı Kommersiya Məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
Ərizə mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva