Məhkəmə qərarları › İş №2-1(112)-8943/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8943/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8943/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddaçı İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhərı Sabunçu Rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı uşaqları X7, X6, X5 və X8 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi, döngə 1, ev özbaşına tikiliyə qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və azyaşlı uşaqları - X7, X6, X5, X8 ilə Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, döngə 1 ünvanında yerləşən evdə xx.xx.2016-cı il tarixdən bir ailə olaraq birlikdə yaşayırlar. Həmin əmlaka görə vergi də ödəyir. Mərhum əri X13 2014-cü il tarixdə həmin torpaq sahəsini alıb, 2015-ci ildə həmin torpaq sahəsində ev tikib və 2016-cı il tarxdən isə həmin evə köçərək orada yaşayırlar. İndiyə kimi də Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, döngə 1 ünvanda yaşamalarını nəzərə alaraq hesab edir ki, o və uşaqları həmin evə pasport qeydiyyatına alınmalıdır. Bu məqsədlə o ərizə ilə Sabunçu Rayon Polis İdarəsinin pasport qeydiyyat şöbəsinə müraciət etmişdir. Sabunçu Rayon Polis İdarəsindən aldıqları xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, döngə 1 ünvanına qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin tərəfindən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin həmin evin sənədləri olmadığına görə həmin ünvana qeydiyyata alınmaları cavabdeh orqanın imkanı xaricindədir. O cavabdeh orqanın imtinasını əsassız hesab edir. Çünki həmin evi mərhum əri tikdirib, o və uşaqları 2016-cı il tarixdən indiyə kimi həmin evdə yaşayırlar. Bundan əlavə hal-hazırda polis idarələrinin inzibati binalarında qeydiyyatda olan şəxlər də həmin ünvandan qeydiyyatdan çıxarılır. Belə olan halda hesab edilir ki, onlar yaşadıqları yer üzrə qeydiyyata alınmalıdırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə müraciət edərək işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2011-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2009-cu ildə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE 11587716 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, arası Fizuli Həsənov, anası İddiaçı olan X5 xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 2 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının AZE 09864535 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, arası Fizuli Həsənov, anası İddiaçı olan X8 xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 2 ünvanıdır. - Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ387981 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X13 08 yanvar 2011-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. - Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ387980 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X13 07 avqust 2009-cu ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. - Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ328513 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X13 30 iyun 2015-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. - Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ328514 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X13 19 noyabr 2013-cü ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. - Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 321 №-li arayışdan görünür ki, İddiaçı həqiqətəndə Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsində özbaşına tikilidə qeydiyyatsız olaraq yaşayır. Azyaşlı uşaqları X7, X6, X5 və X8 da həmin ünvanda yaşayır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 073-7542A №-li məktubun surətindən görünür ki, ərizəsinə baxılmışdır. Ailə üzvləri ilə birlikdə (İddiaçı, 2015-ci il təvəllüdlü X8, 2011-ci il təvəllüdlü X7, 2009-cu il təvəllüdlü X6, 2013-cü il təvəllüdlü X5) qeydiyyatsız yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, döngə 1 ünvanına qeydiyyata alınmaqları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin tərəfindən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmaqları imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq məhkəməyə müraciət etməyi məqsədə müvafıq hesab edilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı azyaşlı uşaqları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, döngə 1 ünvanında yerləşən evdə qeydiyyatsız yaşayırlar. Həmin ünvan üzrə əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı sözügedən ünvana azyaşlı uşaqları ilə birgə qeydiyyata alınmaları ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçı yaşadıqları həmin yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etməmiş və bu səbəbdən də cavabdeh inzibati orqan onları yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İşin halları ilə isə iddiaçının və onun uşaqlarının daimi yaşamaq məqsədilə qanuni əsaslarla həmin yaşayış sahəsinə köçüb yaşamalarına hüquq verən sənədlərin mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı mübahisəli ünvanda olan yaşayış sahəsinə uşaqları ilə birlikdə qeydiyyata alınmalarını tələb etsə də həmin yaşayış sahəsinə qanuni əsaslarla köçüb yaşamalarını və buna hüquq verən sənədlərin, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, döngə 1 ünvanında yerləşən evə dair orderin, qeydiyyat vəsiqəsinin (və ya reyestrdən çıxarışın), kirayə və ya icarə müqaviləsinin mövcudluğu tərəfindən sübuta yetirilmədiyindən cavabdeh orqan iddiaçını və onun uşaqlarını qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu imtina qanuna zidd deyildir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar