Məhkəmə qərarları › İş №2-1(112)-8938/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8938/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8938/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçılar İddiaçı1 və X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar İddiaçı1 və X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı Şəhəri XDS İK-nın 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarına əsasən fərdi mənzil tikintisinə olan vətəndaşlara Nardaran qəsəbəsində həyətyanı torpaq fondu ayrılmışdır. Bunun əsasında da, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 24 mart 2006-cı il tarixli 02/632 saylı qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən sahə 3, yer 3-də sahəsi 2.400 kv.m olan olan torpaq sahəsi İddiaçı2 və həmin ərazidə RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 24 mart 2006-cı il tarixli 03/633 saylı qərarı ilə sahə 3, yer 4-də sahəsi 2.400 kv.m olan torpaq sahəsi isə İddiaçı1 ayrılmışdır. İddiaçılar tərəfindən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq, yuxarıda qeyd olunan torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrindən çıxarışların verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən müraciətə cavab olaraq 22 aprel 2022-ci il tarixli məktublarla bildirilmişdir ki, qeyd olunan torpaq sahələri ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”na uyğun sənədlər təqdim edilməmiş, həmçinin təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığından, sənədlə sahəni dəqiqləşdirmək mümkün olmamışdır. İmtinada həmçinin qeyd olunmuşdur ki, torpaq sahəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinin tələblərinə müvafiq olaraq hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. İddiaçılar hesab edir ki, cavabdehin dəlilləri (qeyd etdiyi iradlar) əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.3-cü bəndində “şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktları” da qeyd olunmuşdur. Sözügedən torpaq sahələri Bakı Şəhər XDS İKnın 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarına əsasən fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara ayrılmışdır. İddiaçılar tərəfindən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunduğu halda, cavabdeh bunun əksini yazmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176 maddəsinə istinad olunaraq hasarlanmamış torpaq sahəsinin dövlət reyestrinə alınmasından imtina ilə bağlı qeyd isə əsassızdır və qonşular arasında da, torpaq sərhədlərinə dair heç bir mübahisə mövcud deyildir. Göstərilənlərə və «Torpaq islahatı haqqında» Qanunun 9, 10-сu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin müddəalarına istinad olunraq, daşınmaz əmlkaın dövlət reyestrində Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 24 mart 2006cı il tarixli 02/632 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində sahə 3, yer 3-də yerləşən 2.400 kv.m torpaq sahəsi üzərində İddiaçı2 və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 24 mart 2006-cı il tarixli 02/633 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində sahə 3, yer 4də yerləşən 2.400 kv.m torpaq sahəsi üzərində İddiaçı1 hüquqlarının qeydiyyat alınması və bu barədə reyestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmişdir. Lakin cavabdeh tərəfin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçılar gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın əsassız olduğunu, cavabdehin imtinalarının qanuni olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 24 mart 2006-ci il tarixli 02/632 saylı qərarından çıxarışın surətindən görünür ki, Bakı Şəhər XDS İK-nın 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq, fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrıldığı nəzərə alınaraq, Bakı şəhərinin Baş Planına uyğun şəkildə vətəndaş İddiaçı2 2.400 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 24 mart 2006-ci il tarixli 03/633 saylı qərarından çıxarışın surətindən görünür ki, Bakı Şəhər XDS İK-nın 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq, fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrıldığı nəzərə alınaraq, Bakı şəhərinin Baş Planına uyğun şəkildə vətəndaş İddiaçı1 2.400 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 24 mart 2006-ci il tarixli 03/632 saylı və 02/633 saylı qərarına müvafiq olaraq İddiaçı2 və İddiaçı1 ayrılmış torpaq sahələrinin cizgiləri tərtib olunaraq tısdiq edilmişdir. İş materiallarından görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı1 nümayəndəsinə ünvanlanmış 22 aprel 2022ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 5 aprel 2022-ci il tarixli müraciətə baxılmışdır. Qeyd olunan torpaq sahəsi ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”na uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığından, sənədlə sahəni dəqiqləşdirmək mümkün olmamışdır. Torpaq sahəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinin tələblərinə müvafiq olaraq hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqları dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarından görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı2 nümyəndəsinə ünvanlanmış 22 aprel 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 5 aprel 2022-ci il tarixli müraciətə baxılmışdır. Qeyd olunan torpaq sahəsi ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”na uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığından, sənədlə sahəni dəqiqləşdirmək mümkün olmamışdır. Torpaq sahəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinin tələblərinə müvafiq olaraq hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqları dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPMin 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Sabunçu rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Məhkəmə mübahisəyə qiymət verərlən aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsininm Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan SSR-in 1970-ci il tarixli 7 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 20-ci maddəsinin İİ – İV hissələrinə əsasən rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə, həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələri kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin, idarələrinin, təşkilatlarının istifadəsindəki torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından və bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada kənd xalq deputatları Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər: Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Göründüyü kimi, əvvəlki dövrlərdə qüvvədə olan qanunvericilik normaları dövlət mülkiyyətində olan torpaq ərazilərindən vətəndaşlara müəyyən təyinat üzrə torpaq sahələrinin ayrılması səlahiyyətlərini rayon (şəhər) xalq deputarları sovetləri tərəfindən onların müvafiq icra orqanına, habelə kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə verilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndində nəzərdə tutulmuşdur ki, bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda aşağıdakılar nəzərdə tutulmuşdur: 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – (2.6) fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Bundan başqa, qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Qeyd olunanlara əsasən belə nəticə əldə olunur ki: - Vətəndaşlara Bakı Şəhər XDS İK-nn 27 yanvar 1989-cu il tarixli qərarı ilə fərdi mənzil tikintisi üçün Bakı şəhəri Lenin (indiki Sabunçu) rayonunun Nardaran qəsəbəsində həyətyanı torpaq fondu üzrə təhkim edilmiş ərazidən Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin torpaq sahəsi ayırması qanunsuz sayıla, yəni səlahiyyətsiz orqanın torpaq ayırması kimi qiymətləndirilə bilməz, müvafiq torpaq fondu 1989-cu ildə ayrıldığından Azərbaycan SSR-in 1970-ci il tarixli 7 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvəyə minənədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 17 və 20-ci maddələrinə görə Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə nümayəndəliyi torpaq sahəsiniun vətəndaşa verilməsində səlahiyyətli olmuşdur; - Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 24 mart 2006-cı il tarixli 02/632 və 03/633 nömrəli qərarlarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçılar etimadın qanunla qorunması hüququna malikdirlər. Bundan başqa, sözügedən 24 mart 2006-ci il tarixli qərarlar iddiaçılara aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır; - Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 24 mart 2006-cı il tarixli 02/632 və 03/633 nömrəli qərarları «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının müddəalarına (Fərmanla təsdiq edilmiş Siyahının 2.6-cı bəndi) uyğun olaraq iddiaçılar həmin qərarla onlara ayrılmış torpaq sahələrinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Bununla da, işdə olan sənədlərlə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindəki torpaq sahələrinin (hər biri 2.400 kv.m olmaqla) hazırkı iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdehin imtina məktubunda göstərdiyi digər dəlilinə gəldikdə isə, məhkəmə qeyd edir ki, yerləşmə cizgisində məsafələrin qeyd edilməməsi ilə bağlı dəlil imtina üçün əsas deyil. Çünki, bu, həm iddiaçının iradəsindən asılı olan hal deyil, həm də müvafiq uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı İddiaçı2 ona Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 24 mart 2006-ci il tarixli 02/632 saylı qərarı ilə Nardaran bağ massivindəki (sahə 3, yer 3) 2.400 kv.m ölçüdə torpaq sahəsinə, həmçinin digər İddiaçı1 ona Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 24 mart 2006-ci il tarixli 03/633 saylı qərarı ilə Nardaran bağ massivindəki (sahə 3, yer 4) 2.400 kv.m ölçüdə torpaq sahəsinə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən mülkiyyət hüquqlarını əldə etmişdir. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın imtina ilə əlaqədar dəlillərini formal xarakterli və tutarlı sübutlara əsaslanmayan kimi qiymətləndirir və hesab edir ki, iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması qanuna ziddir və iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 24 mart 2006-cı il tarixli 02/632 saylı qərarı ilə ayrılan Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, sahəsi 2.400 kv.m olan (sahə 3, yer 3) torpaq sahəsi üzərində İddiaçı2 və Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 24 mart 2006-cı il tarixli 03/633 saylı qərarı ilə ayrılan sahəsi 2.400 kv.m olan (sahə 3, yer 4) torpaq sahəsi üzərində İddiaçı1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrindən çıxarışların verilməsi vəzifəsi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 68, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 24 mart 2006cı il tarixli 02/632 saylı qərarı ilə ayrılan Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, sahəsi 2.400 kv.m olan (sahə 3, yer 3) torpaq sahəsi üzərində İddiaçı2 və Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 24 mart 2006-cı il tarixli 03/633 saylı qərarı ilə ayrılan sahəsi 2.400 kv.m olan (sahə 3, yer 4) torpaq sahəsi üzərində İddiaçı1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrindən çıxarışların verilməsi vəzifəsi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar