Məhkəmə qərarları › İş №2-1(112)-895/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-895/2025

10.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-895/2025 10.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə qarşı “10000 manat kompensasiya, 4000 manat maddi və 2000 manat mənəvi ziyanın cavabdehdən tutulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ.

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə qarşı iddia qaldıraraq “10000 manat kompensasiya, 4000 manat maddi və 2000 manat mənəvi ziyanın cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 10 ay Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ramin Şükürov qanunsuz olaraq heç bir müayinə-müalicə, heç bir komissiya olmadan saxta rəylərlə iddiaçını hərbi hissəyə yola salmışlar. İddiaçının bütün ailə üzvləri xəstədir. Bacısı Skalyoz-Altuzim xəstəsidir, atası 2-ci qrup əlildir, iddiaçı özü dəfələrlə xəstəxanada yatıb. İddiaçının boğazında zob ola-ola, anadangəlmə babasil ola-ola qanaxmaya düşür. Nəsillikcə irsi olaraq atası və babasında barmaq sudurqaları var və barmaqları sudurqa olur. Onun ayağı topal və dabanı düz ola-ola Yasamal Rayon Hərbi Komissarı başını aldadaraq yola salmışdır. Dəfələrlə Yasamal Rayon Hərbi Komissarı Ramin Şükürov bütün hərbi hissələrə (Gəncə, Yevlax, Beyləqan) nümayəndə göndərirdi. İddiaçının xəstəlikləri ola-ola 10-cu ayında Beyləqan rayonu N №-li hərbi hissədən Papanin hərbi qospitala göndərildi və ayağı topal və dabanı düz ola-ola hərbi xidmətdən tərxis olundu. İddiaçı 10 ay xəstə-xəstə xidmət edə-edə, 5-6 xəstəliklə getmiş və 10 dənə xəstəliklə qayıtmışdır. Hal-hazırda onda korlaşma gedir.Atası anasının cehizlərini, mebellərini, ziynət əşyalarını yollara qoyub, dəyər-dəyməzinə satıb, dava-dərmana sərf etmişdir. Onun yanına getmək üçün məcbur olub Beynəlxalq Bankdan rəsmi sənədlə kredit götürmüşdür. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi etirazında göstərmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində qeydiyyatda olan çağırışçı xx.xx.2004-cü il təvəllüdlü İddiaçı 2022-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar olaraq hərbi həkim komissiyasını keçmiş və Xidmətin Yasamal rayon idarəsinin hərbi-həkim komissiyasının göndərişi ilə X4 Xəstəlikləri İnstitutuna əlavə tibbi müayinəyə göndərilmişdir. X4 Xəstəlikləri İnstitutunun Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına əsasən 2004-cü il təvəllüdlü İddiaçı adı göstərilən tibb müəssisəsində müayinə olunmaqla ona “Hal-hazırda bronx ağ ciyər patologiya aşkar olunmur” diaqnozu qoyulmuş və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “e” bəndi ilə MD-2 və 56-cı maddəsinin “ç” bəndi ilə MD-3 hərbi xidmətə yararlı hesab olunmuşdur. İddiaçı adı “Tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdırılmış çağırışçıların dəqiqləşdirilmiş siyahısı”na salınaraq Xidmətin Aparatına təqdim olunmuşdur. Bundan sonra o, Xidmət Rəisinin Sərəncamı ilə 201 saylı komandaya təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq 201 saylı komandaya təhvil verilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2023-cü il tarixli göndərişi ilə xx.xx.2023cü il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi komissiyası tərəfindən “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı ilə şəhadətləndirilmiş və 3975 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis edilmişdir. Göründüyü kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsi tərəfindən İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə çağrılmasında heç bir qanuna uyğunsuzluğa yol verilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;.. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaç cavabdehə müraciət etmiş, cavabdeh müraciəti təmin etməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşlar.

Faktiki hallar və sübutlar.

Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2023-cü il tarixli, 220 nömrəli gəöndəriş vərəqəsinə əsasən, İddiaçı ehtiyata buraxılmağı ilə əlaqədar 01 may 2023-cü il tarixdə qeydiyyatda durmaq üçün SHXÇDX-nin Bakı şəhəri Yasamal rayon İdarəsinə getməyi əmr edilmişdir. N nömrəli hərbi hissənin 12-ci təlim bölüyü komandirinin xidməti xasiyyətnaməsində aşağıdakılar qeyd edilmişdir:- əsgər İddiaçı xidməti vəzifələrinin icrasında nöqsanlara yol verir, nəzarətə ciddi ehtiyacı var, özünü bacarıqsız, nizam-intizamsız və hərbbi nizamnamələrin tələblərini yerinə yetirməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi göstərmişdir. Əsgər vəzifə borcunu bilmir və mahiyyətini dərk etmir. İcraçılıq intizamı zəifdir, xətalara yol verir, məsuliyyət hissi kifayət qədər deyil, məsuliyyəti başqalarının üsdünə yıxmağa çalışır. Əsgər yoldaşları ilə ünsiyyət qurma qabiliyyəti zəifdir. Bəzi hallarda israrlı deyil, köməyə ehtiyacı var. Hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmir. Tabe olduğu komandirlərin tutduqları nöqsan və idarlardan nəticə çıxartmır. Özünə qarşı tələbkar deyil. Vəzifə borcundan irəli gələn tələbləri yerinə yetirməkdə çətinlik çəkir, nəzəri biliklərin və praktiki vərdişlərinin inkişaf etdirilməsi üçün öz üzərinə çalışmır, laqeyddir, bəzən təvazökar deyil, əsgər yoldaşlarına qarşı nəzakətsiz edir. Səra hazırlığı zəifdir, geyim formasına tam riayət etmir. Fiziki hazırlığı zəifdir. Sirri dostları, yoldaşları ilə bölüşə bilər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçının nümayəndəsi Nümayəndə1 ünvanlandığı 06 dekabr 2023-cü il tarixli, 3-49-94/2-R-10961/41/23 nömrəli məktubuna əsasən bildirilmişdir ki, oğlu İddiaçı Xidmətin Yasamal rayon idarəsi tərəfindən 2022-ci ilin aprel çağırışına cəlb edilərək çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri instrumental və laborator müayinələrdən keçirilmiş, səhhətindən şikayət etdiyindən X4 Xəstəlikləri İnstitutuna əlavə tibbi müayinəyə göndərilmişdir. Həmin institutda İddiaçı “Halhazırda bronx - ağ ciyər patologiyası aşkar olunmur” diaqnozu təyin olunduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “e” və 56 “c” maddələrinə əsasən “A-3 məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı” hesab edilərək xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə təhvil verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilərək “Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış, hər iki ayağın İİİ dərəcəli boylama yastıayaqlılığı" diaqnozuna əsasən “Xəstəliklər cədvəli”nin 68 “c” maddəsinin İİ qrafası ilə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş və xx.xx.2023-cü il tarixdə Silahlı Qüvvələrdən vaxtından öncə tərxis edilərək hərbi vəzifəlilərin ehtiyatına keçirilmişdir. Oğlu İddiaçı barəsində ətraflı tibbi müayinə aparılmasını təmin etmədiklərinə görə Xidmətin Yasamal rayon idarəsinin hərbi həkim komissiyasının sədri Gülnarə Məmmədova və həkim-cərrahı Arzu Məmmədovanın intizam məsuliyyətinə cəlb edilmələri haqda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin qarşısında vəsatət qaldırılmışdır. Müddətli həqiqi hərbi xidmətə göndərilməyə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən kompensasiya ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı əlavə olaraq məhkəməyə tibbi sənədlər təqdim etmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən:

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

7. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

8. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olubolmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir.

9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” 89.1. inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi

11. İddiaçının hazırkı iddia tələbi 10000 manat kompensasiya, 4000 manat maddi və 2000 manat mənəvi ziyanın cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsindən tutulub iddiaçının xeyrinə ödənilməsindən ibarətdir.

12. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal İdarəsinə qarşı “iddiaçının hərbi xidmətinə xitam edilməsi və ona vurulmuş ziyanın cavabdehdən tutularaq ödənilməsi” barədə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir Məhkəmənin 2-1(112)-1970/2023 saylı işi üzrə qəbul etdiyi 04 may 2023-cü il tarixli Qərardadı ilə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçının vəsatəti əsasında gеri qaytarılması qərara alınmışdır. Sözügedən inzibati mübahisə məhkəmə tərəfindən araşdırılarkən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəmə-tibbi ekspertizasının keçirilməsi qərara alınmış və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 T148/2023 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Sıravi əsgər İddiaçı 3 1.08-xx.xx.2022-ci il tarixlərdə MN BKH- nın psixiatriya şöbəsində “Sağalma ilə nəticələnmiş dissosiativ reaksiya. Allergik rinit. Birinci dərəcəli dişləm anomaliyası.(əng və çənənin frontal dişlərarası saggital yarıq~4 mm olmaqla). Sol saidin aşağı 1/3-nin, ön səthinin termiki yanığından sonrakı bərkimiş dəri çapığı” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasında hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilərkən “Xəstəliklər cədvəli"nin 17ç maddəsinin İİ qrafasına əsasən “Hərbi xidmətə yararlı hesab edilməsi düzgün olmuşdur. Sıravi əsgər İddiaçı olan xəstəlik “A” kateqoriyasına aiddir.

13. Qanunvericiliyin tələblərinə əsasən fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin ödənilməsi ilə bağlı maddi hüquq normalarının tətbiq edilməsi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu mövcud olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır.

14. Habelə inzibati orqanlar qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

15. Mübahisənin araşdırılması nəticəsində ekspert tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının hərbi xidmətə yararlı hesab edilməsi düzgün olmuşdur.

16. İnzibati iş materialları ilə həmçinin cavabdehin hər hansı bir qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçının hüquqlarının pozulması, ona hər hansı bir maddi və mənəvi ziyanın dəyməsi müəyyən olunmur.

17. Yuxarıda istinad edilən hüquq normalarından göründüyü kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

18. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

19. Hal-hazırki inzibati məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya münasibətdə qanunsuz hərəkətləri (hərəkətsizliyi) və ya qərar qəbul etməsi müəyyən edilmədiyindən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəbli-əlaqə də aşkar edilməmişdir

20. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

21. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə qarşı “10000 manat kompensasiya, 4000 manat maddi və 2000 manat mənəvi ziyanın cavabdehdən tutulması barədə qərar qəbul edilməsi barədə iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

22. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 35ci, 68-ci, 69-cu, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar