Məhkəmə qərarları › İş №2-1(112)-8939/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8939/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8939/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X9 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının X18 Üzrə Dövlət Komitəsinin cavabdeh Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidi dini icmasına (üçüncü şəxs Qafqaz Müsəlmanları İdarəsi) qarşı “dini icmanın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, müəyyən etdi: I. İşin halları:

1. Təsisçilərin 21.02.2014-cü il tarixli protokolu və 21.02.2014-cü il tarixli ərizəsinə əsasən 28.02.2014-cü il tarixdə Azərbaycan Respublikasının X18 Üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) tərəfindən Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidi dini icması (bundan sonra – Dini icma) qeydiyyata alınmış və bu barədə dini qurumların dövlət reyestrindən çıxarış verilmişdir.

2. 12.08.2020-ci il, 30.06.2021-ci il, 02.07.2021-ci il tarixlərdə Komitə tərəfindən Dini icmaya məktublar ünvanlanaraq Müşfiqabad qəsəbə məscidi dini icmasının üzvləri - Əsgərov Zəftər, Gulverdiyev Baba, İbişov Telman və Əkbərov Əlihüseynin vəfat etdiyi, lakin Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidi dini icmasının tərkibində baş vermiş dəyişikliklərlə əlaqədar məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi bildirilmiş, dini icmanın sənədləri və təsisçilərinin sırasında baş verən dəyişiklik barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Komitəyə məlumat verilməsi tələb olunmuş və “Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinin 9-cu hissəsinə əsasən dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlar və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinin qurumun məhkəmə yolu ilə ləğv edilməsi üçün əsas olması barədə xəbərdarlıq edilmişdir.

3. 28.07.2021-ci il tarixdə Komitə cavabdeh Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidi dini icmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2014-cü il tarixdə 100114A1-563 nömrəli şəhadətnamə ilə X18 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidi dini icmasının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin 10.11.2021-ci il tarixli qərardadı ilə Qafqaz Müsəlmanları İdarəsi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması:

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, dini icma dövlət qeydiyyatından keçdiyi 28.02.2014-cü il tarixindən etibarən Nizamnaməsinə uyğun fəaliyyət göstərməmişdir. Belə ki, Nizamnamənin 3.1-ci bəndində icmanın ali orqanı olan yığıncağın azı ayda bir dəfə çağırılmalı olduğu göstərilməsinə baxmayaraq bu günədək belə yığıncağın keçirilməsi qeydə alınmamışdır. Həmçinin icma sədrinin illik hesabatlarının dinlənilməsi və qiymətləndirilməsi keçirilməmiş, icma təsisçilərinin arasında dəyişikliklərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər yerinə yetirilməmişdir. İcmanın fəaliyyətsizliyi icmanın hüquqi ünvanı olan Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidindəki dini duruma təsir göstərmiş, burada ibadət edən dini qruplar arasında dini dözümsüzlüyün, dini nifrət və düşmənçiliyin yaranmasına səbəb olmuşdur. Dövlət Komitəsinin və QMİ-nin nümayəndələrinin məsciddə dindarlarla müzakirələri zamanı onlar dini icmanın fəaliyyəti və tərkibindən şikayətçi olmuşlar. İddiaçı cavabdehin fəaliyyətində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılmasına dair onun tələblərinə baxmayaraq, qanun pozuntularının bu günə qədər aradan qaldırılmamasını və təsis sənədlərində baş vermiş dəyişiklər barədə xəbərdarlığa baxmayaraq, məlumatların təqdim edilməməsini nəzərə alaraq, dini icmanın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə təqdim edilməmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərk onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi:

10. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. 11.İddia mümkün iddiadır. Çünki iddiaçı publik (ictimai) hüquq münasibətlərindən irəli gələn səlahiyyətindən istifadə etməklə hazırkı iddianı irəli sürmüşdür.

12. İddianın mahiyyətinə gəldikdə isə işdən görünür ki, 21.02.2014-cü il tarixdə 51 nəfər təsisçi ümumi yığıncaq keçirərək Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidi dini icmasını (bundan sonra – Dini icma) təsis etmiş, dini icmanın nizamnaməsini qəbul etmiş, X3 dini icmanın sədri seçilmiş, X4, X8 və X2 ibarət nəzarət-təftiş komissiyası yaradılmış və Dini icmanın dövlət qeydiyyatına alınması üçün Komitəyə müraciət edilməsi qərar alınmışdır.

13. Təsisçilər 21.02.2014-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının X18 Üzrə Dövlət Komitəsinə (bundan sonra – Komitə) müraciət edərək Dini icmanın dövlət qeydiyyatına alınmasını xahiş etmiş, Komitə 28.02.2014-cü ildə Dini icmanı dövlət qeydiyyatına almış və bu barədə 100114A1-563 nömrəli şəhadətnamə vermişdir.

14. Dini icmanın 21 fevral 2014-cü il tarixdə təsdiq edilmiş Nizamnaməsindən görünür ki, İcma məsciddə azı 50 (əlli) nəfər yetkinlik yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları tərəfindən yaradılır. İcmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı 50 (əlli) nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri icmanın təsis protokolu və nizamnaməsi əlavə olunmuş ərizə ilə Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) müraciət edir. İcmanın ali orqanı İcmanın sədri tərəfindən ayda azı bir dəfə çağrılan ümumi yığıncaqdır. Ümumi yığıncaq Nizamnamənin qəbulu, ona əlavələr və dəyişikliklər edilməsi, İcmanın ləğv edilməsi haqqında qərarları İcmanın təsisçilərinin azı 2/3 hissəsinin iştirakı ilə iştirak edən təsisçilərinin 2/3 səs çoxluğu ilə qəbul edir. İcmanın ləğvi onun mövcudluğuna və fəaliyyətinə xitam verilməsi deməkdir. İcma qanunla müəyyən olunmuş qaydada təsisçilərin və ya DQİDK-nın müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. İcma DQDİK tərəfindən onun fəaliyyətinə xitam verilməsi barədə müvafiq qeydin aparıldığı andan ləğv edilmiş sayılır.

15. Komitə hazırda dini icmanın “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ləğvini xahiş edir.

16. Məhkəmə qeyd edir ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – Qanun) əsasən: - Maddə 7. Dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, onların birlikləri dini qurumlardır. Dini qurumlar öz mərkəzi (idarələri) ilə təmsil olunurlar. Dini qurumlar bu Qanuna və təsdiq olunmuş nizamnamələrinə müvafiq surətdə fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim edirlər. - Maddə 8. Dini icma dinə birlikdə ibadət etmək və digər dini tələbatı ödəmək məqsədilə eyni inzibati ərazi vahidi hüdudlarında yaşayan könüllülük əsasında birləşmiş yetkinlik yaşına çatmış dindar şəxslərin yerli dini qurumudur. Dini icma azı 50 (əlli) nəfər yetkinlik yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən yaradılır. Azərbaycan Respublikasında təşkilat məsələlərində islam dini icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər. İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiya edilir. Attestasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə keçirilir. - Maddə 12. Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən dini ibadət yerlərində və ziyarətgahlarda həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri icmanın təsis protokolu və nizamnaməsi əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə müraciət edir. Ərizəyə habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə edilir. Dini mərkəz və ya idarə 30 gün ərzində həmin sənədləri öz təqdimatı ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir. Dini mərkəzin, dini idarələrin, dini təhsil müəssisələrinin, dövlət qeydiyyatına alınması üçün təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanı 30 gün ərzində dini qurumların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edir.

17. Göründüyü kimi, həm qanunvericilik, həm də cavabdehin nizamnaməsi dini icmanın azı 50 nəfər təsisçisinin olmasını qurumun təsisi zamanı əsas tələb kimi müəyyən etmişdir.

18. İşdən görünür ki, cavabdeh Dini icma 51 nəfər şəxs tərəfindən təsis edilmiş, lakin onun təsisçilərindən olan X8 20.03.2017-ci il tarixdə, X6 18.01.2018-ci il tarixdə, X7 və X5 08.12.2020-ci il tarixdə ölmüşdür.

19. Göründüyü kimi, hazırda Dini icmanın cəmi 47 nəfər təsisçisi qalmışdır, hansı ki Qanuna əsasən Dini icmanın ən azı 50 (əlli) nəfər təsisçisi olmalıdır.

20. Məhkəmə iclasında cavabdehin nümayəndəsi icmaya təsisçilərin qəbul edilməsi barədə heç bir sənəd təqdim etməmiş, təsisçilərin sayının Qanunla müəyyən edilmiş sayda olmasını sübut edə bilməmişdir.

21. Belə olan halda aydın olur ki, Dini icma hazırda təsisçilər barədə qanunla tələb olunan yetərsaya malik deyildir.

22. Bundan başqa, Qanunun 12-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmış dini qurum onun dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə hər hansı dəyişiklik olduqda, bu barədə 20 gün müddətində dini mərkəz və idarələrin vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və müvafiq dəyişikliyi təsdiq edən sənədləri həmin qaydada təqdim etməlidir. Qanunun 12-1-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurum məhkəmə qaydasında aşağıdakı əsaslarla ləğv edilə bilər: ...8-1) dini qurumun fəaliyyətində aşkar olunmuş qanun pozuntusunun aradan qaldırılmasına dair Azərbaycan Respublikasının X18 üzrə Dövlət Komitəsi yazılı tələbində qoyulmuş müddətdə qanun pozuntusunun aradan qaldırılmaması; 9) dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın Azərbaycan Respublikasının X18 üzrə Dövlət Komitəsinə təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinə əməl olunmaması.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli, 70 nömrəli qərarı ilə təsdiq olunmuş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın: - 1.1-ci bəndinə əsasən həmin Qaydalar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli, 48 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslərin, dini qurumların, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının (bundan sonra qurum), həmçinin Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumların dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) aparılması, istifadəsi və mühafizəsi qaydalarını müəyyən edir. - 1.3.3-cü yarımbəndinə əsasən dini qurumların dövlət reyestri Azərbaycan Respublikasının X18 üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının X18 üzrə İdarəsi tərəfindən aparılır. - 2.3-ci bəndinə əsaən dövlət reyestri aşağıdakılardan ibarətdir: 2.3.1. qurumların təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi, ləğvetmə prosesində olması, ləğv edilməsi, eləcə də siyasi partiyaların, həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatlar; 2.3.2. təsis sənədlərində dəyişikliklərin edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlar; 2.3.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar; 2.3.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər toplusu. 2.3.5. elektron informasiya, habelə kommersiya və qeyri-kommersiya qurumlarına, publik hüquqi şəxslərə dair kağız daşıyıcılarda olan məlumatlar. - 3.1-ci bəndinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barədə aşağıdakı məlumatlar əks etdirilməlidir: 3.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı, təsisçi dövlətdirsə, təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyədirsə, bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında məlumatlar - 4.2-ci bəndinə əsasən qeyri-kommersiya qurumlarının Qeydiyyat (reyestr) məlumatları qeyri-kommersiya qurumlarının dövlət reyestr kitablarında yazılır. Qeyrikommersiya qurumlarının dövlət reyestr kitabları kağız və elektron variantda tərtib edilir - 4.9. Dövlət reyestr kitablarının tətbiq edilməsi məsələləri ilə bağlı dövlət qeydiyyat orqanlarına metodiki rəhbərliyi qeyri-kommersiya qurumları üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, kommersiya qurumları və publik hüquqi şəxslər üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, dini qurumlar üzrə Azərbaycan Respublikasının X18 üzrə Dövlət Komitəsi həyata keçirirlər. - 4.10-cu bəndinə əsasən qeyri-kommersiya qurumlarının dövlət reyestr kitablarının hər sütununda qeydə alınmalı faktlar aşağıdakı qaydada kodlaşdırılır: A) adı; B) təşkilati-hüquqi forması; C) hüquqi ünvanı; M) maliyyə ili; R) fəaliyyət ərazisi; V) hüquqi varislik: F) hüquqi şəxsin təsisçiliyi ilə yaradılmış filial, nümayəndəliklər və digər qurumlar haqqında məlumatlar; L) ləğv edilməsi; CM) qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat; CQ) hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar; FD) qeyri-kommersiya təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - fəaliyyətinin dayandırılması və bərpası haqqında məlumatlar; T) hər bir qanuni təmsilçinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri haqqında məlumatlar; S) hər bir təsisçinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında məlumatlar; İ) fəaliyyət predmeti və məqsədi (dini qurumlar üçün həm də mənsub olduğu dini konfessiya); LP) qurumun ləğvetmə prosesində olması barədə məlumat; Ə) qeyri-hökumət təşkilatlarında və xarici qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunmasına dair məlumatlar; Q) digər qeydlər. Sadalanan normalardan görünür ki, qeyri-kommersiya qurumu kimi dini qurumun təsisiçiləri barədə məlumat, həmçinin həmin məlumatlardakı dəyişikliklər dövlət reyestrinə daxil edilməlidir.

24. Həmçinin Dini icmanın Nizamnaməsinin 8.2-ci bəndində göstərilmişdir ki, İcma onun dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə hər hansı dəyişiklik olduqda, bu barədə 20 gün müddətində QMİ-nin vasitəsi ilə DQİDK-ya məlumat verməli və müvafiq dəyişikliyi təsdiq edən sənədləri təqdim etməlidir.

25. Lakin yuxarıda qeyd olunduğu kimi, işdən aydın olur ki, cavabdehin təsisçiləri barədə məlumatlarda 2018-ci ildən etibarən dəyişiklik baş versə də, o, bununla bağlı məlumatı iddiaçıya təqdim etməmiş, iddiaçı bu barədə cavabdehə 12.08.2020-ci il, 30.06.2021-ci il, 02.07.2021-ci il tarixlərdə məktub göndərsə də, bunun hər hansı bir nəticəsi olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh qurum qanunvericiliyin göstərilən tələblərini yerinə yetirmədiyindən iddiaçının tələbi təmin olunmalı və dini icma ləğv edilməlidir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, , 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı:

İddia təmin olunsun. 28 fevral 2014-cü il tarixdə 100114A1-563 nömrə ilə qeydiyyata alınmış Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidi dini icması ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar