Məhkəmə qərarları › İş №2-1(112)-8949/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8949/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8949/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı "elektron sistemdəki məhdudiyyətin aradan qaldırılması və kompensasiya" tələbinə dair inzibati işin mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vəzifəli şəxslərin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən 17 fevral 2024-cü il tarixdə “KİA PİCANTO” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı elektron sistemdəki məhdudiyyətin aradan qaldırılması (götürülməsi) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin üzərinə qoyulması və cavabdehlə arasında olan inzibati mübahisələrin həlli ilə bağlı qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş ziyana görə həmin qurum tərəfindən ona kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 17 fevral 2024-cü il tarixdə cavabdeh tərəfindən “KİA PİCANTO” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə məhdudiyyətin tətbiq edilməsi barədə elektron sistemə məlumat yerləşdirilmişdir. 09, 12, 18 və 25 aprel 2024-cü il tarixlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (Elektron ünvan 1) və BDYPİ-yə (Elektron ünvan 2) elektron qaydada və qurumların ünvanlarına poçt vasitəsi ilə ərizələr təqdim edərək qeyd etdiyi nəqliyyat vasitəsinə 17 fevral 2024-cü il tarixdə BDYPİ tərəfindən tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılmasını (götürülməsini) xahiş etmişdir. Buna baxmayaraq BDYPİ ərizələrinə (şikayətlərinə) cavab verməmiş, ümumiyyətlə münasibət bildirməkdən yayınmış, bununla da elektron sistemdə avtomobilinin üzərində olan məhdudiyyətin aradan qaldırılmasından (götürülməsindən) imtina etmişdir. Belə olan halda BDYPİ-nin vəzifəli şəxsləri hüquqlarını pozmaqla yanaşı hərəkətsizliyi (hərəkəti) ilə qanunvericiliyin tələblərinə zidd çıxmışlar. Bir neçə ildir cavabdehlə aralarında olan inzibati mübahisələrin həlli ilə bağlı onların digər məhkəmələrdə çoxsaylı ləğv edilmiş qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş ziyana görə həmin qurum tərəfindən kompensasiya ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, iddianın mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-1381/2024 saylı qərarı ilə şikayət təmin edilərək, Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış xx.xx.2024-cü il tarixli, EQ 19512493 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və İddiaçı barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-1381/2024 saylı məktubu ilə xx.xx.2024-cü il tarixli, 3(001)-1381/2024 saylı qərar icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə göndərilmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə yönəlmişdir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən edilməsi üçün iddia tələbinin faktiki əsasının aydınlaşdırılması zəruridir. İddiaçının iddia ərizəsindən və məhkəmə iclasında izahatından məlum olur ki, iddiaçının etirazı, narazılığı və şikayəti, ona məxsus avtomobillə bağlı inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarının cavabdeh orqan tərəfindən icra edilməməsi nəticəsində maddi zərər çəkməsi ilə bağlıdır. İşin hallarından da göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-1381/2024 saylı qərarı ilə İddiaçı barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir, lakin icra edilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin qərarının icra edilməməsi yeni məhkəmə iddialarına və mübahisələrinə səbəb olmamalıdır. Çünki hazırkı iddia təmin olunduğu halda belə, qəbul ediləcək qərar rayon məhkəməsinin eyni məzmunlu qərarından hüquqi qüvvəsinə görə heç də üstün olmayacaqdır. Başqa sözlə, məhkəmənin qərarının icra edilməməsi inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın publik fəaliyyət sferasındakı hərəkətsizliyi olmamaqla, inzibati iddia ilə həll olunmalı məsələ deyil və bu, yeni məhkəmə mübahisələri ilə nəticələnməməlidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində də təsbit olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Aparılmış təhlilin nəticəsinə görə, inzibati orqanın məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası ilə bağlı hərəkətləri, o cümlədən hərəkətsizlikləri inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmir. Belə ki, məhkəmə qanuni qüvvəyə minmiş qərarına münasibətdə inzibati orqan borclu qismində çıxış etməklə, hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirmir və hərəkətləri hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunmur. Qeyd edilənlərin məntiqi davamı olaraq, inzibati orqanın məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilmədiyindən, eləcə də edilmiş hərəkətlər (hərəkətsizliklər) inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilmədiyindən, göstərilənlərin nəticəsində vurulmuş ziyanla bağlı iddiaya kompensasiyanın ödənilməsi haqqında iddia çərçivəsində inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Başqa sözlə, inzibati orqana qarşı kompensasiya tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün ziyan inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın publik fəaliyyət sferasındakı hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar vurulmuş olmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı "elektron sistemdəki məhdudiyyətin aradan qaldırılması və kompensasiya" tələbinə dair inzibati iş üzrə iddiaçının “iddianın dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar