Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-895/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı «təminat xərcliyinin hesablanması və məlumat vərəqəsinin göndərilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı hüquqi faktlar müəyyən olunaraq pensiyasının hesablanması üçün hərbi qulluqçunun təminat xərcliyinin hesablanması və bu barədə müəyyən olunmuş qaydada məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, iddiaçı (İddiaçı) 1986 – 1988-ci illər ərzində Sovet ordusu tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. Erməni silahlı birləşmələrinin torpaqlarımızın işğalına başlayan zaman təhsil aldığı Bakı Dövlət Universitetinin Əlahiddə Tağımının tərkibində xidmət keçmişdir. Müdafiə Nazirliyinin 20 fevral 1992-ci il tarixli 042 saylı əmrinə əsasən Bakı Ali Birləşmiş Komandirlər Məktəbində yaradılan kurslara cəlb edilmişdir. İki aylıq zabit hazırlıq kursu keçdikdən sonra o, 20 aprel 1992-ci il tarixində döyüş əməliyyatlarında iştirak edən N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmiş və döyüş əməliyyatlarında iştirak etmişdir. Marquşevan (Şıxarx) yaşayış məntəqəsində gedən döyüş əməliyyatlarında 11 may 1992-ci il tarixidə ağır odlu güllə yarası almış, müalicədən sonra orduya yararsız kimi tərxis olunmuşdur. Hazırda İİ qrup müharibə əlilidir, əlilliyi müddətsizdir. İddiaçının əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədardır. Ağır yaralanaraq ömürlük əlil olduğu vaxtdan İİ qrup müharibə əlili kimi əmək pensiyasını almaq hüququ yarandığı üçün pensiya təyin edilmişdir Lakin pensiyası düzgün hesablanmamışdır. Belə ki, məkkəməyə müraciət edərək, müddətdən artıq xidmət edən (МАХЕ) həqiqi hərbi qulluqçu kimi pensiyasının məbləğinin уenidən hesablanmasını xahiş etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 aprel 2018-ci il tarixli 2-1(82)-164/2018 il nömrəli qərarı ilə İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə pensiyanın yenidən hesablanması üçün çavuş hərbi rütbəsində olan manqa komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının təminat xərcliyində hesablanması və bu barədə müəyyən olunmuş qaydada məlumat vərəqəsinin AR ƏƏSM Nazirliyi yanında DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə göndərilməsi Müdafiə Nazirliyinə həvalə edilmişdir. Müdafiə Nazirliyi tərəfindən təkrar tərtib olunmuş məlumat vərəqəsinə uyğun manqa komandiri (4-cü t.d.) kimi müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu pensiyası hesablansa da, zabit (leytenant) kursu keçən və rəsmi pul cədvəlinə əsasən o dövr üçün aldığı maaş düzgün hesablanmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxivinə çoxsaylı müraciətlərinə cavab olaraq “pul paylama cədvəlindən çıxarış barədə məlumat aşkar edilməmişdir” bildirilmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı pensiyasının hesablanması üçün hərbi qulluqçunun təminat xərcliyinin hesablanması və bu barədə müəyyən olunmuş qaydada məlumat vərəqəsinin AR ƏƏSM Nazirliyi tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi ilə bağlı cavabdehə məktubla müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Göstərilənlərə və İPM-in müddəalarına əsaslanaraq, pensiyasının hesablanması üçün hərbi qulluqçunun təminat xərcliyinin hesablanması və bu barədə müəyyən olunmuş qaydada məlumat vərəqəsinin AR ƏƏSM Nazirliyi tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən daxil olmuş şəxsi işin “xidmət dəftərçəsi”ndə olan qeydlərə əsasən İddiaçı 9 may 1986-cı il tarixdən 12 may 1988-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, 20 fevral 1992-ci il tarixdən 26 avqust 1992-ci il tarixədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvafiq motoatıcı briqadasının motoatıcı taborunda həqiqi hərbi xidmətdə olmuşdur. Lakin, onun həmin taborda taqım komandiri vəzifəsində xidmət keçməsi faktı öz əksini tapmamışdır. Bu məlumatlar AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəhbərinin imzası və möhürü ilə təsdiq edilmişdir. Bundan başqa, şəxsi işdə olan H3 ******* nömrəli hərbi biletin kserosurətində olan qeydlərdə də iddiaçının müvafiq hərbi hissədə taqım komandiri vəzifəsində xidmət keçməsinə dair məlumatlar öz əksini tapmamışdır. AR Müdafiə Nazirliyinin Mərkəzi hərbi hospitalından verilmiş 584 nömrəli 17 avqust 1992-ci il tarixli "xəstəlik haqqında şəhadətnamə"sində isə İddiaçı vəzifəsi motoatıcı kimi göstərilmişdir. Bundan başqa, Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivindən verilmiş 9/2-4625 nömrəli 15 iyul 2015-ci il tarixli arayışda İddiaçı həmin hərbi hissədə əlahiddə taqımının tərkibində atıcı vəzifəsində sıravi hərbi rütbəsində xidmət keçməsi qeyd edilmiş, lakin onun taqım komandiri vəzifəsində xidmət keçməsi faktı öz təsdiqini tapmamışdır. Bundan başqa, AR Müdafiə nazirinin "Bakı Dövlət Universiteti tələbələrindən ibarət əlahiddə taqımının yaradılması" barədə 042 nömrəli 20 fevral 1992-ci il tarixli əmrində şəxsi heyəti 25 nəfər nəzərdə tutulmuş bu taqımın yaradılmasına cavabdeh baş çavuş X1 təyin edilmişdir. AR Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin və Bakı Dövlət Universitetinin rektorunun imzaları ilə təsdiq edilmiş "Bakı Dövlət Universitetinin əlahiddə taqımının adlı siyahısı"nda taqımın komandiri məhz baş çavuş R.Hüseynov (sıra sayı 1), manqa komandirləri çavuş U.Kəlbiyev (sıra sayı 2), çavuş T.Bayramov (sıra sayı 7) və çavuş İddiaçı (sıra sayı 17) təsdiq edilmişlər. Siyahıdan göründüyü kimi, İddiaçı taqım komandiri təyin edilməmişdir və bu fakt onun iddiasının həqiqətə uyğun olmamasına əsas verir. Ümumiyyətlə, İddiaçı taqım komandiri vəzifəsində xidmət keçməsinə dair heç bir təsdiqedici sənəd aşkar edilməmişdir. Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli 2- 1(81)-3915/2015 nömrəli işi üzrə qərarı ilə İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə pensiyanın təyin olunması üçün ("çavuş" hərbi rütbəsində olan mexanik-sürücü vəzifəsində müddətdən artıq həqiqi hərbi qulluqçunun təminat xəcliyindən hesablanması və bu barədə müəyyən olunmuş qaydada) məlumat vərəqəsinin AR DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilməsi AR Müdafiə Nazirliyinə həvalə edilmişdir. Bu səbəbdən də, İddiaçı pensiya mexanik-sürücü vəzifəsinin maaşının (sonrakı artım normasına uyğun olaraq) təminat xərcliyindən hesablanması üçün tərəflərindən tərtib olunmuş 04126 nömrəli 30 dekabr 2015-ci il tarixli məlumat vərəqi DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmişdir. Daha sonra, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 aprel 2018-ci il tarixli 2-1(82)-164/2018 nömrəli işi üzrə qərarı ilə İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə pensiyanın yenidən hesablanması üçün çavuş hərbi rütbəsində olan manqa komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi qulluqçuların təminat xəciiyindən hesablanması və bu barədə müəyyən olunmuş qaydada məlumat vərəqəsinin AR ƏƏSM Nazirliyi yanında DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi AR Müdafiə Nazirliyinə həvalə edilmişdir. Bu səbəbdən də, İddiaçı pensiya manqa komandirinin vəzifə maaşının (sonrakı artım normasına uyğun olaraq) təminat xərcliyindən hesablanması üçün tərtib olunmuş 04126 nömrəli 10 may 2018-ci il tarixli məlumat vərəqi DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Göstərilənlərə və İPM-nin 47.1, 47.2-ci maddələrinə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitiusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur, 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bındinə görə bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (əvvəllər qüvvədə olmuş) preambulasında göstərilmişdir ki, Bu Qanun Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti*, onların ailələri üçün Azərbaycan Respublikasının ərazisində vahid dövlət pensiyaları sistemini müəyyən edir. Qanun dolanacaq xərcləri dəyişdikcə pensiya məbləğlərinin də müntəzəm surətdə dəyişdirilməsi yolu ilə pensiyaçıların sosial müdafiəsinə təminat verir. Həmin Qanunun 12-ci maddəsinin Azərbaycan Respublikasının 1 sentyabr 2004-cü il tarixli 728-İİQD nömrəli Qanunu ilə dəyişiklik edilənədək qüvvədə olan tələblərinə görə xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; xidmət illərinə görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 12-ci maddəsinin Azərbaycan Respublikasının 1 sentyabr 2004-cü il tarixli 728-İİQD nömrəli Qanunu ilə dəyişiklik ediləndən sonra qüvvədə olan tələblərinə görə xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; xidmət illərinə görə pensiya hüququna malikdirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İddiaçı ünvanlanmış 2 mart 2020-ci il tarixli məktubundan görünür ki, onun şəxsi işinə baxılmış və “taqım komandiri” vəzifəsində xidmət keçməsi (“taqım komandiri” vəzifəsinə təyin olunması barədə AR Müdafiə nazirinin və ya müvafiq hərbi hissə komandirinin əmrindən çıxarış, pul paylama cədvəllərindən çıxarış və s.) barədə məlumat aşkar edilmədiyindən, AR Müdafiə Nazirliyi tərəfindən məlumat vərəqinin göndərilməsinin məqsədəmüvafiq olmadığı bildirilmişdir. İş materiallarında olan AR Müdafiə Nazirliyi İşlər İdarəsinin 11 fevral 2020-ci il tarixli məktubundan görünür ki, müvafiq hərbi hissənin 1992-ci il tarixli dövrü əhatə edən şəxsi hüyətin pul təminatı ilə təmin olunması cədvəlləri qovluğunda digər müvafiq hərbi hissəyə aid 1992-ci il tarixli əsgərlərə pul təminatının ödənilməsi cədvəllərində İddiaçı əmək haqqı alması barədə məlumat aşkar olunmamışdır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı “Bakı Dövlət Universitetinin əlahiddə taqımı”nda 1992-ci ildə taqım komandiri vəzifəsinə təyin olunması, eləcə də həmin vəzifədən tərxis olunması və ya vəzifəsinin dəyişdirilməsi barədə əmrlər mövcud deyil. Həmçinin nəzərə alınmalıdır ki, həmin vəzifəyə digər şəxslərin təyin olunması da məlum olur. Odur ki, iddiaçının 1992-ci ildə taqım komandiri vəzifəsinə təyin olunması və tərxis olunması müvafiq qaydada (qanuni əsaslarla) rəsmiləşdirilmədiyindən, aidiyyəti DSMF orqanına onun barəsində “yeni məlumat verəqəsi” göndərilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə zidd sayılmamalı və iddiaçının hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı «təminat xərcliyinin hesablanması və məlumat vərəqəsinin göndərilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı «təminat xərcliyinin hesablanması və məlumat vərəqəsinin göndərilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-895/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-895/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver