Məhkəmə qərarları › İş №2-1(112)-894/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-894/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-894/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən hal-hazıradək N №-li hərbi hissədə texnoloji layihələndirmə şöbəsinin mühəndis-proqramlaşdırıcı vəzifəsində işləyir. 44 günlük Vətən Müharibəsi vaxtı iddiaçı xx.xx.2020-ci il tarixdən N gün müddətinə N №-li hərbi hissədə, xx.xx.2020-ci il tarixdən N gün müddətinə N №-li hərbi hissədə X5 Mərkəzində xidməti ezamiyyətdə olmuşdur. Ezamiyyət zamanı yerinə yetirdiyi tapşırıqlar maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmək, döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri texnikalarının (S-300 zenit-raket kompleksi tərkibində 64N6 tipli müşayiət radiolokasiya stansiyasının, "KOLCUQA" tipli radiotexniki kəşfiyyat kompleksinin bərpası və Fizuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlan istiqamətlərində düşmənin radiolokasiya və zenit raket vasitələrinin aşkar edilməsi imkanlarının artırılması, daimi döyüşə hazır vəziyyətdə saxlanılmasının təmin edilməsindən ibarət olmuşdur. Lakin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. İmtina cavabı onunla əsaslandırılmışdır ki, təqdim olunmuş olunmuş arayış-məlumatın 9-cu bəndində olan qeydləri və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən mülki işçi İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. İmtina əsassız və qanunsuz olmaqla yanaşı formaldır. Belə ki, cavabdehin imtina cavabında xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər ifadəsi işlənilir. Bu da onu göstərir ki, iddiaçının ərizəsinə baxılmamış, ərizə üzrə araşdırma aparılmamış və formal cavab vermişdir. İddiaçı hesab edir ki, onun adı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün AR Müdafiə Nazirliyi tərəfindən AR Nazirlər Kabinetinə göndərilən müvafiq siyahıya daxil edilməlidir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmışdır. Məlumat üçün bildirilir ki, təqdim olunmuş arayış-məlumatın 9-cu bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən mülki işçi İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Cavabdeh hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, təqdim olunmuş arayışməlumatın 9-cu bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci tarixdən 10 noyabr 2020ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən mülki işçi İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 14.3, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinin təmin edilməməsi barədə qərar qəbul edilmişdir.

6. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

8. Həmin Əsasnamənin 10-cu və 11-ci bəndlərinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında ...Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

9. İddianın növü öhdəliyin icrasında dair iddiadır.

10. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsi verilməsi üçün təqdim edilən döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) ya orqanlara döyüş əməliyyatlarında iştirak etmək, yəni döyüş əməliyyatlarının icrası təşkilini və ya bu əməliyyatlara rəhbərliyi həyata keçirmək, döyüş tapşırığının və döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növ üzrə tapşırıqların (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat tibbi təminat) yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxs barədə Arayış-Məlumata əsasən Hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə Soyadı, adı, atasının adı: İddiaçı Rütbəsi: mülki işçi Vəzifəsi: N nömrəli hərbi hissənin texnoloji layihələndirmə şöbəsinin mühəndisproqramlaşdırıcısı Ezam olunduğu hərbi hissə: N nömrəli hərbi hissə, N nömrəli hərbi hissə Ezam olunduğu hərbi hissələrə daxil olması ve çıxması (nizami hissə üzrə əmrlərin nömrəsi və tarixləri): N nömrəli hərbi hissə №244 xx.xx.2020. №246 xx.xx.2020, N nömrəli hərbi hii №355 xx.xx.2020. №358 xx.xx.2020 Ezamiyyət vəsiqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixi göstərilməklə): N nömrəli hərbi hissə, xx.xx.2020-xx.xx.2020, N nömrəli hərbi hissə xx.xx.2020-xx.xx.2020 Ezam olunmasının səbəbi və məqsədi, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): Maddi-texniki təminatı üzrə tapşırıqları verinə yetirmək, döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə silah texnikalarının (S-300 zenit-raket kompleksi tərkibində 64N6 tipli müşavət radiolokasiya stansiyasının, "KOLÇUQA" tipli radiotexniki kəşfiyyat kompleksinin bərpası və Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları istiqamətlərində düşmənin radiolokasiva və zenit-raket vasitələrinin aşkar edilməsi imkanlarının artırılması, daimi döyüşə hazır vəziyyətdə saxlanması, təmin edilməsi Hansı ərazilərə ezam olunub (ezamiyyət vəsiqəsi əsasında): Mingəçevir şəhəri, Şamaxı

12. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2018-ci il tarixli, 38 nömrəli Əmrindən 1 nömrəli Çıxarışa əsasən İddiaçı 19 fevral 2018-ci il tarixdən texnoloji layihələndirmə şöbəsinin 12ci dərəcəli mühəndis-proqramlaşdırıcısı vəzifəsinə (vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq) N (üç) ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Əsas: İddiaçı ərizəsi və 308 №-li xx.xx.2018-ci il tarixli əmək müqaviləsi

13. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 238 nömrəli Əmrindən 2 nömrəli Çıxarışa əsasən N oktyabr 2020-ci il tarixdə getmiş hesab edilsinlər:

4. İddiaçı texnoloji layihələndirmə şöbəsinin mühəndis-proqramlaşdırıcısı, N nömrəli hərbi hissənin X3, istehsalat zərurəti ilə əlaqədar, 5 (beş) gün müddətinə, ezamiyyətə Əsas: hərbi hissə komandirinin istehsalat üzrə müavini, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsinin rəisi polkovnik-leytenant O.S.Qəribovun xx.xx.2020 raportu

14. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 239 nömrəli Əmrindən 1 nömrəli Çıxarışa əsasən N oktyabr 2020-ci il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər:

4. İddiaçı, texnoloji layihələndirmə şöbəsinin mühəndis-proqramlaşdırıcısı, N nömrəli hərbi hissənin X1, ezamiyyətdən. Əsas: xx.xx.2020-ci il tarixli 1156 nömrəli ezamiyyət vəsiqəsi.

15. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 239 nömrəli Əmrindən 2 nömrəli Çıxarışa əsasən N oktyabr 2020-ci il tarixdə getmiş hesab edilsinlər:

1. İddiaçı, texnoloji layihələndirmə şöbəsinin mühəndis-proqramlaşdırıcısı, istehsalat zərurəti ilə əlaqədar, N nömrəli hərbi hissəyə, N (üç) gün müddətinə, ezamiyyətə. Əsas: hərbi hissənin komandirinin istehsalat üzrə müavini, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsinin rəisi polkovnik-leytenant O.S.Qəribovun xx.xx.2020 raportu

16. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 242 nömrəli Əmrindən 2 nömrəli Çıxarışa əsasən 07 oktyabr 2020-ci il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər:

1. İddiaçı, texnoloji layihələndirmə şöbəsinin mühəndis-proqramlaşdırcısı, N nömrəli hərbi hissədən, ezamiyyətdən. Əsas: xx.xx.2020-ci il tarixli 1158 nömrəli ezamiyyət vəsiqəsi

17. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 244 nömrəli Əmrindən 3 nömrəli Çıxarışa əsasən mülki işçi İddiaçı N nömrəli hərbi hissədən radioelektron mübarizə qovşağının radiotexniki kəşfiyyat bölməsində (Şamaxı rayonu) olan texnikaları təmir etmək məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezamiyyətə gəlmiş hesab edilmişdir. Əsas: Hərbi qulluqçuların ezamiyyət vəsiqələri

18. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 246 nömrəli Əmrindən 6 nömrəli Çıxarışa əsasən mülki işçi İddiaçı ezamiyyət müddəti başa çatdığına görə xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissəyə qayıtmış hesab edilmişdir. Əsas: Hərbi qulluqçuların ezamiyyət vəsiqələri

19. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 358 nömrəli Əmrindən 10 nömrəli Çıxarışa əsasən N nömrəli hərbi hissənin (Bakı şəhəri) mülki işçisi İddiaçı 07 oktyabr 2020-ci il tarixdə getmiş hesab edilmişdir. Əsas: xx.xx.2020-ci il tarixli 1158 nömrəli ezamiyyət vəsiqəsi

20. İddiaçı məxsus Ezamiyyət Vəsiqələri iş materiallarına əlavə edilmişdir.

21. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək N nömrəli hərbi hissənin mülki işçiləri tərəfindən N nömrəli hərbi hissənin Şamaxı rayonu Qızmeydan yaşayış məntəqəsində “KOLÇUQA” tipli radiotexniki kəşfiyyat stansiyasında yaranmış nasazlıqların aradan qaldırılması və texnikanın döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsi haqqında” N nömrəli hərbi hissənin komandiri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3831 nömrəli Aktda qeyd edilmişdir ki, ... N nömrəli hərbi hissənin texnoloji layihələndirmə şöbəsinin mühəndisiproqramlaşdırıcısı mülki işçi İddiaçı N oktyabr 2020-ci il tarixdən N oktyabr 2020-ci il tarixədək... N nömrəli hərbi hissəyə məxsus “KOLÇUQA” tipli radiotexniki kəşfiyyat stansiyasında aşkar olunan nasazlıqları aradan qaldırmış, texnikanı texniki cəhətdən saz, döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirmiş və göstərilən tarixlərdə texnikanın saz vəziyyətdə işləməsini təmin etmiş, göstərilən işlərin həyata keçirilməsi nəticəsində N nömrəli hərbi hissənin radiotexniki kəşfiyyat mərkəzinin Fizuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları istiqamətlərində düşmənin radiolokasiya və zenit-raket vasitələrinin aşkar edilməsi imkanları artırılmış, onların məhv edilməsi məqsədi ilə pilotsuz uçuş aparatlarının yönəldilməsinin dəqiqliyini artırılmışdır.

22. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək gedən döyüş əməliyyatları müddətində N nömrəli hərbi hissənin mülki işçiləri tərəfindən N nömrəli hərbi hissəyə ezam olunmuş N nömrəli hərbi hissəyə məxsus $-300 PMU-2 divizionlar qrupunun komanda məntəqəsinin tərkibində olan 64N6 tipli hədəf aşkaretmə radiolokasiya stansiyasında yaranmış nasazlıqların aradan qaldırılmasına və texnikaların döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsində köməklik göstərilməsi haqqında” N nömrəli hərbi hissə komandiri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3977 nömrəli Aktda qeyd edilmişdir ki, ...N nömrəli hərbi hissənin texnoloji layihələndirmə şöbəsinin mühəndis-proqramlaşdırıcısı mülki işçi İddiaçı N oktyabr 2020-ci il tarixdən 07 oktyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuş N nömrəli hərbi hissəyə məxsus S-300 PMU-2 divizionlar qrupunun komanda məntəqəsinin tərkibində olan 64N6 hədəfləri aşkaretmə radiolokasiya stansiyasının antenasının fırlanma sistemində aşkar olunan nasazlıqları aradan qaldırmasında, texnikanı döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsində və göstərilən tarixlərdə texnikanın saz vəziyyətdə işləməsini təmin etməsində köməklik göstərmişdir. Göstərilən işlərin keçirilməsi nəticəsində S-300 PMU-2 divizionlar qrupunun Mingeçevir şəhərinin, Mingeçevir su anbarının, Mingeçevir istilik elektrik stansiyasının düşmənin ballistik raketlərə qarşı müdafiə imkanları artmışdır.

23. N nömrəli Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı N nömrəli hərbi hissənin mülki işçisi İddiaçı, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur. IV. Məhkəmənin mövqeyi

24. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir.

26. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

27. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında və ya döyüş əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarında iştirakı faktı olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.

28. Cavabdeh orqan tərəfindən imtinanın və etirazın əsas dəlili İddiaçı ezam olunduğu ərazilərin (Şamaxı rayonu və Mingəçevir şəhəri) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş ərazi meyarlarına uyğun olmaması ilə bağlıdır.

29. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, - İddiaçı (N nömrəli hərbi hissənin texnoloji layihələndirmə şöbəsinin mühəndisiproqramlaşdırıcısı mülki işçi İddiaçı) N oktyabr 2020-ci il tarixdən N oktyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissəyə məxsus “KOLÇUQA” tipli radiotexniki kəşfiyyat stansiyasında aşkar olunan nasazlıqları aradan qaldırmış, texnikanı texniki cəhətdən saz, döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirmiş və göstərilən tarixlərdə texnikanın saz vəziyyətdə işləməsini təmin etmiş, göstərilən işlərin həyata keçirilməsi nəticəsində N nömrəli hərbi hissənin radiotexniki kəşfiyyat mərkəzinin Fizuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları istiqamətlərində düşmənin radiolokasiya və zenit-raket vasitələrinin aşkar edilməsi imkanları artırılmış, onların məhv edilməsi məqsədi ilə pilotsuz uçuş aparatlarının yönəldilməsinin dəqiqliyini artırılmışdır (“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək N nömrəli hərbi hissənin mülki işçiləri tərəfindən N nömrəli hərbi hissənin Şamaxı rayonu Qızmeydan yaşayış məntəqəsində “KOLÇUQA” tipli radiotexniki kəşfiyyat stansiyasında yaranmış nasazlıqların aradan qaldırılması və texnikanın döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsi haqqında” N nömrəli hərbi hissənin komandiri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3831 nömrəli Akta əsasən). - İddiaçı (N nömrəli hərbi hissənin texnoloji layihələndirmə şöbəsinin mühəndisproqramlaşdırıcısı mülki işçi İddiaçı) N oktyabr 2020-ci il tarixdən 07 oktyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuş N nömrəli hərbi hissəyə məxsus S-300 PMU-2 divizionlar qrupunun komanda məntəqəsinin tərkibində olan 64N6 hədəfləri aşkaretmə radiolokasiya stansiyasının antenasının fırlanma sistemində aşkar olunan nasazlıqları aradan qaldırmasında, texnikanı döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsində və göstərilən tarixlərdə texnikanın saz vəziyyətdə işləməsini təmin etməsində köməklik göstərmişdir. Göstərilən işlərin keçirilməsi nəticəsində S-300 PMU-2 divizionlar qrupunun Mingeçevir şəhərinin, Mingeçevir su anbarının, Mingeçevir istilik elektrik stansiyasının düşmənin ballistik raketlərə qarşı müdafiə imkanları artmışdır (“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək gedən döyüş əməliyyatları müddətində N nömrəli hərbi hissənin mülki işçiləri tərəfindən N nömrəli hərbi hissəyə ezam olunmuş N nömrəli hərbi hissəyə məxsus $-300 PMU-2 divizionlar qrupunun komanda məntəqəsinin tərkibində olan 64N6 tipli hədəf aşkaretmə radiolokasiya stansiyasında yaranmış nasazlıqların aradan qaldırılmasına və texnikaların döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsində köməklik göstərilməsi haqqında” N nömrəli hərbi hissə komandiri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3977 nömrəli Akta əsasən). - Qeyd edilən halları təsdiqləyən Ezamiyyət Vəsiqələri, 939, N və N nömrəli hərbi hissə komandirlərinin əmrləri də iş materiallarına əlavə edilmişdir (bax: bənd 12-20).

30. Məhkəmə nəzərə alır ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.

31. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı N nömrəli hərbi hissəyə ezam olunduğu N oktyabr 2020-ci il tarixdən N oktyabr 2020-ci il tarixədək olan dövrdə və N nömrəli hərbi hissəyə ezam olunduğu N oktyabr 2020-ci il tarixdən 07 oktyabr 2020-ci il tarixədək olan dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Belə olan təqdirdə iddiaçının faktiki vəziyyəti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir.

32. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh orqan tərəfindən İddiaçı münasibətdə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi qanuni hesab edilə bilməz.

33. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yetərlidir. Məhkəmə qeyd edir ki, birinci Qarabağ müharibəsindən fərqli olaraq ikinci Qarabağ müharibəsinin iştirakçılarına müharibə veteranı adı və vəsiqəsi müvafiq siyahı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Yəni bu proses müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı vahid inzibati icraatın tərkib hissəsidir. Bununla belə, yekun olaraq (müvafiq razılaşdırmadan sonra) müvafiq ad və vəsiqə məhz Müdafiə Nazirliyi tərəfindən verildiyindən məhkəmə hesab edir ki, iddia tələbi məhz müharibə veteranı adı və vəsiqəsinin verilməsi kimi təmin edilməlidir.

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

35. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

36. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.

39. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar