Məhkəmə qərarları › İş №2-1(112)-8947/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8947/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8947/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının ailə üzvlərinin mənzil növbəsinə götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı “X6, X2, X5 və X1 mənzil növbəsinə götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X6, X2, X5 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmşdir (zəruri cəlbetmə). İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövliyi, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ qrup Qarabağ müharibəsi əlilidir. İşlədiyi müəsissədə ümumi əsaslarla mənzil növbəsinə durduğuna görə, iddiaçıya 4 (dörd) nəfər (özü, arvadı, oğlu və qızı) ailə üzvü nəzərə alınmaqla hazırda pasport qeydiyyatında olduğu ünvan 1 ünvanda yerləşən 3 (üç) otaqlı mənzillə bağlı order verilmişdir. Daha sonra qızı-Günay Səfərova ərə getmiş və hazırda o, ər evində yaşayır. Oğlu-Fərhad Səfərov isə xx.xx.2012-ci ildə X2 ilə nikah münasibətlərini rəsmiləşdirmiş və bu nkahdan xx.xx.2013-cü ildə Xanım, habelə xx.xx.2015-ci ildə Xədicə nəvələri anadan olmuşlar. Mən və ailə üzvlərim ünvan 1 ünvanda yerləşən 3 (üç) otaqlı mənzildə yaşamış və hazırda da həmin yaşayış sahəsində pasport qeydiyyatındadır. Məlumat üçün qeyd olunur ki, maddi vəziyyətinin ağır olmasına görə, iddiaçı ünvan 1 ünvanda yerləşən 3 (üç) otaqlı mənzilimi 2018-ci ildə satmalı oldu. Həmin tarixdən o, ailə üzvələri ilə birlikdə kirayəçi qismində yaşamaq məcburiyyətində qalmış və hazırda isə yuxarıda qeyd edilmiş faktiki ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı sosial-məişət şəraitimin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının ərazi bütövliyi, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ qrup Qarabağ müharibəsi əlili kimi güzəştli və imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi barədə müvafiq ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etmiş və həmin ərizəyə 6 (altı) nəfər ailə tərkibi barədə aidiyyəti sənədləri əlavə etmişdir. Bakı şəhəri Cavabdeh başçının 1-1/165 saylı xx.xx.2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövliyi, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ qrup Qarabağ müharibəsi əlili kimi iddiaçı 2 (iki) nəfər ailə tərkibi ilə (özünü və arvadını) güzəştli və imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul etdi. İddiaçı hesab edir ki, hazırda onun ailə üzvlərinin də mənzil növbəsinə götürülməsi təmin olunmalıdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, məsələyə müvafiq qaydada baxılmış və Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli № 1-1/165 №-li sərəncamına əsasən İİ qrup Qarabağ müharibəsi əlili kimi 2 nəfər ailə tərkibi ilə (özü, arvadı) mənzil növbəsinə qəbul edilmişdir. Bildirilir ki, dövlət mənzil fondu hesabına vətəndaşlara yalnız bir dəfə mənzil verilir. Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, mənzil 37 İddiaçı iş yeri üzrə dövlət tərəfindən verilmiş, lakin o, həmin mənzili özəlləşdirərək satmışdır. Buna baxmayaraq, İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət etdikdə, yuxarıda göstərilən mənzilin adambaşına düşən uçot norması imkan verdiyindən o və arvadı bir daha yuxarıda qeyd edilən sərəncamla mənzil növbəsinə götürülmüşdür. İddiaçının oğlunun və onun ailə üzvlərinin onunla birlikdə mənzil növbəsinə götürülməsi qanunvericiliyin tələblərinə zidd olduğundan məsələ öz müsbət həllini tapmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhəri Nizami RİH-nin xx.xx.2022-ci il tarixli, 1-1/165 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup müharibə əlili İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, arvadı) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. İmtina məktubundan görünür ki, iddiaçı hazırki tələblə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2-ci maddəsinə əsasən ailə üzvləri dedikdə ər-arvad, valideynlər və uşaqlar başa düşülür. İddiaçının oğlu onun ailə üzvləri hesab edilmədiyindən onların mənzil uçotunuza daxil edilməsi imkan xaricindədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə İşin faktiki hallarından da göründüyü kimi iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd, övladı X6 və onun ailə üzvlərinin mənzil növbəsinə götürülməsidir. Lakin cavabdeh iddiaçının bu müraciətinin təminindən imtina edərək, bu halı iddiaçının övladının onun ailə üzvü hesab olunmaması ilə əlaqələndirir. Məhkəmə cavabdehin imtinasının əsaslı olub-olmamasını müəyyən etmək üçün qanunvericilikdə ailə münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə ailə üzvləri hesab olunan şəxslərin əhatə dairəsi imperativ şəkildə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdaki müddəalarına əsasən: 2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. “Uşaq hüquqları haqqında Konvensiya”nın (BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilib) 1-ci maddəsinə əsasən hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın. “Uşaqlar hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Hüquqi nizamın prinsiplərinə əsaslaraq məhkəmə qeyd edir ki, ailə münasibətlərini tənzimləyən qanunvericiliyə görə ər-arvad, valideynlər və uşaq ailə üzvü hesab edirlər. Nəzərə alınmalıdır ki, uşaq anlayışı 18 yaşına çatmamış şəxsi ifadə edir. Bu, BMT-nın Uşaq hüquqları Konvensiyasına və Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə müəyyən edilir ki, 18 yaşa qədər olan hər bir şəxs hüquqi olaraq uşaq hesab edilir və buna uyğun xüsusi hüquq və müdafiə tədbirləri ilə əhatə olunur. Valideynlərin övladlarını saxlamaq vəzifəsi onların əsas ailə öhdəliklərindən irəli gəlir ki, bu öhdəlik uşaqların sağlam və təhlükəsiz böyüməsini, təhsil almasını və ümumi rifahını təmin etmək məqsədini daşıyır. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, əlilliyi olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən qanunvericiliyin müddəaları ailə qanunvericiliyin müddəalarının tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Bildirilir ki, ailə qanunvericiliyinə əsasən ailə üzvünün anlayışı övladı yox, məhz uşağı ehtiva edir ki, uşağın anlayışı isə göstərilən normativ tələblərdə konkret olaraq müəyyən edilmişdir. Uşaq dedikdə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxs başa düşülür. Göründüyü kimi mənzil növbəsinə götürülmə zamanı yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən və valideynlərindən saxlanılmaq vəzifəsini tələb edə bilən övladların nəzərə alınması əsası müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 80. Əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Göründüyü kimi valideynlərin yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi övladın əmək qabiliyyətinin olmaması, bununla da maddi yardıma ehtiyacının olması ilə əlaqələndirmişdir. Hazırkı üçüncü şəxs X4 (iddiaçının övladı) münasibətdə isə göstərilən hal mövcud deyildir. Bu isə, o deməkdir ki, iddiaçının yetkinlik yaşına çatmış övladını, həmçinin onun övladının ailəsini saxlamaq kimi vəzifəsi qanunvericiliklə mövcud deyildir. Məhkəmə bildirir ki, ailə üzvünün anlayışı Ailə Məcəlləsində birbaşa təsbit edilmişdir. Ailə üzvü dedikdə ər-arvad, valideynlər və uşaqlar başa düşülür. Maddənin tələbi göründüyü kimi konkretdir, necə ki, ikinci dərəcəli qohumlar ailə üzvü anlayışına daxil ola bilmirsə, yetkinlik yaşına çatmış övlad da, Ailə Məcəlləsinin tələbi baxımından uşaq hesab edilə bilməz. Uşaq dedikdə əsas kriteriya kimi yetkinlik yaşına çatmama başa düşülür ki, uşaq anlayışına daxil olmayan övlad valideynin saxlanılma borcu ilə əhatələnmədiyindən, dövlət üçün də üstünlüklərdən mənzil növbəsinə götürülmə baxımından nəzərə alınmamaqdadır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar