Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8945/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs X2 və onun vəkili Vəkil2 Rüfət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı, X5 və X6 üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Poleks” Mənzil-Tikinti Kooperativi cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 209 nömrəli sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısı xx.xx.2016-cı il tarixli 350 №-li Sərəncam vermişdir. Sərəncama əsasən Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində 2.99 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Sərəncama əsasən "xxxx" MMC-yə Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. İddiaçı MTK tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə bütün sakinlərə müavinətlər verilməklə onları müvəqqəti yaşayış sahələrinə köçürmüşdür. Məhkəməyə müraciətlərinin mahiyyəti yuxarıda qeyd olunan işlərin görülməsi ilə əlaqədar "xxxx" MMC-nin daimi istifadəsinə ayrılmış torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən aparılan qanunsuz hərəkətlərdir. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0,0137 ha torpaq sahəsindəki 29 nömrəli, 1 (bir) mərtəbəli binada (fərdi ev tikilisində) yerləşən, 2020-ci ilin avqust ayına kimi mövcud olan 36 nömrəli fərdi mənzil paylı mülkiyyət hüququ üzrə - X2 adına 2/3 hissə, X3 adına 1/3 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il qeydiyyat tarixi, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Onların mülkiyyət hüququ təsdiq edən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan çıxarışdan da görünür ki, üçüncü şəxslərə məxsus sahə yaşayış sahəsindən ibarət olmuşdur. 2017-ci il tarixdə ərizə ilə X5 və X1 Rayon İcra Hakimiyyətinə müraciət edib, mülkiyyətlərində olan sözügedən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə razılıq verilməsini, onlara məxsus yaşayış sahəsinin qeyri-qanuni olaraq qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişlər. Nərimanov RİH Başçısı, xx.xx.2017-ci il tarixli, 209 nömrəli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən, sahəsi 64.65 kv.m. olan 36 nömrəli mənzilin mövcud istifadə vəziyyətində qeyriyaşayış sahəsinə keçirilməsinə icazə verilmişdir və bu icazə dövlət tərəfindən müəyyən etdiyi öhdəliklərin İddiaçı MTK-ya yerinə yetirilməsində ciddi problemlər yaratmış, həmin ərazinin eyni İcra Hakimiyyəti tərəfindən "xxxx" MTK üçün ayrıldığı və Fövqəladə Hallar Nazirliyi tərəfindən istifadə üçün yararsız hesab olunduğu halda əsassız olmaqla mülkiyyətçilər X5 və X6 və İddiaçı MTK arasında mülki məhkəmə qaydasında çəkişməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən X8 icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 350 №-li Sərəncamı ilə rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədəy Ağaoğlu küçələrinin və Xətai prospektinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 2,99 ha torpaq sahəsinin İddiaçı MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Mübahisə predmeti olan Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 350 №-li Sərəncamının bəndləri Nazirlər Kabinetinin sözügedən qərarının müddəalarını təkrarlayır. Eləcə də mübahisə predmeti olan və iddiaçılar tərəfindən inzibati akt hesab edilən xx.xx.2016-cı il tarixli 013 saylı Ayrıc aktı Nərimanov RİH başçısının sözügedən Sərəncamının və Nazirlər Kabinetinin qərarının icrasına yönəlmiş törəmə sənəddir. Bu məsələlərlə əlaqədar, Nərimanov RİH ilə İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilənin 2.3.-cü bəndin’ə əsasən: söküntü ilə əlaqədar ərazidə yerləşən binaların sakinlərinin köçürülməsi ilə əlaqədar sakinlərə 2 aydan gec olmayaraq razılaşdırma əldə edərək müqavilələrin imzalanması tapşırılmışdır. İstər Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarında, istər Nəriman Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 350 №-li Sərəncamında, istərsə də İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli Müqavilədə nəzərdə tutulmuş müddəalara və öhdəliyə uyğun cavabdehə münasibətdə İddiaçı MMC tərəfindən hər hansı hərəkətlər edilməmişdir. Belə olan halda hesab edirlər ki, İddiaçı MMC tərəfindən “ünvan 2 ünvanda yerləşən, sahəsi 64,65 kv.m. olan 36 №-li mənzilin mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi” barədə Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 209 №-li Sərəncamının ləğv edilməsinə dair iddia tələbi əsassızdır. Məhkəmənin 14 iyul 2022-ci il tarixli qərardadı ilə, X5 və X6 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən prosessual müddət ötürülməmişdir. Belə ki, mübahisə predmeti sərəncamda hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat qeyd edilməmişdir. Bu səbəbdən də, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən, 6 ay müddətində iddia qaldırıla bilər. Həmin sərəncam iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözügedən sərəncamdan 2022-ci ilin fevralmart ayrlarında məlumatlı olmuşlar və may ayında iddia irəli sürülmüşdür. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 və onun vəkili Vəkil2 Rüfət oğlu iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində həmin sərəncama istinad olunmaqla iddia verilmiş və sərəncamın surəti də iş materiallarında mövcud olmuşdur. Həmin sərəncamla iddiaçı tərəf tanış olmuş və icraatın əvvəlindən, yəni 2020-ci ilin dekabr ayında iddia verilən vaxtdan məlumatlı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Cavabdeh başçısının 209 №-li, xx.xx.2017-ci il tarixli, “Xətai prospekti 29 saylı evin 36 №-li mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” Sərəncamının surətindən görünür ki, Xətai prospekti 29 saylı ünvanda yerləşən, sahəsi 64,65 kv/m.olan 36 №-li mənzilin mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi, göstərilən mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə zamanı mövcud qanunvericiliyin tələblərinə, müvafiq norma, qaydalara riayət olunmasının vətəndaşlar İ.Ə.Abbasov və Z.F.Abbasova tapşırılması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 209 nömrəli sərəncamı üçüncü şəxslər tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya qarşı məhkəmədə iddia qaldırılarkən (kompensasiya və vurulmuş zərərin ödənilməsi barədə iddia irəli sürmüş və sərəncamın surəti iddiaya əlavə edilmişdir) və həmin məhkəmə icraatının gedişində (yekun məhkəmə aktı xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir) ona məlum olmuşdur. Belə olan halda, iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur və İPM-in 38.1-ci maddəsinin tələbləri nəzərə alındıqda, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması iddiaçının məsuliyyət sferasına aid edilməlidir. Hətta iddiaçı tərəfin 2022-ci ilin fevral-mart aylarında sərəncamdan məlumatlı olmaları ilə bağlı bildirdikləri qəbul edilsə də, iddia qaldırılması üçün müddət ötürülmüşdür. Çünki, hər bir halda müddətin ötürülməsi məsələsi “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin yox, İPM-in 38.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Bundan əlavə, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İşin qeyd edilən hallarında, yalnız inzibati aktın təqdim olunmamasına istinadən iddia müddətinin ötürülmədiyi barədə nəticəyə gəlmək, həmin normaların tətbiqində ifrat formallığa yol verilməsi olardı. Məhkəmə bir daha vurğulayır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. Hazırkı məhkəmə icraatının gedişində iddiaçı tərəfin təqdim etdiyi “müddətin buraxılmamış hesab edilməsi” barədə ərizəsinə münasibətdə qeyd edilməlidir ki, inzibati prosessual qanunvericilikdə “müddətin buraxılmamış hesab edilməsi” deyil, “buraxılmış müddətin bərpa edilməsi” institutu nəzərdə tutulmuşdur. İddiaçı isə müddətin buraxılmadığına istinad etdiyindən bərpa edilməsi ilə bağlı müraciət etməmişdir. Belə olan halda həmin ərizə iddiaçının mülahizəsi kimi qəbul edilməlidir və nə qədər ki, məhkəmə prosessual müddətin buraxılması səbəbindən iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir, həmin ərizəyə ayrıca qiymət verilməsinə də zərurət qalmamışdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı, X5 və X6 üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8945/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8945/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver