Məhkəmə qərarları › İş №2-1(112)-894/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-894/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-894/2022 11.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı oğlunun, iddiaçının vəkili X4, cavabdehin nümayəndəsi X7, üçüncü şəxs "xxxx" MMC-nin Azərbaycandakı filialının vəkili X5 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı üçüncü şəxs qismində "xxxx" MMC "xxxx" MMC-nin Azərbaycandakı filialı və “X10 İntərnəşl” şirkətinin Azərbaycandakı filialının fəaliyyətində olan qanun pozuntularının araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" MMC-nin Azərbaycandakı filialı və “X10 İntərnəşl” şirkətinin Azərbaycandakı filialının fəaliyyətində olan qanun pozuntularının araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi olaraq, həmin şirkətin adından istifadə edib qanunsuz hərəkətlər edən X6, X9 və qeyriləri barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Lakin, həmin qurum əsassız olaraq, qeyd edilən şəxslərə dair araşdırma aparmadığından, həmin inzibati orqan barəsində məhkəməyə müraciət etmişdir. "xxxx" MMC Böyük Britaniyada təsis olunmuş şirkətdir və o, 2006-cı ildə rəsmi qaydada öz fəaliyyətini dayandırmışdır. "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi fəaliyyət göstərdiyi müddət ərzində ölkəyə 350.000 ABŞ dolları dəyərində nəqliyyat vasitələri və digər avadanlıqlar gətirilib. Lakin, baş ofis və onun nümayəndəliyi öz fəaliyyətini dayandırdıqdan sonra onlar geri verilməmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, X9, sözügedən nəqliyyat vasitələrini qanunsuz olaraq ələ keçirmişdir. O, "xxxx" MMC-yə məxsus əmlakdan qanunsuz olaraq istifadə etmiş, hətta həmin nəqliyyat vasitələrindən bəzilərini satmışdır. X1 saxta etibarnamələr verərək bu fəaliyyətini həyata keçirməyə nail olmuşdur. Həmçinin, o, əmək müqaviləsi olmadan işçiləri işə götürmüşdür. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 02.09.2019-cu il tarixli məktubundan da göründüyü kimi, 21.11.2018-ci il tarixli məktubu ilə X6 nəqliyyat vasitələrinin ölkədən çıxarılmasına icazə istəmişdir. Həmin nəqliyyat vasitələri isə faktiki olaraq "xxxx" MMC-yə məxsusdur. X2 həmin şirkətlə heç bir bağlılığı yoxdur. Buna baxmayaraq, o, sözügedən quruma ünvanladığı müraciətə "xxxx" MMC-nin direktoru olaraq imza atmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin 04.09.2019-cu il tarixli məktubundan göründüyü kimi, "xxxx" MMC-yə məxsus olan **-ZB- ***, **-ZX-***, **-ZB-***, **-ZX-***, **-ZB-***, **-ZX-***, **-ZB-***, **-AB-***, **-ZB-***, **-ZB- ***, **-ZB-*** və **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri 22.09.2018-ci il tarixində texniki baxışdan keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 13.09.2019-cu il tarixli məktubundan da göründüyü kimi, **-ZB-***, **-ZX-***, **-ZB-***, **-ZX-***, **-ZX-***, **-ZB-***, **-ZX-***, **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri müxtəlif vaxtlarda ölkədən çıxmışdır və ölkəyə daxil olmuşdur. Göründüyü kimi, "xxxx" MMC 2006-cı ildə öz fəaliyyətini dayndırsa da, ona məxsus nəqliyyat vasitələri ölkə ərazisindən çıxarılmışdır və həmin şirkətin adından bir sıra qurumlara müraciətlər ünvanlanmışdır. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş arayışlar təsdiq edir ki, sözügedən nəqliyyat vasitələri istifadədə olmuşdur və onlar ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olmuşlar. Buna baxmayaraq, sözügedən şəxslər yükdaşıma fəaliyyətindən gəlir götürsələr də, rəsmi şəkildə əldə etdikləri gəlirlər barədə dövlətə hesabat verməmişdir. Şirkətdə hal-hazırda bank hesabı mövcud deyil, şirkət son on il ərzində rəsmi fəaliyyət göstərməyib və bu günə kimi heç hesabat göndərməyib. Şirkətin dövriyyəsi sıfır dərəcə göstərir. Odur ki, sözügedən şəxslər saxta sənədlər əsasında fəaliyyət göstərmiş, külli miqdarda gəlir əldə etmiş və əldə etdikləri gəlirdən vergi ödəməmişlər. "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri və avadanlıqlar “X12 İnternəşnl Limited” MMC-yə məxsus nəqliyyat vasitələri və avadanlıqlarla birgə istifadəsində olmuşdur. Həmin şirkət 2018-ci ildən etibarən öz fəaliyyətini dayandırmışdır. İddiaçı sözügedən şəxslərin bu qanunsuz hərəkətlərindən xəbər tutduqdan sonra cavabdeh inzibati orqana məktubla müraciət etmiş, dəfələrlə xəbərdar etməyinə baxmayaraq, "xxxx" MMC-nin fəaliyyətinin yoxlanılması istiqamətində heç bir addım atılmamışdır. Cavabdeh inzibati orqanın 19 mart 2021-ci il tarixli məktubuna əsasən, sözügedən şirkətin fəaliyyətini yoxlamaqdan imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəsatət təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı oğlunun iddia tələbi hüquqi şəxs "xxxx" MMC-nin fəaliyyəti barədə araşdırma aparmaq öhdəliyinin qoyulması ilə bağlı olmuşdur. Uçot baza məlumatlarına əsasən İddiaçı oğlu "xxxx" MMCnin qanuni təmsilçisi (rəhbəri) və ya təsisçisi qismindən çıxış etmir, həmin müəssisə onun əsas iş yeri deyildir. Həmçinin öz iddia ərizəsinə İddiaçı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi olduğunu qeyd etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən İddiaçı həmin cəmiyyəti təmsil etmək və ya öz adından cəmiyyət barədə hər hansı iddia tələbi çıxış etmək hüququ mövcud deyildir. Bundan əlavə, iddia tərəfindən Dövlət Vergi Xidmətinin cavabdeh qismində göstərilməsinə əsas olan hallar iddia ərizəsində əks etdirilməmişdir. Eyni zamanda iddia ərizəsində cavabdehin konkret olaraq hansı hərəkətlərinin və ya hərəkətsizliyinin İddiaçı oğlunun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına gətirib çıxardığı əsaslandırılmamışdır. Bununla yanaşı iddia tələbi iddiaçı tərəfindən aydın və anlaşılan şəkildə ifadə edilməmişdir. Belə ki, iddiaçının cavabdeh Dövlət Vergi Xidmətinin "xxxx" MMC-nin fəaliyyəti barədə araşdırma aparmaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair tələbi vergi orqanının hansı vəzifə və ya öhdəliklərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlı olduğu göstərilməmişdir. Bu isə öz növbəsində iddiaçının iddia tələbinin əsassız olduğu göstərir ki, bu da iddianın mümkünsüz olduğuna dəlalət edir. Məhkəmə iddiaçının, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə "xxxx" MMC-nin Azərbaycandakı filialı və “X10 İntərnəşl” şirkətinin Azərbaycandakı filialının fəaliyyətində olan qanun pozuntularının araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsində göstərilmişdir: “ Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.” Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərilmişdir ki, 1.1 məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır; 1.2 iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir; 2.2 işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.2.3 məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 5.1.-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində göstərilmiş iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Belə ki, iddia ərizəsinə əlavə edilmiş "xxxx" və “X10 İntərnəşl” şirkəti tərəfindən iddiaçının adına verilmiş müvafiq olaraq 15.10.2000-ci il tarixli və 25 mart 2015-ci il tarixli etibarnamələrin fotosurətinin və surətinin notarial qaydada təsdiq edilmiş surətləri iddiaçının həmin müəssisələrin hal-hazırda səlahiyyətli nümayəndəsi olmasını sübut etmir. Belə ki, iddiaçıda etibarnamənin əsli mövcud deyil, həmçinin etibarnamədə onun qüvvədə olma müddəti göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 363-ci maddəsinə görə əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat vermək vergi orqanının vəzifəsidir. Yuxarıda qeyd olunan normanın tələbindən də aydın olduğu kimi şəxsin verdiyi məlumat əsasında vergi orqanının dərhal vergi yoxlamasını başlamaq kimi vəzifəsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı X8 "xxxx" X3 Azərbaycandakı filialı və “X10 İntərnəşl” şirkətinin Azərbaycandakı filialının fəaliyyəti ilə bağlı hər hansı tələb irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olması (qanuni təmsilçisi, təsisçisi, səlahiyyətli nümayəndəsi olması) müəyyən edilməmiş və eyni zamanda həmin müəssisələrinin aparıldıqları araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulamasını tələb etdiyi fəaliyyətinin iddiaçının hər-hansı hüquq və mənafelərinə toxunmasına dair əsaslı dəlillər iddia ərizəsində göstərilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı oğlunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" MMC-nin Azərbaycandakı filialı və “X10 İntərnəşl” şirkətinin Azərbaycandakı filialının fəaliyyətində olan qanun pozuntularının araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" MMC-nin Azərbaycandakı filialı və “X10 İntərnəşl” şirkətinin Azərbaycandakı filialının fəaliyyətində olan qanun pozuntularının araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar