Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8937/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və vəkili (nümayəndəsi) X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X3) qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X2 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu, 10 ünvandan yerləşən evdən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X3 2022-ci il tarixdə iddiaçıya qarşı Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2 ünvana köçürülməklə mənzilə üstifadə hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qaradağ rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(002)-1634/2022 saylı qətnaməsi ilə iddiası təmin olunmuş, həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-7148/2022 saylı qətnaməsi ilə Qaradağ Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qüvvədə saxlanılmış, həmin qətnamədən kassasiya qaydasında şikayət vermişdir. Ali Məhkəmin xx.xx.2023-cü il tariuxli, 2(102)-1757/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(103)- 7148/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.20223-cü il tarixli, 2(103)-4101/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, bu iş üzrə Qaradağ rayon məhkəməsinin 2(002)-1643/2022 saylı, 08 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X2 qeyd edilən ünvanda yaşamaması müəyyən edilməklə iddiaçıya qarşı mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə yeni qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamədən kassasiya şikayəti verilsə də, şikayət verilmə müddəti bərpa edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı üçüncü şəxs X2 pasport qeydiyyatından çıxarılması ilə bağlı Qaradağ Rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin orqan tərəfindən imtina edilmiş və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyta haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə istinad edilməklə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İddiaçı cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1634/2022 nömrəli 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı X2 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsi, 10 saylı mənzilə dair istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7148/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1757/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)- 7148/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 4101/2023 nömrəli Qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1634/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı X2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 4101/2023 nömrəli Qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2023-cü il tarixli 2(103)-4101/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizəsi geri qaytarılmışdır.
8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X3 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, hazırda mənzilə dair daşınmaz əmlak dövlət reyestrindən çıxarış mövcud deyil.
II. İddianın növü və mümkünlüyü
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
14. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
15. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının adına qeyd edilən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Qeyd olunan hal iddia ərizəsi, eləcə də iddiaçı və nümayəndəsinin (vəkilinin) izahatı ilə təsdiq olunmuşdur. Nəticə etibarilə, iddiaçı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan üçüncü şəxslə eyni hüquqi vəziyyətdədir. Odur ki, iddiaçının həmin ünvandan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
16. Odur ki, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.
17. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkün sayılmaması onun məhkəməyə çatımlılıq hüququnu pozmur və iddianın mümkün sayılmaması qarşıya qoyulan məqsədə (bərabərlik hüququnun təmin edilməsinə) uyğundur.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva