Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8951/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə pensiya almaq hüququnun yarandığı vaxtdan bütün pensiyanın bir dəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyaya çıxmaq məqsədilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdi. Mərkəz Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-4188/2024 saylı cavab məktubuna əsasən müraciətində qeyd olunan məsələnin icra edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında" AR Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəz Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 5 ay 4 gün (xx.xx.2012-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir." Cavab məktubunda qeyd olunan imtina səbəbi ilə razı deyil. Belə ki, əmək kitabçasına baxılan zaman müəyyən edilir ki, güzəştli şərtlərlə işlədiyi illər xx.xx.2002-ci il tarixindən başlamışdır. Belə ki, xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixədək "xxxx" Şirkətində quraşdırıcı vəzifəsində işləmişdir. xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək “X4 Tors” MMC-də 6-cı dərəcəli quraşdırıcı vəzifəsində işləmişdir. Bu da təxminən 5 illik bir müddəti əhatə edir. Mərkəz Filialın hesablamasına görə təxminən 2 il 1 ay müddət güzəştli şərtlərlə pensiyaya çıxmağı üçün çatmır. Halbuki, qeyd etdiyi müddətlər nəzərə alınmış olsa idi güzəştli şərtlərlə pensiyaya çıxmağı mümkün hesab ediləcəkdir.
4. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına (bundan sonra - Mərkəzi Filial) müraciət etmiş və ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə imtina məktubu ünvanlanmış, kifayət qədər güzəştli stajının olmaması səbəbindən pensiyanın təyin olunmasından imtina olunduğu bildirilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iddia ərizəsinin əsasları kimi hüququ yarandığı tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox müddətdə isə zərərli əmək stajı olduğunu qeyd etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddiaçı güzəştli şərltərlə yaşa görə əmək pensiyasının təyin olunması hüququ 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə yaranmışdır. İddiaçıya münasibətdə hesablanan ümumi sığorta stajı 39 il 3 ay 16 gün (xx.xx.2006-cı il tarixədək 23 il 4 ay 16 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1984-cü il (hərbi xidmət dövrü), xx.xx.1984-xx.xx.2000-ci il, xx.xx.2002- xx.xx.2002-ci il, xx.xx.2002- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 7 ay), xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə cəmi 79067,48 manat təşkil edir. İş materiallarına əlavə olunmuş "BOS Şelf' MMC-nin xx.xx.2023-cü il tarixli HR- 2023/BQS/GHA/R-00/142 güzəştli arayışına əsasən iddiaçıya 10 il 5 ay 7 gün güzəştli staj nəzərə alınmışdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 5 ay 4 gün (xx.xx.2012-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2022-ci il, xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Hazırkı iş üzrə “Mcdermott" şirkətinin xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıya uyğun gəlmədiyi qeyd olunmuşdur. Daha sonra həmin şirkətin xx.xx.2024-cü il tarixli məktubunda isə iddiaçının işlədiyi vəzifənin həm xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarın 2290000a-14612 bəndinə, həm də xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarın 29.(a) bəndinə uyğun olduğu bildirilmişdir. Göründüyü kimi müəssisə tərəfindən verilən güzəştli arayışın təyinatı şəxsin işlədiyi peşənin zərərli istehsalat sahələrinə uyğun olub olmadığını müəyyən etməkdir. Həmçinin verilən arayış məhkəmələr tərəfindən birmənalı olaraq mötəbər sübut kimi qəbul edilməməli, arayışın əsaslılığı və qanunauyğunluğu araşdırılmalıdır. Hazırkı iddia tələbi üzrə iş materiallarından da görünür ki, müəssisə tərəfindən bir-birilə ziddiyət təşkil edən iki fərqli arayış təqdim edilmişdir. Arayışlar arasında olan ziddiyət onların mötəbər sübut qismində qəbul olunmasının yolverilməzliyi ilə yanaşı, həmçinin güzəştli stajı təsdiq edən sənəd kimi də qəbul edilə bilməz.
5. "BOS Şelf” MMC-nin şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı həqiqətən BOS Şelf MMC-də xx/xx/2012-ci il tarixdən xx/xx/2017-ci il tarixədək, xx/xx/2017-ci il tarixdən xx/xx/2022-ci il tarixədək və xx/xx/2022-ci il tarixdən xx/xx/2023-cü il tarixədək X1 üzrə Quraşdırıcı peşəsində işləmişdir. BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 10 il 5 ay 7 gün təşkil edir.
6. Məhkəmənin sorğusuna əsasən "BOS Şelf” MMC tərəfindən təqdim edilən İddiaçı işlədiyi “X1 üzrə Quraşdırıcı” vəzifəsinin vəzifə təlimatından görünür ki, təqdim olunmuş çertyojlar əsasında iş ərazisində işarə və nişanlama işlərinin aparılması, metal konstruksiya və qurğuların, eləcə də onların hissələrinin qazla kəsilməsi və yığılması, qaynaq olunmuş Metal kontruksiyaların yığılması və bərkidilməsi, metal konsruksiyaları müvafiq dərəcələrə uyğun olaraq tənzimləmək və düzəltmək onun vəzifə və tapşırıqlarından biridir.
7. Məhkəmənin sorğusuna əsasən “Mcdermott" şirkətinin filialı xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı (FİN: xxxxxxx) xx.xx.2002-ci il tarixindən xx.xx.2004-ci il tarixinədək “Mcdermott” şirkətində Quraşdırıcı vəzifəsində işləmişdir. Onun başlıca xidməti vəzifəsi "polad konstruksiya məmulatlarının istehsal hissələrinin yerləşdirilməsi, təyin olunmuş yerə qoyulması, cərgəyə düzülməsi və birləşdirilməsi'' çərçivəsində olmuşdur. İddiaçı əsas vəzifə öhdəlikləri aşağıdakıları əhatə etmişdir: Kalka çertyojuna müvafiq olaraq hazırlanmış hissələri yerləşdirir, təyin olunmuş yerə qoyur, cərgəyə düzür və birləşdirir. İstinad nöqtələrini döşəmə və yaxud müstəvi üzərində yerləşdirir və onları hazırlanan məmulatın üzərinə köçürür. Qaz kəsici alət vasitəsi ilə səthi qabarıqları aradan qaldırır və faskalar açır. Dəniz konstruksiyalarının inşasında iri komponentlərinin birləşdirilməsi ücün nərdivan və işçi körpüləri ucaldır. Bucaqölçən, xətkeş və şablondan istifadə edərək düzlüyü yoxlayır. İddiaçı icra etdiyi vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-ci il tarixli. 320 saylı qərarının 2290000a—14612 bəndində qeyd olunmuş "polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar'' vəzifəsinə uyğun gəlir. Bu vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 29.(a) bəndində də eyni formada öz əksini tapmışdır. Beləliklə, İddiaçı “Mcdermott” şirkətində icra etdiyi vəzifəsinə görə güzəştli şərtlərlə xidmət illərinə görə əmək pensiyası hüququ verən iş stajı yaranmışdır.
8. Məhkəmənin sorğusuna əsasən "X2 İnc." şirkətinin Azərbaycan Respublikasındakı Filialı “Mcdermott" şirkətinin filialı xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı (FİN: xxxxxxx) xx.xx.2002-ci il tarixindən xx.xx.2004-ci il tarixinədək "Mcdermott” şirkətində Quraşdırıcı vəzifəsində işləmişdir. Həmçinin, arxiv məlumatlarımız əsasında İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə qədərki dövrdə “X3” Məhdud Məsuliyyətli Cəmiyyətində (“şirkət”) eyni adlı vəzifə səlahiyyətlərinin icrasını həyata keçirməsi müəyyənləşdirilmişdir. Onun başlıca xidməti vəzifəsi "polad konstruksiya məmulatlarının istehsal hissələrinin yerləşdirilməsi, təyin olunmuş yerə qoyulması, cərgəyə düzülməsi və birləşdirilməsi'' çərçivəsində olmuşdur. Arxiv sənədlərindəki məlumatlardan belə anlaşılır ki, yuxarıdakı dövrdə işçinin şirkətdə icra etdiyi vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 2290000a—14612 bəndində qeyd olunmuş “polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar" vəzifəsinə daxil edilmişdir. Həmin vəzifə də Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 29.(a) bəndində eyni formada qeyd olunmuşdur. Şirkət xx.xx.2014-cü il tarixdə ləğv edilmiş və dövlət reyestrindən çıxarılmışdır. Həmçinin, iddiaçıya dair əldə edilən bütün arxiv sənədləri qoşma şəklində məhkəməyə təqdim edilmişdir.
9. Məhkəmənin iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.
10. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
16. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
17. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
18. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir.
19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
20. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.
24. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
25. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə xx.xx.1980-ci il tarixdə başlamışdır.
26. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilmir.
27. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilərək güzəştli iş stajının mövcud olmadığı əsas gətirilmişdir. Belə ki, cavabdeh tərəfindən "BOS Şelf” MMC-nin iddaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışında əks olunduğu kimi BOS Şelf MMC-də güzəştli əmək şəraitində işlədiyi 10 il 5 ay 7 gün müddəti güzəştli iş stajına daxil edilmiş, “Mcdermott" şirkətində xx.xx.2002-ci il tarixdən xx.xx.2004cü il tarixədək və “X3” MMC-də xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi dövr güzəştli iş stajına əlavə edilməmişdir.
28. İddiaçının mübahisələndirilən (xx.xx.2002-xx.xx.2004, xx.xx.2004-xx.xx.2007) iş stajına münasibətdə məhkəmə qeyd edir: - İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, “Mcdermott" şirkətində xx.xx.2002-ci il tarixdə quraşdırıcı vəzifəsində işə götürülmüş, xx.xx.2004-cü il tarixdə “X3” MMC-yə keçmə ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir.
29. Cavabdeh tərəfindən isə iddiaçının xx.xx.2002-xx.xx.2004-cü illərdə işlədiyi dövr – işəgötürənin arayışına əsasən çalışdığı vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıya uyğun gəlmədiyi qeyd olunması səbəbindən güzəştli iş stajına daxil edilməmişdir. Bundan əlavə işəgötürənin sonradan təqdim etdiyi arayışdakı məlumatların əvvəlki arayışdakı məlumatlar ilə ziddiyət təşkil etməsini əsas gətirərək onların mötəbər sübut qismində qəbul olunmasını yolverilməz hesab etmişdir.
30. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçının xx.xx.2004-xx.xx.2007-ci illərdə işlədiyi dövr də onun güzəştli iş stajına aid edilməmişdir.
31. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
32. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs tərəfindən təqdim edilən məktublardan bəlli olur ki, iddiaçının “Mcdermott” şirkətində xx.xx.2002-xx.xx.2004-cü il tarixlərdə və “X3” MMC-də xx.xx.2004-xx.xx.2007-ci il tarixlərdə işlədiyi quraşdırıcı vəzifəsi - kalka çertyojuna müvafiq olaraq hazırlanmış hissələri yerləşdirilməsi, cərgəyə düzmə və birləşdirilməsi, istinad nöqtələrini döşəmə və yaxud müstəvi üzərində yerləşdirilməsi və onları hazırlanan məmulatın üzərinə köçürülməsi, qaz kəsici alət vasitələrindən istifadə edərək səthi qabarıqları aradan qaldırma və faskalar açılması, həmçinin dəniz konstruksiyalarının inşasında iri komponentlərinin birləşdirilməsi ücün nərdivan və işçi körpüləri ucaldılması ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.
33. İddiaçının həmin vəzifədə başlıca xidməti “polad konstruksiya məmulatlarının istehsal hissələrinin yerləşdirilməsi, təyin olunmuş yerə qoyulması, cərgəyə düzülməsi və birləşdirilməsi” olmuşdur.
34. Göründüyü kimi iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək çalışdığı quraşdırıcı vəzifəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.
35. Belə ki, iddiaçının sözügedən dövrlərdə “Mcdermott” şirkətində və “X3” MMC-də işlədiyi quraşdırıcı vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da 22900000 şifrəli “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində 2290000a—14612 şifrə ilə göstərilmiş “polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.
36. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi İT-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisələrin - "BOS Şelf” MMC və “Mcdermott” şirkətin arayışları ilə təsdiqlənir.
37. Nəticə etibarı ilə iddiaçının ən azı 25 il ümumi stajı, xx.xx.2002-xx.xx.2004, xx.xx.2004xx.xx.2007, xx.xx.2012-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2022-ci il və xx.xx.2022xx.xx.2023-cü il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 12 il 6 ay güzəştli iş stajı mövcuddur.
38. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.
39. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
40. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.
41. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
42. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
43. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
44. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva