Məhkəmə qərarları › İş №2-1(112)-8946/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8946/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8946/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı5 və digərlərinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı5, iddiaçı, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı7 iştirakı ilə, iddiaçılar İddiaçı5 və digərlərinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə 25 sentyabr 2024cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı5, İddiaçı7, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək, ünvan 1 ünvanına qeydiyyata alınmalarını xahiş etmişlər, lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçılar İddiaçı5, İddiaçı7, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, onların ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı5, qızı İddiaçı7 və onun uşaqları xx.xx.2014-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2017-ci il təvəllüdlü İddiaçı2, gəlini İddiaçı6 və onun uşaqları xx.xx.2019-cu il təvəllüdlü İddiaçı4 və xx.xx.2020-ci il təvəllüdlü İddiaçı3 ilə birlikdə hal-hazırda ünvan 1 ünvanında 2009-cu ildən yaşayır. O, Ermənistanın Quqark rayonundan ailəsi ilə birlikdə 1988-ci ildə qaçqın düşmüşdür. Yaşamağa yerləri olmadığı üçün Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə yaşayış sahəsinin ayrılması ilə bağlı müraciət əsasında Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə İddiaçı5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 35 nömrəli Müqavilə əsasında ona və ailə üzvlərinə yaşamaq üçün Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş 2 nömrəli Ev Tikinti Kombinatı binasında bir otaqlı 35 saylı mənzil ayrılmışdır. Həmin vaxtdan qeyd olunan binada yaşayırlar. Rəsmi qaydada pasport qeydiyyatında isə Bakı şəhəri Binəqədi Polis İdarəsinin inzibati binasında olmuşlar. Bir müddət əvvəl onlara məlumat verilmədən inzibati binadan qeydiyyatdan çıxarılmışlar. Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən qeydiyyata alınmışlar. Bu yaxınlarda müvəqqəti qeydiyyata dair ona arayış verilmişdir. Gəlini İddiaçı6 Saatlı rayonunda qeydiyyatdadır. Lakin orada yaşamır. Onun uşaqları isə qeydiyyatsızdırlar. X1 2023-cü ildə zəhərlənmədən ölmüşdür. Həmin ünvanda qeydiyyata alınmaq məqsədilə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir və xx.xx.2024-cü il tarixində verilmiş imtina məktubuna əsasən, bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: mülkiyyət hüququnun dövlət qeydiyyatın alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd təqdim etməlidir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada digər iddiaçı, eyni zamanda iddiaçılar İddiaçı4 və İddiaçı3 qanuni nüməyəndəsi İddiaçı6 məlum olan qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və iddiaçı (eyni zamanda iddiaçılar İddiaçı4 və İddiaçı3 qanuni nüməyəndəsi) İddiaçı6 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı5 və iddiaçı (eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi) İddiaçı7 iddianı müdafiə edərək, onun dəlilərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı5 22.11,2005-ci il tarixdən, xx.xx.2019-cu il təvəllüdlü İddiaçı4 10.11,2019-cu il tarixdən hazırki vaxtadək ünvan 4 ünvanında qeydiyyatdadırlar. 31,08.1994-cü il təvəllüdlü İddiaçı7 xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək ünvan 4-da, 04.1.2019-cu il tarixdən hazırkı vaxtadək Abşeron rayonu, Xırdalan Masazır şössesinin Şimalı ünvanında qeydiyatdadır. xx.xx.1984-cü il təvəllüdlü İddiaçı6 xx.xx.2018-ci il tarixdən, xx.xx.2020-ci il təvəllüdlü İddiaçı3 xx.xx.2021-ci il tarixdən hazırkı vaxtadək Saatlı rayonu, Əliabad kəndində qeydiyyatadırlar. xx.xx.2014-cü il təvəllüdlü İddiaçı1 xx.xx.2017-ci il tarixdən, xx.xx.2017-ci il təvəllüdlü X2 xx.xx.2017-ci il tarixdən hazırkı vaxtadək ünvan 6 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanı X4 adına qeydiyyata alınmışdır. İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi X4 mülkiyyətindədir. İddiaçılar ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması barədə cavabdehə müraciət etmişlər, cavabdeh isə müraciəti təmin etməmişdir. Hazırda iddiaçılar həmin ünvana qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. İddiaçıların sözügedən ünvana qeydiyyata alınması ilə bağlı mülkiyyətçinin razılıq ərizəsi mövcud deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. ... Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Bu baxımdan, əgər iddiaçılar ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda yaşadıqlarını irəli sürərək, faktiki yaşayış yeri üzrə qeydiyyata alınmalarını tələb edirlərsə, bu halda onların bu iddiasının sahəvi qanunvericiliyin tələblərinə cavab verməsi mütləqdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin normaya görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Lakin iddiaçı qeyd edilən maddənin 2-ci bəndində nəzərdə tutulan sənədləri, mülkiyyətçinin razılıq ərizəsini təqdim edə bilmədiyindən, sözügedən normanın şərtləri onun tərəfindən yerinə yetirilmir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddia olunan ünvan rekviziti yalnız X4 mülkiyyətində olan yaşayış sahəsinə verilmişdir. Qeyd olunanlara əsasən, cavabdehin iddiaçıları yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təsbit olunan hallarda iddiaçıları yeni yaşayış yeri üzrə qeydiyyata almaq səlahiyyətinə malik olduğundan, iddiaçıların həmin maddə ilə tələb olunan sənədləri cavabdehə təqdim etməsi zəruri idi ki, bu hallar da iş üzrə mövcud deyil. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçıların ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin yuxarıda sadalanan sənədlərin təqdim olunmaması ilə əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçıların hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Odur ki, iddiaçılar İddiaçı5 və digərlərinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı5 və digərlərinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar