Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8951/2022 03.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili X5 Cavabdehin nümayəndələri X9 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin müvafiq əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildə Dövlət Sərhəd Xidməti X15 Çevik Hərəkət taboru, ikinci çevik hərəkət bölüyü ikinci tağım, ikinci qrup komandiri vəzifəsinə təyin olunaraq həqiqi hərbi xidmətə qəbul olmuş, qrup komandiri olaraq 2012-ci ilin fevral ayının 1-nə qədər xidmət etmiş, həmin ilin aprel ayının 17-də X18 X4 Dəmir yolu buraxılış məntəqəsinin nəzarətçi vəzifəsinə təyin olunmuş, orada 2018-ci ilin avqust ayının 18-nə qədər xidmət etmiş, sonradan X16 X10 buraxılış məntəqəsinə nəzarətçi vəzifəsinə təyin olunmuşdur. 2021-ci ilin oktyabr ayının 22-də hərbi xidmətdən təxris olmuşdur. General-leytenant E.Verdiyevin ona qarşı olan ədalətsiz və qərəzli münasibətinin nəticəsi olaraq, qüsursuz xidmətləri nəzərə alınmayaraq, şəxsi işində xəbərdarlıq, töhmət, şiddətli töhmət kimi intizam məsuliyyəti tədbirləri tətbiq olunmadan ən ağır formada cəzalandırılmışdır. Qeyd edir ki, hərbi qulluqçunun ordu sıralarından ARSQ daxili xidmət nizamnaməsinin müddəalarına riayət olunmadan tərxis əmrinin verilməsi xidmət zamanı buraxılan ən ağır nöqsanlara görə olur, onda isə bu hallar mövcud olmamışdır. Məlumat üçün bildirir ki, iki övlad atasıdır, həyat yoldaşı Qazax rayonunda müəllim olaraq çalışır, atası X1 qarabağ müharibəsinin veteranıdır. Həmin gün, yəni 22 oktyabr 2021-ci il tarixdə kadrlar şöbəsinin müdürü onu otağına çağıraraq bildirmişdir ki, general tərxis olunmağı barədə əmrini imzalayıb və ona bildiriş vermişdir ki, bu sənədi Qubadlı Rayon Hərbi Komissarlığına verməlidir. O, qanunsuz tərxis olumağı ilə bağlı dəfələrlə Dövlət Sərhəd Xidmətinə müraciət və şikayətlər ünvanladığına baxmayaraq pozulmuş hüquqlarının bərpası istiqamətində hər hansı köməklik göstərilməmişdir. Xidməti uyğunsuzluqla ordu sıralarından tərxis olunmazdan əvvəl Azərbaycan Respublikası Silahlı X3 61-ci bəndində göstərilən intizam cəzaları tətbiq olunur: Gizirlərə və miçmanlara verilən intizam cəzaları:
61. Gizirlərə və miçmanlara: məzəmmət; töhmət; şiddətli töhmət; hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; aşağı vəzifəyə keçirmə; gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa); xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə; sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər. Hesab edir ki, tərxis əmrinin verilməsi məhz DSX Sərhəd Nəzarəti rəisi E.Verdiyevin onun işinin araşdırılmasına ədalətsiz və qərəzli yanaşması sayəsində olmuşdur. Dövlət Sərhəd Xidməti Mərkəzi Aparatı tərəfindən onunla fərdi söhbət aparılmamış, işin faktiki halları tam və obyektiv araşdırılmamış və onun qüsursuz xidmətləri nəzərə alınmamışdır. Bildirir ki, DSX tərəfindən bu günə qədər rəsmi şəkildə ona nə hərbi bileti, nə də əmri təqdim olunmamışdır. Bu da ona hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməkdə xeyli çətinlik yaratmışdır. Hesab edir ki, DSX tərəfindən xidməti uyğunsuzluğu əsas gətirilərək qəbul edilmiş əmr qanunsuz tərtib olunmuşdur. Çünki o, xidmətdə olduğu dövr ərzində xidməti uyğunsuzluqla bağlı heç bir hərəkət etməmişdir. Dəfələrlə təşəkkür almış və barəsində heç bir irad bildirilməmiş, tənbeh və ya cəza tətbiq olunmamışdır. Məlumat üçün bildirir ki, 2018-ci ilin avqust ayında xidmət dövründə məzuniyyətdə olarkən sol dabanı çox şahəli pərçələnmiş sınığı travmasından 3 ay müddətində müalicə almışdır. Həmin travmanın fəsadları bugünə qədər davam etməkdədir. Həmçinin, inzibati akt ona elan olunan müddətlərdə səhhətində yaranan problemlərə görə müalicə olunmuşdur. Buna əsasən də, iddianın qaldırılması ilə bağlı müddəti üzrlü səbəbə görə ötürmüşdür. Müalicə olunmağını təsdiq edən xəstəlik tarixçəsi ilə bağlı sənədlər təqdim edilmişdir. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti ona izah olunmadığından, həmçinin, inzibati akt ona elan olunan müddətlərdə səhhətində yaranan problemlərə görə 6 aylıq müddət onun tərəfindən üzrlü səbəblərə görə ötürülmüşdür. Səhhəti ilə əlaqədar yaranan problemlərə görə müalicə olunmağını təsdiq edən xəstəlik tarixçəsi ilə bağlı sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası İPM-nin 24.1 və 24.2-ci maddəsinə əsasən, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən müəyyən edilmiş 6 aylıq müddətin tərəfindən buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı DSX Sərhəd Nəzarəti rəisinin xx.xx.2021-ci il tarixli 166 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı qeyd olunan əmrin əsassız verildiyini əsas gətirərək, əmrin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə toplanmış müvafiq sənədləri məhkəməyə təqdim etməklə bildirilir ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı 2010-cu ildən etibarən DSX-də xidmət edir. Həmin müddətdən 2021-ci ilə qədər DSX-də müxtəlif hərbi hissələrdə və vəzifələrdə xidmət etmişdir. 2018-ci ildən tərxis olunduğu müddətə qədər DSX Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsində nəzarətçi vəzifəsində xidmət etmişdir. Həmin müddətdə dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuşdur. Ona verilmiş intizam cəzaları aşağıdakı kimidir: xx.xx.2019-cu il tarixdə - xidmətdə buraxdığı nöqsanlara görə "Şiddətli töhmət”; xx.xx.2020-ci iİ tarixdə - dövlət sərhədindən keçən sərnişinlərin yoxlanışı zamanı nöqsana yol verdiyinə görə "Şiddətli töhmət"; xx.xx.2020-ci il tarixdə - vəzifə borclarının icrasına məsuliyyətsiz yanaşaraq təqdim olunmuş özgəsinə məxsus pasportu aşkar etmədiyinə görə “Şiddətli töhmət”; xx.xx.2021-ci il tarixdə - verilmiş göstərişin icrasına məsuliyyətsiz yanaşdığına görə “Töhmət”. Bundan başqa, 2021-ci ilin oktyabr ayında “Şıxlı” sərhəd nəzarət məntəqəsində DSX-nin əməkdaşı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşı arasında baş vermiş neqativ hadisənin araşdırması zamanı müəyyən edilmişdir ki, həmin münaqişənin yaranmasına əsas səbəb və hadisənin təşviqatçısı İddiaçı olmuşdur. Nəticədə həmin hadisədə iştirak etmiş DSX sabiq əməkdaşı E.Tanrıverdiyev, DGK-nın əməkdaşına fiziki zor tətbiq etmişdir. Qeyd olunan intizam cəzalarından görünür ki, İddiaçı sonuncu dəfə 2021-ci ilin sentyabr ayında “Töhmət" intizam cəzasının verilməsindən heç bir ay keçməmiş, ona verilmiş intizam cəzasından nəticə çıxarmayaraq və xidmətində müsbət yöndə dönüş etməyərək yenidən neqativ hadisənin iştirakçısı olmuşdur. Əvvəllər dəfələrlə intizam məsuliyyətinə cəlb olunmasına baxmayaraq, bu irad və cəzalardan nəticə çıxarmamışdır. Bunun nəticəsi olunaraq, qeyd olunan neqativ hadisənin araşdırmasından sonra onun attestasiyası keçirilmiş, attestasiya komissiyasının yekdilli rəyinə əsasən İddiaçı “xidməti uyğunsuzluğa görə” maddəsi ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmasının məqsədə müvafiq olması qərarına gəlinmişdir. Nəticədə İddiaçı Sərhəd Nəzarəti rəisinin xx.xx.2021-ci il tarixli əmri ilə (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bir hərbi qulluqçunun xidməti uyğunsuzluğa görə maddəsi ilə ordu sıralarından tərxis olunması ona verə bilinəcək ən ağır cəzalardan biridir. Lakin, hərbi qulluqçu əvvəlki dövrlərdə dəfələrlə intizam məsuliyyətinə cəlb olunursa, ona verilmiş cəzalardan və iradlardan nəticə çıxarmayaraq, öz xidmətində müsbətə doğru dönüş etmirsə, yenidən nöqsanlara və neqativ hərəkətlərə yol verirsə, onun ordu sıralarında xidmət etməsi qəbul edilməzdir. İddiaçı xidmət dövründə yol verdiyi nöqsanlarla bir sərhədçi kimi DSX-nın şərəfli fəaliyyətinə ləkə gətirmiş, həmçinin digər qurumların əməkdaşları ilə DSX əməkdaşları arasında neqativ hadisələrin yaranmasında iştirak etməklə qurumlar arası münasibətlərə zərər gətirmişdir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X2 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Qeyd olunanları əsas götürərək, İddiaçı DSX-nə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alınması və iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi (vəkili) buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndələri ərizənin təmin edilməsinə etiraz edərək buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, iddiaçı tərəfindən verilmiş iddia isə mümkün sayılmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 15 fevral 2022-ci il tarixli K/176/6/ M-10723 saylı iddiaçının ərizəsinə baxılaraq cavab məktubu ilə bildirilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, xidmətdə buraxdığı nöqsana görə attestasiyadan keçirilmiş və haqqında qəbul olunmuş qərarın yekun nəticəsi ona elan edilmişdir. Dövlət Sərhəd Xidmətində xidmətin xüsusiyyətləri nəzərə alınaraq şəxsi işlərdən çıxarışların və sənədlərin vətəndaşlara təqdim olunması mümkün deyildir. Şəxsi işindəki müvafiq sənədlər qeydiyyatda oduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinə göndərilmişdir. 1694 №-li xəstəlik tarixindən çıxarışın epikrizindən görünür ki, iddiaçı DSX Hərbi Hospitalının cərahiyyə şöbəsində xx.xx.2018-xx.xx.2018-ci illərdə müalicə olunmuşdur. DSX-nın 11 saylı poliklinikasının TGŞ №027 ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, iddiaçı “sol daban sümüyünün bitişmiş sınıgı” xəstəliyi ilə baglı müayinəyə müraciət etmişdir. Məhkəmə sorgusu ilə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisi E.Ə.Verdiyevin xx.xx.2021-ci il tarixli 0295 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “Şıxlı” sərhəd nəzarəti şöbəsinin sərhəd nəzarəti bölməsinin nəzarətçisi baş gizir İddiaçı vəzifəsindən azad olunmaqla xx.xx.2021-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla xx.xx.2017-ci il tarixdə baglanmış baglaşma ləgv edilmiş, hərbi qeydiyyata götürülmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinə göndərilmişdir. Əsas: Sərhəd Nəzarəti rəisi E.Ə.Verdiyevin xx.xx.2021-ci il tarixli 166 ş/h nömrəli əmri. Qeydiyyat kitabından çıxarışdan görünür ki, iddiaçı özünün hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunması barədə xx.xx.2021-ci il tarixli əmri ilə imza atmaqla tanış olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 48.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. - 48.3-ci maddəsinə əsasən müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir. - 48.4-ci maddəsinə əsasən inzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır. - 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. - 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinə əsasən hərbi qulluqçulara Əmək Məcəlləsi şamil edilmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə iddia verilməsi axımının başlanması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi inzibati aktdan şikayət müddəti həmin aktın təqdim, eləcə də elan olunmasından sonra, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın isə təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 7 ay müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunması barədə əmrlə xx.xx.2021-ci il tarixdə tanış olduğundan, mübahisələndirilən qərar üzrə qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddəti həmin vaxtdan başlayır və iddiaçı həmin müddəti ötürməklə məhkəməyə müraciət etmişdir (iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur). İddiaçının ərizəsində göstərilən hallar isə (DSX Hərbi Hospitalının cərahiyyə şöbəsində xx.xx.2018-xx.xx.2018ci illərdə müalicə olunması, DSX-nın 11 saylı poliklinikasının xx.xx.2022-ci il tarixdə “sol daban sümüyünün bitişmiş sınıgı” xəstəliyi ilə baglı müayinəyə müraciət etməsi) buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Ona görə də qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva