Məhkəmə qərarları › İş №2-1(112)-8947/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8947/2022

10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8947/2022 10.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin imtinasının ləğv edilməsi və iddiaçıya əlilliyin təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, X2 X3 1 nömrəli Poliklinika Şöbəsi tərəfindən **********01 nömrəli müayinə vərəqəsi tərtib edilmiş və həmin vərəqə əsasında 2709003AADT7 nömrəli göndəriş tərtib edilərək 11 aprel 2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmişdir. Bunun əsasında iddiaçı müayinədən keçmişdir. Müayinənin nəticəsində 12 aprel 2022-ci il tarixdə əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İmtina Aktında göstərilmişdir ki, göndəriş natamam doldurulmuşdur, əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək üçün xəstəyə ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir. İddiaçı hesab edir ki, aşağıdakı səbəblərə görə əlillik müəyyən edilməsindən imtina aktı qanunsuzdur və bu səbəbdən iddiaçıya əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İlk növbədə qeyd edilməlidir ki, 11 aprel 2022-ci il tarixli 2709003AADT7 nömrəli göndəriş tam doldurulduğu halda, Tibbi Sosial Ekspert Komissiyası əsassız olaraq həmin sənədin natamam doldurulmasını göstərmiş, natamamlığın nədən ibarət olmasını təsvir etməmişdir. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İmtina aktı inzibati orqan hesab edilən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ümumi hüquq sahəsinə aid olan əlilliklə bağlı məsələni nizama salmaq məqsədilə qəbul edilmiş və ünvanlandığı şəxs kimi mənim üçün hüquqi nəticə yaradan hakimiyyət tədbiri olduğundan inzibati aktı hesab edilir. Bu baxımdan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən inzibati akt hesab edilən İmtina aktı qəbul edilərkən yazılı şəkildə konkret faktiki (natamamlığın nədən ibarət olması) və hüquqi hallara (göndərişin natamam doldurulmasının hansı normaya əsasın əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edilməsinə səbəb olması) istinadən əsaslandırılmalı idi. İmtina aktından göründüyü kimi, həmin akt heç bir faktiki və hüquqi hallarla əsaslandırılmamışdır. Göndərişin natamam doldurulmasına görə imtina aktının qəbul edilməsi səlahiyyəti və qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərlə yanaşı, əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsindən imtina formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması ilə əsaslandırıla bilməzdi. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nda Tibbi Sosial Ekspert Komissiyası tərəfindən göndəriş natamam doldurulduqda, əlilliyin müəyyən olunmasından imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti və qaydası nəzərdə tutulmamışdır. Əksinə, Qaydanın 2.9cu bəndinə əsasən göndəriş natamam doldurulduqda, Tibbi Sosial Ekspert Komissiyası yalnız altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyasına göndərə bilər. İmtina aktından isə görünür ki, Tibbi Sosial Ekspert Komissiyası bu qayda və səlahiyyətinin ziddinə 11 aprel 2022-ci il tarixli 2709003AADT7 nömrəli göndərişi komissiyaya göndərmək əvəzinə, əsassız və qanunsuz olaraq imtina aktı qəbul etmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə əsasən də qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Göründüyü kimi, Tibbi Sosial Ekspert Komissiyası nəinki sahəvi normativ sənəd olan «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın tələblərini, həm də «İnzibati icraat haqqında» Qanunun tələblərini kobud şəkildə pozaraq qanunsuz imtina aktı qəbul etmişdir. Əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək üçün əlavə müayinə keçirilməsi məqsədilə imtina aktının qəbul edilməsi qanunsuzdur. Təsvir edilənlərlə yanaşı, qeyd edilməlidir ki, əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək məqsədilə xəstənin ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi əsası ilə imtina aktının qəbul edilməsi qayda və səlahiyyəti də qanunvericilikdə, o cümlədən «Əlilliyin qiymətləndirilməsi Qaydası»nda nəzərdə tutulmamışdır. Əksinə, sözügedən Qaydaların məzmunundan aydın olur ki, əlavə müalicəyə ehtiyacın olması məhz əlilliyin təyinatını şərtləndirir. Belə ki, həmin Qaydaların 2.6-cı bəndinə əsasən Tibbi Sosial Ekspert Komissiyasının qərarı qəbul edildikdə, əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, Tibbi Sosial Ekspert Komissiyasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, əlilliyin qiymətləndirilməsi əlilliyin təyinatı ilə birgə reabilitasiyanı da nəzərdə tutur. Reabilitasiyası dedikdə isə, əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası başa düşülür («Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə görə). Əlavə müalicəyə ehtiyacın olmaması əlilliyin təyinatından imtina üçün əsas ola bilərdi, çünki əlillik məhz sağlamlıq imkanlarının məhdudlaşdırılmasını ifadə edən termindir ki, bu reabilitasiya vasitəsilə aradan qaldırıla bilər. Beləliklə, cavabdehin əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək məqsədilə xəstənin ixtisaslı tibb müəssisəsində ətraflı əlavə müalicəyə ehtiyacının olması barədə qərar qəbul edərək əlillik təyinatından imtinası tamamilə qanunsuz və əsassızdır. Göstərilənlərə və İPM-in 2.2.2, 32-ci maddələrinə əsaslanaraq, cavabdehin 11 aprel 2022-ci il tarixli imtina aktının ləğv edilməsi və iddiaçıya əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazda bildirilir ki, İddiaçı əlillik vəziyyətinə Bakı 18 nömrəli Şəhər Poliklinikasının 17 oktyabr 2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası ll-lll fs.İnfarktdan sonrakı kardioskleroz.Sağ yarımkürədə beyin infarktından s\v.Beyinin xr. işemiyası.Hipertoniya xəstəliyi İİ mər.ÜQDÇ-ğı. İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncü-dördüncü funksional sinif)” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 19 oktyabr 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası ll-lll fs. İnfarktdan sonrakı kardioskleroz. Sağ yarımkürədə beyin infarktından s\v. Beyinin xr. işemiyası. Hipertoniya xəstəliyi İİ mər. ÜQDÇ-ğı. İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncü – dördüncü funksional sinif)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Nərimanov Tibb Mərkəzinin 1 nömrəli Şəhər Poliklinikasının 8 aprel 2022-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => 169.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Əsas diaqnoz 169.3 Beyin infarktının nəticələri, Keçirilmiş insultun davamlı qalıq əlamətləri Ağırlaşma F06.5 Üzvi dissosiativ pozğunluq, . Ağırlaşma G11.2 Gecikmiş beyincik ataksiyası, Koordinator statik pozuntu. Ağırlaşma F06.7 Yüngül koqnitiv pozğunluq, Ağırlaşma G81.1 Spastik hemiplegiya, Sol tərəfli hemiparez; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın müddəalarına əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi Sosial Ekspert Komissiyasına göndərilir. Tibbi Sosial Ekspert Komissiyasının sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, Tibbi Sosial Ekspert Komissiyasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir” olmuşdur. Odur ki, iddiaçının ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçdikdən sonra əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının (hazırda qüvvədən düşmüş) 1-ci hissəsi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir (1 iyul 2022-ci il tarixədək qüvvədə olmuşdur). Həmin Əsasnamənin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Qanuna və İPM-ə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Həmin Qaydanın 1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: (1.5.1) şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (1.5.2) şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (1.5.3) əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; (1.5.4) peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; (1.5.5) əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Məhkəmə vurğulayır ki, İddiaçı əvvəllər də əlillik dərəcəsi təyin olunduğu və həmin əlilliyin müddətinin 2021-ci ildə başa çatdığını nəzərə alaraq, işdə olan, o cümlədən müvafiq tibb müəssisəsindən verilən sənədlərə əsasən iddiaçıda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin davam etməsi təkzib olunmur. Mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliyin davam etdiyi təqdirdə iddiaçıya münasibətdə «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi deyil, 1.5.3-cü bəndinin tələbləri tətbiq edilməlidir. Qaydanın 1.5.3-cü bəndi isə, şəxsin orqanizminin pozulmuş funksiyalarının bərpa olunmamasını və müvafiq sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularını “eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması” ilə şərtləndirmir. Həmçinin nəzərə alınmalıdır ki, mövcud qanunvericilik normalarının tələbləri müvafiq tibb müəssisəsinin göndərişi natamam doldurulduğu hal əlilliyin təyinat olunmasından imtinaya əsas vermir. İmtinada göstərilən “ətraflı müayinə məsləhətdir” dəlilinə gəldikdə isə, cavabdeh tərəf bunun zəruriliyinin hansı xüsusatlar üzrə yaranması ilə bağlı heç bir dəlil və sübut təqdim eymir. Odur ki, bu dəlil formal şəkildə təqdim olummuş kimi sayılır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya əlillik təyin edilməsindən “göndəriş natamam doldurulmuşdur və ətraflı müayinə məsləhətdir” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Meyarların 3.1-ci bəndinə görə anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: - (3.1.1) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; - (3.1.2) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; - (3.1.3) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1, 69, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar