Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8939/2025 08.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra– iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş zərərin əvəzi olaraq 0,12 ha torpaq sahəsinin və ya həmin torpaq sahəsinin real bazar qiyməti nəzərə alınmaqla əvəzində 180000 (yüz səksən min) manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X15 və X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 319 saylı, xx.xx.2004-cü il tarixli sərəncamının 2.42-ci bəndinə əsasən anası X6 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi sahəsində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Anası xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 5 saylı notariat kontoruna müraciət etmişdir. Ərizəsinə əsasən vərəsəlik işi açılmış və ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 3144 saylı bağ sahəsində yerləşən 1200 kv.metr torpaq sahəsinə dair çıxarış verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş olunmuş, həmin məktub əsasında ilkin olaraq anası X4 adına Dövlət Reyestri Xidmətindən xx.xx.2014-cü il tarixdə RX seriyalı ******* saylı Çıxarış almışdır. xx.xx.2014cü il tarixdə isə Dövlət Reyestri Xidmətindən öz adına RX seriyalı ******* saylı Çıxarış almışdır. 23 aprel 2014-cü il tarixdə bağlanmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini X1. Saleh Əfəndiyevdə öz növbəsində həmin ünvana xx.xx.2014-cü il tarixdə Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarış almış və orda fərdi yaşayış evi tikərək yaşamışdır. 2021-ci il tarixdə X16 Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək həmin torpaq sahəsinin Bakı şəhər İcraiyyə Komitəsinin 30 noyabr 1990-cı il tarixi, 7/374 saylı qərarı ilə anası X13 verilməsini əsas gətirməklə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən anasına verilmiş və mülkiyyətində olan qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə dair 319 saylı sərəncamın ləğv edilməsini xahiş etmişdir. Həmin iş üzrə üçüncü şəxs qismində cəlb olunsa da, bundan xəbəri olmamış, sonradan bu barədə məlumat aldıqdan sonra qərardan narazı qaldığından üçüncü şəxs qismində apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-88/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin olunmamışdır. Həmin qərardan kassasiya qaydasında Ali Məhkəməyə şikayət vermiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-856/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, bu iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı qüvvəsində saxlanılmışdır. Hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən qeyd edilən ünvana verilmiş qanuni yolla alınmış çıxarışlar ləğv edilməklə torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi zərurəti yaranmışdır. Torpağı vərəsəlik qaydasında qanuni yolla adına rəsmiləşdirib onu qanuni yolla X2 da, məhkəmə qərarlarına əsasən Bakı şəhər İcra Hakimiyyətinin qeyd edilən torpaq sahəsinə dair sərəncamının ləğv edilməsi səbəbindən Saleh Əfəndiyev ona dəymiş zərəri iddiaçıdan tələb edir. İddiaçının isə maddi imkanı yoxdur ki, ona dəymiş zərəri ödəsin. Halbuki, iddiaçının Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarından xəbəri olmamış, eləcə Saleh Əfəndiyev vicdanlı alıcı olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin bilərəkdən və ya bilməyərəkdən kobud səhvi nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Bakı Şəhər İcra Hakimiyyəti ona dəyən maddi zərərə görə məsuliyyət daşıyır və onu ödəməlidir. Ləhiş bağ massivində yerləşən həmin ərazidə çıxarışı olan torpaq sahəsinin 0,01 ha hissəsinin hazırda real bazar qiyməti 15000 (on beş min) manat təşkil edir. 0,12 ha torpaq sahəsinin real bazar qiyməti 180000 (yüz səksən min) manat edir. Həmin zərər cavabdeh tərəfindən ona ödənilməlidir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının və onun nümayəndəsi iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdeh və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndələrinin iştirak təmin etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X5 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 177 saylı kooperativ tərəfindən verilmiş orderə əsasən Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 177 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3144 saylı bağ sahəsi xx.xx.1990-cı il tarixdə X13 ayrılmışdır. Həmin bağ sahəsinin sonuncuya ayrılmasına baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 319 saylı, xx.xx.2004-cü il tarixli sərəncamının 2.42-ci bəndinə əsasən bağ sahəsi X8 ayrılmış və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Baş Təsərrüfatının İnkişafı Departamenti X5 Departamenti ilə X9 arasında bağlanmış 11 yanvar 2005-ci il tarixli, 33877 saylı müqaviləyə əsasən sözügedən bağ sahəsi Tamara Kazımovanın istifadəsinə verilmiş, sonuncunun adına torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Daha sonra həmin bağ sahəsi vərəsəlik qaydasında onun qızı İddiaçı adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı onun adına mülkiyyət hüququ əsasında qeydə alınmış bağ sahəsini AN-İ № ******* saylı, 23 aprel 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 və sonuncunun mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3847/2021 nömrəli qərarından görünür ki, iddiaçı X14 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (X15 və İddiaçı 3-cü şəxs qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X4 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilərək Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 sayli sərəncamının X4 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndi etibarsız hesab edilmişdir. Məhkəmə qərarında göstərilmişdir ki, “...Göründüyü kimi bağ sahəsi ilkin olaraq X13 ayrılmışdır və X.Yaqubovaya bağ sahəsinin ayrılması barədə qərar və order qüvvədə olduğu halda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X4 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndinə əsasən sözügedən bağ sahəsi X6 ayrılmışdır. Buna dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti X5 Departamenti ilə X9 arasında 11 yanvar 2005-ci il tarixdə bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilə bağlanmışdır. Halbuki iş materiallarında olan sənədlərdən görünür ki, X9 13 dekabr 2004cü il tarixdə vəfat etmişdir. Həmçinin məhkəmə araşdırması dövründə bağ sahəsinin X.Yaqubovaya ayrılması barədə Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarının hazırda qüvvədə olub-olmaması barədə məlumatın verilməsi cavabdehdən tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab verilməmiş, həmin qərarın ləğv olunması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. ... Beləliklə məhkəmə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X4 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndi həmin bağ sahəsinin Xalsa Yaqubovaya ayrılması barədə Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarı qüvvədə olduğu halda, həmçinin sərəncam verilənədək artıq ölmüş şəxs barəsində verildiyindən hüquqi cəhətdən etibarlı sayıla bilməz. İnzibati akt ölmüş şəxs barəsində verildiyindən o, icrası mümkün olmayan inzibati akt olmuşdur və həmin inzibati aktın etibarsız hesab edilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir.” Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-88/2023 nömrəli qərarından görünür ki, üçüncü şəxslər X11 və İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 09 dekbar 2021-ci il tarixli, 2- 1(112)-3847/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası həmin nəticəyə gələrkən belə hesab etmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X4 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndi həmin bağ sahəsinin Xalsa Yaqubovaya ayrılması barədə Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarı qüvvədə olduğu halda, həmçinin sərəncam verilənədək artıq ölmüş şəxs barəsində verildiyindən hüquqi cəhətdən etibarlı sayıla bilməz. İnzibati akt ölmüş şəxs barəsində verildiyindən o, icrası mümkün olmayan inzibati akt olmuşdur və həmin inzibati aktın etibarsız hesab edilməsi barədə iddiaçının tələbi əsaslıdır.” Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-856/2024 nömrəli qərarından görünür ki, üçüncü şəxslərin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-88/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarında qeyd etmişdir ki, “...Beləliklə, yuxarıda göstərilmiş sənədlər, o cümlədən X5 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli protokolunun, təsdiq edilməsi barədə cavabdehin 319 saylı sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Baş Təsərrüfatının İnkişafı Departamenti X5 Departamenti ilə X9 arasında sözügedən bağ sahəsinə dair bağlanmış 11 yanvar 2005-ci il tarixli, 33877 saylı müqavilə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü və hətta Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Sabunçu rayonu Ləhiş bağ sahəsinə 3144 saylı 0,116456 ha bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə verilmiş çıxarış, artıq 10 il bundan əvvəl vəfat etmiş şəxsin, yəni T.A.Kazımovanın adınadır.
51. Başqa sözlə, bütün sadalanan sənədlər verildiyi zaman T.A.Kazımova vəfat etmiş, fiziki olaraq həyatda olmamışdır.
52. Belə olan halda bu sənədlər, o cümlədən cavabdehin xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamı qanuni sayıla bilməz.” İddiaçı hazırda cavabdeh tərəfindən onun anası T.Kazımovaya 3144 saylı bağ sahəsinin ayrılmasına dair xx.xx.2004-cü il tarixli, 319 sayli sərəncam etibarsız hesab olunduğundan, etibarsız inzibati akt qəbul etmiş cavabdeh tərəfindən sərəncamın etibarsız sayılmasına görə dəymiş zərərin əvəzinin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd olunan normalardan görünür ki, inzibati orqan o halda məsuliyyət daşıyır ki, onun qəbul etdiyi qərar (hərəkət və ya hərəkətsizlik) qanunsuz olsun. Həmin Qanunun 67.9-cu maddəsinə əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Göründüyü kimi, qanunverici qanunsuz əlverişli inzibati akt ləğv olunduqda maraqlı şəxsin kompensasiya tələb etmək hüququnu o zaman tanıyır ki, onun etimadı qanunla qorunur. Qanunun 67.6-ci maddəsinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İstinad olunan normadan məlum olur ki, şəxs inzibati aktın qəbul edilməsinə 67.6-cı maddədə göstərilən hallardan biri vasitəsilə nail olduqda, onun etimadı qanunla qorunmur. Bu isə o deməkdir ki, bu halda onun qanunsuz əlverişli inzibati aktın ləğv edilməsinə görə kompensasiya tələb etmək hüququ mövcud deyil. Hətta “İnzibati icraat haqqında” Qanunun 67.7-ci maddəsinə göstərilmişdir ki, həmin Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Göründüyü kimi, qanunverici Qanunun 67.6-cı maddədə göstərilən hallardan biri vasitəsilə əlverişli inzibati aktı qəbul edilməsinə nail olmuş şəxsin özünün aldığını dövlətə qaytarmasını nəzərdə tutmuş, əksini əsassız varlanma kimi qiymətləndirilmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisəli sərəncamın anası T.A.Kazımova vəfat etdikdən sonra onun adına qəbul olunduğunu, 11 yanvar 2005-ci il tarixli, 33877 saylı müqavilənin tərəfinin ölmüş şəxs olmasını, müqavilənin ölmüş şəxsin adından digər şəxsin imzalamasını bilmiş, buna baxmayaraq, həmin sənədləri mötəbər sənəd kimi daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana təqdim edərək, əmlaka mülkiyyət hüququnu qeydə aldırmışdır. İşdə olan Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 856/2024 nömrəli qərarında da göstərilmişdir ki, “...53. Apellyasiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, T.A.Kazımovanın qızı İddiaçı, bütün yuxarıda sadalanan sənədlərin anası T.A.Kazımovanın adına onun artıq vəfat etdikdən sonra verildiyini bildiyi halda həmin bağ sahəsi vərəsəlik qaydasında öz adına xx.xx.2014cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və bu barədə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı onun adına mülkiyyət hüququ əsasında qeydə alınmış bağ sahəsini AN-İ № ******* saylı, 23 aprel 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 və sonuncunun mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.” Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhər İcra Hakimiyətinin xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallara əsasən qəbul edildiyindən iddiaçının həmin inzibati akta etimadı qanunla qorunmur, bu isə onun həmin aktın etibarsız hesab edilməsinə görə kompensasiya tələb etmək hüququnu aradan qaldırır. Məhkəmə qeyd edir ki, bu hal cavabdeh inzibati orqanın, sərəncamın etibarsız olduğunu bilməsinə baxmayaraq, həmin sərəncamı qəbul etməsi zamanı da dəyişmir. Çünki Qanun yalnız vicdanlı davranış göstərən şəxsin hüquq və marağını qoruyur. Yəni hüquqi dövlət prinsipi dövlətin öz qanunsuz hərəkətlərinin nəticələrinə görə məsuliyyət daşınmasını nəzərdə tutsa da, bu, vətəndaşın aldatma yolu ilə qazandığı üstünlüyü qorumaq anlamına gəlmir. Şəxsin saxta sənəd təqdim etməsi onun etimadını tam kəsir və kompensasiya ödənilməsini istisna edir. Buna görə də məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova