Məhkəmə qərarları › İş №2-1(112)-8936/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8936/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8936/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-cü il tarixə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktub ilə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (********) rəhbərlər və mütəxəssislər bəndində (1100000b) 1100000b—17541 kodu üzrə quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları, 1100000a— 23362 kodu üzrə isə avadanlığın təmiri üzrə ustalar vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş, SOCAR “Geofizika və Geologiya İdarəsi”nin sizə dair xx.xx.2023-cü il tarixli 14-2-4/2-M-xx-xx/2023-95 nömrəli arayışında xx.xx.1989xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Dəniz mədən X2 xidmətində mühəndis, “Baker Hughes” şirkətinin ona dair arayışında xx.xx.1998-xx.xx.2002-ci il və xx.xx.2005xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində avadanlığın təmiri üzrə mühəndis, “BP Exploration” LTD şirkətinin ona dair arayışında isə xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə supervayzer vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi mühəndis və avadanlığın təmiri üzrə mühəndis vəzifələri sözügedən arayışlarda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə aid deyil. İşlədiyi əməliyyatlar üzrə supervayzer vəzifəsi isə sözügedən Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, xx.xx.2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az (22 il 8 ay 10 gün (xx.xx.1982xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 12 il 6 aydan az (7 il 3 ay (xx.xx.1990-xx.xx.1997-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddia tələbi bununla əsaslandırılmışdır ki, iş yerindən təqdim edilmiş arayışlarda onun işlədiyi sahələrin zərərli peşələrə aid olması müəyyən edilmişdir. O, xx.xx.2023-cü ildə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə 52 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. Daha sonra iddiaçı yenidən xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə 52 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli cavab qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi onun işlədiyi vəzifələrin bəzilərinin zərərli iş stajının təyin edilməsinə imkan vermədiyi və onun xx.xx.2006-cı ilə qədər 25 il ümumi, 12 il 06 ay zərərli iş stajının kifayət etmədiyi qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, iş yerindən verilmiş arayışlardan, hərbi biletin surətindən və təhsil barədə arayışdan görünür ki, iddiaçının 01.01,2006-cı ilə qədər 22 il 09 ay 12 gün ümumi iş stajı mövcuddur. İddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumilikdə 12 il 11 zərərli iş stajı mövcuddur. Cavabdeh iddiaya yazılı münasibətində imtina məktubunda qeyd olunanlara istinad etmiş və bildirmişdir ki, İddiaçı xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Dəniz mədən X2 xidmətində və xx.xx.1998-xx.xx.2002-ci il və xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində “Baker Hughes" şirkətində, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “BP Exploration" LTD şirkətində əmək fəaliyyəti dövrlərinin güzəştli staj olmasına dair əsaslı şübhələr mövcuddur. Belə ki, SOCAR “Geofizika və Geologiya ldarəsi"nin xx.xx.2023-cü il tarixli 14-2-4/2- M-xx-xx/2023-95 nömrəli arayışında xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Dəniz mədən X2 xidmətində mühəndis, “Baker Hughes" şirkətinin iddiaçıya dair arayışında xx.xx.1998-xx.xx.2002-ci il və xx.xx.2005- xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində avadanlığın təmiri üzrə mühəndis vəzifələrində çalışdığı göstərilmişdir. Qeyd edilən vəzifələr müvafiq qərarla təsdiq olunan 1 №-li siyahının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (********) rəhbərlər və mütəxəssislər bəndində (1100000b) 1100000b—17541 kodu üzrə quyularda geofiziki tədqiqatlar aparan mədən- geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofıziki partiyaların rəisləri, mühəndisləri, geofızikləri, geoloqları, texnikləri, ustaları, 1100000a— 23362 kodu üzrə isə avadanlığın təmiri üzrə ustalar vəzifələri ilə eynilik təşkil etmir. Bundan başqa, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “BP Exploration" LTD şirkətinin arayışında isə xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə supervayzer vəzifəsində işlədiyi qeyd edilsə də, həmin vəzifə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının arayışda istinad edilən bölməsində - “rəhbərlər və mütəxəssislər" bölməsində nəzərdə tutulmamışdır. Beləliklə, qeyd olunan dövrlərin İddiaçı güzəştli iş stajı kimi nəzərə alınması qanunveriliklə mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək, iddianın təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. ƏPQ-nin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə:: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 20 ildən; - güzəştli iş stajı 10 ildən az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşdə olan İddiaçı məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, onun 52 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. İddiaçıya məxsus ПВ №010316 nömrəli, xx.xx.1989-cu il tarixli diplomdan görünür ki, iddiaçı 1982-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1989-cu ildə həmin İnstitutda “Radiotexnika” ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan Azərbaycan Texniki Universitetinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 141-U (p) nömrəli xx.xx.1982-ci il tarixli əmrə əsasən, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (hal-hazırki Azərbaycan Texniki Universiteti) “Radiotexnika” fakültəsinin əyani şöbəsinə qəbul olmuş (qr.№ 302r), 178-U(p) nömrəli xx.xx.1983-cü il tarixli əmrə əsasən, hərbi xidmətə çağırışla əlaqədar İnstitutun tələbələri sırasından xaric edilmiş, 228-U(p) nömrəli xx.xx.1985-ci il tarixli əmrə əsasən, hərbi xidmət müddətinin başa çatması ilə əlaqədar İnstitutun tələbələri sırasına (əyani; qr.№304r; 3 kurs) bərpa olmuş, 148-U(p) nömrəli xx.xx.1989-cu il tarixli əmrə əsasən, İddiaçı Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun əyani şöbəsini “Radiotexnika” ixtisası üzrə bitirmiş və ona ПВ № 010316 nömrəli radio-mühəndisi diplomu verilmişdir (qeydiyyat nömrəsi 0742). xx.xx.1991-ci il tarixli, ГР seriyalı 041183 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: - xx.xx.1988-ci ildən xx.xx.1997-ci ilə qədər ’'X13 Geofizika” Trestində avadanlıq və cihaz təmiri üzrə çilingər-elektrik quraşdırıcı, 4-cü dərəcəli elektrik mexaniki, 5-ci dərəcəli çilingər elektrik mexaniki, 26 Bakı Kommisarları adına X9 Ekspedisiyasının mühəndis xidmətində mühəndis, Bahar MPQA X5 rəisi; - xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilə qədər "xxxx" MMC-də elektrik mexaniki; - xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilə qədər “X11 İnternəşnl İnk.” Şirkətində avadanlıqlara xidmət üzrə mühəndis; - xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə qədər ”BP Exploration Ltd.” Şirkətində Təşkilatın texniki inkişafı şöbəsində əməliyyatlar üzrə texnik, həmin şöbədə səriştə rəhbərliyinin təminat sistemi üzrə texniki köməkçisi, əməliyyatlar ixtisaslar üzrə məsləhətçi, “Şah Dəniz Layihəsinə” Əməliyyatlar üzrə Supervayzer; - xx.xx.2005-ci ildən xx.xx.2013-cü ilə qədər “X12 İnt. İnk” Şirkətində avadanlığın təmiri üzrə mühəndis, keyfiyyət üzrə mütəxəssis, keyfiyyət üzrə baş mütəxəssis, Əməliyyatlar dəstəyi üzrə mütəxəssis vəzifələrində işləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İstinad edilən normalara əsasən iddiaçının ali təhsil, hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydləri nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2006-cı il tarixə 28 il 8 ay 18 gün ümumi iş stajı olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsinin 14-2-4/2-498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, “İddiaçı “Xəzərdənizneftgeofizika” Trestinin (indiki X3) arxiv sənədlərində onun Aparat və cihazların təmir sahəsində elektromontajçı-çilingər, “26 Bakı Komissarları” adına Dəniz Mədən X2 xidmətində mühəndis, “26 Bakı Komissarları” adına X10 Ekspedisiyasının 20 saylı X6 rəis vəzifəsində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1988-cı il tarixli 117-k nömrəli əmrə əsasən xx.xx.1988-ci il tarixdən Aparat və cihazların təmir sahəsinə 3-cü dərəcəli elektromontajçı-çilingər peşəsinə işə qəbul olunub. xx.xx.1989-cu il tarixli 63-k nömrəli əmrə əsasən xx.xx.1989-cu il tarixdən “26 Bakı Komissarları” adına Dəniz Mədən X2 xidmətinə mühəndis vəzifəsinə keçirilmişdir. Qeyd: X10 X1 quyularda mədən geofiziki işləri yerinə yetirirdilər. Həmin ekspedisiyada mühəndis xidmətində çalışan mühəndislər bu qurğularda mədən geofiziki işləri yerinə yetirirdilər. xx.xx.1990-cı il tarixli 26-k nömrəli əmrə əsasən xx.xx.1990-cı il tarixdən “26 Bakı Komissarları” adına X10 Ekspedisiyasının 20 saylı X7 rəis vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.1997-ci il tarixli 51-k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Cəmi iş stajı: xx.xx.1988-ci il tarixdən - xx.xx.1997-ci ilə qədər 8 il 7 aydır. İddiaçı çalışdığı mühəndis, partiya rəisi vəzifələrində çalışanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 1100000b b) Rəhbərlər və mütəxəssislər yarımbəndindəki 17541 kodunda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda isə 10.1. kodunun b) Rəhbərlər və mütəxəssislər bəndində göstərilmişdir.” “BP Exploration” LTD-nin arayışından görünür ki, “İddiaçı Nəcəfqulu oğlu 17 fevral 2003-cü il tarixdən 18 avqust 2005-ci il tarixinədək BP Eksploreyşn (Kaspian Si) limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləyib və Şirkətdə onun son vəzifəsi Şah Dəniz layihəsində əməliyyatlar üzrə supervayzer olmuşdur. xx.xx.2004 - xx.xx.2005 - Əməliyyatlar üzrə supervayzer (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur). Qeyd: bu müddət ərzində ancaq 77 gün dənizdə işləyib. Bu peşənin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 1100000b-24125 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Bu peşənin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 (b) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.” "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin HR002/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “İddiaçı Nümayəndəlikdə 1 noyabr 1998-ci ildən 12 avqust 2014-cü il tarixinə qədər, müvafiq olaraq Avadınlığın Təmiri üzrə Mühəndis, Keyfiyyət üzrə Mütəxəssis, Keyfiyyət üzrə Baş Mütəxəssis və Əməliyyatlara Dəstək üzrə Mütəxəssis vəzifələrində çalışmış və həmin vəzifələr üzrə əmək funksiyalarını icra etmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmışdır. Onun tutduğu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 saylı qərarındakı 1100000b—17541 kodu ilə (“Quyularda geofiziki tədqiqatlar aparan mədəngeofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları”) nəzərdə tutulan vəzifələr siyahısına daxil olmuşdur. Göstərilmiş kod orada müəyyən edilmiş işlərin, peşələrin vəzifələrin həcmi dəyişdirilmədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarında 10.1.b kodu üzrə nəzərdə tutulmuşdur. İddiaçı Nümayəndəlikdə 1 noyabr 1998-ci ildən 8 yanvar 2008-ci ilə qədər Avadanlığın Təmiri üzrə Mühəndis (dəniz platformalarında və qazma qurğularında karotaj/geofizik avadanlıqların quraşdırılması və təmir işləri; partiya rəhbərlərinə texniki dəstəyin göstərilməsi), 8 yanvar 2008-ci ildən 1 aprel 2008-ci ilə qədər Keyfiyyət üzrə Mütəxəssis, 1 aprel 2008-ci ildən 2 noyabr 2009-cu ilə qədər Keyfiyyət üzrə Baş Mütəxəssis və 2 noyabr 2009-cu ildən 12 avqust 2014-cu il tarixinə qədər isə Əməliyyatlara Dəstək üzrə Mütəxəssis vəzifələri üzrə əmək funksiyalarını icra etmişdir. İddiaçı icra etdiyi əmək funsiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarındakı 1100000b—17541 kodu ilə nəzərdə tutulan vəzifələr siyahısına daxil olmuşdur.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən kod 1100000b—1100000b—17541- X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1. Qazma, b) Rəhbərlər və mütəxəssislər - quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Qeyd olunan arayışlardakı məlumatlar və 1 nömrəli Siyahıdakı müvafiq kodlar nəzərə alındıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 13 il 9 ay 5 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı olmuşdur. İşdən görünür ki, cavabdeh qeyd edilənlərə razılaşmayaraq iddiaçının:

1. xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Dəniz mədən X2 xidmətində mühəndis;

2. “Baker Hughes” şirkətində xx.xx.1998-xx.xx.2002-ci il və xx.xx.2005-xx.xx.2008ci il tarixləri arasındakı dövrlər ərzində avadanlığın təmiri üzrə mühəndis;

3. “BP Exploration” LTD şirkətində isə xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə supervayzer vəzifələrində işlədiyi peşələrin Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə aid olmadığını, əməliyyatlar üzrə supervayzer vəzifəsinin isə sözügedən Siyahıda nəzərdə tutulmadığını bildirməklə, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (22 il 8 ay 10 gün (xx.xx.1982xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajının isə 12 il 6 aydan az (7 il 3 ay (xx.xx.1990-xx.xx.1997-ci il tarixləri arasındakı dövr) təşkil etməsi qənaətinə gəlmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən, cavabdehin bu mövqeyi ilə razılaşmır. Birincisi, iddiaçı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli, deyil, 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün isə azı 20 il ümumi, 10 il isə xüsusi iş stajı tələb olunur. Cavabdehin də qeyd etdiyi kimi iddiaçı xx.xx.2006-cı il tarixə 20 ildən artıq iş stajına malik olmuşdur. İddiaçının xüsusi iş stajına gəldikdə, işdən görünür ki, cavabdeh iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda göstərilən vəzifələrə uyğun gəlmədiyini müəyyən edərkən, yalnız ad uyğunsuzluğuna istinad etmiş, iddiaçının işlədiyi vəzifə üzrə əmək funksiyasının arayışda qeyd edilən kodlar üzrə vəzifələrin əmək funksiyası ilə eyni olub olmamasını heç araşdırmamış, həmin peşələrə görə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyinə qiymət verməmişdir. Halbuki yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış mövqeyə görə şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi isə işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, arayış, vəzifə təlimatı ilə müəyyən edilir, hansı ki, işdə olan həmin arayışlarda işəgötürən tərəfindən iddiaçının yerinə yetirdiyi əmək funksiyaları ətraflı qeyd edilmişdir. Məhkəmə həm bu hal, həm də işəgötürən müəssisələrin fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğunu nəzərə alaraq, onlar tərəfindən verilən arayışları mötəbər sənəd kimi qəbul edir. Çünki cavabdeh arayışlarda qeyd edilən məlumatların həqiqətə uyğun olmamasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, Siyahıda qeyd olunan vəzifənin əmək funksiyasının nədən ibarət olduğunu, iddiçının tutduğu vəzifə üzrə həmin funksiyalardan hansını yerinə yetirmədiyini əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-ci il tarixə 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir və ona 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının tələbinin “xx.xx.2017-ci il tarixdən hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi” hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi, iddiaçının pensiya hüququ xx.xx.2017-ci ildə yaransa da, o pensiya təyin edilməsi üçün xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etdiyindən ona əmək pensiyası həmin tarixdən əvvəlki üç il üçün ödənilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar