Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8951/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mənzillərin qeyriyaşayış obyekti kimi dövlət qeydiyyatına alınaraq, onlara dair reyestrdən vahid çıxarışın X2 adına verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsində iddia tələbinin təmin edilməsi, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 4 ünvanında yerləşən 16 №li mənzilin qeyriyaşayış obyekti kimi dövlət qeydiyyatına alınaraq, ona dair reyestrdən çıxarışın İddiaçı adına verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair çıxarış vardır. Həmin mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi məqsədəmüvafiq hesab edilir. Ona görə də, mənzil qeyriyaşayış sahəsi üçün əlverişli mövqedədir. Mənzilin qeyri-yaşayış obyekti kimi qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün o cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət etmişdir. Lakin ona 15.07.2021-ci il tarixli imtina məktubu ilə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçməsinə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1, 21.9 və 35.1-ci maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən mənzilə qeyri- yaşayış sahəsi kimi çıxarış verilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Qeyri-yaşayış obyektinə keçirilmək istədiyi mənzillərə dair dövlət reyestrindən çıxarışların olması, eyni zamanda əlverişli mövqedə olmaları imkan verir ki, ona qeyri-yaşayış obyekti kimi çıxarış verilsin. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair **********14 №li 16.09.2021-ci il tarixli münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, mənzilin qeyri-yaşayış sahəsinə keçməsinə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1, 21.9, 35.1-ci maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə olaraq İddiaçı İdarəyə müraciəti müvafiq əmlak üzərində hüquqların onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsində qeyd edilir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir, buna baxmayaraq yerli icra hakimiyyəti orqanının qərarı İdarəyə təqdim edilməmişdir. Bununla yanaşı həmin Məcəllənin 21.9-cu maddəsində bildirilir ki, yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması yerli icra hakimiyyəti orqanı tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana, yəni İdarəyə göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqlədiyi və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini nəzərdə tutduğu üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “04.09.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4-cü bəndinə əsasən şəhərsalma sənədləri üzrə sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sonradan cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə etiraza əlavə təqdim edərək, göstərmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzillərin qeyri-yaşayış obyekti kimi dövlət qeydiyyatına alınaraq, onlara dair reyestrdən çıxarışın X2 adına verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı texniki səhvin aradan qaldırılması ilə bağlı ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən çıxarışın İddiaçı adına verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Mənzilin qeyri-yaşayış sahəsinə keçməsinə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1, 21.9, 35.1-ci maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsində qeyd edilir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir, buna baxmayaraq yerli icra hakimiyyəti orqanının qərarı İdarəyə təqdim edilməmişdir. Bununla yanaşı həmin Məcəllənin 21.9-cu maddəsində bildirilir ki, yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması yerli icra hakimiyyəti orqanı tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana, yəni İdarəyə göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqlədiyi və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini nəzərdə tutduğu üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “04.09.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4-cü bəndinə əsasən şəhərsalma sənədləri üzrə sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X7 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1987-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən X6 (surəti Xətai rayon MKTB-yə) ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədilə xüsusi mülkiyyətində olan (DƏDRX-nin seriya RX, № 0409706, 29.05.2014-cü il tarixli çıxarış) A.Cəlilov küçəsi, 4 saylı binanın 16 saylı mənzilinin 1 pəncərə oyuğundan küçəyə 1 ədəd qapı açaraq, giriş təşkil etməyə icazə verilməsi haqqındakı ərizəsinə baxılmışdır. Ona, A.Cəlilov küçəsi, 4 saylı binanın 16 saylı mənzilinin küçəyə baxan 1 pəncərə oyuğundan 1 ədəd qapı açılmasına və binanın konstruktiv elementlərinə xələl gətirmədən, giriş üzərində yüngül konstruksiyadan ibarət günlük quraşdırılmasına icazə verilir. Görüləcək işlərin eskiz layihəsinin öncədən rayon memearı ilə razılaşdırılması tapşırılmışdır. X6 məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 4 saylı binanın 1-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin küçəyə baxan pəncərə oyuğundan /1 ədəd/ qapı açaraq, girişin təşkil edilməsinin eskiz layihəsi Bakı şəhəri Xətai rayon İcra Hakimyyəti Təsərrüfat hesablı Layihə Bürosu tərəfindən təsdiq olunmuşdur. Daşınmaz Əmlakın AN-İ № ******* nömrəli 06 sentyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 40 kv. metr, yaşayış sahəsi 13 kv. metr olan 2 otaqlı mənzili X4 müqavilə əsasında almışdır. DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 21.09.2017-ci il tarixli 11/5100 inventar nörməli (reyestr nömrəsi **********57-05101-093024) texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında İddiaçı məxsus 1-ci mərtəbədə yerləşən 2 otaqlı mənzilin ümumi sahəsi 40,0 kv. metr, yaşayış sahəsi 27,0 kv. metr kimi göstərilmişdir. DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 40.0 kv. metr olan mənzilə İddiaçı xüsusi mülkiyyət hüququ 22.09.2017-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 2132 nömrəli reyestr kitabının 197450 nömrəli vərəqində qeydə alınmışdır. İddiaçı hazırkı tələblə bağlı 07.07.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********51 №li 15.07.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, mənzilin qeyri-yaşayış sahəsinə keçməsinə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1, 21.9 və 35.1-ci maddələrinə və “Daşınmza əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. İşin araşdırılan hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən mübahisəli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair həmin daşınmaz əmlakın əvvəlki mülkiyyətçisinə (X8) müvafiq icazə verilmiş, daha sonra hazırki iddiaçı həmin əmlakın sonuncudan alqı-satqı müqaviləsi əsasında alaraq, xüsusi mülkiyyət hüquqlarını qeydiyyata aldırmışdır. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın alqı-satqısı zamanı həmin daşınmaz əmlakla bağlı hüquq və vəzifələr də yeni mülkiyyətçiyə keçdiyindən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin daşınmaz əmlakla bağlı ilkin mülkiyyətçiyə verilmiş qeyd olunan hüquqlar da hazırki iddiaçıya keçmişdir. Belə olan halda iddiaçının hazırki tələbi qanuni və əsaslı olmuşdur. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 2 ünvanında yerləşən 40.0 kv. metrdən ibarət daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 8 ünvanında yerləşən 40.0 kv. metrdən ibarət daşınmaz əmlakın qeyriyaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8951/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8951/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver