Məhkəmə qərarları › İş №2-1(112)-894/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-894/2021

16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-894/2021 16.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «əmrin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Dövlət Miqrasiya Xidmətinə qarşı «əmrin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) qanunvericiliyin tələbləri pozulmaqla AR Dövlət Miqrasiya Xidməti rəisinin 90 nömrəli 12 mart 2020-ci il tarixli əmri ilə «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 95.8, 99 və 111.11-ci maddələrini, AR Əmək Məcəlləsinin 144-cü maddəsinin 4-cü hissələrini və «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə»nin 16.5-ci bəndi rəhbər tutularaq işdən azad edilmişdir. O, hesab edir ki, qüvvədə olan qanunvericiliyə görə AR Dövlət Miqrasiya Xidmətinin əmri qanuna ziddir və bir vətəndaş kimi onun əmək hüququnun, insan kimi ləyaqətinin qorunması hüququnun, habelə şəxsi toxunulmazlıq hüququnun kobud formada pozulması ilə müşahidə olunmuşdur. Əmrin surəti AR Dövlət Miqrasiya Xidməti tərəfindən 20 mart 2020-ci il tarixdə təqdim olunmuşdur. Xidmətin 90 nömrəli 12 mart 2020-ci il tarixli əmr 3 istiqamətdə qanunvericiliyin qələblərini pozmuşdur. 1) Həmin əmr AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. 2) «Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları»nın tətbiqi hüquqa ziddir. 3) Əmrin qəbul edilməsinə əsas olmuş şikayətlər həqiqətdə olmamışdır və əmr həqiqəti əks etdirməyən məlumatlar, saxta və qanunsuz sübutlar əsasında qəbul edilmişdir. 1-ci pozuntu ilə bağlı – iddiaçı «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 29.9-cu maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olmağına baxmayaraq, 211 nömrəli əmr qəbul edilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Eyni zamanda AR Dövlət Miqrasiya Xidməti tərəfindən onun əmək müqaviləsinin ləğv olunması arzulanarkən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edilməmiş və həmkarlar ittifaqı təşkilatının əsaslandınlmış yazılı qərarı alınmamışdır. Bu fakt öz təsdiqini 90 nömrəli əmrdə AR Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən qeyd edilməli olan halda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas əsab olunan rəsmi sənədlər arasında həmkarlar təşkilatının protokolu barədə qeydin olmamasında da tapır. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün nüddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunanları nəzərə alaraq, bildirilir ki, AR Dövlət Miqrasiya Xidmətinin rəisinin 90 nömrəli əmri AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 1 və 2-ci hissəsinin tələbləri pozulmaqla AR Əmək Məcəlləsinin 76.2-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilmədən qəbul edildiyindən qanunsuzdur. 2-ci pozuntu ilə bağlı – 90 nömrəli 12 mart 2020-ci il tarixli əmri, əmrin verilməsinə əsas olan arayışdan da göründüyü kimi, AR Dövlət Miqrasiya Xidməti rəisinin 3 may 2015-ci il tarixli 58 saylı əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işkilərin etik davranış Qaydalan»nın 6.1, 6.3, 6.4, 6.6, 6.8, 6.11 və 6.22-ci bəndlərinə əsasən intizam tənbehi verilmişdir. Lakin 90 nömrəli əmrin qəbul edilməsi üçün əsas kimi götürülmüş «Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları» Azərbaycan Respublikasının X21 Reyestrinə daxil edilməmişdir. Halbuki, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X21 Reyestrinə daxil edilməlidir. «Hüquqi aktların Azərbaycan Respublikasının X21 Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsanamə»nin 1.10-cu bəndinə əsasən dövlət reyestrinə konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata eçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq hallan üçün nəzərdə tutulan normativ xarakterli aktlar deyil, məhdud subyektlər dairəsi üçün məcburi davranış a dalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ xarakterli aktlar daxil edilir. Həmin Əsasnamənin 1.11-ci bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları və normatıv xarakterli aktlar, həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. «Hüquqi aktların Azərbaycan Respublikasının X21 Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə»nin 5.1-ci bəndinə əsasən bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktları qəbul edən orqanlar (qurumlar) tərəfindən Dövlət Reyestrinə daxil edilməyən hüquqi aktların tətbiqi ilə bağlı məlumat əldə edildikdə, Ədliyyə Nazirliyi bu aktlann Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunması barədə onları qəbul etmiş orqanlara (qurumlara) müraciət edir. Bu müraciət on iş günü müddətində yerinə yetirilmədikdə, Dövlət Reyestrinə daxil edilmədən tətbiq edilən, habelə bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş müddətdə ləğv edilməyən hüquqi aktların qüvvəsinin olmaması barədə məlumat Ədliyyə Nazirliyi tərəfindən Dövlət Reyestrinin internet informasiya ehtiyatında dərc edilir. 3-cü pozuntu ilə bağlı – 90 nömrəli əmrdə adları şikayətçi kimi qeyd edilmiş X16 və X8 (Fatimə Əyyubovanın atası) tərəfindən iddiaçı barəsində AR Dövlət Miqrasiya Xidmətinin poçt ünvanına, elektron ünvanına, çağrı mərkəzinə heç bir vaxt yazılı və ya şifahi hər hansı bır müraciətləri olmamışdır. Bununla bağlı iddiaçı barəsində araşdırma aparılan zaman dəfələrlə şikayətlə tanış olmağını tələb etsə də, AR Dövlət Miqrasiya Xidmətinin Daxili təhlükəsizlik idarəsinin rəisi (Elfan Quliyev) ona sözügedən şikayətləri təqdim edə bilməmişdir. Bu səbəbdəndir ki, hətta əmrdə belə X9 və X4 həmin idarə rəisinin şəxsi telefon nömrəsinə zəng vurduğu qeyd edilmişdir. Belə olduğu halda, təbii olaraq dörd sual yaranır: şikayətçilər hansı səbəbdən Dövlət Miqrasiya Xidmətinə rəsmi qaydada müraciət etmək əvəzinə həmin idarə rəisi ilə şəxsi telefonu vasitəsi ilə əlaqə saxlamışlar və rəisin hətta Dövlət Miqrasiya Xidmətinin işçisi kimi onun (iddiaçının) bilmədiyi telefon nömrəsini necə əldə ediblər? Əgər həqiqətən də idarə rəisinə belə bir müraciət olmuşdursa nəyə görə o, şikayətçiləri Xidmətə dəvət edərək qanunvericiliyə uyğun formada yazılı ərizələrini və ya şikayətlərini almamışdır? İdarə rəisinə iddia olunduğu kimi, telefonla və şifahi qaydada müraciət edilmişdirsə, həmin müraciət edənlərin şəxsiyyətlərini hansı formada dəqiqləşdirərək əmin olmuşdur ki, bu şəxslər X16 və X6r? Əgər şikayətçilərin Xidmətə müraciətləri olmuşdursa, niyə 4 səhifəlik qeyri-adi əmrdə şəxslərin müraciətlərinin tarixi və nömrəsi göstərilməmişdir? Şikayətdə adı hallanan X10 atası X8 iddiaçı ilə əlaqə saxlayaraq onunla əlaqəli məsələdə həmin idarə rəisinin qəbulunda olaraq (əmrdə qeyd olunduğu kimi telefonla əlaqə saxlamamışdır) iddiaçının onun yaxını və ya dostunun övladı ola biləcəyi üçün görüşdürməsini xahiş etdiyini bildirmişdir. Əlavə etmişdir ki, idarə rəsi bundan imtina etmişdir. X8 iddiaçının barəsində heç vaxt şikayət etmədiyini, hazırda da şikayətinin olmadığını və məsələnin qərəzli formada böyüdülərək təqdim edildiyini bildirir. Hətta o, şikayətinin olmaması barədə Dövlət Miqrasiya Xidmətinin rəisinə 4 mart 2020-ci il tarixli 1513/ə nömrəli ərizə ilə müraciət də etmişdir ki (iddiaçının işdən xaric olunmağı barədə verilmiş əmrdən daha öncə), bu müraciət cari tarixədək cavablandınlmamış və nəzərə alınmamışdır. X8 bununla bağlı Xidmətin rəisinin və idarə rəisinin qəbuluna gəlib şəxsən bildirmək istəsə iə, onu heç kəs qəbul etməmişdir. X8 Xidmət rəisinə və ölkə başçısına teleqramla müraciət edərək onun (iddiaçının) barəsində heç vaxt şikayətinin olmadığını bildirsə də, bu müraciət nəzərə alınmamış və cari tarixədək cavablandırılmamışdır. Əmrdə adı qeyd olunan X16 ilə əlaqə saxlayaraq ondan şikayəti barəsində maraqlandıqda isə, o da digər şikayətçi kimi Dövlət Miqrasiya Xidmətinə onun (iddiaçının) barəsində heç vaxt şikayət etmədiyini, iddiaçını və idarə rəisini ümumiyyətlə tanımadığını, sonuncu ilə telefonla əlaqə saxlamadığını bildirmişdir. Bunula bağlı, iddiaçı araşdırma dövründə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə dəfələrlə müraciət edərək onun X9, X4 şikayətlərinə dair araşdırma materialları, əmrdə sözügedən video görüntü ilə tanış olmasını tələb etsə də, tələbi yerinə yetirilmədi. Bu səbəbdən araşdırma materialları ilə tanış edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə dəfələrlə şifahi və ya telefon vasitəsi ilə, 1 dəfə ərizə, 2 dəfə teleqramla müraciət etmişdir, lakin cari tarixədək cavab verilməkdən imtina olunmaqdadır. Bundan əlavə 12 mart 2020-ci il tarixdə saat 17 radələrində iddiaçı cəhd edərək Xidmət rəisinin qəbulunda olarkən bu məsələlərin qərəzli olaraq ona qarşı yönəldiyini və şikayətçilərin olmadığı və 4 mart 2020-ci il tarixli ərizə ilə Dövlət Miqrasiya Xidmətinə onun barəsində şikayətin olmaması barədə müraciəti xatırlatsa da, Xidmət rəhbərliyi onun barəsində qərarın qəti olduğunu və nə həmin ərizənin və nə də onun qeyd etdiklərinin nəzərə alınmayacağını bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, İPM-in 8.1.3, 32.1-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.11-ci maddəsinə əsaslanaraq, məhkəmədən AR Dövlət Miqrasiya Xidməti rəisinin 90 nömrəli 12 mart 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun (iddiaçının) məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının işə bərpa olunmasına dair qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh AR X12 nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı yazılı münasibətdə aşağıdakılar bildirilir: - Hesab edilir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, 25 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşı X8 AR Dövlət Miqrasiya Xidmətinə müraciət edərək miqrasiya orqanları işçisinə məxsus xüsusi geyim formasında olan bir şəxsin ünvan 1 ünvanında yerləşən “ENDİ” marketdən çıxan 15 yaşlı övladı Fatimə Əyyubovam izləməsini, yaşayış binasının qarşısında ona yaxınlaşıb tanışlıq təklif etməsini və qızının bundan çox qorxduğunu bildirmiş və bu nalayiq hərəkətin Dövlət Miqrasiya Xidməti tərəfindən araşdırılmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan şikayətdən əlavə 25 fevral 2020-ci il tarixdə AR Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası vətəndaşı X16 müraciət edərək miqrasiya orqanları işçisinə məxsus xüsusi geyim formasında olan bir şəxsin Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov ünvanında yerləşən “xxxx”ə daxil olduğunu və onun çalışdığı hissəyə gələrək bir müddət onunla əşyaların qiymətləri ilə bağlı söhbət etdiyini, sonradan isə ona tanışlıq təklif etdiyini bildirmişdir. Əlavə olaraq şikayətçi oeyd etmişdir ki, iş yoldaşları ilə söhbət zamanı həmin şəxsin “xxxx”də çalışan digər bir qadına da tanış olmaq məqsədilə yaxınlaşmışdır. Daxil olan şikayətləri araşdırmaq məqsədilə AR Dövlət Miqrasiya Xidmətinin Daxili təhlükəsizlik idarəsi tərəfindən “ENDİ” market və eyni ünvanda yerləşən “xxxx”də quraşdırılmış müşahidə kameralarına baxış keçirilmişdir. Müşahidə kameralarına baxış zamanı şikayətçilər tərəfindən qeyd olunan şəxsin Təşkilat-nəzarət baş idarəsi, Təşkilat idərəsinin inspektoru, kiçik miqrasiya xidməti müşaviri İddiaçı olduğu məlum olmuşdur. Daxili təhlükəsizlik idarəsi tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı iş vaxtı xidməti vəzifələrini icra etməli olduğu müddətdə 25 fervral 2020-ci il tarixdə saat 09:10-da xüsusi geyim formasında Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov ünvanında yerləşən “xxxx”ə daxil olmuş və birbaşa eskalator ilə 1-ci mərtəbəyə düşmüş və lift ilə 3-cü mərtəbəyə qalxmışdır. İddiaçı birbaşa orada çalışan Aygün Məmmədovaya yaxınlaşmış və vitrində yerləşən əşyalara baxaraq əli cibində onunla söhbət etmiş və onun arxasınca gedərək 15 dəqiqə onunla danışmışdır. Sonradan o, saat 09:25-də lift ilə 1-ci mərtəbəyə enərək orada çalışan digər qadın işçiyə yaxınlaşmış, onunla bir neçə dəqiqə söhbət etdikdən sonra saat 09:30-da qadın liftə doğru hərəkət etmiş, F.Familov isə onun arxasınca gedərək birlikdə liftə minib 3-cü mərtəbəyə qalxmışdır. 3-cü mərtəbədə satıcı qadın liftdən düşdükdən sonra İddiaçı 1-ci mərtəbəyə düşmüş və saat 19:37-də marketi tərk etmişdir. İddiaçı saat 09:47-də Bakı şəhəri regional miqrasiya idarəsinin inzibati binasına daxil olmuşdur. Sonradan İddiaçı saat 12:00-da xüsusi geyim formasında yenidən Bakı şəhər regional miqrasiya idarəsinin inzibati binasından çıxmış, yuxarıda qeyd olunan market ilə eyni küçədə yerləşən “ENDİ" marketə getmiş və həmin yerdən alışveriş etdikdən sonra marketdə müştəri qismində olan azyaşlı uşaq Fatimə Əyyubovanın çıxmasını gözləmişdir. Sonuncu marketdən çıxdıqdan sonra İddiaçı onun arxasınca yaşadığı binanın qarşısınadək getmiş, ona yaxınlaşmış və tanışlıq təklif etmişdir, Azyaşlı F.Əyyubovanın yaşadığı binanın blokuna daxil olmasını və evə qalxmasını gördükdən sonra İddiaçı qayıtmış, saat 12:20-də yenidən “xxxx”ə daxil olmuş və saat 12:49- zək 1-ci mərtəbədə heç nə almadan yalnız gəzmişdir. Saat 12:50-də marketi tərk etmiş, saat 13:17-də Bakı şəhər regional miqrasiya idarəsinin inzibati binasına daxil olmuşdur. Şikayətlərlə bağlı Təşkilat-nəzarət baş idarəsi Təşkilat idarəsinin inspektoru, kiçik miqrasiya xidməti müşaviri İddiaçı izahatı alınmışdır. İddiaçı izahatında “ENDİ” marketdən çıxan azyaşlı uşaq Fatimə Əyyubovanı izləyərək ona yaxınlaşdığını təsdiq etmiş, onu hüquqşünas tanışına bənzətdiyini və ona yaxınlaşaraq tanış gəldiyini demişdir. F.Əyyubova isə ona “xeyr” cavabı verdikdən sonra geri qayıtmışdır. F.Familov ikinci şikayət ilə bağlı izahatında “xxxx”ə getdiyini təsdiq etsə də, şikayətdə qeyd olunan məqamları təkzib etmiş və o, həmin qadınlara yaxınlaşaraq yalnız ordakı əşyaların qiymətləri ilə maraqlandığını bildirmişdir. Həmçinin 28 fevral 2020-ci il tarixdə şikayətçilər X8 və X16 mobil telefon vasitəsilə Daxili təhlükəsizlik idarəsinin rəisinə (Elfan Quliyevə) zəng vuraraq İddiaçı nahar fasiləsi zamanı “ENDİ” marketə və “xxxxə gedərək orada işləyənlərə hədəqorxu gəldiyi və mobil nömrəsini “xxxx”də çalışan bir işçiyə verərək Aygün adlı işçinin gələcəyi təqdirdə ona məlumat verilməsini tələb etdiyini bildirmişlər. Araşdırma zamanı İddiaçı miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi, etik davranış və intizam qaydalarını kobud şəkildə pozduğu müəyyən edilmişdir. Nəticədə, İddiaçı Azərbaycan Respublikasının 4 dekabr 2009-cu il tarixli 930-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 30.4 və 30.11-ci maddələrinin, habelə AR Dövlət Miqrasiya Xidməti rəisinin 3 iyun 2015-ci il tarixli 58 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları»nın 6.1, 6.3, 6.4, 6.6, 6.8, 6.11 və 6.22-ci bəndlərinin tələblərini kobud şəkildə bir neçə dəfə pozduğundan, Azərbaycan Respublikasının 4 dekabr 2009-cu il tarixli 930-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 95.8, 99, 111.11-ci maddələrini, AR Əmək Məcəlləsinin 144-cü maddəsinin 4-cü hissəsini və Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli, 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə»nin 16.5-ci bəndini rəhbər tutaraq o, miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilmişdir. Odur ki, məhkəmədən yuxarda qeyd edilənlərə əsaslanaraq iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X11 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə yazılı ərizə (çıxış) təqdim edərək bildirdi ki, cavabdeh Dövlət Miqrasiya Xidməti tərəfindən qərarı inzibati mübahisənin yaranmasına səbəb olmuş subyekt olaraq özünün haqlı və əsaslı olduğunu sübut etməli olduğu halda cari tarixədək məhkəməyə öz qərarındakı halları doğrulayacaq heç bir sübut təqdim edilməmişdir. Qərardakı hərəkətlərin təkzib edilməsi tamamilə iddiaçının öhdəsinə düşmüşdür, cavabdehin nümayəndəsi heç bir sübut, obyektiv əsas gətirməmişdir. Bunun əvəzinə Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini qiymətləndirməyə, iddiaçının mənfi obrazını formalaşdırmağa səy göstərmiş, bunun üçün isə yalnız özünün subyektiv fikirlərinə söykənməklə kifayətlənir və bu fikirlərin iddiaçı tərəfin təkzib etməsini tələb edir. Bu isə absurtdur. Belə ki, məhkəmənin ədalətli qərar qəbul etməsi üçün cavabdehdən tələb olunan, aşağıda qeyd olunan və qərarda yer alan hallar sübut edilməmişdir: 1) X9 İddiaçı barədə Dövlət Miqrasiya Xidmətinə yazılı və ya şifahi qaydada şikayətlə müraciət etməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir; 2) X4 İddiaçı barədə Dövlət Miqrasiya Xidmətinə müraciətinin şikayət xarakteri daşıması və N.SƏyyubovun iddiaçıdan şikayətinin olması sübut edilməmişdir; 3) İddiaçı qeyri-etik hərəkətlərə yol verməsi təsdiq edən və subut kimi qiymətləndirilə biləcək heç bir izahat və ya maddi sübut məhkəməyə təqdim edilməmişdir; 4) «Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları»nın tətbiqinin hüquqa zidd olmasını təsdiq edən sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir; 5) İddiaçı barədə həmkarlar ittifaqının rəyinin saxta olması ilə bağlı əsaslı şübhələr təqdim edilsə də, məhkəmə tərəfindən araşdırma aparılmamışdır. X9 şikayətinə dair bildirilir ki, cavabdehin nümayəndəsindənİddiaçı barəsində A.M.X7 Xidmətinə şikayət xarakterli yazılı və ya şifai qaydada edilmiş müraciətinin olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməsi israrla tələb olunasa da, belə bir müraciətin olmasını təsdiq edən heç bir sübut təqdim edilməmiş və ümumiyyətlə məhkəməyə A.M.Məmmədovanın şəxsiyyəti belə müəyyənləşdirilməsinə imkan verən sənədlər təqdim olunmamışdır. Nümayəndə ilkin iclaslarda A.M.X7 Xidmətinə müraciətini növbəti iclaslarda təqdim edəcəyinə söz versə də, daha sonra müraciətin şəxs tərəfindən bir başa Elfan Quliyevə şifahi qaydada şəxsən, Dövlət Miqrasiya Xidmətinin növbətçi hissəsində edildiyini bildirmişdir. İddiasının sübutu kimi isə məhkəməyə görüntülərdəki X19 Xidmətinin növbətçi hissəsinə daxil olan A.M.Məmmədova olduğunu israrla iddia etdiyi video-file (iddiaçı tərəf sözügedən video-file ilə tanış olmamışdır) təqdim etmişdir. Belə olan halda isə aşağıdakı suallar yaranır və cavabdehin bu suallara verən cavabı olmamışdır: 1) Görüntülərdəki şəxsin A.M.Məmmədova olduğu necə öz təsdiqini tapır?; 2) Şərti olaraq qəbul edilsə də, bu şəxs A.M.Məmmədovadır, onun Dövlət Miqrasiya Xidmətinə İddiaçı barəsində şikayət etmək üçün gəldiyi necə öz təsdiqini tapır?; 3) Əgər A.M.Məmmədova iddiaçı barəsində şikayət etmişdirsə, niyə E.Quliyev «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun 6, 7 və 12-ci maddələrinin tələblərinə uyğun olaraq müraciətin qəbulunu, qeydiyyatını təmin etməmişdir?; 4) Mövcud olduğu təqdirdə belə, cavabdehin nümayəndəsinin məhkəmədə təsvir etdiyi kimi bir müraciətin «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun 6-cı maddəsinin tələblərinə cavab vermədiyi aydın olduğu halda, hansı səbəbdən belə bir müraciət sözügedən Qanunnun 8-ci maddəsinə əsasən baxılmamış saxlanılmamışdır? Yuxarıda qeyd olunanlardan göründüyü kimi, A.M.Məmmədovanın şikayətinin olmasına dair gətirilən əsaslar yalnız sözlərin üzrində qurulmuş və İddiaçı dair qərarı möhkəmləndirməyə istiqamətlənmiş uğursuz hazırlanmış əfsanədir. Yenə də, nümayəndənin bunu güçləndirmək və məhkəmədə daxili inamı formalaşdırmaq üçün təqdim etdiyi İddiaçı “xxxx”’də alış-veriş zamanı müşahidə kameralarına düşən məhkəməyə təqdim etdiyi görüntülər də özlüyündə absurddur. Belə ki, nümayəndənin təsvir etdiklərinə əsasən İddiaçı marketdə alış-veriş edir, 1-ci və 2-ci mərtəbələrdə satıcı qızlara yaxınlaşır və danışır. Nümayəndə alıcının satıcı ilə danışmağını məhkəməyə İddiaçı qeyri-etik hərəkətə yol verdiyini təsdiq edən sübut kimi təqdim edir. Belə olan halda isə aşağıdakı suallar ortaya çıxır: 1) Görüntülərdə İddiaçı satıcılarla dialoq zamanı qeyrietik, intim hərəkətlərə, jestikulyasiyaya yol verdiyi görsənirmi?; 2) İddiaçı satıcılarla dialoqunun mətni mövcuddurmu?; 3) İddiaçı marketdə alıcı üçün qeyri-adi sayıla biləcək hər-hansı bir hərəkətə yol vermişdirmi?; 4) “xxxx” MMC-dən İddiaçı barədə Dövlət Miqrasiya Xidmətinə şikayət daxil olmuşdurmu? Qeyd olunan şulların heç birinə cavab verilməmişdir. Göründüyü kimi, İddiaçı marketdə qeyri-etik davranışa yol verdiyi heç nə ilə öz təsdiqini tapmır. Belə olan halda, marketdə satıcı vəzifəsində çalışan A.M.Məmmədovanın iddiaçıdan şikayət etməsi üçün səbəbinin də mövcud olduğu qəbul edilə bilinməz. Əks halda ölkədə marketlərdən alış-veriş edən bütün əhalini təhqir etmiş olarıq. Yuxarıda qeyd oluanlardan göründüyü kimi qərarda göstərilən A.M.Məmmədovanın şikayətinə dair hallar uydurmadır. X20 Xidmətində kimin hansı şikayəti araşdırıldığı sualı açıq qalır. Bu səbəbdən iddiaçı tərəfin X9 və DMX-nin Daxili təhlükəsizlik idarəsinin rəisi Elfan Quliyevin məhkəməyə şahid qismində çağırılmasına dair verdiyi vəsatət, təəsüf ki, təmin olunmamışdır. İddiaçı tərəf cavabdehin vəzifələrini öz üzərinə götürərək qərarda adı hallanan X10 atası X4 müarciətinə dair hallarla bağlı sübutlar təqdim etmişdir. Məhkəməyə təqdim olunan X2 Prezident Administrasiyasına və Dövlət Miqrasiya Xidmətinin rəhbərinə ünvanladığı ərizələr, teleqramlar və notarial qaydada təsdiq etdiyi müraciətlərdən aydın olduğu kimi N.S.Əyyubovun iddiaçıdan heç şikayəti yoxdur və olmamışdır. X19 Xidmətinə ünvanladığı və Xidmət tərəfindən şikayət kimi əsas götürülən ərizəsinin məzmunda İddiaçı qeyri-etik hərəkətlərə yol verdiyini bildirilmir. Şəxs ərizədə qeyd etdiyi məsələlərin araşdırılmasını xahiş etmişdir ki, sonrakı müraciətində artıq özünün araşdırdığını iddiaçıdan şikayətinin olmadığını qeyd edir. DMX-nin rəisinə ünvanladığı sonrakı müraciətlərində isə, ilkin ərizəsinin yazılmağında məqsədinə aydınlıq gətirərək, məqsədinin ərizədə göstərdiyi səbəblərdən dolayı İddiaçıla tanış olmaq olduğunu açıq və anlaşılan dildə qeyd edir. Xüsusi ilə qeyd olunmalıdır ki, N.S.Əyyubov «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun 14.0.2-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək Dövlət Miqrasiya Xidmətinin rəisinə ünvanladığı, şikayətinin olmadığını və ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyi 2-ci müraciətini İddiaçı işdən azad olunmamışdan əvvəl etmişdir. Buna baxmayaraq, «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun 8.1.6-cı maddəsinə uyğun olaraq müraciət baxılmamış saxlanılmamışdır, habelə şəxsin hər iki ərizəsinə sözügedən Qanunun 7.7 və 12.3.3-cü maddələrinə uyğun olaraq cavab verilməmişdir. Belə olan halda isə, «Vətəndaşların müraciətləri haqqında» AR Qanunun 7.5-ci maddəsinə əsasən vətəndaşa əsaslandırılmış cavab verilmədiyindən, N.S.Əyyubovun müraciəti baxılmış hesab oluna bilməz. Qeyd olunanlardan göründüyü kimi, N.S.Əyyubovun İddiaçı barəsində Dövlət Miqrasiya Xidmətinə ünvanladığı müraciətdə iddiaçının qeyri-etik hərəkətlərindən şikayət etməmişdir, onun həmin müraciəti ünvanlamasının səbəbi iddiaçı ilə tanış olmaq olmuşdur, onun iddiaçı barəsində Dövlət Miqrasiya Xidmətinə ünvanlanan və şikayətinin olmadığı bildirilən 2-ci ərizəsi Xidmətə iddiaçı işdən azad olunduğu tarixdən əvvəl daxil olmuşdur. Hətta şərti olaraq A.M.Məmmədovanın və N.S.Əyyubovun iddiaçının qeyri-etik hərəkətlərinə dair X15 həqiqətən şikayətlə müraciət etdiyi qəbul edilsə belə, İddiaçı belə bir hərəkətlərə yol verdiyini təsdiq edən heç bir sübut araşdırma materiallarında olmadığı kimi, cavbdeh tərəfindən məhkəməyədə təqdim edilməmişdir. İş materiallarında A.M.Məmmədovanın və N.S.Əyyubovun izahatları mövcud deyildir, İddiaçı qərarda adı qeyd olunan şəxslərə qarşı qeyri-etik hərəkətlərə yol verdiyini hər iki izahatında təkzib etmişdir, N.S.Əyyubovla İ.İddiaçı izaharları bir-birilərini tamamlayırlar, İş materiallarında hər hansı bir maddi sübut və ya digər şahidlərin izahatları mövcud deyildir. Belə olan halda təbii olaraq, məhkəmədə sual yaranmalıdır – İddiaçı barəsində qərarın qəbul edilməsinə səbəb olan araşdırma hansı sübutlara əsaslanmışdır?!. Cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatlardan sonra isə, iddiaçı tərəf başqa praktikaların əsas götürülməsindən şübhələnir. «Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Kollegiyasının 12 noyabr 2020-ci il tarixli 05 nömrəli qərarı 26 noyabr 2020-ci il tarixdə qüvvəyə minmişdir. Bu isə 2 halı sübut etməkdədir: 1) X14 Miqrasiya Xidməti tərəfindən X21 Reyestrinə daxil edilməsi üçün təqdim edilməsi cavabdehin nümayəndəsinin israrla müdafiə etdiyi «Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları»nın X21 Reyestrinə daxil edilməli olmadığına dair mövqeyini təkzib edir və Reyestrə daxil edilməli olmalı olduğu faktını təsdiq edir. 2) Qüvvəyə minmə tarixindən aydın olduğu kimi İddiaçı barədə intizam tənbehinin verildiyi əmr qəbul edilən zaman sözügedən qaydalar X21 Reyestrinə daxil edilməmişdir və bu səbəbdən hüquqi qüvvəyə malik olmadığından həmin tarixdə tətbiqi qeyri-qanunidir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə»nin 16.5-ci bəndinə görə Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Dövlət Miqrasiya Xidmətinin baş idarələrinin və regional miqrasiya idarələrinin rəislərini vəzifəyə təyin və vəzifədən azad edir, Dövlət Miqrasiya Xidmətinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə ilk növbədə diqqətə çəkir ki, iddia iki hissədən – “əmrin ləğv edilməsi” və “iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması” tələblərindən ibarət olsa da, ümumilikdə “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Yəni iddianın ikinci hissəsi, birincidən törəmə və asılıdır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 30-cu maddəsinə görə miqrasiya orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: - (30.4) başqa işçilərin işini çətinləşdirən, yaxud miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; - (30.11) etik davranış və intizam qaydalarına əməl etməlidir. Həmin Əsasnamənin 95-ci maddəsinə görə miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» AR Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: (95.1) irad tutma, (95.2) töhmət, (95.3) şiddətli töhmət, (95.4) tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, (95.5) aşağı vəzifəyə keçirmə, (95.6) xüsusi rütbənin bir pillə aşağı salınması, (95.7) vəzifədən azad etmə (bu halda miqrasiya orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin miqrasiya orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, miqrasiya orqanlarında işə təyin edilir), (95.8) miqrasiya orqanlarından xaric etmə, (95.9) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə miqrasiya orqanlarından xaric etmə. Həmin Əsasnamənin 96-cı maddəsinə görə miqrasiya orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən, onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. Həmin Əsasnamənin 99-cu maddəsinə görə bu Əsasnamənin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə tətbiq edilə bilər. Həmin Əsasnamənin 111.11-ci maddəsinə görə miqrasiya orqanlarından xaric edildikdə, miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 12 noyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 25 noyabr 2020-ci il tarixdə X21 Reyestrinə daxil edilmiş «Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları»nın 2-ci bəndində nəzərdə tutulmuşdur ki: - (2.3.2) işçi etik davranışı və öz peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin miqrasiya orqanlarına inamını artırmalı və möhkəmləndirməlidir; - (2.4.3) işçi hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir; - (2.5.1) işçi Azərbaycan Respublikasının, miqrasiya orqanlarının və bu orqanlarda qulluğun nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Göründüyü kimi, «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin tələbləri bu Əsasnamənin 30 – 32-ci maddəsinin tələblərini pozan, o cümlədən miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verən, etik davranış və intizam qaydalarına əməl etməyən işçiyə müvafiq intizam təhbehlərinin tətbiq olunmasını nəzərdə tutur. Digər tərəfdən də, Əsasnamə həmin intizam təhbehləri sırasında “miqrasiya orqanlarından xaric etmə”ni işçinin vəzifələrinin icrasında kobud (yaxud mütəmadi olaraq) pozuntuya və ya Əsasnamənin 31, 32-ci maddələrində göstərilən hərəkətlərə yol verməsi ilə şərtləndirir. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan AR Dövlət Miqrasiya Xidmətinin hazırkı İddiaçı miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilməsi barədə 12 mart 2020-ci il tarixli 90 nömrəli əmri də «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 95.8 və 99-cu maddələrinə istinad etməklə əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt, yəni 12 mart 2020-ci il tarixli 90 nömrəli əmr qəbul edilən zaman «Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları» qüvvədə olmasa da (X21 Reyestrinə daxil edilməsə də), cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının hərəkətlərini “miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkət” qismində qiymətləndirməklə, onun miqrasiya orqanlarından xaric edilməsi barədə qərar qəbul etmişdir. Bu qərar «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi baxımından, o cümlədən törədilən xətanın xarakteri, törədilməsi şəraiti nəzərə alınmaqla mütənasib akt kimi dəyərləndirilməlidir. Məhkəmənin qənaətinə görə inzibati orqan AR Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan inzibati icraatda (araşdırmada) İddiaçı miqrasiya orqanlarında qulluqla bir araya sığmayan hərəkətlərə yol verməsi birbaşa təsdiqlənməsə də, qulluq dövründə xidməti geyim forması daşıyan şəxs kimi iki ayrı-ayrı epizod üzrə onun hərəkətlərinin istər ictimai mühitdə, istərsə də xidməti münasibətlər çərçivəsində müzakirələrə çıxarılması, bununla bağlı müxtəlif yaş həddində olan şəxslərin yazışmalara cəlb olunması və izahatlarının alınması onun özünün davranışından və iradəsindən törəmə və məcmu şəkildə miqrasiya orqanlarının nüfuzuna zərbə vuran hal qismində yaranan nəticədir. Hansı ki, bu halların həm baş verməsinin, həm də sonradan davamı olaraq ictimai təəssüratının qarşısını iddiaçının həmin orqanın işçisi kimi ictimai ehtimada yönəlmiş nümunəvi davranışı ala bilərdi. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12 mart 2020-ci il tarixli 90 nömrəli əmri qanuna zidd sayıla bilməz. Odur ki, hazırkı iddia əsassızdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «əmrin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «əmrin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar